“Cenub.az” saytı yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabından növbəti yazısını təqdim edir.
2002-2013-cü illərdə şəhid Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbində təhsil alıb. 2013-cü ildə Bakı Dənizçilik Kollecinə daxil olub. 2015-ci ilin yayında kolleci müvəffəqiyətlə bitirib. Arzusu dənizçi olmaq idi.
2015-ci ilin yayında Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərinin Binə qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin dekabrında ordudan tərxis olunub.
2019-cu ilin noyabr ayında həyatını hərb sənətinə bağlayıb. Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarında MAXE kimi xidmətə başlayıb.
2020-ci ilin sentyabr ayının 27-dən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu rütbəsində qatılıb. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetinə yetirib. Füzuli uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb.
44 günlük Vətən müharibəsində iki dəfə yaralanıb.
Noyabrın 29-da işğaldan azad edilmiş Şuşa şəhərinin təhlükəsizliyinə nəzarət edərkən düşmənin quraşdırdığı qumbara bağlamasının patlayışı nəticəsində ağır yaralanaraq şəhid olub.
1 dekabr 2020-ci ildə boya-başa çatdığı Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında böyük izdihamla son mənzilə yola salınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ramazan Hilal oğlu Vəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şuşa fatehi
... Çavuş Ramazan Vəliyev Qarabağın mənəvi və mədəni paytaxtını düşmən tapdağından azad edən günə kimi iki dəfə yaralanmışdı. Birinci dəfə Hadrut uğrunda gedən döyüşlərdə ayağından aldığı yaradan sonra bir gün müalicə alıb yenidən əməliyyat qrupuna qoşularaq irəli atılmışdı. İkinci dəfə Hadrutdan Şuşa istiqamətinə gedən zaman içərisində olduğu hərbi avtomobil düşmən tərəfdən vurulur. 23 nəfərdən 6 nəfər sağ qalır. Ramazan zədə alsa da yenə döyüş meydanına atılır.
...Artıq Şuşada Zəfər bayrağı dalğalanırdı. Ramazan atasına son dəfə zəng edəndə tezliklə görüşəcəklərini bildirmişdi. “Yağı düşmənin axırına çıxdıq, QƏLƏBƏ bizimdir.” Xüsusi təyinatlılar düşməndən azad olunmuş şəhərin tam təhlükəzizliyini təmim etmək məqsədi ilə minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsinə nəzarət edirdilər.
29 noyabr səhər tezən gözəl Şuşa qəfil partlayış səsindən növbəti dəfə diksindi.
Şuşa fatehinin faciəli şəkildə həlak olması hamını sarsıtmışdı.
...Taleyin işinə bax, ailədə iki bacının yeganə qardaşı olan gənc Ramazanı ulu babsının adını daşıdığına görə hamı onu “baba” deyə çağırardi. Şəhidin bir əmisi Bilal Vəliyev istefada olan mayor, digəri əmisi Gülbala polis leytenantı, bacısı Tamara Qasımzadə polis işçısidir. Ramazan isə general olmaq arzusu ilə yaşayırdı. Hərbçi sənətinə çox böyük həvəsi vardı. Onun necə mərd, qorxmaz Vətən əsgəri olduğundan, verilən döyüş tapşırıqlarını canla-başla yerinə yetirdiyindən xususi təyinatların əsgər və zabitləri ağız dolusu danışırlar.
Dəfn mərasimində Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin yüksək rütbəli şəxsi heyəti iştirak edib, şəhid çavuşun ailə üzvlərinə daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov başsağlı verib.
“Sevimli qardaşoğlu”
Ramazan öz nümunəvi davranışı, cəfakeşliyi, rəhmdil olması ilə qohum-əqrəbanın qəlbini hələ yeniyetməlik çağlarından fəth etmişdi. Bibisi Əsmayə xanım alpinist qızı Fəridə Cəbrayılzadənin 2017-ci ilin dekabrında Tufan dağınında itkin düşdüyünü və 5 aydan sonra faciəli şəkildə həlak olduğu xəbərini alandan bəri bütün məhəbbətini Ramazana salmışdı.
Qardaşı oğlu Ramazanla bağlı xatirələrini dilə gətirən Əsmayə xanım deyir ki, Bakı Dənizçilik Kollecində oxuyarkən bir müddət bizdə qalan Ramazanın çox müsbət xarakterik cəhətlərinin şahidi oldum. “Qohum-əqrəba ona “Baba” deyə xitab etsə də, mən həmişə “Qaqaş” deyirdim. Bir dəfə qardaşım mənə zəng edib dedi ki, Ramazana 50 manat pul verim. Dedim, ay qardaş, ötən axşam cibinə pul qoymuşam. Dedi ki, bir saat qabaq zəng eləmişdi, yəqin ki, ehtiyacı var. Dedim, baş üstə... Qaqaş evə gələndə pulu verdim, amma tapşırdım ki, bir də israfçılıq eləməsin. Ramazan utandığından başını aşağı saldı. Hiss etdim ki, nəsə olub. Bir təhər könlünü aldım. Güc - bəla ilə öyrəndim ki, qrup yoldaşlarından birinin atası vəfat edib. Amma pulu olmadığına görə rayonlarına gedə bilmirmiş. Ramazan da bütün pullarını ona verib. Bax, bizim qaqaş belə əliaçıq, səxavətli, dost-tanışa ürəyiyanan oğlan idi...”
Düz deyirlər ki, hər şey qanla keçir, gendən gəlir, ailədən, düzgün tərbiyədən başlayır, halalıqdan əmələ gəlir – Vətəni sevmək də, sağlam əqidə də, cəsarət də... Əsmayə xanım Ramazanın comərdliyi haqqında başqa bir xatirəsində deyir ki, anam xəstələnib Bakıya müalicəyə gəlmişdi. “Qaqaşla sözləşdik ki, bir gün günorta saat üç radələrində məni anamın yanına aparsın. Ancaq vədələşdiyimiz vaxt tamam oldu, Ramazan gəlib çıxmadı. Axır ki, geciksə də gəldi. Yubanmasının səbəbini soruşanda dedi ki, Bolmartdan aşağı düşəndə bir qocaya rast gəldim. Yükü çox ağır idi. Apara bilmirdi. Ona kömək eləyib yükünü evlərinəcən apardım...”
Əsmayə xanım kövrələrək xatirəsinə davam edib deyir: “Qardaşım oğlu, çox məsum, saf bir oğul idi. Böyük arzuları vardı. Xalqını, Vətənini çox sevirdi. Mən nakam qızım Fəridənin iyini ondan alırdım. Qızımı torpağa tapşırandan iki il yarımdan sonra qardaşım oğlu Ramazan da Vətən uğrunda şəhid oldu. O, təkcə ata-anasına deyil, bütün nəslinə şan, şöhrət gətirdi. Nur içində uyu, mənim sevimli qaqaşım...”
Əsmayə xanımın bu xatirələri Ramazanın həm də mükəmməl bir şəxsiyyət olduğundan soraq verir..
“Ramazan yurdumun iftixarıdır”
Əsmayə xanımın ömür-gün yoldaşı, Şərəfə kəndinin ziyalı oğlu Zəbi Cəbrayılov deyir ki, Ramazan Ağakişibəyli və Şərəfənin sayılıb- seçilən igidlərindən biri idi. “Bu da heç də təsadüfi deyidi. Kəndimizin bünövrəsini qoyan ailələr tarixən səfəvilərlə qohum olan və qızılbaşlar ideyasının daşıyıcısı kimi tanınan cənubi Azərbaycanın Şərəfabad kəndindən gələnlərdir. Ramazan da öz çevikliyi, fədakarlığı, comərdliyi ilə mənə Qızılbaş cəngavərlərini xatırladırdı. Şəhidlik zirvəsinə ucalan qəhəmanımızın bu gün xatirəsi əziz tutulur, şəninə çoxlu şeir və nəğmələr yazılır...”
Gənc ömrünü doğma Vətənin ömrünə calayan, haqqın dərgahına ucalan hər bir şəhid bizə doğmadır. Bu da bir həqiqətdir ki, bu müqəddəs torpaqda uyuyan hər bir şəhidimizin öz ünvanı, öz taleyi var. Zəbi müəllim deyir ki, Ramazan da subay gənc idi. “Yaşasaydı, 26 yaşı tamam olacaqdı... Nə qədər arzuları yarımçıq qaldı. Anası Nüşabə xanım oğlunun toyunu görməsə də, Ramazan əslinə, nəslinə, elinə, obasına Vətən müharibəsində göstərdiyi igidliyi ilə böyük iftixar gətirdi. Azərbaycan xalqının mübariz və yenilməz olduğunu məhz Ramazan kimi igid oğulların şücaəti, Nüşabə xanım kimi oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanəti təsdiqlədi...”
Dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni sevmək, qoynunda boya - başa çatdığın torpağın müqəddəsliyini dərk edib, yolunda canından keçməyə hazır olmaqdır. Ramazan da qəhrəmanlığı ilə öz adını Vətən tarixinə yazdı.
Onu da qeyd edək ki, şəhidin əmiləri Birinci Qarabağ müharibəsində iştirak ediblər. Əmisi oğlu Xəyal Bilal oğlu Vəliyev isəVətən müharibəsində könüllü həkim kimi yaralı əsgərlərə xidmət edib.
Qəhrəman şəhidin atası Hilal kişini el arasında Xanbala çağırırlar. Onun təşəbbüsü ilə Şərəfə kəndində “Ramazan parkı” salınıb. Burada gül kolları, ağaclar əkilib, səliqə-sahman yardılıb. Şəhidin qohumu şair Zəbi Cəbrayılovun fikrincə, gələcəkdə hərbi vətənpərvərlik tədbirlərinin keçirilməsində “Ramazan parkı”nın əhəmiyyəti daha böyük olacaq...
Şəhidlərin xatirəsinə hörmət bəsləmək, onların əziz ruhunu şad etmək və bizə əmanət qoyduqları Vətən sevgisini qəlbimizdə yaşatmaq hər birimizin ən müqəddəs borcudur.
Nurəddin Ədiloğlu, “Cenub.az”