DYPİ rəsmisi: “Bu, bizim yaralı yerimizdir, işimiz çox çətinləşib”
Bir zamanlar həyət-bacada sürdüyümüz velosipedlər sonradan yollarda ictimai nəqliyyat vasitələri ilə birgə hərəkət etməyə başladı. İndi isə yollarda seqvey (“segway”) elektromobillərini görmək mümkündür. Düzdür, onların sürət həddi o qədər yüksək olmasa da, bir çox ictimai nəqliyyat vasitələri və avtomobillərin yollarına çıxır, təhlükəli manevrlər edirlər. Təbbi ki, bu, hər iki tərəf üçün təhlükədir.
Sözügedən minik vasitələrinin idarə olunması üçün hər hansı bir sənəd tələb olunurmu? Yol hərəkəti qaydalarını pozarkən onlara hər hansı cəza tətbiq edilirmi?
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli AYNA-ya açıqlamasında seqveyin yeni nəsil minik vasitəsi olduğunu deyib: “İstər asma mühərrikli, elektromühərrikli velosipedlər, istərsə də seqveylər olsun - bunların hamısı yol hərəkətinin istirakçıları hesab olunur. Yol hərəkətində yalnız 50 kub sm-dən yuxarı olan motolar dövlət qeydiyyatına alınır və sürücülük hüququ əldə olunur. Sözügedən yeni nəsil minik vasitələri üçün xüsusi icazə tələb olunmur”.
Polis mayorunun sözlərinə görə, “Yol hərəkəti haqqında” qanunla piyadalar və yol hərəkətinin başqa iştirakçıları (yeni nəsil minik vasitəsindən istifadə edənlər) yol hərəkətinin iştirakçıları hesab olunurlar: “Onlar da yol hərəkəti qaydalarını pozmamalıdırlar. Əgər yol hərəkəti qaydalarını pozarlarsa, onlara İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq 20 manatdan 100 manat məbləğinə qədər cərimə tətbiq olunur. Cərimələr isə müxtəlif hallara görə dəyişir. Misal üçün, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması (piyada işıfordan, nizamlayıcı işarədən düzgün qaydada keçmirsə və s.) 338-ci maddə ilə tənzimlənir. Və yaxud da qırmızı, göy sayrışan işıqlar, xüsusi səs siqnalları qoyulmuş nəqliyyat vasitələri yaxınlaşan zaman 20 manat, sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydasının pozulması, motodəbilqələrin geyilməməsi, nəqliyyat vasitələrinin və bayıra hər hansı əşyaların atılması və s. nəzərdə tutulmuş qaydada 30 manat, velosipedçilər və moto idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması, işıqforun və nizamlayıcı işarələrə riayət edilməməsi, nəzərdə tutulmamış yükün daşınması və sair - bütün bunların hamısına görə cərimələr, hətta spritli içkilərin təsiri altında bu cür minik vasitələrindən istifadə olunması İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində nəzərdə tutulub”.
“Bunlar sürücü deyillər və piyadalar, yol hərəkətinin başqa iştirakçıları hesab edilirlər. Bəzi insanlar elə başa düşürlər ki, buna görə onlar heç bir məsuliyyətə cəlb olunmurlar. Amma bu, belə deyil. Onların məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi ilə tənzimlənir”, - deyə DYPİ rəsmisi bildirib.
Əsgərli yeni nəsil minik vasitələrinin sürət həddi məsələsinə də toxunub: “Sürət həddinin aşkarlanması xüsusi texniki vasitələrlə həyata keçirilir. Sürət həddini aşan nəqliyyat vasitəsinin nömrəsi və onu idarə edən şəxsin sürücülük hüququ olmalıdır. Yalnız bu zaman onlara inzibati tənbeh tədbirləri görmək olar. Bu cür minik vasitələri üçün sürət həddinin aşması ilə bağlı qayda pozuntusu nəzərdə tutulmayıb. Çünki onların minik vasitələri də heç buna imkan vermir ki, onlar sürət həddini aşmış olsunlar”.
“Sürət həddi paytaxtın əsas küçə və prospektlərində 60 km/saat müəyyənləşdirilib. Həmin minik vasitələri sürət həddini deyil, yol hərəkəti qaydalarını pozurlar. Onlar manevr qaydalarını pozurlar, işıqforun tələbini gözləmirlər. İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 20 manatdan 100 manata qədər məbləğdə cərimə nəzərdə tutulur”, - deyə həmsöhbətimiz vurğulayıb.
Həmin minik vasitələrinin yol hərəkəti qaydalarını pozmasının necə müəyyənləşdirilməsinə gəldikdə, polis mayoru bunun yalnız yol patrul xidmətinin (YPX) ərazidəki əməkdaşları tərəfindən müəyyənləşdirilməsinin mümkün olduğunu qeyd edib: “Bunu xüsusi texniki vasitələrlə müəyyənləşdirmək mümkün deyil. Axı, onların nə xüsusi nömrəsi, nə də sürücülük vəsiqəsi var. Ona görə də avtomatik rejimdə onların qayda pozuntusunu aşkarlamaq mümkün deyil. Bu, bizim üçün də çətin bir kontingentdir və yaralı yerimizdir. Ümumiyyətlə, “Yol hərəkəti haqqında” qanunda 50 kub sm-ə qədər olan nəqliyyat vasitələrinin qeydiyyatda olmaması bizim üçün də çox çətinliklər yaradır. Yol hərəkəti haqqında yeni qanun layihəsi hazırlanır. Həmin qanundakı dəyişikliklərdə bu məsələ də nəzərdə tutulacaq. Çünki əvvəllər hamının təsəvvür etdiyi velosiped indi bizim köhnə zamanda düşündüyümüz velosipeddən deyil, hamısında asma mühərrikdən istifadə olunur, elektro velosipedlər var. Bu gün bu məsələdə nəinki sizin sadaladığınız problemlər, elə qanunun özündə də müəyyən dəyişikliklərə ehtiyacı olan məsələlər var. Onlar da nəzərdə tutulub. Yaxın zamanda yol hərəkəti haqqında qanuna əlavə və dəyişikliklər olanda bu məsələlər də həmin qanunla tənzimlənəcək”