“Cenub.az” saytı yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabından növbəti yazısını təqdim edir.
Azərbaycan xalqının ən məşhur qəhrəmanlıq və məhəbbət dastanlarında qeyrət və sədaqət rəmzi olan atlarlardan bəhs edən maraqlı nümunələr çoxdur. "At igidin dostudur" xalq məsəli də elə keçmiş zamanlarda qanlı-qadalı savaş meydanlarında yaranıb. Atlarda vəfa da var səfa da… Onlar da öz ailəsinə, şəcərəsinə görə tanınırlar. Məsələn, Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi olmaqla yanaşı, həm də sahibinə sədaqətli olması ilə şöhrət qazanıblar.
İkinci Qarabağ müharibəsinin şəhidi Balaqardaş Vəliyevin tabutunun arxasınca kişnəyə - kişnəyə şahə qalxan at ilə dayçasının göz yaşları da Viləş kəndinə dəfn mərasiminə gələnləri heyrətə gətirmişdi. O gün dilsiz-ağısız heyvanların “ah-naləsi” şəhid anası Səməngül xanımın ağısına qoşulub ərşə çıxırdı:
Burdan bir atlı keçdi,
Atın oynatdı, keçdi.
Gün kimi işıq saldı,
Ay kimi batdı, keçdi…
…Şəhidin atası Fərhad bir neçə gündən sonra sahibsiz qalan madyanla dayçanı Eminli kəndində yaşayan uzaq qohumuna satdı. Lakin bir gecə yuxusuna sağlığında atla-dayçasını sevə-sevə bəsləyən şəhid oğlu girir. O, əlləri qoynunda qəmgin-pərişan dayanıb boş qalmış tövləyə baxırdı. Sonra atın ayaq səslərinə, dayçanın kişnərtisinə diksinib yuxudan oyanan Fərhad eyni yuxunu bir neçə dəfə təkrar görür. Axırda naəlac qalıb atla-dayçanı satdığa adamdan geri alır və oğlunun yadigarı kimi onlara özü qulluq edir…
Fərhad özü də qardaşı Fikrətlə Birinci Qarabağ müharibəsində vuruşub. Elə qazi atası ilə əmisindən Qarabağ döyüşləri haqqında eşitdiyi söhbətlər Balaqardaşda hələ uşaq yaşlarından hərbçi olmağa maraq oyatmışdı…
QİSA TANITIM: Vəliyev Balaqardaş Fərhad oğlu 24 mart 2002-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. 2008-2017-ci illərdə Viləş kənd tam orta məktəbində təhsil alıb. Yeniyetmə vaxlarından idmanın güləş və boks növləri ilə məşğul olub.
2020-ci ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən həqiq hərbi xidmətə çağırılıb . Azərbaycan Silahlı Qüvvələrin təmas xəttində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
27 sentyabr 2020-ci ildə işğalçı Ermənistanın növbəti silahlı təxribatına qarşı başlayan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb. Talış kəndi istiqamətində gedən döyüşlərdə ayağından yaralanıb. Hospitalda qısamüddətli müalicədən sonra öz xahişi ilə yenidən döyüş meydanına qayıdıb. Oktyabrıın 1-də Hadrut istiqamətində gedən döyüşlərin birində düşmənin snayper gülləsinə tuş gələrək şəhid olub.
Şəhidin nəşi 75 gündən sonra 15 dekabr 2020-ci ildə doğulduğu Viləş kənd qəbiristanlıöğında izdihamla torpağa tapşırılıb. Adı “Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü” və “Vətən uğrunda" medalları ilə təltif olunmağa layiq görülüb.
“Mən də Nurlan kimi şəhid olacam”
O, dünyaya ailənin 3 qız övladından sonra göz açmışdı. Ailənin 10 ildən çox intizarla gözlədiyi oğul ovladına babası Qardaş kişinin adını qoyub, Balaqqardaş çağırıblar. Elə doğum sənədinə də çağırdıqları kimi adı Balaqardaş yazılıb. Balaqardaşın ana və ata tərəfdən ulu babaları İkinci Dünya müharibəsində vuruşmuşdular. Yuxarıda qeyd etdiyimiz kimi, atası ilə əmisi Birinci Qarabağ müharibəsində iştirak etmişdi. Atası könüllü olaraq qatıldığı həmin müharibədə taqım komandiri kimi 3 ildən çox Kəlbəcər, Laçın, Şuşa, Daşaltı, Xocalı, Əsgəran, Agdərə, Xocavənd, Agdam, Füzuli istiqamətində bir çox döyüşlərdə igidlik göstərib. Nərgiztəpə yüksəkliyi uğrunda döyüşdə idarə etdiyi tank vurularkən ağır yaralanıb. Kontuziyalı vəziyyətdə yanan tankınm içindən güclə çıxa bilib…
Balaqardaşın 14 yaşı olanda həmkəndlisi gizir Nurlan Əsgərli Aprel döyüşlərində şəhid oldu. O zaman tez-tez eşitdiyi gizir, kəşfiyatçı, snayper ifadələri onu ovsunlamışdı. Məktəbdə Aprel döyüşlərinin qəhrəmanları Nurlan və İntiqam Əsgərli qardaşlarından söz düşəndə hər ikisinin yaxşı idmançı və gizir olduğu xüsusi vurğulanırdı.
Blaqardaş da hərbi xidmətə gedənə kimi idmanla məşğul olmaga başlayıb. Bir müddət rayon mərkəzində yerləşən idman kompleksində güləş və boks üzrə hazırlığa gedib.
Həqiqi hərbi xidmətə yola düşəndə ucaboylu, enlikürək, gülərüzlü bir igid idi. Anası Səməngül xanımın bildirdiyinə görə, Balaqardaş sanki hərbi xidmətə gedəndə 6 ay sonra Vətən müharibəsinin başlanacağını bilirmiş: “Mən də Nurlan kimi şəhid olacağam, səhid olsam Allahın, sağ qalsam Vətənin həmişəlik əsgəri olacağam…”
Müharibənin odunu-alovunu görmüş atası: “Oğlum, bəlkə səni əsgərlikdən saxlatdıraq? Axı sən gözümüzüm ağı-qarası bircə oğlumuzsan…”deyəndə Balaqardaş 3 il 7 ay Qarabağ uğunada savaşan qazi atasının əynindəki rəngi solmuş hərbi geyiminə baxıb. Sonra onu qucaqlayıb: “Kişi olan şəxs əsgərlikdən yayınmaz” deyib və hərbi xidmətə yola düşüb…
“Bu yolun gedişi var, qayıdışı yoxdur…”
Senyabrın 24 -də son dəfə valideynləri ilə danışıb. Anası Səməngül xanıma “Ana darıxmayın, mənim sizdən başqa heç kimim yoxdur”- deyib. Atasının hərbi hissəyə gəlmək istədiyini biləndə isə etiraz edib: “Ata gəlmə, burda hər şey yaxşıdır. Fərqləndiyinə görə kəşfiyyat taboruna snayperçi kimi qəbul edilmişəm..”
Atası deyir ki, övladı həmişə ona hərbi xidməti başa vurduqdan sonra gizir kimi qalıb işləmək istədiyini bildirib. Bu istək Balaqardaşın təkcə gənc əsgər kimi hərbiyə olan marağından deyil, həm də ailənin ehtiyaclarını qarşılamaq, valideynlərinə kömək etmək düşüncəsindən irəli gəlirdi. İdman yarışlarındakı uğurlarına və nizam-intizamına görə əsgər yoldaşları arasında seçilən Balaqardaş Vəliyev nümunəvi hərbi xidmətinə görə komandirləri tərəfindən dəfələrlə təşəkkür almışdı.
6 ayın əsgəri olmasına baxmayaraq Vətən müharibəsi başlayanda Balaqardaş həmlə taborunda kəşfiyatçı-snayper kimi torpaqlarımızı işğaldan azad etmək arzusi ilə döyüşlərə qatılıb. Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə ayağından yaralanıb. Yenidən döyüş meydanına atılmaq istəyəndə komandiri razı olmayıb: “Bu yolun irəliyə gedişi var, geriyə qaydışı yoxdur”
Balaqardaş “Mən bura döyüşməyə gəlmişəm” deyə bildirib və yenidən döyüşə atılıb. Suqovuşan və Hadrut uğrunda döyüşlərdə şücayət göstərib. Oktyabrın 1-də növbəti hücum əməliyyatında düşmənin snayper atəşinə tuş gələrək şəhid olub.
Həyətdə bir toyun adamı vardı…
Müharibə başlayan gündən Səməngül xanım əllərin göyə qaldırb dua edirdi: “Allah əsgər balalarımızı düşmənin şərindən qoru, ordumuzu müzəffər eylə…” Uzun müddət idi ki, oğlundan səs-soraq gəlmirdi. Həyət- bacada hər dəfə görəndə ona Balaqardaşı xatırladan atla dayça da günahkar adamlar kimi başlarını aşağı dikmişdilər.
…Ordumuz şanlı qələbə qazandı. Bakıda möhtəşəm Zəfər paradı keçirildi. Amma Balaqardaşın adı nə şəhid olan əsgərlərin, nə də itikin düşənlərin siyahısında var idi. Atasının gəzmədiyi yer, baş çəkmədiyi hərbi xəstəxanalar qalmamışdı.
Nəhayət qarın altından tapılan bir əsgərin nəşi Yevlaxa gətirilir və DNK analizi nəticəsində kimliyi təyin olunur. Dekabrın 14-də atası Balaqardaşın şəhid olması xəbərini alır. Dekabrın 15-ində şəhid əsgərin nəşi doğulub boya-başa çatdığı Masallı rayonunun Viləş kəndinə gətirildi.
…Həyətdə, yol-yolaqda əlində təzə-tər qərənfillər tutumuş bir toyun adamı vardı. Şəhid Balaqardaşın ruhu Azərbaycan bayrağına bükülmiş tabutuna yuxarıdan baxıb sanki pıçıldayırdı:
Qərənfilim, danış, din,
Səni dinləmək çətin.
Toyuma gəlməliydin,
Yasıma gətirdilər.
…Atla dayçası da sanki ruhun pışıltısını eşitmişdirlər, kişnəyə-kişnəyə özlərini ora-bura vururdular. Ətrafda nə baş verdiyini görüb duyurdular.
Şəhid anası oğlunun çiyinlərdə beşik kimi yırğalanan tabutunun altına girib ağı deyirdi: “Sonbeşik övladım, belimi qıranım, bərli-bəzəkli otağı üzünə həsrət qalanım, özü kiçik, dərdi böyük olanım…”
...O gün 18 yaşlı şəhidin tabutunun arxasınca kişnəyə-kişnəyə göz yaşlarını axıdan atı ilə dayçası Vəliyevlər ailəsinin dərdinə şərik olmağa gələn insanların çoxunun dqqətini cəlb etmişdi.
...Bu yaxınıarda Viləş kəndində olanda şəhid ailəsini ziyarət etdik. Öyrəndik ki, sahibinə vəfalı atla dayçanı şəhid atası Fərhad çanla-başla bəsləyir. Qazi ata dedi ki, ömrümün sonuna kimi onları oğlumdan qalan yadigar kimi qoruyacağam.
...İndi Vətən səmasında ulduza dönüb parıldayan şəhidlərin arasında Balaqardaşın ruhu atından və dayçasından xatircəm və şad-xürrəmdir.
Vətən oğlu, məkanın cənnət olsun. Nur içində uyu.
Nurəddin Ədiloğlu, “Cenub.az”