“Cenub.az” saytı yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabından növbəti yazısını təqdim edir.
QİSA TANITIM: Vəliyev Məhəmməd Nail oğlu 27 iyun 1996-cı ildə Masallı rayonunun İmanlı kəndində anadan olub. 2003 - 2014- cü illərdə Binə Xocavar kənd tam orta məktəbində təhsil alıb.
2014-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən həqiq hərbi xidmətə çağırılıb . Azərbaycan Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmət edib.
2016-cı ilin Aprel döyüşlərində minaatan batareyanın tərkibində tuşlayıcı olub. Döyüşdə və əks-hücum əməliyyatlarda fərqləndiyinə görə fəxri fərmanla təltif olunub. Ordu sıralarından tərxis olunandan sonra əsasən təsərrüfat işləri ilə məşğul olub.
2020-ci ilin iyul ayında işğalçı Ermənistan ordusunun Tovuz rayonu istiqamətində növbəti təxribatı nəticəsində baş vermiş döyüşlər zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov və başqa hərbçilərin şəhid olması Qarabağı müharibə yolu ilə azad etmək qığılcımını alovlandıranda Azərbaycanın bütün vətənpərvər gəncləri ayağa qalxıb birlik nümayiş etdirdilər. Məhəmməd də həmin günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinə müraciət edib və könüllü döyüşə getmək istədiyini bildirib.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Qubadlı rayonlarının alınması uğrunda gedən döyüşlərdə şücayət göstərib. Füzuli istiqamətində növbəti əks-hücum əməliyyatında ağır yaralanıb. Təcili reanimasiyaya aparılsa da, 2 gündən sonra şəhid olub.
Şəhidin nəşi 23 oktyabr 2020-ci ildə Sarıcəfərli kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Məhəmməd Vəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Təbiətlə dost olanın...
Təbiətə sevgi hissi Məhəmmədin ürəyinə göz açıb gördüyü doğma evin həyət-bacasından, təhsil aldığı orta məktəbin bağ-bağçasından başlamışdı. Yeniyetmə çağlarından Masallı bulaqlarının zümzüməsi, Viləş çayının həzin səsi, zümrüd rəngli meşələrin, əzəmət və vüqar rəmzi olan dağların ecazkarlığı onun canına hopmuşdu. Məhəmmədin təbiət vurğunu olması barədə atası Nailin, anası Zümrüd xanımın söhbətlərini dinləyərəkən Azərbaycan təbiətinin cəfakeşi, akademik Həsən Əliyevin bir müdrik fikrini xatırladım: “Təbiəti sevən, təbiətlə daima təmasda olan insan heç zaman nankor, rəhmsiz, vicdansız ola bilməz.” Bəli, gerçəkdən təbiəti sevən insanlar mənən zəngin, həssas olurlar, Vətəni sonsuz məhəbbətlə sevir, dostlarına etibarı, dövlətə sədaqətli ilə seçilirlər. Doğma yurd sevgisi, Vətən kəlməsi Məhəmməd üçün sevimli şairimiz Əliağa Kürçaylının bir şeirində poetik rənglərlə tərənnüm etdiyi kimi müqəddəs idi:
Mən səndən bir yaşıl budaq istədim,
Sən mənə bəxş etdin zümrüd meşələr.
Mən səndən kiçik bir otaq istədim.
Sən mənə bəxş etdin dilbər guşələr.
Bəlkə, buna görə əzəmətlisən -
Nəyin var vermisən əsirgəmədən!
Sən bir ana kimi səxavətlisən,
Anam Azərbaycan, Vətən, can Vətən!
Məhəmmədin doğma Vətənin gözəl təbiətinə olan sevgisi ona təhsil aldığı məktəbdə, yaşadığı kənddə hamının xətir-hörmətini qazandırmışdı. Tay-tuşları ilə futbol oynamağı, mövsüm vaxtları ağac əkməyi, balıq ovlamağı çox sevərdi. Atası deyir ki, Məhəmməd heç vaxt balıq ovundan əli boş qayıtmazdı. Atalar sözü var: “Əsl ovçuya dağı göstərərlər, ovu yox.”
Yeniyetmə yaşlarındən traktorçu atasına kömək edən Məhəmməd ailəsinin, eləcə də kənd adamlarının əkib-becərdiyi torpağın ətrini duyduqca Vətən sevgisi daha da şirinləşir, onu daha qırılmaz tellərlə öz elinə, obasına bağlayırdı.
“Dədə-Qorqud” filmində ibrətamiz bir epizod görünür ki, bir çox gənclərimiz kimi Məhəmmədin də yaddaşına dərin iz buraxmışdı. Həmin epizodda el ağsaqqalı Dədə Qorqud bir gəncə belə bir nəsihət verir: ”Torpağı həm əkib-becərmək, həm də qorumaq lazımdır. Əgər torpağı əkib-becərməsən, onu qorumağına dəyməz, qorumasan, onda əkib becərməyinə dəyməz.”
Təbiəti sevmək, babalardan miras qalan torpağın hər qarşının qədrini bilmək qeyrətli Vətən övladı kimi Məhəmmədin də məslək işi, həyat amalı idi. Aprel döyüşlərinin odlu-alovlu səngərlərindən keçmişdi. Ordu sıralarından tərxis olunandan bir il sonra sevdiyi qızla nişanlanıb, ailə həyatı qurmuşdu.
2019 -cu il aprel ayının 8-də ekiz övladı – Xədicə ilə Həsən dünyaya göz açdılar. Xoşbəxt həyat yaşayırdı. Amma ana Vətənin qəlbində Qarabağ dərdi, Qarabağ nisgili hamı kimi onun da ən ağrılı yeri idi.
“Qələbə ilə geri dönəcəyəm...”
Sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin uzun illər işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını zəruri etdi. Məqsədi bir idi: "Qarabağ Azərbaycandır!" deyib torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılmaq və düşməndən qisasımızı almaq...
Vətən igid oğullarını döyüş meydanına səsləyəndə Məhəmməd də könüllü olaraq cəbhəyə yollandı. Aprel döyüşlərində qazandığı təcrübə və atıcı silahların sirlərinə dərindən yiyələnməsi ona erməni faşistlərinə qarşı döyüşdə daha amansızlıqla vuruşmağa sövq edirdi. Məhəmməd 44 gün çəkən Vətən müharibəsinin 22 günü ərzində dəfələrlə düşmənin atəş nöqtələrinin susdurulmasında xüsusi fəallıq göstərdi.
Füzuli rayonu istiqamətində ağır döyüşlərdə düşmənin onlarla hərbi texnikasını, canlı qüvvəsinin məhv edilməsinə fəal iştirak edən Məhəmməd növbəti əks-hücüm əməliyyatı zamanı qəhrəmancasına döyüşərək çox ağır yaralandı... Onu ölümün pəncəsindən qürtarmağa üçün döyüş yoldaşları təcili savaş meydanından çıxartılar...
Bir neçə gün əvvəl həyat yoldaşı ilə son dəfə danışanda Məhəmməd belə demişdi: “Özünə, oğlumuz Həsənə, qızımız Xədicəyə yaxşı bax, tezliklə qələbə ilə geri dönüb görüşəyəyik.”
...Tale elə gətirdi ki, Məhəmməd ömründə ilk dəfə sözünün üstündə dura bilmədi. Və yaralanandan iki gün sonra ruhlar aləminə qovuşdu.
Qəhrəman şəhidin mərd atası
Əməli-saleh, vicdanı təmiz, halal zəhmət adam olan və halallığı oğlu Məhəmmədin təbiət sevgisi qədər əziz tutan Nail Xəmməd oğlu ilə görüş ərəfəsində Masallı RİHB-nın Çaxırlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin baş məsləhətçisi Ziyafət Məmmədov bizə maraqlı bir epizod danışdı. Şəhid oğlunun nəşi torpağa tapşıran gün Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Nailə üzünü tutub deyir: “Məhəmməd əvvəl bir ailənin oğlu idi, indi bütün Azərbaycanın övladıdır!.. Bizə aid nə istəyiniz var, buyurun, qapımız hər zaman üzünüzə açıqdır.”
Şəhid atası tərəddüt etmədən atasız qalan nəvələrini göstərib deyir: “Bu əkiz uşaqlar Məhəmmədin yadigarıdır. Mənim onlara görə sizdən heç bir təmənnam yoxdur. Yaxşı olar ki, ərəzimizdə yaşayan bütün uşaqlar üçün müasir tipli bağça tikdirəsiniz...”
Məhəmməd kimi bir igidin atasından bu istəkdən başqa nə gözləmək olardı?
Müdriklər haqlı olaraq deyirlər ki, doğumdan və ölümdən qaçmaq olmaz! İnsan oğluna bu iki labüdlük arasında yalnız xeyirxah işlər görmək qalır. Gərək ürəkdə kibritdən yox, haqqdan yanan çıraq ola. Hər bir şəxs ona bəxş olunan ömür payını şərəflə, ləyaqətlə yaşayamalı, yüksək əxlaq və fəzilət sahibi kimi insanlara və insanlığa nümunə olamalıdır. Şəhid Məhəmmədin özü kimi, atası Nail də təmənnasız qayğısı ilə insanlara nümunədir.
Əminik ki, şəhid atalarının yarımçıq qalan ömrünü qızı Xədicə, oğlu Həsən də gələcəkdə öz əməllərində davam etirib, adına layiq yaşayacaqlar... Yazımıza Binə Xocavar məktəbinin məzunu zabit Hikmət Məmmədlinin şəhid Məhəmməd Vəliyevin əziz xatirəsinə həsr etdiyi şeirinə cüzi əl gəzdirərək yekun vurub, onu “Şəhidlik manifesti” kitabının oxucularına təqdim edirik:
Bizlərə dağ çəkdi yaralı cismin,
Axdı gözümüzdən qan, ay Məhəmməd!
Peyğəmbər adıdır o gözəl ismin,
Nur üzlü şəhidim, can ay Məhəmməd!
Torpağa can dedin, apardı səni,
Öz canından da çox sevdin Vətəni,
Məhv etdin döyüşdə yağı düşməni,
Vermədin düşmənə aman, Məhəmməd!
Anan Zümrüd xanım, qəhrəman qadın,
Etdi el yolunda qurban övladın,
Yazılıb tarixə əbədi adın,
Qazandın özünə ad -san Məhəmməd!
Sən ey Vətənimin igid övladı,
Qovdun Qarabağdan yağını-yadı,
Sənə qismət oldu şəhidlik adı,
Fəxr edir səninlə cahan Məhəmməd!
Haqqa qovuşanlar geriyə dönməz,
Yaşarlar qəlblərdə - danışmaz, dinməz,
Vətən bölünməzdi, şəhidlər ölməz,
Ölməyib yaşayır hər an Məhəmməd!
Nurəddin Ədiloğlu, “Cenub.az”