Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Torpağa dən əkməyə doğulanlar, torpağa dən kimi əkildi...”


“Cenub.az” saytı yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabından növbəti yazısını təqdim edir. 


... Uşaq çağında onu “Dəçi”  deyə çağırardılar. Onun arzusu ordudan tərxis olunadan sonra torpaqda çalışmaq,  təssərrüfat qurmaq, fermer olmaq idi.  Yeniyetmə yaşlarında  yəhərsiz-yüyənsiz mindiyi  köhlən atı   əsl çəngavər kimi çapardı... Şəmsəddin Təhməzov orta məktəb illərindən əlini zəhmətə alışdırmışdı,  mal-qara bəsləməklə ailəni dolandıran ata-anasına kömək edərdi. Saxladığı  göyərçinlərə sevə-sevə qulluq edərdi. Anasının dediyinə görə evlərinin həyət -bacası, damı  göyərçinlə dolu idi.  Şəmsəddin bəslədiyi bu quşların şəkillərini çəkib  bəzən internetdə paylaşardı. Ağlı kəsən gündən qəlbində işğalçı düşmənə qarşı nifrət bəsləyən Şəmsəddin deyərmiş ki: “Mən əsgər  olanda  ermənilərdən qisasımızı alacağam...”   Kiçik toy məclisində isə sağlıq deyənlərdən biri  balaca Şəmsəddini məclisdəkilərə göstərərək deyib: “ Vaxt gələcək el-oba   bu oğlanla fəxr edəcək!..”

Orta boylu,  qarayanız, xoş simalı Şəmsəddin istiqanlılığı ilə  bütün qohum-əqraba arasında hörmət qazanmışdı. El-obada adətən,   hərbi xidmətini başa vurub evlərinə qayıdan  övladlarının ayağının altında valideynləri qurban kəsirlər. Şəmsəddin isə bu ənənəni özünəməxsus şəkildə “pozub,”  həqiqi hərbi xidmətə yola düşəndə qurban kəsdirib. Sanki torpağa dən əkmək üçün doğulan  bu gənc  özünün şəhid olacağını və uğrunda həlak olduğu Vətən  torpağının qoynuna  “dən” kimi əkiləcəyini əvvəlcədən bilirmiş...   


QISA TANITIM: Təhməzov Şəmsəddin Sərvər oğlu 3 mart 2001-ci ildə Masallı rayonunun Güllütəpə kəndində anadan olub. 2007-ci ildə Yeni Zuvand kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. İbtidai təhsilini bu məktəbdə alıb. Sonralar ailə vəziyyəti ilə əlaqədar Beyləqan rayonuna köçdükləri üçün təhsilini Beyləqan şəhər 1 saylı tam orta məktəbində davam etdirib. 

2016-cı ildə IX sinfi bitirdikdən sonra təhsilini yarımçıq qoyaraq  əmək fəaliyyətinə başlayıb, fermada İşləyən valideynlərinə kömək edib.  

2019-cu ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.  Tərtər rayonunun döyüş bölgəsində yerləşən “N” saylı hərbi hissədə Vətən qarşısında xidməti borcunu  yerinə yetirməyə başlayıb. 

 Sentyabrın 27-də səhər saatlarında  Ermənistanın  növbəti silahlı  təxribatının qarşısını almaq məqsədi ilə Azərbaycan Silahlı Qüvvələri  əks-hücum əməliyyatına  başlayanda   döyüşlərdə yüksək qəhrəmanlıq nümunəsi göstərib.  Suqovuşanın azad olunmasında  mərdliklə vuruşub.   Oktyabrın 7-də Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə ürək nahiyəsindən aldığı qəlpə yarasından şəhid olub.

  Şəhidin  nəşi 8 oktyabrda  Güllütəpə kənd qəbirstanlığında böyük izdihamla torpağa tapşırılıb. 

 Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən  Şəmsəddin Sərvər oğlu Təhməzov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. 


                                      Təhməzovlar ailəsinin keşməkeşli dünyası


Haqqında söhbət açdığımız  bu ailə  böyük olmasa da  çox çətin, əziyyətli günlər yaşayıb. Masallıdan əvvəlcə Ağcabədiyə, sonra Beyləqana   köçüb. Böyük qardaşı  Şəhriyarla  birlikdə Şəmsəddin kiçik yaşlarından ailənin qayğılarını çiyinlərində daşıyıb. “Bizim uşaqlığımız çox çətin keçib. Uşaq vaxtlarımızdan fermalarda işləyib atamıza kömək eləmişik. Çox kasıbçılıqla böyümüşük. Bəzən mən, ya da Şəmsəddin bir şokoladımız olanda belə iki yerə bölüb yeyərdik,” - deyə  Şəhriyar həmin  günləri indi ürək ağrısıyla xatırlayır.

…Şəhriyar özü də Vətən müharibəsində iştirak edib. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə başından və ayaqlarından 5 qəlpə yarası alıb. Müalicə olunmaq üçün hospitala göndərilib. Masallıda, sonra Bakıda  Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunub. Hazırda MAXE kimi PDM-də tuşlayıcı vəzifəsində hərbi xidmətini davam etdirir.

“Uşaqlıqdan mənim dostum da, sirdaşım da qardaşım olub” deyən Şəhriyarla  müharibə günləri telefonla danışanda Şəmsəddin: “Sən nişanlısan, özünü qoru” deyib. Şəhriyar da ona bildirib ki, “Dəçi, sən çox bir yerdə duran deyilsən, özün ehtiyatlı ol…” Qardaşının xasiyyətinə yaxşı bələd   olduğu üçün Şəhriyar yaxşı bilirdi ki, döyüş əmri verilən kimi Şəmsəddin önə atılacaq… Son dəfə oktyabrın 4-də danışıblar: Şəmsəddin qardaşına deyib: “Şayəd şəhid olsam, atam-anam sənə əmanət…”


                                                 “Sənin saçıdan cənnət  ətri gəlir”


 Şəmsəddinə ailəsinin  ehtiyacı olduğundan onu  həqiqi hərbi xidmətdən saxlatdırmaq istəyiblər.  O da valideynlərinə belə deyib: “Sizi  şikayət edərəm.” Anası Sehranə xanım deyir ki,  Şəmsəddin çox  mərd və qorxmaz uşaq idi.  “19 yaşını   səngərdə qarşılayan oğlundan müharibə başlayanda  bir dəfə   soruşdum ki,  ana qurban,  qorxub eləmirsən ki?  Şəmsəddin gülə-gülə  mənə cavab verdi ki,  ermənidən   qorxan onlar kimi olsun: ”Qorxaq tülkü kimi qabağımızdan qaçırlar…”

Şəmsəddin  anası ilə  danışanda zarafatından da qalmazadı.  Deyirdi   ki,  Şəhriyarın toyunda mənə elə kostyum alarsınız ki,  bəylə yanaşı dayananda bizi bir-birimizdən ayıra  bilməsinlər… 

 Amma  günlərin bir günü  ağır döyüşdən sonra  komandiri deyib ki, Şəmsəddin,  inşallah,   müharibə qurtaracaq,   qələbəmizdən sonra sənin  toyuna   gələcəyəm…  Şəmsəddin də gülümsünərək deyib: “Komandir, mənim toyum olmayacaq, mən şəhid olacağam…” 

  Anası kövrələrək deyir: “Balama nə toy qismət oldu, nə də bəylik kostyumu… Hər ananın övladı  onun canının bir parçasıdır. Şəmsəddin mənim canımdan gedib. Ana üçün dünyada oğul itkisindən ağır şey ola bilməz! Həmişə zəng edəndə deyirdi ki, ana, mən sənin borcundan çıxacağam. Səni  heç vaxt işləməyə qoymayacağam… Oğlum mənim borcumdan çıxa bilmədi, amma Vətənin borcundan çıxdı,  ona görə çox istəyirəm ki, adı  igidliyinə layiq əbədiləşdirilsin…

…Ailənin sonbeşiyi  Aygün məktəblidir. Şəmsəddin  həmişə nəvazişlə onun saçlarından  öpəndə   deyərmiş  ki, maşallah,  sənin saçından cənnət ətri  gəlir.   Şəhid qardaşının  məzarı önündə  hərbi geyimdə  vüqarla   dayanan bu qızcığazın ürəyindən keçirtdiyi fikirlər qanadlı misralara  dönür:


Səni köməyinə çağırdı Vətən,

Sən onun uğrunda verdin şirin can.

İgidliyin olub dillərə dastan.

Arzuları gültək solan qardaşım,

Bu dünyadan  vaxtsız köçən qardaşım


Hamıya əzizdir bu ana torpaq,

Məzarını bəzəyir üçrəngli  bayraq,

İndi azad olub cənnət Qarabağ,

Qoy ruhun şad olsun cavan qardaşım,

Qəbrin nurla dolsun, şəhid qardaşım…


…O gün Şəmsəddin Təhməzovun 20 yaşını   doğmaları,  komandiri, döyüş  yoldaşları, Güllütəpə kənd tam orta məktəbinin  şagird və müəllim  kollektivi  cənnətdəki ilk doğum günü  kimi qeyd etmək üçün  məzarının   ziyarətinə gəlmişdilər…  

 İctimai fəal  Rövşən   Muxtarovun dediyi kimi,  insan var həyatda  uzun ömür sürür,  lakin tez də unudulur. Amma  Şəmsəddin kimi oğullar  insanların ürəyində əbədi  yaşayacaqdır…

Bu kadrlara baxanda  Şəmsəddinin uşaq vaxtı dediklərinin  çin çıxdığına əmin olursan. O,  düşməndən  istədiyi kimi qisas aldı və  dünən “dən”   kimi əkildiyi  torpaqdan bu gün baş qaldırıb  qələbə sevinci yaşatdığı Vətənə  məğrurcasına boylanır.  Komandiri də,   döyüş yoldaşları da  onunla yenə çiyin - çiyinə dayanıb: “Ad günün mübarək olsun, Şəmsəddin” deyir.


Nurəddin ƏDİLOĞLU, “Cenub.az”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10