“Cenub.az” saytı yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabından növbəti yazısını təqdim edir.
…Qəbiristanlıqda belə qeyri-adi hisslər keçirməyim heç yadıma gəlmir. Baxışlarım şəhid Zaur Hüseynovun baş daşındakı “leytenant” sözünə dikilən anda içimdə əslən Qızılağacadan olan həmyerlimiz, qələm dostum Şahin Musağlunun yazıb bəstələdiyi hərbi mahnısı - “Cənab Leytenant” səslənirdi. Dodaqlarım bu unudulmaz mahnının sözlərini az qala dua kimi pıçıldayırdı:
Barıt qoxulu o yollar, o yollar
Səni bəs nə vaxt qaytarar, qaytarar.
Səndən təsəlli bir zabit mundiri
Bir cüt ulduzlu, aylı paqonlar.
Hay ver mənə, cənab leytenant,
Hay ver mənə, leytenant.
Xoş müjdəli bir savaşdan
Pay ver mənə leytenant
…Könüllərdə özünə ölməzlik abidəsini ucaldan Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Zaur Hüseynov mənə hay verməsə də, Vətənimizə, xalqımıza xoş müjdəli bir savaşdan - elə Vətən müharibəsinin başladığı ilk gündə pay verdi... Yaşasaydı, bəlkə də general olacaqdı... Çünki o öz işini də, Vətənini də çox sevirdi. Vətəni Zaur kimi işini bilən, ləyaqətli, qorxmaz övladların fədakarlığı Vətən edir. Leytenant Zaur Hüseynov canından Vətənə can verib özü də dönüb bir VƏTƏN oldu…
QISA TANITIM: Hüseynov Zaur Vaqif oğlu 24 iyun 1995 - ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin 9-cu sinfini və Bakıda C.Naxçıvanski adına hərbi liseyi bitirib. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Hərbi Akademiyanın məzunu olandan sonra leytenant rütbəsində Ağcabədidə “N” saylı hərbi hissədə xidmətə başlayıb. Sonra Beyləqandakı hərbi hissədə xidmətini davam etdirib.
2018-ci ildə döyüş hazırlığında qazandığı uğurlara və silahlı qüvvələrin möhkəmlənməsində iştirakına görə “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.
2020 -ci ilin İyulun 12-də erməni silahlı qüvvələrinin təxribatı nəticəsində baş verən Tovuz döyüşlərində iştirak edib.
Sentyabrın 27-də səhər saatlarında faşist Ermənistanı növbəti dəfə atəşkəs rejimini pozub, Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlar törədəndə
leytenant Zaur Hüseynov idarə etdiyi BMP ilə Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə düşmənin bir neçə müdafiə istehkamını məhv edərək, 7 postunun alınmasında şücaət göstərib. O gün təxribatın qarşısını almaq üçün əks-hücum əməliyyatı zamanı düşmənə ağır zərbələr endirib və Füzuli uğrunda qəhrəmancasına döyüşərək şəhid olub.
Sentyabrın 28-də şəhid zabitin nəşi doğma Hişkədərə kəndində böyk izdihamla son mənzilə yola salınıb. Ailəli idi. Bir qız ovladı yadigar qalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə leytenant Zaur Vaqif oğlu Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə" və “Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Baş tutmayan görüş
…Sentyabrın 27-də Zaur səhər çağı anası Vəfa xanımın telefonuna belə ismarıc yollayıb: “Təlimə gedirəm. Hər şey yaxşı olacaq ana, narahat olmayın, uşaqlar sizə əmanətdi…” O gün Zaurun atası Vaqif Zakir oğlu maşınını birbaşa Beyləqandakı hərbi şəhərciyə sarı sürdü. Zaurun ailəsi burada yaşayırdı. Əvvəlcə hərbi hissəyə gedib Zaurla görüşmək istədi. Uzun-uzadı söz-söhbətdən sonra ona Zaurun yaralandığı barədə xəbər verdilər. Yaralı oğlunu görmək istəyəndə isə müalicə üçün onun Masallı xəstəxanasına göndərildiyini bildiriblər…
Vaqif deyir ki, artıq o an mənə hər şey aydın idi: “Əmin oldum ki, Zaur artıq həyatda yoxdur. Gəlinimi, 9 aylıq nəvəm Zeynəbi də götürüb Masallıya qayıtdım…”
…O gün gerçəkdən də Zaur Köndələnçayın sol sahilində, Mil düzündə yerləşən Alxanlı kəndində əvvəl ciynindən, sonra ayağından və kürəyindən ağır yaralanmışdı. Bu həmin kənd idi ki, 3 il öncə burada yaş yarımlıq Zəhra və onun nənəsi erməni təxribatının qurbanı olmuşdu.
…İndi burda atışma bir az səngiyəndən sonra döyüş postundakı əsgərlərinə baş çəkərkən ölümcül yaralanan leytenant Zaur Hüseynov səhər döyüşlərində işğalçı düşmənə qan uddurmuşdu. Bədəninin üç yerindən axan qan Vətən torpağına qarışan zabit son nəfəsində əsgərlərinə qızı Zeynəbdən danışıb və onlara: “Sevdiklərimə və Zeynəbimə tez-tez baş çəkərsiniz” tapşırığı verərək gözlərini əbədi yumub…
“Sarı Sünbül”ün qısası yerdə qalmadı
Zaur kürən olduğu üçün dost-tanışları ona zarafatla “Sarı sünbül” deyərdilər. Gülərüzlü, orduda böyük rütbələr almaq arzusu ilə yaşayan gənc zabitin cənazəsi ata ocağında böyük coşqu ilə qarşılandı.
Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin ilk şəhidlərindən biri olan Zaur Hüseynovun ücrəngli bayrağımıza bükülmüş tabutu 28 sentyabrda izdihamla son mənzilə yola salındı. Dəfn iştirakçıları “İgidlər ölməz, Vətən bölünməz”, “Masallı oyaqdır, Qarabağa dayaqdır”, “Vur keç səngəri, Azərbaycan əsgəri” şüarları ilə şəhidə öz ehtiramlarını bildirirdilər.
…O gün Zaurun qisasını almaq üçün bütün hişkədərəli gənclər səfərbər olmuşdular. Səfərbərlik xidmətinə müraciət etmək istəyəndə yeganə övldına “getmə, axı sən gözümün ağı-qarası bircə oğlumsan” deyən anası ondan: “Sən Zaurun anasından artıq deyilsən” cavabını alanda çox kövrəlmişdi…
Ertəsi gün - sentyabrın 29-da Masallıdan 400 nəfərdən çox gənc Vətən uğunda döyüşlərə yola düşdü. Analar oğullarına “Qələbə ilə qayıdın!” dedilər. Oğullar da səngərlərdə öz güclərini düşmənə dəmir yumruqları ilə göstərdilər:
Çıx, ey qaniçən yırtıcı, çıx, torpağımızdan,
Xain gözünü çək, dərəmizdən, dağımızdan...
Qartal kimi qonnuq sinənə, qorx o günündən,
Qurtarmaz o murdar cəsədin caynağımızdan.
Biz hiylənə aldanmarıq, ey tülküdən alçaq,
Burnun gec-tez əzilər toxmağımızdan... *
…Çox çəkmədi ki, igid döyüşçülərimiz erməni faşistlərindən Zaurun da, bütün şəhidlərimizin də qisasını aldılar.
…Zaurun məzarını, doğulub boya-başa çatdığı ata ocağını Hişkədərə ərazi nümayəndəliyinin baş mühasibi Siyasət Şahverdiyev və millət vəkili Məşhur Məmmədovun köməkçisi Hekayət Nəzərovla birlikdə ziyarət etdik. Körpə Zeynəb babasının qucağında oturmuşdu.
…Zeynəb Zaur qızı Hüseynlinin bir yaşı atası şəhid olandan 75 gün sonra tamam olmuşdu. Xatirə güşəsindəki zabit mundirində çəkilmiş şəkillərindən Zaur da sanki qızına boylanırdı. O an yadıma “Şəhid övladı” adlı bir şeir düşdü. Vətənpərvər şairə-publisist Manya Səxavətqızının qələmə aldığı həmin şeir elə bil həm də Zaurun adından qızı Zeynəbə yazılmışdı:
Bu gün gözlərində qəribə hüzn,
Qəribə intizar izini salıb.
Sən körpə uşaqsan, amma elə bil,
Duyursan ayrılıq ömrə iz salıb.
Bilirəm ay qızım, yoxluğum sənlə
Böyüyüb günbəgün ahıllaşacaq.
Hər gələn yaşında ata həsrətin,
Qəlbində böyüyüb ağırlaşacaq.
Kədərli gözlərin yola dikilib,
Ata gözləyəcək hər ad günündə.
Sən məni gözünlə görməsən də bil,
Əllərim olacaq çiyinlərində…
Adının önündə dilə gətirib,
Sənə deyəcəklər şəhid övladı.
Qızım, səbirli ol, sən məğrur dayan,
Hər zaman qürurla daşı bu adı.
Nurəddin ƏDİLOĞLU, “Cenub.az”
_________________
* Bu şeir müəllifin 2008 -ci ildə nəşr olunmuş “Qara sarmaşıq” kino-romanındandır.