Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Avropa Birliyi Cənubi Qafqazda fəallaşır


Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaz turnesi çərçivəsində Ermənistana səfərini tamamlayaraq Bakıya gəlib. Səfərdə məqsəd AB-nin “Şərq Tərəfdaşlığı” proqramının dekabr ayında keçiriləcək zirvə toplantısına hazırlıq və bölgə ölkələri ilə əlaqələrin yeni səviyyəyə yüksəldilməsinə nail olmaqdır. 
Azərbaycan və Ermənistan arasında 44 günlük müharibəyə son qoyan 10 noyabr 2020-ci il tarixli Bəyanatın imzalanmasından və Qarabağa Rusiya sülhməramlı qüvvələrinin yeridilməsindən sonra Qərb, o cümlədən Avropa Birliyi Cənubi Qafqaza kifayət qədər diqqət ayırmadığını, bu səbəblə oyundankənar vəziyyətdə qaldığını anladı. 10 noyabr Bəyanatı təkcə atəşkəs razılaşması deyil, bölgədə kommunikasiyaların, nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan və beləliklə, yeni bir inteqrasiya prosesinin əsasını qoyan önəmli siyasi sənəddir. Lakin bu prosesdə ATƏT-in Minsk Qrupunun Qərbdən olan həmsədrləri (ABŞ, Fransa) üçün rol ayrılmayıb və Rusiya yeganə vasitəçi kimi çıxış edir. Bunun təbii nəticəsi olaraq Rusiyanın regionda dayaqları daha da möhkəmlənir, bu isə Qərbi məmnun edən bir gəlişmə deyil. Elə ona görə də ABŞ və Avropa Birliyi son aylar hansısa şəkildə oyuna qayıtmağa çalışırlar. AB-nin əlində “Şərq Tərəfdaşlığı” kimi mühüm alət var və bu çərçivədə onun yeni təşəbbüslərlə çıxış etməsi tamamilə legitimdir.
Rusiya əgər siyasi və hərbi vasitələrlə öz maraqlarını təmin etməyə çalışırsa, Qərbin əlində daha cazibəli bir vasitə var: maddi güc. Rusiya bu sahədə nə ABŞ və Avropa, nə də Çinlə rəqabətə girə bilər. Bu səbəbdən Avropa Birliyi Rusiyanın buraxdığı boşluqdan irəliləməklə effektiv bir yol seçib. Təşkilat özünün şərq tərəfdaşları üçün 17 milyard avro məbləğində investisiya ayıracağını elan edib. Bu çərçivədə Ermənistanın əvvəlcə 1,6 milyard avro alacağı açıqlanmışdı, lakin Şarl Mişel İrəvana səfəri zamanı bu miqdarın 2,6 milyard avroya yüksəldildiyini bildirdi. Yoxsul Ermənistan üçün heç də az məbləğ deyil. Ş.Mişel bu vəsaitin infrastruktur, nəqliyyat, iqlim sahəsindəki layihələrə və demokratik islahatlar üçün ayrılacağını söyləyib. O, Cənubi Qafqazın probemlərinin həllinə bundan sonra daha aktiv cəlb olunacaqlarını, bölgə ilə əlaqələri gücləndirəcəklərini vurğulayıb. 
Nikol Paşinyan isə daha konkret danışaraq ayrılacaq vəsaitlə 7 proqram həyata keçirəcəklərini deyib. Bunlar Şimal-Cənub avtomagistralının tikintisi, Ermənistanın cənub rayonlarının dayanıqlı inkişafı, kiçik və orta sahibkarlığın inkişafı, qadınların iqtisadi aktivliyinin və liderliyinin təşviqi, innovasiya, elm və təhsil layihələrinin həyata keçirilməsi, su və təhsil infrastrukturunun qurulması və “yaşıl gündəlik”dir. Paşinyan Avropa Birliyini ölkəsinin əsas tərəfdaşlarından biri adlandıraraq həm AB, həm də onun üzvü olan dövlətlərlə fəal əməkdaşlığı davam etdirəcəklərini bildirib. 

Təbii ki, bu məqamda sual yaranır: Ermənistanın müttəfiqi və bu ölkə üzərində ciddi təsir rıçaqlarına malik Rusiyanın bu prosesə münasibəti necə olacaq? 
Qeyd etmək lazımdır ki, Putin hökuməti kifatyət qədər praqmatik siyasət aparır və öz tərəfdaşlarının müəyyən məsafəyə qədər Qərblə yaxınlaşmasına aqressiv reaksiya vermir. Elə xatırlatmaq yerinə düşər ki, Ermənistan və Avropa Birliyi arasında Hərtərəfli və genişləndirilmiş tərəfdaşlığa dair müqavilə rusiyayönümlü Serj Sarkisyanın dövründə imzalanıb. Moskva buna mane olmadı, halbuki daha əvvəl Assosiasiya Sazişinin Ermənistan tərəfindən imzalanmasını əngəlləmişdi, çünki assosiativ saziş AB ilə inteqrativ yaxınlaşmanı nəzərdə tutur və strateji seçim deməkdir. Ona görə də, Paşinyanın AB ilə əməkdaşlığı inkişaf etdirməsinə Rusiyadan sərt reaksiya gözləməyə dəyməz. Hər halda, hakimiyyətə gəldikdən bəri “başı daşdan daşa dəyən” Paşinyan artıq geopolitik qüvvələr balansını öyrənib və Rusiyanın maraqları əleyhinə yönəlmiş addımlardan çəkinəcək.       
Ş.Mişel İrəvanda Ermənistan və Azərbaycan arasındakı gərginliyə də toxunub və tərəflərin sülh və sabitlik üçün 4 əsas məsələ üzrə kompromisə gələ biləcəklərini söyləyib:  
– Aqressiv ritorikadan imtina və təmkin;
– Sərhədlərin delimitasiyası;
–  Əməkdaşlığın, xüsusən nəqliyyat əlaqələrinin bərpasının müzakirəsi; 
–  Qarabağın statusu və sülh. 
AB rəhbəri bu vəzifələri qısamüddətli, ortamüddətli və uzunmüddətli perspektivdə müzakirə və həll olunmalı məsələlər kimi qeyd edib. İlk 3 maddə Azərbaycan üçün məqbul sayıla bilər, rəsmi Bakı da əslində bu və ya digər şəkildə bunları təklif edir. Yəni həqiqi sülhün və sabitliyin əldə edilməsi üçün sərhəd mübahisələrinin həlli, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və sülh müqaviləsinin imzalanması Azərbaycanın dəstəklədiyi və qarşı tərəfə təklif etdiyi məsələlərdir. Nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası 10 noyabr Bəyanatında da nəzərdə tutulub və Ermənistan bunu öz imzası ilə təsdiq edib. 
Bu baxımdan AB-nin mövqeyi ilə Azərbaycanın mövqeyi arasında üst-üstə düşən məqamlar daha çoxdur, nəinki ziddiyyətlər. Əsas problem status məsələsində yarana bilər, lakin Şarl Mişelin sözlərindən belə anlayırıq ki, AB bu məsələni uzunmüddətli perspektivdə həll olunmalı vəzifə kimi görür





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10