Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əbədiyyət qazanan şəhid ömrü


“Cenub.az” saytı yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabından növbəti yazısını təqdim edir.


Mahmudavarlı 20 yaşlı Röyad Famil oğlu Məmmədovun şəhid ömrünün qarşısında əbədiyyət kəlməsi belə sönük görünür...
Onun boya-başa çatdığı ata ocağını ziyarət etməzdən öncə dünyanın ən böyük video paylaşma sistemlərindən biri olan “YouTube”də Röyad haqqında Baku TV kanalının “Qəhrəmanlıq dastanı yazan şəhid” adı ilə təqdim etdiyi kiçik bir süjet  diqqətimizi cəlb etdi. Süjetin mətnində deyilir:


“...Keçən hər gün tarixə dönür. Amma tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var ki, unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur. Belə günləri unudulmaz edən qəhrəmanlardır. Bu qəhrəmanlardan biri də Masallı rayonunun Mahmudavar kənd sakini Röyad Məmmədovdur. Arzusu ali təhsil alıb vətəninə xidmət etmək idi. Xəyallarının bir addımlığında hərbi xidmətə yollanan Röyad 20 yaşında şəhadət zirvəsinə yüksəldi...”


 Kadrlarda Röyadın anası Samirə xanım oğlunun necə həyat dolusu uşaq olduğundan söhbət açıb deyir ki, onun saysız-hesabsız arzuları vardı. “Əsgərlikdən gələndən sonra sənədlərini ail məktəbə vermək istədi. Dedim ki, axı sən kollec tələbəsisən, iki il də oxu, sonra inşallah ali məkətə qəbul olub təhsilini davam etdirərsən...”


Biz də Röyadın atası Famil Ağacan oğlu ilə həmsöbət olduq. Şəhidin adına yaradılan xatirə güşəsində diqqətimizi Röyadın müxtəlif illərdə çəkilmiş şəkilləri və ona aid əşyaların arasında klarnet nəfəs aləti cəlb etdi. Atası bildirdi ki, hələ kənd orta məktəbində şagird olarkən Röyad Masallı Uşaq İncəsənət məktəbinin “Balaban” şöbəsində də dərs alıb.


Röyad Məmmədovlar ailəsinin böyük övladı idi, ağlı kəsən gündən anasına ev işlərində kömək etməkdən usanmazdı. Həm də özündən kiçik qardaşı Nihada dərslərini hazırlamaqda canla-başla kömək edərdi. Röyad dərslərini öyrənməklə yanaşı, həyət-bacada ağac əkib, gül becərərdi. Yeniyetmə yaşlarından futbol oynamağı çox sevərdi, hətta həqiqi hərbi xidmətdə olanda belə əsgər yoldaşları ilə birgə hissənin futbol komandasını yaratmışdılar.


 Vətən müharibəsinə qədər yaxınlarının gözündə sadə, təvazökar, məsum olan Röyad Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə könüllü qatıldı. Adı 44 gün davam edən qanlı-qadalı müharibənin odlu-alovlu səngərlərindən mətinliklə keçib, 30 ilə yaxın işğala məruz qalan yurd yerlərimizi erməni faşistlərindən azad edən igid Vətən oğullarının cərgəsinə yazıldı. 


QISA TANITIM: Məmmədov Röyad Famil oğlu 2000-ci il oktyabr 25-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2007-2018-ci illərdə Mahmudavar kənd tam orta məktəbində təhsil alıb. Eyni zamanda Masallı Uşaq İncəsənət məktəbində (2010-2016-cı illərdə)  nəfəsli musiqi aləti – balabanda ifa etməyi öyrənir. 


  Orta məktəbi bitirəndən sonra Azərbaycanın ilk özəl ali təhsil müəssisələrindən biri olan Qərbi Kaspi Universitetinin nəzdində yeni yaradılmış Qərbi Kaspi Kollecinə daxil olub. Bir ay təhsil alandan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 
2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsinin artilleriya bölməsində xidmət edib. Nümunəvi xidmətinə və yüksək döyüş hazırlığına görə hərbi hissə komandanlığı tərəfindən valideynlərinə təşəkkür məktubu göndərilib.


 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsinə könüllü qatılıb, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. 

   Noyabrın 8-də Laçından Şuşaya gələn yolu ələ keçirmək uğrunda döyüşlər zamanı şəhid olub. Şəhidin nəşi 11 noyabr 2020-ci ildə Mahmudavar kəndində böyük izdihamla son mənzilə yola salınıb.


 Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Röyad Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə" və  “Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

                                                          
Arzuların bir addımlığında...

...Vətən müharibəsində qəhrəman oğullar bir amal naminə döyüşüb, şücaət göstərsələr də, bir-birlərindən fərqli tale yaşayıblar. Mühəndis kimi gələcəkdə elinə-obasına daha çox fayda vermək arzusunda olan Röyad öz silahdaşları ilə çiyin-çiyinə döyüşərək Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində həlak olan bütün şəhidlərimizin, o cümlədən Tovuz istiqamətində düşmən təxribatı nəticəsində baş vermiş savaşda general-mayor Polad Həşimov başda olmaqla şəhid olan əsgər və zabitlərimizin qanını yerdə qoymadı. 20 yaşı yenicə tamam olmuşdu. Mərdliyi, cəsarəti Röyadın vətənpərvər əsgər kimi xarakterik cizgilərinin mükəmməlliyindən xəbər verirdi…


 Tərkibində olduğu tabor erməni sədlərini darmadağın edə-edə Xocəvəndin Tuğ qəsəbəsinə çatıb xain separatçıları diz çökdürmüşdü... 3 gün Tuğda qaldılar. Qəsəbənin ətrafını düşməndən təmizlədilər. Sonra Şuşaya yola düşdülər. Buludlu, yağışlı havada meşəliklə, sıldırımlı yollarla irəliləyib Şuşaya - Azərbaycanın musiqi və mədəniyyət beşiyinə çatanda sevincindən Röyadın ürəyi dağa döndü. Demək, tezliklə müharibə qurtaracaq, o doğma kəndinə qalib əsgər kimi qayıdacaq!..  Noyabrın 3-də son dəfə evə zəng edəndə “Şuşaya gedirik, rabitə olmasa narahat olmayın” demişdi. Şuşaya Laçından gələn dəhlizi nəzarət altına aldılar. Son döyüşlər də şəhidsiz, yaralısız olmurdu. Qardaşı Nihada ağır döyüşlərdə iştirak etdiyini ata-anasından gizli saxlamağı tamşırsa da bilmirdi ki, düşmənin minaatan qurğusunun atəşi nəticəsində qəlpə yarasından ağır yaralanacaq. Və 3 gün sonra doğma Mahmudavara bu kəndin 30 il ərzində  Qarabağ uğrunda canını fəda edən 10-cu şəhidi kimi dönəcək.  


Yağan yağışlara, əsən küləyə,
Axan ulduzlara bənzər şəhidlər.
Dönər ildırıma, dönər şimşəyə,
Düşməni doğrayar, kəsər şəhidlər.


      Məğlub olub geri çəkilən mənfur düşmənın üstünə atılanda ürəyindəki qisas hissi qollarına təpər olan Röyad adlı qalib Vətən əsgəri Şuşada dalğalanan Zəfər bayrağının kölgəsində əbədiyyətə qovuşdu.


                                                        
“Ürəyinu buz kimi saxla şəhid atası”

Bu sözləri şəhid Röyad Məmmədovun vuruşduğu tağımın komandiri, Biləsuvar rayonunun Bağbanlar kəndindən olan baş leytenant Çingiz Həziyevə məxsusdur. Şəhid anası Samirə xanımın əlini öpüb, Röyadın atası Familə “Sizin oğlunuz mərd olub düşmən qabağından bir addım da olsun geri çəkilməyib” deyən tağım komandiri şəhid valideynlərinin ziyarətinə tək gəlməmişdi. Tağımın döyüşçüləri - Lənkəran rayonunun Velədi kəndindən Samid İbadzadə, Kürdəmir rayonunun Pirili kəndindən Elşən Eyvazov, Masallının Qızılağac kəndindən Əsəd Məmmədov, Biləsuvar rayonunun Xırmandalı kəndindən Həsən Həsənov, Laçın rayonundan Nəzər Məcnunlu, Lənkəranın Vilvan kəndindən Elşad Musazadə və başqaları şəhidin ata-anasını və xatirə guşəsini ziyarət edəndən sonra müqəddəs insanların və nurlu kişilərin uyuduğu Mahmudavar kənd qəbirstanlığında Röyadın məzarına baş çəkdilər. Qardaşı Nihada: “Röyad tək sənin deyil, bizim hamımızın qardaşıdır” dedilər.

 
...Bəli, anası Samirə xanımın dediyi kimi, Röyadın gənclik arzuları çox idi. Arzuları yarımçıq qalsa da, ürəklərdə əbədiyyət qazanan şəhid ömrü yaşadı. Və 20 yaşında şəhid olsa da ən böyük arzusuna çatdı: silah yoldaşları ilə torpaqlarımızı Ermənistanın işğalından azad edib, xalqımızın 30 illik həsrətinə son qoydu. Məhz Röyad kimi oğulların sayəsində doğma Azərbaycanımız tarixi zəfər qazandı. 


Şəhidlər bu yurdun ömrünə öz ömürlərini calalayaraq ölməzliyə qovuşdular. Onlar Tanrı nuruna qənşər bir yolun əbədi yolçularıdırlar.

                                         
      İllər, qərinələr ötəcək, Vətən uğrunda canından keçən Röyad Məmmədov heç vaxt unudulmayacaq!..


                                          Nurəddin ƏDİLİOĞLU, “Cenub.AZ”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10