Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Hüseyn Cavidin qızı atasının obrazını mənim ifaımda görəndə göz yaşlarını saxlaya bilmədi"


Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Dövlət Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev Moderator.az-ın suallarını cavablandırıb.
 
- Əliqismət müəllim, bu gün sizin doğum gününüzdür. Sizi kollektivimiz adından ürəkdən təbrik edirik. Adətən doğum günlərinizi necə qeyd edirsiz?

- Məsələ elə gətirib ki, ad günlərimdə mən hər zaman işdə olmuşam. Axşamlar isə ad günümü ailə üzvlərimlə birlikdə qeyd etmişəm. Heç vaxt, nə 50, nə 60 yaşımda, nə də sonrakı illərdə böyük əhatədə doğum günü keçirməmişəm. Sadəcə olaraq doğmalarım, ailə üzvlərimlə bir yerdə olmuşuq. Bu mənim üçün ən böyük hədiyyə olub.
 
- Bəs ümumiyyətlə sizin üçün bu günün özəlliyi nədir?
 
- Bu günün heç bir özəlliyi yoxdur, sadəcə olaraq yaşın üstünə yaş gəlir. Övladlarım bu günü çox sevinclə qeyd etməyə çalışırlar. Təbii ki, mən də onların sevincinə şərik oluram. Özüm üçün heç bir sevinc kəsb etmir.
 
- Geriyə dönüb baxanda hansı illəri xatırlayıb, hansını xatırlamaq istəmirsiz?

- “Xatırlamaq istəmirsiz” deyiləcək bir şey yoxdur. Xatırlamaq istəmirsənsə demək ki, hələ də xatirindədir. O ki, qaldı xatırlamaq istədiyim illərə , mən belə düşünürəm ki, atalı-analı günlərimdə daha çox xoşbəxt olmuşam. Allaha min şükür, övladlarım, nəvələrim var, hərəsinin öz yeri, öz sevgisi var, hərəsi ilə bir başqa cür nəfəs alıram. Amma geriyə dönmə şansım olsa hərhalda valideynlərimə görə geri dönərəm.
 
- Sizin atanız Hümmət Lalayev Salyanda ziyalı şəxs, ictimai-siyasi xadim olub. İstərdim o illərdən danışaq.
 
- Mən Salyanda çox gözəl bir ailədə böyümüşəm. Atam Hümmət Mədət oğlu Lalayev Salyanın ən tanınmış ziyalılarından, ən tanınmış xeyriyyəçilərindən biri olub. Onun haqqında yazılan kitablardan birində belə qeyd edilir ki, salyanlıları müharibədə aclıqdan  qurtaran  şəxslərdən biri və birincisi Hümmət Lalayev olub. Müharibə illərində onun Salyanda 3-4 vəzifəsi olub, hərbi komissarlığa - müharibəyə  çagırış  komissiyasina  rəhbərlik   edib , eyni zamanda  çörək zavodunun direktoru  olub. Çörək zavodu bilirsiniz müharibə illərində nə deməkdir?  Atam sonra şəhər sovetinin sədri, rayon ticarət təşkilatının - raykom ittifaqın rəhbəri, rayonlararası satış  bazasının direktoru olub. Baza 17 rayonu əhatə edib. Bir ucu Astara,Yardımlı, Lerik digər ucu da Fizuliyə qədər. Həmin rayonların rəhbərləri atama hər zaman diqqətlə, sevgi ilə yanaşıblar. Mən onun dəfnini xatırlayıram, bütün rayonların partiya katibləri hamısı gəlmişdilər. Biz atamızla həmişə fəxr etmişik, o zaman da, elə indi də. Salyanda onun adına küçə var, övladlarımla, nəvələrimlə o küçədən çox böyük qürurla keçirik. Düşünürəm ki, hər bir övlada belə valideyn nəsib olmur. Hamı onu rəhmətlə, böyük sevgi  ilə xatırlayır.
 
- Bəs ailədə neçə övlad olmusuz?
 
- Ailədə 6 övlad - iki qardaş, dörd bacı olmuşuq. 18 il atamın övladı olmayıb. Sonra mənim anamla ailə həyatı qurub və  biz olmuşuq.

- Deməli atanız iki dəfə ailə həyatı qurub.
 
- Bəli. Biz gözümüzü açıb elə atamın birinci xanımını da evdə görmüşük. Əsl adı da Xanım idi. Bəy qız idi. Çox böyük insan idi. Bizi analığımız böyüdüb. Biz onda bilmirdik analıq və ana kimdir? Bizim evimiz demək olar ki, ailənin, nəslin ocağı olub. Bütün əmi, bibi, dayıuşaqlarım hamısı bu evdə böyüyüb. Hamısına da analığım baxıb. Sonuncu da bizə baxıb. Biz ona həmişə Püstə demişik. Rəhmətlik bizi  cox  sevirdi. Eyni zamanda mənim anam - Əzizə anam da əsl xanım-xatun olub.  Qayğımızı analığım çəksə də dərslərimizlə, tərbiyəmizlə anam məşğul olurdu.
 
- İncəsənətə, teatra sizdə necə həvəs yarandı?
 
- Salyanda yaşayanda bizim evə çox ziyalı insanlar gəlirdi, onlar da gəldikləri evdə ən azı oturub  bir tikə  çörək kəsirdilər. Ola bilməzdi ki, Salyana elə bir incəsənət xadimi gəlsin, bizim evdə qonaq olmasın. Mən çox gözəl xatırlayıram ki, qonaq gəlirdi, böyük süfrələr açılırdı. İncənət adamları ilə hər görüş məni teatra, incəsənətə yaxınlaşdırırdı. Mən də  qonaqlar üçun gözəl şeirlər deyirdim. O zamanlar dram dərnəklərinə gedirdim,  tamaşalarda iştirak edirdim, müxtəlif rollarda çıxış edirdim.
 
- İlk çalışdığınız sənət ocağı səhv etmirəmsə Naxçıvan  Dövlət Musiqili Dram teatrı olub.

- Öncə mən Naxçıvanda Mədəniyyət Nazirliyində çalışırdım, orda işləyə-işləyə eyni zamanda teatrda da fəaliyyət göstərirdim. Teatrda əvvəl aktyor, sonra isə rejissor kimi fəaliyyətə başladım. Mən indi də xatırlayıram ki, rejissoru olduğum tamaşaların bir çoxuna görə böyük mükafatlar  almışdım. Çox uğurlu tamaşalarım var idi.
 
- Hətta indi xalq artisti adını almış bir çox aktyorlar ilk dəfə məhz sizin tamaşalarda səhnəyə çıxıb.
 
- Bəli, sizin yaxşı tanıdığınız Xalq artisti Naibə Allahverdiyeva  peşəkar  səhnədə  ilk rolunu məhz mənim quruluşumdakı tamaşada oynayıb. Bundan başqa Xalq artistləri Rövşən Hüseynov, Kamran  Quliyev, Həsən Ağayev, Yasəmən Ramazanova, Bəhruz Haqverdiyev, Şirzad Abutalıbov və başqa  aktyorlar da  ilk rollarını  mənim quruluşumdakı tamaşalarda oynayıblar. Mən Naxçıvanda İbrahim ve Zəroş Hemzəyevlər, Zemfira Əliyeva, Bəxşi Qələndərli, Əkbər Qardaşbəyov, Aydın Şahsuvarov, Sofya Hüseynova, Roza Cəfərxanova kimi böyük sənətkarlarla  işləmişəm, onlardan çox şey öyrənmişəm. Naxçıvan teatrı mənim üçün əsil Akademiya  olub.
 
- Yəqin ki, o illərin daha çox xiffətini çəkirsiz.

- Mən çox duyğusal  adamam, amma geriyə baxmağı sevmirəm. Artıq o  illər yaşandı getdi. Naxçıvan mənim arzularımın və gəncliyimin şəhəri oldu. İndi o illər və Naxçıvan  mənim üçün  ayrılıq  dənizindəki uzaq, yaşıl  adadır. 
 
- Azərbaycan teatrında Hüseyn Cavidin obrazını da ilk dəfə siz yaratmısız. Təbii ki, daha sonra digər teatrlarda da bu obraz oynanıldı. Sizin Hüseyn Cavidiniz nəyi ilə seçilirdi?
 
- Sözün düzü, digər teatrlarda mən Hüseyn Cavidin obrazını görməmişəm. İlk dəfə olaraq bu obrazı biz səhnəyə gətirdik. Naxçıvanda Hüseyn Cavid poeziya teatrında “Mənim tanrım gözəllikdir, sevgidir” tamaşası hazırlandı və bu tamaşa ədibin 100 illiyinə həsr olunmuşdu. Bu o zaman idi ki, Hüseyn Cavidin nəşi  Azərbaycana gətirilib, Naxçıvanda dəfn olunmuşdu. Hüseyn Cavidin qızı Turan Cavid atasının obrazını mənim  ifaımda görəndə göz yaşlarını saxlaya bilmədi. Onun dediyi  “Əliqismət, sən şəhanəsən”- sözlərini  indi də yaxşı  xatırlayıram. 
 
- Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktorusuz. Yəqin ki, aktyor və rejissor olduğunuza görə onları daha yaxşı başa düşürsüz.

- Mən həmişə tapşırılan vəzifənin öhdəsindən layiqincə və ləyaqətlə gəlməyə çalışmışam. Çiynimdə olan məsuliyyətin nədən ibarət olduğunu  hər zaman  yaxşı bilirəm, işimə məsuliyyətlə yanaşıram. İndi  gördüyüm  bu işlərin nəticəsi olaraq kollektivim mənim həm yaradıcılığımda, həm rəhbər kimi fəaliyyətimdə hansısa nüansları  qiymətləndirirlərsə, dəyərləndirirlərsə demək ki, mən o məsuliyyətdən doğan işin öhdəsindən gəlmişəm. Başqa deyə bilmərəm ki, elə edirəm, belə edirəm. Mən heç bilmirəm necə edirəm?! ( Gülür  ). Onu bilirəm ki, gördüyüm iş teatrın inkişafına, təbliğinə, kollektivimizin  yenidən formalaşmasına səbəb olur. Bu teatr artıq 15 il bundan öncəki Musiqili Komediya Teatrı deyil,  Akademik Musiqili Teatrıdır. Həm repertuarı ilə, həm  kollektivi ilə. Təbii ki,  teatr köhnə ənənələrin üzərində formalaşıb. Bu teatrda görün kimlər  çalışıb?!Biz bu gün onların varisləriyik. Varis kimi də ümidləri doğrultmağa çalışırıq.
 
- Bəzən insanlar deyir ki, heyf deyildi Muskomediyanın o vaxtkı tamaşaları? Gedib baxırdıq. Amma bəlkə də bir çox tamaşaçılarım xəbəri yoxdur ki, teatrda bu gün də bir-birindən maraqlı tamaşalar hazırlanır. Bu fikrə münasibətiniz necədir?
 
- Bu sualın cavabını artıq siz özünüz verdiniz. Onların həqiqətən də teatrda gedən prosseslərdən xəbərləri yoxdur. Bu gün teatr haqda pis fikir yaradan insanlar var. Söhbət təkcə Akademik Musiqili Teatrdan getmir. “Azərbaycanda teatr yoxdur” sözünü o insanlar işlədir ki, onlar heç vaxt teatrda olmayıb, tamaşalara baxmayıblar, aktyorları tanımırlar. Onlar televiziyadan - daha çox seriallardan qəbul ediblər teatrı. Düşünürlər ki, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova, Lütfəli Abdullayev  var idi, amma bu gün onlar yoxdur. Bəli, bu gün adını sadaladığım sənətkarlar həyatda deyil. Amma bu gün bizim teatrda da tanınmış simalar var, Bəşir Səfəroğlu yoxdursa, Afaq Bəşirqızı,  İlham Namiq Kamal var. Nə qədər cavan, gənc aktyorlarımız var ki, onların tamaşalarında teatrallar ön sırada əyləşib, onları sevgi ilə  izləyirlər. Kim ki, teatrı sevir, teatra gəlir, onlar üçün teatr yaşayır. Kim ki, teatra getmir, teatr haqda ümumiyyətlə heç bir informasiyası yoxdur, onlar üçün təbii ki, teatr yoxdur!
 
- Özünüz bəs seyirci qismində hansı teatrlara gedirsiz?
 
- Tamaşaçı qismində mən daha çox  Akademik Milli Dram Teatrına gedirəm. Təbii ki, bu da ondan irəli gəlir ki, o tamaşalarda oynayan, bu gün teatrın aparıcı siması olan sənətkarların demək olar ki, əksəriyyəti ilə bir vaxtda oxumuşuq. Bəzən eyni tamaşaya 3-4 nəfərdən dəvət alıram.
 
- İstərdim teatrın pandemiya, daha sonra isə müharibə illərindəki fəaliyyətindən danışaq.
 
- Pandemiya dövründə teatr bağlananda öncə çox çaşqınlıq içərisində qaldıq ki, necə olacaq, nə  təhər olacaq? Pandemiyanın çox gözəl cəhəti oldu ki, biz texnologiya ilə, texniki vasitələrlə işləməyi öyrəndik. Hazırda rejissor Cavid İmamverdiyev teatrda “Bəxtiyar” tamaşasının məşqlərini də onlayn həyata keçirir. Bundan başqa 44 günlük müharibəmiz bizim millətin, xalqın başına elə tac qoydu ki , bunu  sözlə  ifadə  etmək də asan məsəle  deyil. Ali Baş Komandanımız İlham Əliyevin və müzəffər ordumuzun xalqımıza  başucalığı gətirən qələbəsı, 44 günlük müharibənin zəfərlə başa çatması bizim yaradıcılığımızda  artıq ilkin rüşeymlərini göstərdi. Biz müharibə mövzusunda müəyyən  video- çarxlar etdik, “Döyüşən teatr" adında film hazırladıq. Bizim teatrımızda çalışan işıqçımız Əliağa Məmmədov da şəhid oldu. Ona ithaf etdiyimiz “İşıq adam” filmi sosial şəbəkələrdə boyük maraqla qarşılandı. Bundan başqa , Xocalı və 20 yanvar faciələrinin ildönümü münasibəti ilə video -çarxlar lentə aldıq. Teatr kino təşkilatı deyil, filmlər çəkməklə məşğul olan yaradıcı kollektiv deyil, amma hər  halda bizim düşündüyümüz layihələrin müəyyən parçaları burada öz əksini tapdı. Biz öz studiyamızı yaratdıq, texniki vəsaitlər, ləvazimlar aldıq. Çəkiliş üçün nə lazımdırsa bu studiyada cəmlənib. Bunların hamısı ona xidmət edirdi ki, biz tamaşaçı ilə ünsiyyətimizi itirməyək, tamaşaçımız bilsin ki, biz fəaliyyətdəyik, varıq. Təbii ki, çox istəyirik ki, teatrlar açılsın, tamaşaçılarla görüşək. Çox istəyirik ki, həkimlərimizə,  qalib əsgərlərimizə - qəhrəmanlarımıza aid tamaşalarımız olsun. İndiyə qədər teatrlarda Qarabağ mövzusuna  həsr olunmuş əsərlərimiz var idi, amma qalib əsgər  obrazımız yox idi. Qalib əsgər yoxdursa nə ilə öyünə bilərdik?! Qələbə bizim deyildi!Amma müharibənin ilk günlərində, artıq 2-3 rayon alınanda teatrımızın xoreoqrafı Emin  Əliyev “Qalib əsgər” xoreoqrafik kompozisiyanı hazırladı. Bu gunlərdə pandemiya və müharibə günlərində teatrda  aparılan işlərdə fəal iştirak edən heyəti müxtəlif nominassiyalar üzrə mükafatlandırdıq. Biz inanırıq ki, bundan sonra da teatrımızdakı yeniliklərlə tamaşaçılarımızın  görüşünə gələcəyik.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10