Son məlumatlara görə, Moldovada keçirilən erkən parlament seçkilərində səslərin 99%-i sayıldıqdan sonra, Prezident Maya Sandunun Fəaliyyət və Həmrəylik Partiyası (PAS) səslərin 52,4%-ni qazanıb. Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Sosialistlər Partiyası və Kommunistlər Partiyasının (PSRM-PCRM) seçki bloku səslərin 27,36%-ni əldə edib. Üçüncü yer seçicilərin 5.78 faizinin səs verdiyi “Şor” Partiyasına verilib.
Erkən parlament seçkilərində seçici fəallığı 44,5% idi. Seçkilərə 23 rəqib - 20 partiya, iki seçki bloku və bir müstəqil namizəd qatıldı. Baryer seçki partiyası üçün yüzdə beş, blok üçün yüzdə yeddi təyin edilmişdi.
Mövcud məlumatlara görə, yalnız üç seçki subyekti Moldova parlamentinə daxil oldu. Keçən ilin sonlarında prezident seçkilərində qalib gəldikdən sonra Sandu partiyasının yalnız 15 yerə nəzarət etdiyi qanunverici orqanı ləğv edə bildi.
PAS Avropa Birliyinə inteqrasiya prosesinin canlandırılmasını proqramının əsas prioriteti adlandırdı. ABŞ və Rumıniya ilə strateji tərəfdaşlıq da vacibdir, amma Sandunun proqramının prioritetlərinə Şərq Tərəfdaşlığı çərçivəsində Ukrayna və Gürcüstan ilə birgə regional layihələrin həyata keçirilməsi də daxildir.
Bülletenlərin sayılması hələ rəsmi olaraq başa çatmayıb, lakin MSK-ya görə, Sandunun partiyası parlamentdəki 101 yerin çoxunu alacaq və təkbaşına hökumət qura biləcək.
Bəs bundan sonra nə olacaq? Qərbyönümlü Prezident və qərbyönümlü parlament ölkənin üzləşdiyi problemlərin - iqtisadi, social və miqrasiyanın öhdəsindən necə gələcək? Rusiya ilə münasibətlər necə olacaq? Dnestryanı münaqişənin həlli prosesi hansı istiqamətdə dəyişə bilər?
AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.
Moldovalı tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun direktoru Vitali Andriyevski:
“Əvvəla ondan başlayaq ki, qərbyönümlü bir Prezident, qərbyönümlü bir partiya mütləq anti-rus olmaq demək deyil. Bəli, belə ola bilər, amma bunun üçün Kremlin səy göstərməsi lazım olacaq: Birincisi, Moldovada Prezident Sandunun müxaliflərinə dəstək olmaq. İkincisi, davamlı olaraq ticarətin inkişafı üçün problemlər yaratmaq - Moldova mallarının Rusiyaya axınını qadağan etmək və ya dayandırmaq. Üçüncüsü, Moldova ərazisindəki anbarlarda rus döyüş sursatlarının çıxarılması (məhv edilməsi) və Rusiya ordu hissələrinin geri çəkilməsi problemini müzakirə etməkdən imtina etmək.
Sosial-iqtisadi problemlərə gəldikdə, bu, həqiqətən çətin bir problemdir. Və hələ yeni hökumətin bütün bu problemləri həll edəcəyinə əmin deyiləm. İstərdim ki, heç olmasa onları həll etmək istəyi və səyi göstərsinlər. Bu, korrupsiyaya qarşı mübarizəyə də aiddir.
Komandamız (AVA TV kanalı, AVA.MD məlumat və analitik portalı) seçkilərdə Sandunun komandasını dəstəklədi. Qalib gəldikləri bəlli olduqdan sonra indi atdıqları hər addımı kritik şəkildə təhlil edəcəyimizi elan etdik. Bəlkə də dostluq tənqidi olacaq, amma yenə də tənqid olacaq. Səhvlər və səhv hesablamalar artarsa, tənqidlər sərtləşəcək.
Beynəlxalq münasibətlərə gəldikdə, hər kəslə əlaqə qurulmalıdır. Və zaman keçdikcə nəyin dostluğa və sıx əməkdaşlığa çevrildiyi və heç bir şeyin işləmədiyi yerlər bəlli olacaq. Ancaq sonuncu vəziyyətdə belə, bu, düşmənçilik üçün bir səbəb deyil. İndiyə qədər “ehtiyatlı optimizm” adlandırıla bilən bir yanaşmamız var. Sonrasını yaşayarıq, görərik”.
Ukraynalı politoloq, Dünya Siyasət İnstitutunun direktoru Yevgen Maqda:
“Maya Sanduya bağlı olan Fəaliyyət və Həmrəylik Partiyasının qələbəsi onun öz siyasi qələbəsi oldu, çünki aprel ayında erkən parlament seçkilərinin təşəbbüskarı məhz Sandu idi. Bu partiya parlamentdə həqiqətən çoxluğu alaraq, ölkə tarixindəki ən yaxşı nəticəni əldə etdi.
Xatırladım ki, Moldova parlamentli bir respublikadır və indi bütün “kozır”lar Sandunun əlindədir. Rusiya Sandunun rəqiblərinə güvəndi və onların səslərin yalnız üçdə birini alması Moskva üçün qəbuledilməz bir ssenaridir. Düşünmürəm ki, Rusiya bunu boş buraxacaq. Moldovadakı vəziyyətə təsir göstərməyə çalışacaq. Sandu isə bir çox cəhətdən ən azı Rusiya ilə münasibətləri təqlid etmək məcburiyyətində qalacaq, çünki rusiyapərəst seçiciləri tamamilə gözardı edə bilməz.
Sandu çox praqmatik bir siyasətçi olduğunu sübut etdi. 2019-cu ildə Moldovanın o zamankı hakimi Vlad Plaxotnyuka qarşı İqor Dodon ilə ittifaq quraraq, Baş nazir oldu. İndi isə o, həqiqətən Dodonu kənara atır. Ancaq hər şey islahatların nə qədər uğurlu və təsirli olacağına bağlıdır.
Təkpartiyalı çoxluq yaradıldığı üçün Moldovanın Avropaya inteqrasiyanı sürətləndirə biləcəyini göstərmək şansı var. Yenə də Sandunun öz partiyasının nə qədər sabit olacağından və yaxın gələcəkdə parlamentə gələcək deputatların çoxsaylı şirnikləndirici faktorlara necə müqavimət göstərə biləcəyindən çox şey asılı olacaq.
Düşünürəm ki, hökumətə Sandudan kifayət qədər ciddi şəkildə asılı olacaq bir şəxs rəhbərlik edəcək. Sandu Dnestryanı problemi həll etməyə çalışacaq, Rusiya Federasiyası ilə münasibətlərin kəskinləşməsi ssenarisi ilə yox, əksinə Avropa ssenarisinə uyğun yolla gedəcək. Və inanıram ki, Sandu İqor Dodonu çox aktiv olmaması üçün mümkün qədər elektoral rezervasiyaya salmağa çalışacaq.
3 ay əvvəl Moldova ərazisindəki keçmiş Ukrayna hakiminin qaçırılması - sözdə “Çaus işi”nin mövcudluğunu xatırlatmaq lazımdır. O vaxtdan bəri Çaus yalnız “Telegram” kanalında göründü, ancaq şəxsən heç yerdə onu görən olmayıb. Düşünürəm ki, Sandunun qələbəsi bu personaj ətrafında çox neqativ bir ssenari yarada bilər. Məqsəd Sandunun nüfuzuna zərbə vurmaq və eyni zamanda Rusiyanın qətiliklə yaxşlaşmasını istəmədiyi Ukrayna ilə Moldova arasındakı münasibətləri tam məhv etmək ola bilər