ABŞ, Yaponiya və digər inkişaf etmiş ölkələrdə insanlar 80-90 il yaşadığı halda niyə azərbaycanlılar 65 yaşına çata bilmir?
Əksəriyyət bunu əhalinin sosial vəziyyətinin ağır olması ilə izah edir. Maddi çətinlik, stress, sosial qayğıların insanların həyatına erkən son qoyduğu iddia edilir.
Bəziləri isə hesab edir ki, azərbaycanlılar yaşamağı bacarmırlar. Əvvəlcə övlad, daha sonra nəvə, ömür vəfa etsə nəticə qayğısı çəkmək, böyük ev, bahalı maşın eşqi ilə yaşamaq azərbaycanlıların ömrünə tez son qoyur.
Bəs görəsən, bunun əsas səbəbi nədir?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas bunu sosial qayğılarla əlaqələndirib:
“Cəmi 7 faiz əhali təqaüd alır, bu doğrudur. Azərbaycanda orta yaş həddi 71 yaşdır. İndi o qədər stress qayğı var ki... Əvvəllər belə deyildi, insanlar 90 il, 100 il yaşayırdılar. Mənim nəslimdə də 90 yaşı, hətta 95 yaşı ötənlər var. Son illərin stressi, müharibə, problemlər insanların ömrünün qısalmasında mühüm rol oynayıb. Sosial qayğılar da burada vacib faktordur”.
Yazıçının sözlərinə görə, müharibə, Vətən həsrəti görənlərin ömrünün digərlərinə nisbətən daha qısa olması başa düşüləndir:
“Mənim atam ömründə bir dəfə də həkimə getməmişdi, bir dəfə belə xəstələnməmişdi. 71 yaşında nərd oynadığı yerdə dünyasını dəyişdi. Çünki o, ömrü boyu Ağdamda yaşamışdı, evini, işini, hər şəraitini doğma yurdunda qurmuşdu, gələcək planlarını orada qurmuşdu və birdən-birə hər şey dağıldı. Balaları çöllərdə qaldı. Ağdam işğal olunanda atamın 66 yaşı var idi. Böyük bir təsərrüfata rəhbərlik edirdi, çalışırdı və bir gecədə hər şeyini itirdi. O buna dözə bilmədi,yurdundan ayrı qalmağa alışmadı və dünyasını dəyişdi. Ölüm saylarının artmasını araşdırsalar görəcəklər ki, çoxu məhz bu dərddən dünyasını dəyişib. Statistikaya baxsaq, təqaüd alan 7 faizin içərisində Qarabağ camaatı azlıq təşkil edir. Çünki bu ağır dərdə dözmək olmur. Vətən Müharibəsində oğlunun şəhid olması xəbərini alan neçə ananın ürəyi partladı. Bu faktorları da göz önünə almaq lazımdır”.