“Dalımca İrəvandan Bakıya təyyarə göndərdilər”
Britaniyanın Lordlar Palatasının üzvü, Britaniya-Ermənistan parlamentlərarası dostluq qrupunun sədri baronessa Kerolayn Koksun (1937) doğum günü haqqında “Yeni Müsavat” olaraq məlumat vermişdik.Qeyd etmişdik ki, bu münasibətlə Ermənistan prezidenti Armen Sarkisyan ona məktub göndərib. Təbrik məktubunda deyilirdi ki, Siz həmişə erməni xalqı ilə yanaşı dayandınız, onun ağrılarını və əzablarını bölüşdünüz. Azadlıq və müstəqillik uğrunda mübarizə aparan xalqımıza dəstək oldunuz.
Armen Sarkisyan yazıb ki, baronessa Koks beynəlxalq səviyyədə siz Artsax xalqının hüquqlarının müdafiəsi üçün ağlasığmaz işlər görüb, Ermənistan və Artsax onun xidmətlərini əsirlər boyu unutmayacaq.
Ermənilər baronessa Koksa olan simpatiyalarını nümayiş etdirmək üçün onun haqqında Qərb mətbuatında müxtəlif məqalələrlə çıxış edirlər. Belə məqalələrin bir haqqında məlumat verəcəyik. Bəri başdan deyək ki, təqdim etdiyimiz məqalədə maraqlı məqamlar var.
ABŞ-ın məşhur “Forbes.com” saytında erməni əsilli Jak Abramyan “Nurse, Social Scientist, Diplomat, Humanitarian—Baroness Caroline Cox Is On A Mission” (Tibb bacısı, sosial münasibətlər üzrə alim, diplomat, humanitar yardımçı- baronessa Kerolayn Koks öz missiyasın davam etdirir) adlı məqaləsində vurğulayır ki, o, Dağlıq Qarabağa 89 dəfə səfər edib. Stepanakertdə (Xankəndi) əngəlli insanlara yardım mərkəzi var. Həmin tibbi mərkəz (Lady Cox Disability Rehabilitation Centre) onun adını daşıyır. Azərbaycan Ordusunun son hücumları zamanı həmin mərkəz dağılıb. “Forbes” jurnalı həmin dağıntının fonunda baronessa Koksun çəkildiyi fotonu da məqaləyə əlavə edib. Müəllif bildirir ki, həmin mərkəz müharibə dönəmində şikəst insanlara və yaralanmış hərbçilərə yardım göstərirdi.
Məqalədə deyilir ki, 1990-cı ilin aprelində 1975-ci ildə Nobel Sülh mükafatı alan Andrey Saxarovun həyat yoldaşı, siyasi fəal Yelena Bonner (ermənidir.) İnsan Hüquqları ilə bağlı Sovet İttifaqında tədbir keçirdi. Yelena Bonner baronessa Koksu həmin tədbirə xüsusi olaraq dəvət etmişdi.
Kerolayn Koks öz adına daşıyan (Xankəndi) mərkəzin dağıntıları fonunda
O vaxtlar başına gələm macəralardan danışan K.Koks deyir: “Konfrans zamanı Zori Balayanla görüşdüm. O dedi ki, qonşu Azərbaycan onların nəzarətində olan, ancaq əsasən ermənilərin yaşadığı Dağlıq Qarabağda dəhşətli hərbi əməliyyatlar keçirirlər”. Müəllif yazır ki, Koks 1989-cu ildə Ermənistanda, daha sonra isə Azərbaycanda olub. Bakıda olarkən o, xahiş edib ki, Stepanakertə (Xankəndi) getmək istəyir. Bu xahişə cavab olaraq azərbaycanlı rəsmilər deyib ki, əgər Ermənistan təyyarə göndərsə, bu, mümkün ola bilər və dəstəyi onun üzünə qapayıblar. K.Koks ictimai telefon mərkəzindən Yelena Bonnerə zəng vura bilib. O, isə öz növbəsində Zori Balayanla əlaqə saxlayıb. Nəticədə İrəvandan Bakıya xüsusi təyyarə göndərilib. Daha sonra isə o, helikopterlə Stepanakertə (Xankəndi) qorxulu səfərə yollanıb. Bu, onun həmin şəhərə ilk səfəri idi.
Erməni müəllif yazır ki, baronessa Koks Britaniya Lordlar Palatasını “Azərbaycanın müstəqil dövlət olan Dağlıq Qarabağa (Artsax) qarşı yeritdiyi genosid xarakterli kampaniyanı durdurması üçün hərəkətə keçməyə çağırıb”.
Ötən dəfə də qeyd etmişdik: K.Koks bir müddət Ümumdünya Xristian Birliyi təşkilatına rəhbərlik edib. Qatı xristian təəssübkeşidir. Məhz elə bu səbəbdən də o, ermənilərin Dağlıq Qarabağ və ətraf rayonlardan silah gücünə qovduğu 1 milyona yaxın azərbaycanlının müdafiəsi ilə bağlı indiyə qədər bir kəlmə söz deməyib. Bir ovuc erməninin yaşadığı ərazini isə müstəqil dövlət olmasını arzulayıb. Azərbaycan Ordusu onun və onun kimi digər erməni havadarlarının arzusunu gözündə qoydu.
Bu yazıda adı çəkilən Zori Balayan və Yelena Bonner Azərbaycana qarşı məkrli palanların həyata keçməsində müstəsna rol oynayıblar. Gənc nəslə bu adlar o qədər də tanış gəlməyə bilər.
Yelena Bonner Andrey Saxarovdan əvvəl İvan Semyonov adlı həkimlə evli olub. Ondan bir oğlu və bir qızı var. Uşaqların hər ikisi ABŞ-da yaşayıb. Andrey Saxarovla evlilikdən isə onun uşağı olmayıb. 88 yaşlı Yelena Bonner 2011-ci ildə Boston şəhərində ölüb.
86 yaşlı Zori Balayan isə sağdır. Qarabağ separatçılarına qoşularaq “Miatsum” hərəkatının liderlərindən biri olub. 1988-ci ildə o, erməni şairə Silva Kaputikyanla birgə Moskvada Mixail Qorbaçovla görüşüb və ondan “Qarabağ məsələsini” Ermənistanın xeyrinə həll etməsini xahiş edib.
Onun “Ocaq” əsəri 1981-ci ildə nəşr olunur. Bu kitabda Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edib.
Xatırladaq ki, 3 iyul 1994–cü ildə Bakı Metropolitenində, Gənclik və 28 May metrostansiyaları arasında baş vermiş partlayış nəticəsində 12 nəfər həlak olub, 42 nəfər isə yaralanmışdı. Terror aktını törətməkdə təqsirli bilinən, "Sadval" təşkilatının üzvü Azər Aslanov məhkəmədə bildirmişdi ki, erməni əsirliyində olarkən, Zori Balayan onunla görüşüb və ona Bakı metropolitenində partlayış törətmək göstərişi verib.
Yelena Bonner və Zori Balayan Azərbaycan xalqının ən qatı düşmənləri sırasında yer alır.
Elbəyi Həsənli, Sürix