“Cenub.az” saytı yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabından növbəti yazısını təqdim edir.
İllər ötəcək, fəsillər və nəsillər dəyişəcək, zamanın gedişində bir çox yaddaqalan tarixi hadisələr olacaq... Amma 44 günlük Vətən müharibəsində xalqımıza QƏLƏBƏ sevinci yaşadan qəhrəmanlar heç vaxt unudulmayacaq. Belə qəhrəmanlardan biri də Kəlbəhüseynli kəndinin igid oğlu Ziya Gözəlovdur. Qəhrəmanlıq xalqımızın qan yaddaşında genetik xüsusiyyətlərindən biri hesab olunur. Ziyanın ulu babası Ağamir İkinci Dünya müharibəsində alman faşizminə qarşı rəşadətlə döyüşərək partizan “Mir” ləqəbi ilə ad-san qazanmışdı. Babası Əlvan İbrahimovu Masallıda tanımayan az adam olar. Rəhmətlik Əlvan İbrahimov Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət Masallı batalyonu yaradanlardan biri idi. Qanlı-qadalı döyüşlərdə yaralanandan sonra onunla müalicə olunduğu xəstəxanada görüşmüşdüm. Haqqında “Masallı xəbərləri” qəzetində yazmışdım. Çox zarfatcıl adam idi. Görünür, babası kimi Ziyanın da taleyinə erməni faşistləri ilə vuruşmaq yazılmışdı. Yazılmışdı deyəndə ki, Ziya uşaq yaşlarından özü bunu arzu edirdi. Hətta 2020-ci ilin yanvarında həqiqi hərbi xidmətə yola düşərkən doqquz aydan sonra müharibənin başlayacağını və torpaqlarımızı işğaldan azad edərək şəhid olacağını doğmalarına söyləyib...
Onun barəsində döyüş yoldaşları birmənalı olaraq belə fikir söyləyirlər: "Ziya bir çox düşmən mövqelərinin alınmasında şücaət göstərdi. Sanki 19 yaşlı əsgər deyil, təcrübəli zabit idi. Son nəfəsinədək düşmənlə ölüm-dirim savaşı apardı və müharibə başlayan gündən çiyin-çiyinə döyüşdüyü komandiri ilə birlikdə şəhid oldu...”
QISA TANITIM: Gözəlov Ziya Zahid oğlu 19 yanvar 2002-ci ildə Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olub. 2008-2019-cu illərdə şəhid Nicat Əbilov adına Kəlbəhüseynli kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra 2020-ci ilin yanvar ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət etməyə başlayıb.
27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşüb.
Oktyabrın 14-də Ağdərə istiqamətində yaralı komandirinin həyatını xilas edərkən şəhid olub.
Nəşi 22 noyabr 2020-ci ildə Masallı rayonunun Çaxırlı kənd məzarlığında izdihamla dəfn olunub . Subay idi...
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ziya Zahid oğlu Gözəlov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.
Nəfəs haqdan gələr...
Əhli-beyt aşiqi, vətən sevdalısı Ziyanın qəlbi nəsil şəcərəsinə və nəcabətinə görə öz dövrünün tanınmış seyidi Mirələm ağa ocağından nur almışdı. Bəzən o özü də yoluna işıq salan, dilinə haqq sözü gətirən, onu qəhrəmanlığa səsləyən SİRRİN fərqinə varmırdı. Nənəsi Zöhrə Rzayeva bu “sirri” özünün də, həyat yoldaşının da seyid nəslindən olduğuna bağlayaraq deyir: “Dədəmin cəddi haqqı, Ziya hələ hərbi xidmətə yola düşməmiş ona hər şey əyan olmuşdu. Əlini sinəsinə qoyub dedi ki, nənə, mən əsgər gedəndən 9 ay sonra müharibə başlayacaq, 30 ilə yaxın işğal altında olan torpaqları bax, bu nəvən azad edəndən sonra şəhid olacaq...”
... Son dəfə öz əli ilə yeni il yolkası bəzəyəndə və önündə dayanıb şəkil çəkdirəndə də buna bənzər fikirlər söyləmişdi. “Mən bu illik burdayam, gələn il Allah bilir haralarda olacağam...” Ziyanın anası Kəmalə xanım deyir ki, uşaq yaşlarından fikri-zikri böyüyüb əsgər getmək, ermənilərdən xalqımızın qisasını almaq idi. Ziya çox vətənpərvər uşaq idi. Arzusu Vətən uğrunda şəhid olmaq idi. O, mənim arzularımı yarımçıq qoydu, amma özü öz arzusuna çatdı.”
Anasına, nənəsinə şəhid olsam, başınızı dik tutarsınız, heç vaxt ağlamazsınız deyən Ziyanın hərbi xidmətinin 9 - cu ayının tamam olmağına 3 gün qalmış Vətən müharibəsi başladı.
Nəfəs-nəfəsə bitən ömür…
Ziya yeniyetməlik illərində idmanın futbol və güləş növləri ilə məşğul olub. Güləş müəllimi tanınmış məşqçi İlyas İsayev ölkəmizi beynəlxalq yarışlarda təmsil edən onlarca gənc idmançı yetişdirib. Ziya idmanla məşğul olmaqla yanaşı, erkən yaşlarından əlini zəhmətə alışdırmışdı. Əmisi Mirağa deyir ki, zəhmətsevərliyi ilə kənddə hamının hörmətini qazanmışdı. “Öz at-arabası ilə təsərrüfat işlərində camaata kömək edərdi. Xidmətinin qarşılığında ona pul veriləndə almağa xəcalət çəkərdi... Gözü-könlü tox uşaq idi. Bir dəfə Novruz bayramında bizə papaq atmağa gəlmişdi. Papağın içinə qoyduğu kağız parçasına yazmışdı. “Əmi, bayram payın 2 manatdan nə az olsun, nə çox...”
Mirağa ürək ağrısıyla onu da bildirdi ki, Vətən müharibəsinin şəhidlərinin şəkillərinə baxanda görürsən ki, hamısı bir-birindən gözəl, yaraşıqlı gənclərdir. “Allah elə bil onları şəhid olmaq üçün seçmişdi... Biz isə hələ də ümüdlə gözləyirik ki, mənim gözəl, qabiliyətli qardaşım oğlu Ziya əsgərlikdən qayıdıb gələcək...”
Oktyabrın 14-də Ziya ailəsi ilə telefonla əlaqə saxlayıb. Bu ondan gələn sonuncu zəng olub. Tərtərin Talış və Suqovusan kəndlərinin işğaldan azad edilməsi zamanı döyüşlərdə bacarığı və mətinliyi ilə seçilən Ziya qoynunda saxladığı üçrəngli bayrağı Şuşada dalğalandırmaq ümidi ilə səngərdən səngərə atılıb.
Növbəti əks-hücum əməliyatı zamanı komandiri baş leytenant Murad İbadov ağır yaralanır. Ziya onu xilas etməyə gedəndə qoynundan çıxartdığı bayrağı yaxınlığında dayanan əsgər yoldaşına uzadıb: “Bu bayrağı Şuşada dalğalandıran gün məni xatırlayarsan!”-deyir. Düşmən tərəfindən atılan fasiləsiz minamiyot atəşinə məhəl qoymadan yaralı komandirinə yaxınlaşır. Bu zaman yaxınlığına düşən mərmi hər ikisini ölümcül yaralayır. Komandirlə əsgər bir-birini qucaqlayaraq şəhid olurlar...
“Ölümüzdən doğuluruq...”
Əmisi Mirağanın dediyinə görə, şəhid olandan xeyli sonra Ziyanın nəşini döyüş meydanından cəlilabadlı bir idmaçı-döyüşçü çıxarıb. “Mən onun nəşini gözlərimlə gördüm. Şəhid olmamışdan əvvəl onun üzündəki ifadələr olduğu kimi qalmışdı.”
Görəsən, o an Ziya nə düşünüb? Bəlkə əsgər yoldaşına verdiyi bayrağın tezliklə Şuşada dalğalanacağı anı? Bəlkə son dəfə bəzədiyi yolkanın yanıb-sönən işıqlarını göz önünə gətirmişdi?! Deyə bilmərəm. Amma onu bilirəm ki, Ziyanın üzündə əbədi həkk olunmuş o nur qəlbində daşıdığı Vətən sevgisinin, Əhli-beyt eşqinin parlaq nişanəsiydi...
... O gün atası Zahidə dünyanın ən ağır yükü olan oğul tabutunu son mənzilə yola salmaq, Zöhrə nənəyə 19 yaşlı nəvəsinin tabutunun arxasınca ağı demək, qardaşına isə cənazəsinin büküldüyü bayrağı öpmək qismət oldu.
Ziya da qəhrəmanlığı ilə babaları kimi yaddaşlarda iz qoydu. Yazıma yekin vurmaq istəyirdim ki, rejissor dostum Elçin Cahangirli müharibə mövzusunda çəkdiyi filmin bir-neçə fraqmentini mənə yolladı. Kadrlarda Zəfər bayrağımız dalğalanan Şuşada Alim Qasımovun səsi ərşə ucalırdı..
44 günlük yol aşarıq,
Qaya keçib dağ aşarıq.
Payızda qalxıb coşarıq,
Qaynayarıq sellər kimi,
Selimizdən doğularıq.
Dünyanın çoxu - azıyıq,
Od oğluyuq,od qızıyıq.
Yandı deməyin bu yazıq,
Külümüzdən doğuluruq.
Bu elə bil səltənət ki,
Şəhid verən şəhadət ki,
Tanrı verən bir hikmət ki,
Ölənimiz Vətən doğur-
Öümüzdən doğuluruq.
...Alimin səsi pilə-pilə nurüzlü şəhid Ziyanın özü kimi Tanrı dərgahına yüksəlirdi.
Nurəddin ƏDİLOĞLU, “Cenub.AZ”