Döyüş bölgəsinin lap yaxınlığındakı kənddə gecədir.
Günün sonunda həyatda qala bilməyi bacarmısan və uşaqları yuxuya verib sızıldayan bədənini bir az sakitləşdirmək üçün özün də yatağa girməyə hazırlaşırsan. Yata bilib-bilməyəcəyin müəmmalıdır.
Otaqda işıq yandırmaq olmaz, bu, düşmənin diqqətini çəkə bilər. Gecə atəş səsindən ayılarkən qorxmasınlar deyə digər otaqda şam yandırıb, qapını aralı qoyursan. Yerinə girməzdən əvvəl mışıl-mışıl yatan məsum körpənin üzünə şam közərtisində bir də baxırsan.
Elə şeylər var ki, onları danışmaq, yazmaq, izah etmək olmur. Onları yaşamaq lazımdır. Yaxud da, əksinə, onları yaşamaq heç bir insan övladına lazım deyil.
Vətən müharibəsi davam edirdi. Cəbhə xəttindən dayanmadan gələn qürurlu və kədərli xəbərlərin içimdə qarışıq hisslər yaratdığı vaxtda gündəlik işlərimə davam etməyə çalışırdım. Bir yandan da düşmənin yaşayış məntəqələrimizi atəşə tutması xəbərləri yuxularıma qədər bütün psixologiyamı zədələyir, içimi parçalayırdı. Özümə yer tapa bilmirdim. Düşən hər raket, atılan hər güllə mənə dəyirdi sanki... Nə edirdimsə, nə iş görürdümsə, gözümün önündə cəbhə xəttində yaşamağa məcbur olan uşaqlar dururdu.
İllədir, axşam xəbərlərinə baxmaq üçün hər dəfə televizoru açanda “Düşmən yaşayış məntəqələrimizi atəşə tutub” lənətini eşidirdim. Bəzən mülki şəxslərin də həlak olduğu deyilirdi. Qırx dörd günlük müharibə dövründə də düşmən öz xislətini, əlbəttə, büruzə verir, yaşayış məntəqələrimizi atəşə tuturdu: Gəncə, Bərdə, Tərtər və digər regionlar. Canlar yanırdı yenə. Oyuncaqlar qana boyanırdı. Uşaqlar yetim, uşaqlar dostsuz, uşaqlar sevgisiz qalırdı...
Hər vəchlə oraya getmək, insanlara dəstək olmaq istəyirdim. Qarşıma bir fürsət çıxdı. Əldən verə bilməzdim. Bir təşkilat müharibə dövründə və müharibədən sonra mülki əhali ilə psixo-sosial işlərin aparılması üçün psixoloqlar axtarırdı. Hər nə olursa-olsun, orada olmağa can atırdım. Müraciət etdim, qəbul olundum.
Xəbər gəldi. Xidmət göstərəcəyimiz yer ilkin olaraq Goranboy rayonunun bir neçə kəndi və Gəncə şəhəri olacaqdı. Artıq yola düşmək vaxtı idi. İstiqamət Goranboy. Tapqaraqoyunlu kəndində başladıq işə. Bəli, adını, demək olar, hər gün eşitdiyimiz, iyirmi altı ildir ki, düşmənin bezmədən intensiv olaraq atəşə tutduğu, güllələrin yağışdan çox yağdığı, qumbaraların güllərdən çox açıldığı həmin o kənd...
Tankların tıxac yaratdığı kənddə uşaqlar gizlənqaç oynamır...
Kəndi atəşdən qorumaq üçün ucaldılan divar arxasında oturub ötən texnikanı səsindən tanımağa çalışırlar: tankdır; yox, yox, bu, tırtıl səsi deyil; BTR sürətlə şütüyür; uzaqdan gələn səs "Kamaz" səsidir. Kim daha çox tank sayacaq? Bir tank, iki tank, üç.. beş... on beş... Velosiped siqnalı duyulmayan kənddə uşaqlar hərbi texnikanı səsindən ayırd edirsə, bu, faciə deyil, bəs nədir?
İsa Muğanna "Məhşər" romanında insan həyatını və mənəviyyatını təhdid edən hər cür işğalçılığı, qaniçənliyi və müharibəni "Div" adı altında birləşdirir. Müharibəni insanların həyatı, gələcəyi, arzuları ilə qidalanan divə bənzədir. Biz Tapqaraqoyunluya çatanda o murdar Divin buralardan yenicə keçdiyini, arxasında hələ uzun illər silinməyəcək dərin izlər buraxdığını dəqiq görmək olurdu. Döyüşlər bir neçə gün idi ki, bitmişdi və mülki əhalidən həlak olanlar, yaralananlar vardı. Evlərin bəzisi dağılmışdı, bəziləri qəlpə "yaraları" ilə zədələnmişdi. Üstünü örtsən, məzar olacaq yeraltı sığınacaqlar torpağın xilaskar qucağı kimi hər tərəfdə, hər evin yanında görünürdü. Bəzən kəndin küçələri ilə sürüdülərək aparılan yanmış, darmadağın olmuş düşmən texnikalarının peşman zarıltısı duyulurdu.
İnsanların üzündə kədər, nisgil, acı, əzab vardı. Ancaq qürurlu və sevincli idilər. Müharibə bitmiş, kənddə həyat öz axarına dönməyə başlamışdı. Ümidlər cücərirdi, daha bu kənddə güllər aça biləcəkdi, uşaqlar oynayacaqdı... Lakin Divin yediyi arzuları, vəhşicəsinə çeynəyib udduğu uşaqlığı onlara kim qaytaracaqdı?
Evlərə yaxınlaşıb əhalinin sosial və psixoloji vəziyyəti ilə maraqlanırdıq. Burada kənd sakinlərinin qonaqpərvərliyini, səmimiliyini, istiqanlılığını, hər şeyə rəğmən həyata inam dolu baxışlarını qeyd etməsəm, olmaz. Divarının çölü qəlpələr, içi şəhid şəkilləri ilə "bəzənən" evlərdə özümüzü öz evimizdə hiss etdik. Vaxtımızın az olduğunu, digər evlərə baş çəkməli olduğumuzu nə qədər vurğulasaq da, "bir stəkan çay" içirmədən yola salmadılar bizi.
Kənddəki sorğu işlərini bitirdikdən sonra komandamızla birlikdə məktəblərdən birində toplanıb işin gedişatı ilə bağlı müzakirələr aparırdıq. Qarabağ müharibəsi dövründə kəndin Vətən yolunda verdiyi şəhidlərin fotoları asılmış bir lövhədə eyni soyadlı üç uşaq şəkli diqqətimi çəkdi: yan-yana sancılıb yarımçıq həyatlarının o tayından bizə gülümsəyirdilər. Məktəbdə çalışan işçi hadisəni danışdı: 90-cı illərdə uşaqlar kəndin kənarında bir "oyuncaq" tapıb. Nə olduğunu bilmədən oynamaq istədiklərində "oyuncaq" partlayıb...
Başa düşdüm ki, Divin tapdadığı yerlərdə uşaqların oyuncağı sınmır, partlayır.
Uşaqların birindən "müharibə nədir" – deyə soruşub Divi öz gözlərilə görmüş uşaqlardan onun gerçəkdə necə bir şey olduğunu öyrənməyə çalışanda belə cavab verdi: "Ermənilər mənim Orxan qaqamı (Vətən müharibəsi şəhidi Orxan Cümşüdovu nəzərdə tuturdu) öldürüb, mən də böyüyəndə snayper olacam. O ermənini öldürəcəm..." və bu cavab nə ilk, nə son deyildi. Müharibə uşaqların arzularını bir-birinə bənzədib, eyniləşdirib: qisas! Burada uşaqlar güllə səsi ilə doğulub, tank səsi ilə böyüyüb, top səsi ilə yetişib, şəhid verib yaşlanıblar...
Kəndin “İstinad divarı” deyilən yerində dəfələrlə oldum. Hündürlüyü üç metrdən artıq olan, inşası, adətən, gecələr aparılmış bu divar kənd sakinlərini düşmən atəşindən qorumaq üçün tikilmişdi. Divar boyu bir qədər hərəkət etdikdən sonra ordumuzun vaxtilə düşmən atəşi qarşısında hər an, hər vəziyyətdə düşmənə sinə gərdiyi səngərlərə, postlara çatırsan. Cəbhə xətti boyunca səngərlər göz işlədikcə uzanır. Bir müddət öncəyə qədər divarın o səmtinə keçmək qadağan olsa da, indi rahatlıqla ərazini gəzmək olur.
Üzbəüz yüksəkliklərə nəzər yetirəndə vaxtilə düşmənin işğal edərək mövqe tutduğu, hər gün xaincəsinə əsgərlərimizi, eyni zamanda mülki insanlarımızı atəşə tutduğu postlar aydın görünürdü. Ancaq bu dəfə oradan bizi atəşə tutacaq bir düşmən qalmamışdı. Postların üstündə üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanırdı. Dağların arxasından partlayış səsi eşidilirdi. Bunun azad olunmuş ərazilərimizdə minatəmizləmə işləri olduğuna əmin idim. Üzümdə xəfif təbəssümlə gəzməyə davam etdim.
Geriyə, kəndə qayıdarkən maraqlı səhnə ilə qarşılaşdım: müharibədə ordumuz tərəfindən vurulmuş daha bir düşmən “PDM”-ni qoşquya qoşub kəndin küçələrilə sürüyə-sürüyə aparırdılar. İki uşağın “PDM”-in üzərində oynadığını gördüm. İcazə alaraq fotolarını çəkdim. İndi həmin “PDM” Bakıda – Qənimətlər parkında sərgilənməkdədir.
Kənddəki günlük işlərimizi yekunlaşdırıb qaldığımız yerə qayıtdıq. Sıra dağların fonunda kəndin siması görünürdü. Düşmən daha Tapqaraqoyunluya atəş aça bilmirdi, sakitlik, dinclik vardı...
Bir neçə gün əvvəl Tapqaraqoyunlunun adını televiziyada yenidən eşitdim, ancaq bu dəfə o, düşmən atəşinə məruz qalmırdı, isti qucağında qoruyub saxladığı balalarının məzun olmasına, son zəng gününə sevinirdi. Artıq çoxları ilə dostlaşdığım məktəblilər bu kənddən ayrılıb ali təhsil arxasınca gedərkən geridə narahat bir kənd qoymayacaq, əksinə, onların dalıyca mənfur düşmənin otuz ilə yaxın çəkən bütün təzyiqlərinə, bütün təcavüzlərinə rəğmən məğrurcasına, sınmadan dayanmış qürurlu bir kənd su atacaq.
Gözlərim biixtiyar doldu. Tapqaraqoyunlu düşmənə qalib gəlmişdi. Gülümsəyirdi.
O an keçirdiyim hissləri ifadə edə bilmirəm. Elə şeylər var ki, onları danışmaq, yazmaq, izah etmək olmur. Onları yaşamaq lazımdır...