“Cenub.az” saytı yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabından növbəti yazısını təqdim edir.
Hünəri dillərə dastan olan Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Vətən müharibəsində tarix yazdılar. Qarğalıqlı cəsur kəşfiyyatçı Rəfail Hüseynov da Şuşanın azad olunması əməliyyatında qəhrəmanlıq göstərən xüsusi təyinatlı taborun giziri olub. Keçilməz yollardan keçib, çətin və sıldırım qayalıqlardan qalxıb düşmənin üstünə qartal kimi şığıyan xüsusi təyinatlılar Daşaltı kəndinin yaxınlığındakı meşədən qalxaraq gecə saatlarında Şuşaya daxil olublar. Şuşa-Laçın yolunda düşmənin qəfil həmləsi ilə qarşılaşıblar. 4-5 saat atışma zamanı hər iki tərəf xeyli canlı qüvvə itirib.
Şuşanın girəcəyində Rəfailin ən yaxın silahdaşı yaralanıb, o isə irəli gedib. Öz taborlarından tək qalan Rafail başqa dəstələrə qoşulub Şuşaya hücum edib. Gözəl təbiət guşəsindən özündən böyük döyüşçü qardaşına salam göndərib: “Canım qurban Elmir, xəbərim yoxdur səndən, inşallah, salamatsan. Səni çox sevirəm canım qardaşım bunu sənə öz əllərimlə göstərəcəyəm” deyə telefonla lentə aldığı əlbəyaxa döyüş səhnələrindən birinə müharibə bitdikdən sonra qardaşı Elmirlə birlikdə baxacaqları ümidi ilə yaşayıb...
Qələbədən sonra Rəfail Qarğalıq kəndinə şəhid kimi, qardaşı Elmir isə qazi olaraq qayıdıblar...
Qısa tanıtım: Hüseynov Rəfael Teymur oğlu 1 yanvar 2000-ci ildə Masallının Qarğalıq kəndində dünyaya göz açıb. 2017-ci ildə Ədalət Vəliyev adına Qarğalıq kənd tam orta məktəbini bitirib.
2018-ci ilin yanvarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb.
“N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq kursunu müvəffəqiyyətlə başa vuraraq kiçik gizir rütbəsində xidmətini davam etdirib. Bir çox hərbi təlimlərdə iştirak edib, cəsur kəşifiyyatçı və sərrast snayper kimi təcrübə qazanıb.
Sentyabrın 27-də başlanan 44 günlük müharibənin 42 gününü döyüşüb. Döyüş yolu Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilan, Kəlbəcər və Xocavənddən keçib. Qanlı-qadalı döyüşlər zamanı neçə-neçə yaralı və şəhid əsgər yoldaşını təxliyə edib.
Noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə son nəfəsinə qədər qəhrəmanlıqla vuruşub. Düşmənin atdığı minaatan mərmisinin qəlpəsindən ağır yaralanaraq şəhid olub.
Şəhidin nəşi doğulub boya-başa çatdığı Qarğalıq kəndində böyük izdihamla son mənzilə yola salınıb.
Rəfail Hüseynov ölümündən sonra Ali Baş Komandanın Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunub.
“Görünmədən görmək - ölmədən dönmək”
Rəfail Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başladığı gündən hərbi döyüş və idman hazırlığında fərqlənirdi. Hələ müharibədən əvvəl o, bir çox riskli əməliyyatlarda iştirak edib, ən ağır sınaqlardan keçmişdi. Dağlara alpinist kimi dırmaşırdı, taktiki-xüsusi təlimlərdə əlbəyaxa döyüş fəndlərindən məharətlə istifadə edirdi.
XTQ kəşfiyyatçılarının "Görünmədən görmək - ölmədən dönmək!" devizini yaxşı bilən Rəfailin ən böyük arzusu Qarabağı azad görmək idi. Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə o, hələ dünyaya gəlməmişdi. Amma içində mənfur düşmənə böyük bir kin bəsləmişdi, qisas hissi ilə yaşamışdı. Vətən müharibəsi başlayanda damarlarında qisas qanı coşan aslan pəncəli oğullarımız kimi o da önə atılır. Çox keçmir ki, böyük qardaşı Elmir də könüllü olaraq döyüşlərə qatılır.
Hər iki qardaş eyni cəbhələrdə vuruşmasalar da Vətən müharibəsi başlayan gündən öz silahdaşları ilə kürək -kürəyə, çiyin-çiyinə verib ən şiddətli döyüşlərdə işğalçı düşmənə qarşı rəşadətlə vuruşurlar.
XTQ-nin aslanlarından biri kimi Rəfail Hüseynov Kəlbəcər istiqamətində, Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə, Füzulinin, Hadrutun düşmən işğalından azad olunmasında böyük qəhrəmanlıqlar göstərir...
20 yaşlı qəhrəmanımız Qələbə ətrinə bələnmiş yollardan keçib döyüşə-döyüşə Şuşaya çatır və burada əlbəyxa döyüş səhnələrindən birini telefonu ilə lentə alır. Müharibə bitdikdən sonra qardaşı Elmirlə birlikdə baxacaqları ümidi ilə deyir: ”Səni çox sevirəm canım qardaşım, bunu inşallah, özüm öz əllərimlə sənə göstərəcəyəm...”
“Nəmli gözlərimi sərdim yollara...”
Qəhrəmanımızın anası Şəlalə xanım da şəhid oğlunun ücrəngli bayrağımıza bükülmüş tabutunu çiynində aparan mərd Azərbaycan qadınlarından biridir. Nəmli gözlərini yollara dikən ana kövrələ-kövrələ deyir ki, oğlumun varlığını hər an yanımda hiss edirəm: “Hər dəfə özünü elə tanıtdırırdı ki, inanmırdım ki, Rəfail şəhid olar. Ona o qədər güvənirdim, insana elə güvən verirdi ki... Onun 20 yaşı olsa da, ürəyi böyük idi. Mən oğlumla fəxr edirəm. Onun şəhidliyi ilə qürur duyuram. Bir ana olaraq Allaha şükür edirəm ki, mənə Rəfail kimi övlad vermişdi...”
Rəfail evlərinə sonuncu dəfə avqust ayında baş çəkmişdi. Xidməti işi ilə bağlı ailəsinə çox şey danışmazdı. Nə vaxt sual versələr, "inşalla, bütün işğal olunmuş torpaqlarımızı azad edəcəyik"-deyərdi...
Ailənin başçısı Teymur zəhmət adamıdır. Həyətində kənd təsarrüfatı işlərində istifadə etdiyi bir neçə texnika var. Elmir də, Rəfail də lap yeniyetmə yaşlarından əllərini zəhmətə alışdırmışdılar, “Belarus” markalı traktoru idarə etməyi və kənd təsərrüfatı texnikalarını sazlamağı bacarırdılar.
...Döyüş yoldaşlarının dediyinə görə Rafail müharibədə neçə-neçə yaralı və şəhid silahdaşını erməni fermasından tapdığı traktoru xüsusi vasitələrlə işə salandan sonra arxasına qoşqu qoşaraq döyüş meydanından çıxarıb. Kəlbəcərdə də köhnə traktoru Rafail saz vəziyyətə gətirib, onu işə salandan sonra dərədə olan şəhid və yaralıları yoldaşları ilə birlikdə çıxarıb onları təhlükəli ərazidən uzağa aparıblar...
Rafailin hünərindən söz açan qazı qardaşı Elmir deyir ki, o, Şuşaya daxil olarkən kəşfiyyat qrupunda tək qalan zaman ona tabor komandiri geri çəkilməyi məsləhət görüb. “Qardaşım isə bildirib ki, mən geri qayıtmıram! Siz mənə dəstək yollayın, mən onlarla birlikdə öz yoluma davam edəcəyəm...”
...Son döyüşdə ölümcül yaralanan qəhrəman gizir deyib: “Ermənilər bizim canımızı ala bilərlər, amma azadlığımızı və torpaqlarımızı ala bilməzlər!”
Elmirin dediyinə görə Rəfailin çox arzusu yarımçıq qalıb, bir qızı çox sevirmiş. “Müharibədən sağ qayıtsaydı, nişanlanmağı düşünürdü...”
“Əgər bu torpağın suyunu içib, çörəyini yeyiriksə...”
Bu sözləri son telefon danışıqlarında Teymur oğluna söyləyib: “Rəfail dedi ki, ata, telefonlarımıza zəng çatmayacaq, biz kəşfiyyata gedirik, nigaran qalmayın. Dedim, bala, yolun açıq olsun! Allahdan sənə bundan başqa nə diləyə bilərəm?! Vətəni qorumaq hər birimizin borcudur. Əgər bu torpağın suyunu içiriksə, çörəyini yeyiriksə, ona canımızla borcluyuq...”
...Şuşaya kimi qəhrəmanlıqla vuruşan, burada düşmən müdafiəsini yararaq alınmaz qalamızı fəth edən cəsur kəşfiyyatçının atası deyir ki, cəsur kəşfiyyatçı Rəfail Hüseynovun adı Vətən müharibəsindən göstərdiyi xidmətlərinə görə “Rəşadət” ordeninə və bir sıra medallarla təltif olunmağa da təqdim olunub.
Teymur Hüseynov oğlunun uğrunda şəhid olduğu Vətən torpağına tapşırılan gün çıxışında deyib: “Vətən sağ olsun. İgid oğulların sayəsində bu gün biz bütün dünyada ad çıxardıq. Mən fəxr eləyirəm Rəfail kimi övlad böyütmüşəm. Bir də mən onun müəllimlərinə minnətdaram ki, bizim övladlarımızın qəlbində Vətən sevgisi yaradıblar...”
Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımızdır, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.Qarğalıqda yaşayan Hüseynovlar ailəsi də fəxr edir ki, Vətən müharibəsində qazandığımız böyük Qələbədə onların övladlarının da payı var.
Nurəddin ƏDİLOĞLU, “Cenub.az”