Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Patı”, “şüşə” və böyük fəlakətin həyəcan təbili


“Patı”, “şüşə” və   böyük fəlakətin həyəcan təbili

“Artıq uyuşdurucu vasitələrin satışı onlayn həyata keçirilir ki, bu da hüquq-mühafizə orqanlarının işini bir qədər də çətinləşdirir”
 
Son günlər ölkə gündəminin əsas müzakirə mövzularından biri narkotik vasitələrin, xüsusilə də kimyəvi tərkibli narkotik təsirlərə malik həblərin çox ucuz qiymətə və açıq şəkildə satılmasıdır. Sosial şəbəkələrin Azərbaycan seqmentinin aktiv iştirakçıları statuslar paylaşaraq qeyd edirlər ki, Azərbaycanda onlayn şəkildə, əsasən də “Instagram” vasitəsilə “patı”, “şüşə”, “Metamfetamin”, “Tramadol” kimi psixotrop maddələr satılır – həm də çox ucuz qiymətə - 3-5 manata. Rayonlarda, kəndlərdə bu vasitələrdən istifadə edənlərin sayında kəskin artım olduğu barədə həyacan təbili çalınır. Uyuşdurucu tərkibli dərman istifadəçilərinin əsasən gənclər, hətta məktəblilər olduğu iddia edilir. Bəziləri isə bildirirlər ki, sözügedən psixotrop maddələr xaricdən gəlmir, məhz Bakıda “istehsal” edilir, qiymət də ona görə ucuzdur.
 
Sosial şəbəkə istifadəçilərinin bəziləri gəncləri zəhərləyən bu bəlaya qarşı Daxili İşlər Nazirliyini (DİN), DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsini suçlayırlar, mübarizə aparılmadığını, yaxud da mübarizənin zəif aparıldığını bildirirlər. 
 
Yeri gəlmişkən, dünən sosial şəbəkələrdə narkotik vasitələr olan “patı”, “şüşə” adlanan psixotrop maddələr satan 9 nəfər saxlanılıb. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, onlardan 30 kiloqramdan artıq metamfetamin, o cümlədən  4778 ədəd psixotrop tərkibli həb aşkar edilib.
 
“Suraxanı rayonunda, əvvəllər məhkum olunmuş Abdul Çopurov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 12 kiloqramdan artıq heroin, 4 kiloqram 70 qram narkotik vasitə istifadəçiləri arasında “patı”, “şüşə” kimi adlanan psixotrop maddə “Metamfetamin” və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib. Saxlanılan şəxs narkotik vasitə və psixotrop maddələri satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib. Yasamal rayonunda saxlanılan paytaxt sakini Anar Məmmədovun üzərindən 10 ədəd “Tramadol”, 10 ədəd “Pregabalin”, 9 ədəd “Metadon” həbləri aşkar olunub. Anar Məmmədovun Yasamal rayonunda yerləşən mənzilindən əlavə 680 ədəd “Metadon”, 20 ədəd “Pregabalin”, 80 ədəd “Tramadol”, 40 ədəd əsasən gənclər arasında satılması nəzərdə tutulan “Ekstazi” həbləri, 200 qrama yaxın olduqca təhlükəli psixotrop maddə hesab edilən “Mefedron” və 1 ədəd elektron tərəzi aşkar edilib. Qeyd edək ki, Anar Məmmədov ifadəsində əsasən sosial şəbəkələrdə narkotik vasitələrin satışını həyata keçirdiyini və satdığı psixotrop tərkibli həblərin pulunu onlayn yolla qəbul etdiyini bildirib”, - deyə məlumatda qeyd edilib.
 
Sosial şəbəkələrdə “patı” satan 9 nəfər saxlanılıb
 
O da bildirilib ki, Yasamal rayonunda daha 2 nəfər – paytaxt sakinləri Aleksandr Naqorni və Sərxan Daşdəmirli saxlanılıb: “Bu şəxslərin üzərlərindən və yaşadıqları evlərdən ümumilikdə 42 qrama yaxın “Metamfetamin”, kimyəvi tərkibli narkotik vasitə olan “Bonzai”, həmçinin 1295 ədəd satışı qadağan olunan “Preqabalin” və “Ekstazi” həbi, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin sosial şəbəkələrə satışı zamanı nağdsız pul köçürmələrində istifadə etdiyi plastik kart aşkar edilib. Nəsimi rayonunda əvvəllər dəfələrlə məhkum olunmuş Vadim Şəfiyev və Mərahim Şahbazov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 12 kiloqramdan artıq, o cümlədən 8 kiloqram 90 qram heroin, 2 kiloqram 725 qram tiryək, 1 kiloqram 375 marixuana və 2 ədəd elektron tərəzi aşkar edilib. Onlayn yolla narkotik vasitələrin satışını həyata keçirən İlqar Bayramov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan 7 qrama yaxın çox təhlükəli narkotik vasitələr qrupuna aid “Kokain”, 117 qram “Bonzai”, 60 qram “Metamfetamin” 1124 ədəd narkotik tərkibli həblər və 1 ədəd elektron tərəzi aşkar edilib.  İlqar Bayramova onlayn yolla narkotik vasitələr satan paytaxt sakini Samir Ağayev də saxlanılıb. Onun üzərindən və Nizami rayonunda yaşadığı evdən 632 ədəd “Ekstazi” həbi, 48 qram “Kokain” və 1 ədəd elektron tərəzi aşkar edilib. Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə müxtəlif profillər açaraq əsasən gənclər arasında narkotik vasitələrin və psixotrop tərkibli həblərin onlayn yolla satışını təşkil etdikləri məlum olub. Sabunçu rayonunda saxlanılan Raib Hüseynovun üzərindən və yaşadığı evdən 400 qrama yaxın “Kokain”, “Metamfetamin”, “Bonzai”, “Marixuana”, eləcə də ümumilikdə 878 ədəd “Ekstazi”, “Pregabalin”, “Metadon” həbləri və 1 ədəd elektron tərəzi aşkar edilib”.
 
Nazirlik qeyd edib ki, faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
“Qeyd edək ki, sosial şəbəkələr vasitəsi ilə ölkə ərazisində narkotik vasitələrin satışını təşkil edən və xaricdən idarə olunan səhifələrə qarşı Daxili İşlər Nazirliyinin mütəxəssisləri tərəfindən daim xüsusi texniki vasitələrdən istifadə edilməklə əməliyyat tədbirləri həyata keçirilir. Sosial şəbəkələrdə xaricdəki narkotacirlərin təkliflərinə ölkə ərazisində razılıq verən şəxslər bilsinlər ki, onlara qarşı sərt mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək və onlar polis əməkdaşları tərəfindən ifşa ediləcəklər”, - deyə DİN-in Mətbuat Xidməti əlavə edib.
 
Sabiq polis rəisi Mahmud Hacıyev məsələ ilə bağlı AYNA-ya danışarkən deyib ki, DİN-in narkotik vasitələrin satışı ilə, narkomaniya ilə mübarizə aparmadığı iddiaları yanlışdır. Onun sözlərinə görə, Azərbaycan hüquq-mühafizə orqanları bu bəla ilə mübarizə aparır – həm də daha sərt formada: “Bu maddələr xaricdə xüsusi laboratoriya şəraitində hazırlanır. Sonra isə xaricə, xüsusən də qonşu ölkələrə qaçaqmal yolu ilə keçirilir. Özü də ki, bu maddələr təbii deyil. Narkotik “tabletkalar”ı qəbul edənlərin başı boş qalsın. Bu, beyni və digər insan orqanlarını iflic edir, sıradan çıxarır”.
 
Mübarizə tədbirlərinə toxunan sabiq rəis qeyd edib ki, narkotik maddələrin satışının ölkədə tamamilə kökünü kəsmək mümkün deyil: “Kim desə ki, bunun tam qarşısını almaq olar, yalan danışır. Kommunist rejiminin bir devizi vardı: “Sosializm tam qələbə qazanandan sonra kommunizmə keçəcəyik. Və kommunizm qurulanda demək olar ki, ölkədə heç bir cinayət olmayacaq”. İndi “ölkəmizdə narkotik vasitənin satışının və istifadəsinin tam qarşısı alınacaq” demək, kommunistlərin həmin çürük fikirlərinin oxşarıdır. Məsələ burasındadır ki, cəmiyyət olan yerdə cinayət mütləq olacaq. İnsan faktoru varsa, cinayət də olacaq”.

                                              
M.Hacıyev vurğulayıb ki, dünyada narkotik bazarı var və onu idarə edən narkobaronlar, tacirlər sıradan adamlar deyillər: “Bəzi xarici ölkələrdə bu narkotacirlər dövlətin fəaliyyətinə də təsir edə bilmək gücündədirlər. Bir də görürsən ki, dövlətin məşhur məmuru həmin “sindikatda” iştirak edir.  Bu cür hallar dünyada varsa, narkomaniyanın, narkotik vasitə satışının qarşısını bütövlükdə almaq mümkün deyil. Amma azaltmaq mümkündür. Bununla da Azərbaycanın hüquq-mühafizə orqanları mübarizə aparır”.
 
“Sual oluna bilər ki, bu gün texnologiya inkişaf edib, bəs bunun qarşısı niyə alına bilmir?! Düzdür, hüquq-mühafizə orqanları mübarizədə müasir texnologiyalardan istifadə edir. Amma narkobizneslə məşğul olanlar da ağılsız deyillər, onlar da bu texnologiyadan yararlanırlar. Bu zəhərin hazırlandığı fabriklərdə, sexlərdə yüksək savada malik alimlər var, mütəxəssislər var. Xüsusi laboratoriyalarda işləyirlər, bu maddələri hazırlayırlar. Eyni zamanda, texnologiya mütəxəssisləri də var ki, bunun xaricə çıxarılmasını, satışını ustaca təşkil edirlər”, - deyə sabiq polis rəisi vurğulayıb.
 
“Artıq uyuşdurucu vasitələrin satışı onlayn həyata keçirilir ki, bu da hüquq-mühafizə orqanlarının işini bir qədər də çətinləşdirir”, - deyən həmsöhbətimiz qeyd edib ki, bu satış üsuluna Avropada başlanılıb: “Daha sonra Rusiyada onlayn sistemə keçdilər. Oradan da Azərbaycana sirayət etdi ki, artıq bizdə də satış bu formada həyata keçirilir. İstifadəçi satıcı ilə onlayn əlaqəyə girir, pulu müəyyən nöqtəyə qoyur, psixotrop maddəni də müəyyən nöqtədən götürür”.
 
“Faktiki olaraq istifadəçi ilə satıcı arasında təmas olmur, bir-birini tanımırlar. Hələ texnologiya inkişaf etməmiş dövrdə, əvvəllər belə idi: istifadəçini tuturduq, onun vasitəsi ilə də satıcını müəyyənləşdirirdik. Onlayn satış axtarışı, mübarizəni qismən də olsun çətinləşdirir. Amma onu da deyim ki, bizim hüquq-mühafizə orqanları onlayn satışı həyata keçirənləri də müəyyənləşdirə bilir. Sadəcə bir az iş artıq, zaman çox gedir. Son iki-üç ayda nə qədər belə faktlar üzə çıxarılıb, cinayətkarlar cəzalandırılıb. Elə bu gün DİN 9 nəfər narkoticarətlə məşğul olan şəxsləri yaxaladı”, - deyə müsahibimiz söyləyib.
 
Onun sözlərinə görə, narkotik aludəçilərinin sayının azaldılması, narkomaniya ilə mübarizədə cəmiyyətdə təbliğatın aparılması da vacib elementlərdəndir: “Bunun zəhər olduğunu, insanı məhv etdiyini, başını qurutduğunu gənclərimizə başa salmaq lazımdır. Bu, narkotiklə mübarizənin bir metodudur. Sosial şəbəkələrdə, mediada, məktəbdə, evdə narkotikanın zərərləri, insan orqanizmində yaratdığı fəsadlar haqqında təbliğat aparılmalıdır. Sosial çarxlar, hətta filmlər çəkilməlidir ki, gənclərimiz özlərini yazıq etməsinlər”.
 
Sosial şəbəkələrdə DİN-in narkotik vasitə satıcılarını himayə etməsi fikrini qəbul etməyən Hacıyev deyib ki, bu, birmənalı şəkildə yanlışdır: “Bəzi şəxslər sosial şəbəkələrdə bildirirlər ki, polis narkotacirləri, oğurluq edənləri himayə edir, əlbir işləyir. Bu, kökündən yalan, uydurma sözlərdir. DİN, hüquq-mühafizə orqanları qanunun tələbi ilə işləyən, asayişi qoruyan, cinayətlərin qarşısını alan, dövlətin təhlükəsizliyini təmin edən orqanlardır. Cinayətin qarşısını alanları cinayətdə ittiham etmək absurdur”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10