Onun rəhbərlik etdiyi bölükdə tağım komandiri olmuş tarixçi müəllimin xatirələri
Hər cür şablondan, yalançı təriflərdən uzaq adamam. Rəhmətlik Anar Novruzov haqqında söz demək də içimdən gəldi. Buna görə sizə üz tutdum. Biz onunla demək olar ki, eyni yaşda idik. Hərbi hissədə isə 100 nəfərlik bir taqımda o mənim komandirim idi.
Ali təhsilli tarixçi olsam da, Anar məni hər gün təəccübləndirirdi. Hərbi hissəyə ali təhsildən sonra qədəm qoyanda özümü komandirlərin sərt baxışlarına hazırlasam da, Anar məni çaşdırdı. O qədər sadə, zarafatcıl və səmimi idi ki, ilk gün elə bildim hərbi hissəyə yox, yerin altında yerləşən bir əyləncə mərkəzinə düşmüşəm. O vaxt 2004-ci il idi.
Sonrakı günlər Anar Novruzov yenə məni təəccübləndirdi. Birlikdə səngərlərlə tanış olmağa çağırdı. Artıq bu başqa bir Anar idi. Olduqca cəsarətli, qətiyyətli, gözündən heç yayınmaya bir hərbçi, bir zabit.
Bunları bizə Masallı rayonunun Təzə Alvadı kəndində boya-boşa çatan, hazırda Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya institutunun dissertantı, ehtiyatda olan mayor Ramil Arif oğlu Allahverdiyev danışır.
- Anar bölük komandiri idi. Qapanlıda yerləşən bölmədə tanış olmuşduq. Mənim bölük komandirim idi. İlk baxışdan mənə çox pozitiv, hərbi qaydalardan fərqli insan kimi yanaşdı.
- Yeraltı qazmaya girdim, gizirlərlə hədsiz mehribanlığını gördüm.
- Bilirdi ki, müəllim işləyirəm. Dedi, müəllim, sevindim ki, hissəmizə tarix müəllimi gəlib. Arada bizə də dərs keçərsən. Bir neçə gündən sonra bölüyün səngərləri ilə tanış etdi. Əvvəl səmimiyyəti ilə, sonra cəsarəti ilə heyrətləndirdi.
- Çox mədəni, nəzakətli zabit idi. Demək olar ki, mən ondan tabeçiliyində olanlara qarşı ağır, aşağılayıcı ifadələr eşitmədim. Hansı ki, bu, bir çox zabitlər üçün adi davranış norması idi.
- Onun tabeliyində 100 nəfər var idi. Hamısını özünə qardaş sayırdı.
- Gecələri çox az yatırdı. Mənə deyirdi ki, mənə tariximizdən, nəhəng döyüş yolu keçən sərkərdələrdən, möcüzəli həyat yolu keçən qəhrəmanlardan danış.
- Həm də deyirdi ki, əsgərlərimizə təkcə texnikanı, hərbi qaydaları yox, bu humanitar dərsləri də çox keçək ki, bilsin nəyin uğrunda və necə vuruşmaq lazımdır.
- Tam səmimiyyətlə deyirəm ki, vətənpərvərlik onun dilində, vəzifəsində yox, Anarın bütün ruhunda idi. Onda peşəkar hərbiçi kimi düşmənə çox geclü nifrət var idi.
- Çox zarafatcıl idi. Özündən rütbəlilərə ilişməyə də çəkinmirdi. Həm də yerində, hədləri aşmadan.
- Bir dəfə, şəxsən özü postda olan zaman, dəqiq snayper zərbəsi ilə düşməni vurdu.
- Polkovnik rütbəli hərbi hissə komandiri xəbər aldı ki, orada tibb sanitar maşınının gördünmü?
Söhbətə bir az zarafat qatıb dedi ki, bir sanitar maşın düşmən səngərinə yaxınlaşdı. Bilmədim həqiqi tibb maşını idi, ya bizim tabor komandirinin gizləndiyi sanitar maşını idi.
- Anarın taktiki savadı çox güclü idi, amma bunu büruzə verməzdi.
- Heç kimin edə bilmədiyin işi elə edərdi ki, guya çox sadə bir iş görür.
- Vəzifə, rütbə aşiqi deyildi.
- Təəssüf ki, 45 yaş ərəfəsində layiq olduğu vəzifə və rütbələri onu verməkdə qısqanclıq etdilər.
- Anar Novruzov DAQ-17 silahın-dəzgahlı avtomatik qumbara atan silahın ən peşəkar ustası idi. Əsgərlər buna görə, heyranlıqla hələ o vaxt ona DAQ-17 atası deyirdilər. Onun atəşi ilə onlarla düşmənin yüksək rütbəli zabiti öldürülmüşdü.
- Ona niyə Akula deyirdilər. Qeyri-adi, ağlagəlməz, heç kimin icra edə bilmədiyi işə bir yırtıcı kimi girişirdi və icra edirdi.
- Anarda kübarlıq, olduqca insani keyfiyyətlər var idi. Hər kəsin ad günün qeyd edirdi. Hər kəsin dəyərin bilirdi. Kübarlıq onun içində idi. Fərdi yanaşmağı bacarırdı.
- Sanki bu insanın şəxsi həyat, digər qayğıları yox idi, elə anadangəlmə hərbiçi doğulmuşdu. Giley-güzar nədi bilməzdi.
- Bu gün onun başdaşındakı şəklinə doyunca baxdım. Elə bildim ki, indicə şəkildən də bir zarafat edəcək, insan ruh verəcək bir çağırış edəcək.
Sən qürur yerlərimizdən birisən Anar. Allah səni rəhmət eləsin.
Qələmə aldı Zahir Əmənov