Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tarix dərsini səngərdə keçən əsgər...


“Cenub.az” saytı yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabından növbəti yazısını təqdim edir.


...İbrahim səmimi, mehriban xarekteri ilə  sayılıb- seçilən bir gənc idi.

Uşaqlarla vaxt keçirməyi, onlara qayğı göstərməyi çox sevirdi. Bakıda kiçik bizneslə məşğul olurdu. Tanınmış  biznesmen olmaq, xeyriyyəçilik etmək arzusuyla yaşayıb.  Həmişə deyərdi ki, kaş Allah mənə gələcəkdə  elə bir şans verə ki,  mən də kimsəsiz uşaqlara yardım edim,  onlara arxa-dayaq ola  bilim. Həmişə kəndə yolu düşəndə balaça uşaqlar üçün hədiyyələr gətirərdi. Zəhmətsevər idi. Əlindən çox işlər gəlirdi. Evdə elektirik əşyalarından hansı xarab olsaydı, onu çətinlik çəkmədən saz vəziyyətə gətirərdi. Həqiqi hərbi xidmətdən sonra dost-tanışa torpaqlarımızın işğaldan azadlığı uğrunda müharibə başlasa cəbhəyə könüllü  gedəcəyini   bildirən  İbrahim  günlərin bir günü  20 Yanvar metrosunun keçidindəki ticarət köşkündə alver edərkən keçmiş əsgər yoldaşları ilə rastlaşır. Söhbət Tovuz istiqamətində düşmən təxribatından sonra könüllü hərbi xidmətə getmək istəyən vətənpərvər gənclərdən düşür. İbrahim də  vaxt itirmədən  onlara qoşulub birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə yollanır. Orada Aprel döyşlərinin iştirakçısı kimi qeydiyyata alınır. Aidiyyatı üzrə  Masallıya göndərilən müraciətinə əsasən İbrahim Lələyev 29 sentyabr 2020-ci ildə cəbhəyə yola düşür... 

Qısa tanıtım:  Lələyev İbrahim Həzrətqulu oğlu 25 avqust 1996-cı ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 2002-2014-cü illərdə Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbində təhsil alıb. 

 6 İyul 2015-ci ildən 2 yanvar 2017-ci ilədək həqiqi hərbi xidmətini Qazax rayonunun Kəmərli kəndində yerləşən “N” saylı hərbi hissədə keçirib. Nümunəvi xidmətə görə 6 aydan sonra hərbi hissə komandiri tərəfindən qısamüddətli məzuniyyətə buraxılıb. 

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə iştirak edib. 

Ordudan təxris olunandan sonra bir müddət Bakı şəhərində Bayraq Meydanında işləyib. Sonra kiçik ticarətlə məşğul olmağa başlayıb. 

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə  könüllü  yollanıb. Sanayper-tuşlayıcı kimi  Fizuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. 

Oktyabrın 10-da Cəbrayıl rayonu istiqmətində gedən döyüşlər zamanı düşmən mərmisinin partlaması nəticəsində şəhid olub.

 Şıhidin nəşi doğulduğu Hişkədərə kəndində izdihamla dəfn olunub. 

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İbrahim Lələyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilİb. 


                                                  Hamı onu “İbo” çağırırdı


İbrahim ailənin sonbeşiyi idi. Uşaqlıq çağlarında sevimli əyləncələrindən biri də “dava-dava" oyunu olub. Taxtadan düzətdiyi oyuncaq tapança ilə “dava-dava” oynadığı həmyaşıdları onu “İbo” deyə çağırardılar... O vaxtı heç kimin ağlına gəlməzdi ki, aradan illər ötəcək,  İbrahim Vətənin igid əsgəri kimi Aprel döyüşlərində, Vətən müharibəsində həqiqi silahla  erməni faşistlərini məhv edəcək.   

...Müharibədə iştirak etdiyini anasının xəstəliyinə görə ailə üvlərindən  gizlətməyə çalışıb. Cəbhəyə yola düşəndə mobil telefonunu evdə saxlayaraq deyib: “Ağcabədiyə təlim keçməyə gedirik...”

 Anası Gülzar xanım deyir ki, İbrahim məni çox istəyirdi, amma Vətəni məndən də çox sevirdi. Sonuncu dəfə oktyabrın 8-də komandirinin telofonu ilə xalası oğlu Azərlə danışıb. “Erməni bizim qarşımızda kimdir ki, duruş gətirə? Biz onların hamısını it kimi qırarıq”

Oktyabrın 9-da atası son zəngi gələn nömrəyə dəfələrlə zəng edib. Amma İbrahimdən soraq ala bilməyib.

...Çox sonralar komandiri  bidirib ki,   bir müddət döyüş getdikdən sonra humanitar atəşkəs elan olundu. “Biz ermənilərlə həlak olmuş  döyüşçülərin  nəşini   dəyişməli idik.  Mənə 3 əsgər lazim idi. Soruşdum ki,  kim mənimlə gedər? İbrahim tez dillənib: “Mən gedərəm. Kimandir” dedi. Çox ürəkli və qorxmaz əsgər idi...”

Hamı  bilridi ki, atəşkəs olsa da mənfur ermənilərə etibar  etmək olmaz. 80 nəfər əsgərin arasında İbrahimin komandirlə birlikdə cəsədləri dəyişməyə getməsi  onun gözünü qırpmadan, ölümün gözünə dik baxan igid obrazını göz  önündə canlandırır.

...O gecə düşmən tərəfindən güclü top atəşinə tutulan taqım pərən-pərən düşür. Cəsur döyüşçü İbrahim Lələyev də əbədiyyətə qovuşan şəhidlər cərgəsinə qoşulur. 


                                                    “Tarix müəllimin etirafı”


...Şəhid atası Həzrətqulu Ahıl oğlu Vətən naminə canını qurban verən 24 yaşlı İbrahimə aid əşyaları bizə göstərir. Şəhid guşəsində  onun müasir silahlarla çəkilmiş şəkilləri, xatirəsinə həsr olunmuş hekayə və şeirlər diqqətimizi cəlb etdi. Ailənin yaxın qohumu, tanınmış yazıçı Meyxoş Abdullahın “Tarix müəllimin etirafı” hekayəsi “Sözün işığı” qəzetində dərc olunub.  Bu maraqlı hekayədə şəhid şagirdinin məzarını ziyarət edən  tarix müəllimi   deyir: “Sən şəhid olmağınla vətəni sevməyi, torpağına bağlılığı, nəinki, dostlarına, hətta, mən ağsaçlı müəlliminə də öyrətdin...

Tarixi əzbərləmək yox, tarix yazmaq lazımmış, sənin kimi, oğul...”

      Hekayənin sonunda müəllim  “cib dəsmalına büküb gətirdiyi tabaşirlə şəhid şagirdinin mərmər baş daşının aşağı tərəfində, ona heç vaxt vermədiyi "5"(əla) qiymətini yazaraq, tabaşirli dəsmalla gözlərinin yaşını silə-silə ”  qəbiristalıqdan uzaqlaşır...

   Vətən uğrunda, millətin yolunda şüurlu surətdə canlarını fəda edən şəhidlərimiz hər zaman hörmətə layiqdi,  onları yad etmək, xatirəsini əziz tutmaq isə hər bir yaradıcı adamın ən müqəddəs borcudur. Turanə Şamaxılı da İbrahimin xatirəsinə  həsr  etdiyi şeirləri  də  bu mənəvi borcdan yaranıb. Həmiş şeirlərdən birini oxuculara təqdim edirik: 


Masallı tanınır oğullarıyla,

İgidlər məkanı, ərlər diyarı.

Hər oğlu qəhrəman, döyüşkən ruhlu,

Pəhləvən diyarı, nərlər diyarı.


Lələyev İbrahim -millətin sevən,

Ucalır qəlblərdə əməlləriylə.

Əziyyət çəkərək qazandığını 

Verib kasıblara öz əlləriylə.


İnsanlıq adına şərəf gətirən,

Həyat kitabına yazılıb adı.

Halalı başının tacı eyləyib,

Halal ailənin halal övladı.


Vətənçün döyünən o gənc ürəyi,

Qısas yanğısıyla aşıb-daşırdı.

Torpağa bağlılıq, elə bağlılıq,

İçində cücərib, formalaşırdı.


Tutdu ürəyində, sevən qəlbində,

Vətən sevgisini hər şeydən üstün.

Özü qərarını verərək qəti,

Könüllü döyüşə yollandı bir gün.


Döyüş meydanında mətin dayandı,

Silahla düşmənə  məzar qazaraq.

Qorxmadı ölümdən, ancaq  irəli,

Ucaldı zirvəyə tarix yazaraq.


Həyata keçməmiş arzularını,

Əzrayıl əlindən aldı yarımçıq.

Cəbrayıl uğrunda döyüş zamanı,

Həyatı yarıda qaldı  yarımçıq.


Nəsillər unutmaz cəsarətini,

Düşməni məhv edən ey igid əsgər.

Vətən torpağını suvardı qanın,

Haqqını halal et, can, şəhid əsgər.

                                         “Cənub.az”










Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10