Bu gün ölkədə fəaliyyət göstərən televiziyaların fəaliyyəti nə cəmiyyəti, nə də ki, dərin anlamda dövləti qane etmir. Buna səbəb isə yerli televiziyaların dövlət və dövlətçiliyin təbliği istiqamətində fəaliyyətini düzgün qura bilməməsidir. Eyni zamanda cəmiyyəti maraqlandıran və narahat edən mövzuların yetərincə işıqlandırılmaması, maarifləndirici proqramların azlığı və daha çox şou xarakterli materialların efirləri “bəzəməsi” televiziyaların reytinqinə mənfi təsir göstərib.
Bəs Azərbaycan dövlətinə və xalqına necə televiziyalar lazımdır? Ümumiyyətlə yeni televiziya konsepsiyası necə olmalıdır?
cənub.az-ın ünvanladığı sualları media üzrə ekspert Ələsgər Məmmədli cavablandırıb. O bildirib ki, media özəl sektorun bir alətidir. Bu baxımdan yeni qurulan istənilən media daha çox cəmiyyətin istəyi şəkilində formalaşmalıdır: “Konkret televiziyalara gəldikdə isə kanalların təməl prinsipi xəbərləmədir. Yəni informasiya siyasəti, cəmiyyəti bilgiləndirmə və maarifləndirmədən ibarətdir. Bu və ya digər formada cəmiyyətdə problemlər varsa və dərindirsə, (məişət zorakılığı, qadın-kişi bərabərsizliyi, uşaqlara qarşı şiddət, təhsilsizlik və sair) bu istiqamətdə də televiziyanın məqsədi maarifləndirmə olmalıdır. Televiziyanın 3-cü önəmli vəzifəsi isə əyləndirmədir. Amma müasir zaman şəraitində elektron kommunikasiya və informasiya resurslarının çox ciddi şəkildə inkişafı, televiziyaları daha fundamental və peşəkar araşdırmalara yönəltməlidir. Çünki televiziya rəqabətlilik mühitində ayaqda qalmaq istəyirsə, o zaman özünəxas proqramlar qurmalıdır. Bu proqramlar sosial şəbəkələr üzərində mövcud olmayan və ayrı-ayrı fərdlərin yarada bilməyəcəyi, sadəcə peşəkar komandanın həyata keçirəcəyi layihə olmalıdır. Yalnız bu kontentlərlə cəmiyyətə çıxmaq mümkündür. Düşünürəm ki, Azərbaycanda yeni televiziyalar ilk növbədə asılı olmamalıdır, cəmiyyətdə balans qorumağı bacarmalı və ehtiyac yarandıqda ictimai nəzarəti həyata keçirməlidir. İkincisi isə modern kommunikasiya imkanlarını dərk edərək, bazardakı rəqabət mühitində ayaq üstə qalmaq üçün özəl kontentlər və proqramlar yaratmalıdır. Bu özəl proqramlar vasitəsi ilə cəmiyyətin ehtiyacı kimi görünə bilməlidir”.
Ekspert əlavə edib ki, bütün bu sadalananlar həyata keçirilməsə, o zaman televiziyalar tarixə qovuşacaq: “Televiziyaları bu gün əvəz edən multimedia, auidiovizual informasiya yayımçıları olan və bu işləri çevik şəkildə həyata keçirən çoxlu sosial media platformaları var. Youtube, Tik-tok, instagram kimi resurslar çoxaldıqca televiziyaların daha peşəkar və spesifik kontent yaratmaq ehtiyacı önə çıxır”.
Müşviq Tofiqoğlu