“Cenub.az” saytı yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabından növbəti yazısını təqdim edir.
...Yolağaclı Xankişi oğlu Vidadini çəkdiyi mənəvi iztirablar vaxtından əvvəl qocaldıb. Yarım saatlıq söhbətimizdə onun dəfələrlə dərindən köks ötürdüyünün və hər dəfə ah çəkən zaman necə yanıb-yaxıldığının şahidi oldum. Həyətində oturduğumuz kiçik köşkdən gözəl dağ mənzərələri görünür. Elə bil bu yamyaşıl təbiət mənzərələri Səttar Bəhlulzadənin sehirli fırçası ilə çəkilib. Qarşımda oturan şəhid gizirimiz Raqib Əzizovun atası Vidadinin canlı tablosunun müəllifi isə zamandır.
Şəhid atası ürək ağrısıyla deyir ki, tarixi Qələbəmizdən sonra oğlum Raqib ailəsinə baş çəkmək üçün qısamüddətli məzuniyyətə gəlmişdi. “Ayağının altında qurban kəsdim, dedim iki dəfə yaralansa da, çox şükür Allaha ki, oğlum müharibədən sağ-salamat qayıdıb gəlib. Heç 3 gün çəkmədi ki, həyət-bacada gəzə-gəzə gördüm ki, çox dərin fikirə gedib.. Soruşanda dedi ki, ata, hərbi hissəyə qayıtmaq istəyirəm, orda əsgərlərim mənim yolumu gözləyirlər...”
Vidadi oğluna məzuniyyətinin təzə başladığını xatırlatsa da faydası olmadı. Silahlı Qüvvələrin giziri Raqib Əzizov məzuniyyətini yarımçıq qoyub ata-anası, həyat yoldaşı, beş yaşlı oğlu Rahid və iki yaşlı qızı Ayanla vidalaşıb Hadrutda yerləşən hərbi hissəyə qayıtdı...
Hadrut ətrafındakı meşələr ona doğma Yolağacı meşələrini xatırladırdı. Amma əsgərlərinə heç vaxt “ağır” işi rəva görməyən gizir bir gün avtomat silahını götürüb özü meşədən su gətirməyə gedir. Bu zaman 44 günlük müharibədə sağ qalan və döyüşdən qaçıb meşələrdə gizlənən erməni əsgərləri onu gülləyə tuturlar...
Raqib təkbaşına onlarla son nəfəsinədək vuruşur. Çox keçmir ki, komandirlərinin köməyinə gələn əsgərlərimiz qanunsuz erməni hərbi dəstəsinin üzvlərini məhv edir, amma...
QISA TANITIM: Əzizov Raqib Vidadi oğlu 29 avqust 1991-ci ildə Masallı rayonunun Yolağac kəndində dünyaya göz açıb. 1997-2008-ci illərdə Yolağac və Güllütəpə kənd tam orta məktəblərində təhsil alıb.
2009- 2011 -ci illərdə Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2012-ci ilin noyabrın 21-dən 2013-cü il aprel ayının 26-na kimi Silahlı Qüvvələrin Təlim-Tədris məktəbində “Gizir hazırlığı kursu”nda təhsil alıb. 2013-cü il aprel ayının 29-da Müdafiə Nazirliyinin əmrinə əsasən gizir rütbəsində xidmətini müxtəlif “N” saylı hərbi hissələrdə davam etdirib, bağlama rabitə bölüyünün mobil retransiyasiya stansiyasının rəisi vəzifəsində çalışıb.
27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan və Şuşa uğrunda döyüşlərdə düşmənə qarşı vuruşub.
Qələbədən sonra qısamüddətli məzuniyyətə buraxılıb.Dekabrın 8-də Hadrut istiqamətində düşmən snayperinə tuş gələrək şəhid olub.
Şəhid gizirin nəşi 9 dekabr 2020-ci il tarixdə doğulduğu Yolağac kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Ailəli idi. İki övladı Vətənə əmanət qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Raqib Əzizov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ali təhsili yarımçıq qalmışdı
Əzizovlar ailəsində boya-başa çatan Raqibin ulu babası Cəbrayıl İkinci Dünya müharibəsində alman faşistlərinə qarşı döyüşmüşdü. Atası Vidadi sadə peşə sahibi idi. Sürücülüklə ailəsinin çörəyini qazanırdı. Raqib hələ beşinci sinifdə oxuyanda Naxçıvanda xidmət edən zabit dayısı Həbib Həbibovla birlikdə keçirdikləri günlər onun qəlbində hərbi peşəyə maraq yaratmışdı. Əmisi nəvəsi Dərgah deyir ki, yeniyetmə çağlarında Raqiblə birlikdə meşədə şən məclislər qurardıq. “Çox zarfatcıl, canlara dəyən oğlan idi. Yayda əl-ələ verib qış üçün oduncaq tədarükü görər, mal-qaraya ot biçib gətirərdik...”
...Təsərrüfat işlərində ailəsinə kömək etməklə yanaşı, Raqib məktəb illərində çalışqan şagird olub. Hətta orta təhsilini başa vurandan sonra Azərbaycan Beynəlxalq Universitetində iki il ali təhsil də alıb. Lakin Təhsil Nazirliyi tərəfindən universitetin lisenziyasının ləğv edilməsi nəticəsində Raqibin ali təhsili yarmçıq qalıb...
Sonra Vətən torpaqlarını işğalçı düşmənin murdar tapdağından azad etmək üçün həyatını hərbiyə bağlayır. Gizir hazırlığı kursunda hərbin sirlərinə bacarıqla yiyələnir və çalışqanlığı, həyata baxışı onu çoxlarının sevimlisinə çevirir. Çox çəkmir ki, rabitə bölüyünün mobil retransiyasiya stansiyasının rəisi vəzifəsi ona həvalə edilir.
Əsgərlərinə qarşı çox diqqətli və qayğıkeş komandir kimi gizir Raqib Əzizov hərbi hissədə böyük hörmət qazanır.
Onu sanki ölüm mələyi səsləyirdi...
Vətən müharibəsinin ilk günlərindən Qarabağ naminə odun-alovun içinə atılan gizir Raqib Əzizov öz bölüyü ilə əks-hücum əməliyyatlarında mərdliklə vuruşur, düşmənə sarsıdıcı zərbələr vuraraq onları geri çəkilməyə vadar etdi. Füzulidən başlayan döyüş yolu Şuşada qalibiyyətlə başa çatdı. 44 günlük əks-hücumda iştirak edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərlərinin peşəkarlığına heyran olmamaq mümkün deyildi. Uca boylu, qarayanız, xoş simalı gənc və qorxmaz komandir kimi Raqib də öz əsgərlərinə nümunə oldu. Elə bu nümunəvi xidmətinə görə də müharibə bitdikdən sonra hərbi hissə komandanlığı ona ailəsinə baş çəkmək üçün qısamüddətli məzuniyyət verdi.
Şanlı Ordumuzun qalib giziri Raqibin Yolağacına dönüşü nəinki ailəsinin, bütün kəndin sevincinə səbəb oldu. Hamı atası Vidadiyə, anası Xatmirə Musaxan qızına gözaydınlığı verirdi.
Raqib müharibə ərəfəsində əslən qarabağlı olan həyat yoldaşını, iki övladını ata ocağına gətirmişdi. Sir vermədən dərhal da geri dönmüşdü. Ailəsinin 44 günlük nigarançılığı sona çatmışdı. Necə deyərlər, ayrılıq var, sonu şirin vüsaldır...
...O dekabr gecələrinin birində Raqib ata ocağının həyətində Dəmbəlov dağının başının üstündə güzgü kimi bərq vuran aya baxa-baxa fikrə dalmışdı. 11 il Vətənə xidmət edən oğlunu atası heç belə dalğın görməmişdi. Dalğınlığının səbəbini soruşanda əsgərlərini düşündüyünü söyləyən Raqib ertəsi gün, məzuniyyətini yarımçıq qoyub hərbi hissəyə dönür. “Elə bil onu ölüm ağuşuna çağırırdı”- deyə atası dağlara sarı boylanıb yenə dərindən köks ötürür. Bir an mənə elə gəldi ki, Raqibin ruhu da o dağların ən uca zirvəsindən ata ocağını seyr edir...
Xalqını çox sevən və oxucuların çox sevdiyi yazıçı Əlibala Hacızadənin “Ayrılıq var sonu şirin vüsaldır, ayrılıq var sonu yoxmuş, ay aman..." fikrini xatırlayıb dağlar qoynunda özüm də dərin düşüncələrə dalıram.
Səfər yoldaşlarım Hekayət Nəzərov və Rövşən Muxtarov mənimlə birlikdə Yolağacından Güllütəpəyə enəndə söhbət edə-edə Raqibin Qələbədən sonra həlak olmasına çox təssüflənirik.
...Bakıda Zəfər paradı keçirilən gün Masallıda şəhid gizirin nəşi izdihamla son mənzilə yola salınırdı. O gün Vətən sevgisi ilə vətənləşən Raqibin şəhid kimi yeni bir ömrü başladı.
Canını Vətən uğrunda gözünü qırpmadan fəda edən şəhidlər əbədi ömür qazanıblar. Onları tanımaq və gələcək nəsillərə tanıtmaq bizim borcumuzdur.
Nurəddin Ədiloğlu, “Cənub.Az”