“Cenub.az” saytı yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabından növbəti yazısını təqdim edir.
...Məhəmməd bu sözləri anası Gülər xanıma Şuşanın işğaldan azad olunduğu gün demişdi: “Ana, ölməyəcəyəm, bizim ölməyə haqqımız yoxdur, hələ burda çox lazımıq, tezliklə evimizə dönəcəyəm...”
Əliyevlər ailəsinin yeganə oğul övladı, 21 yaşlı Məhəmməd odun - alovun içindən keçib tarixi Zəfərimizin bir addımlığında olan günə qədər ata-anasına: “Mən müharibə bölgəsində deyiləm”, - deyə heç bir narahatlıq yaşatmadı. Hərbi əməliyyatlarda iştirakını doğmalarından “sirr kimi” saxlayan bu gənc İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatıldığı ilk gündən qızğın döyüşlərin önündə gedənlərdən biri olub. Qəlbindəki Vətən sevgisi ilə Füzulidən Şuşaya qədər Xocavənd, Hadrut, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb. Neçə-neçə şəhid və yaralı əsgərlərimizi savaş meydanından çıxardaraq yenidən döyüşə atılıb. Əlində silah, ürəyində qələbəyə böyük ümidlə igid Vətən oğullarının sırasında erməni faşistlərin üzərinə yeriyib, döyüşlər zamanı şəxsi nümunə göstərdi. Cəngavər oğullarımızın qarşısında qarı düşmən tab gətirə bilmirdi. Məhəmmədin atası İlham demişkən, ermənilər gözlərini açanda gördülər ki, bizim döyüşçülərimiz artıq Şuşadadır.
Elə Şuşanın əzəmət və vüqar rəmzi olan dağlarını görəndə Məhəmməd də ilk dəfə sevincini doğmaları ilə paylaşıb. O gün qızıl payız Şuşaya qələbə libası biçmişdi.
O gün şair Arif Fərzəli demişkən:
Titrətdi dünyanın hər tərəfini
Bu müjdə: işğaldan qurtardı Şuşa,
Adını, odunu, şan-şərəfini-
Özünü - özünə qaytardı Şuşa.
... Şuşanı özünə qaytaran igid oğullardan biri də Məhəmməd idi.
QISA TANITIM: Əliyev Məhəmməd İlham oğlu 9 yanvar 1999- cu ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olub. 2004- cü ildə Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin hazırlıq sinfinə, 2005 - ci ildə həmin məktəbin birinci sinfinə daxil olub. 2016-cı ildə Böyük Xocavar kənd tam orta məktəbini bitirib. 2017-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda "N" saylı hərbi hissədə davam etdirib. Nümunəvi xidmətinə görə təşəkkürnamələr alıb. Vətən qarşısında borcunu şərəflə yerinə yetirərək 2018 - ci ilin iyul ayında ordu sıralarından təxris olunub.
Tovuz rayonu istiqamətində erməni təxribatı nəticəsində baş verən döyüşlərdə general Polad Həşimovun şəhid olması bütün vətənpərvər gənclərimiz kimi, onu da hiddətləndirib və könüllü olaraq döyüşlərə yollanmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinə müraciət edib.
27 sentyabr 2020 - ci ildə işğalçı Ermənistanın növbəti silahlı təxribatına qarşı başlayan Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzulidən Şuşaya qədər gedən döyüşlərdə böyük şücayət göstərib.
Noyabrın 8-də Şuşada yüksəklikdən düşmən snayperinin açdığı atəşdən ağır yaralanıb və şəhid olub.
Şəhidin nəşi 11 noyabr 2020 - ci ildə doğulduğu Böyük Xocavar kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məhəmməd Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Arzusu hərbçi olmaq idi, amma...
Qədim Naxçıvan torpağını üzük qaşı kimi qoynuna alan Şahbuz dağlarında həqiqi hərbi xidməti başa çatanda Məhəmməd ata-anasına bildirir ki, arzusu müqavilə əsasında müddətdən artıq hərbi xidmətə könüllü daxil olmaqdır. Lakin 3 bacının yeganə qardaşı olduğu üçün ailəsi razı omur.
Məhəmmədin atası İlham sadə zəhmət adamıdır. Əvvələr Masallı Rayon Elektrik Şəbəkəsində montyor işləyib. Məhəmməd də ordudan tərxis olunandan sonra əlini zəhmətə alışdırıb. Avtomobil təmiri işlərini mükəmməl oyrənib. Çalışdığı sahədə ona müraciət edən adamların hörmətini qazanıb. Əxlaqına və qabiliyyətinə görə sayılıb-seçilib. Yeniyetmə yaşlarında Quran dərsi alıb, dini kitablar mütaliə etmişdi. Nəcib keyfiyyətlərə malik, gözəl mənəviyyat sahibi kimi boya-başa çatmışdı. Ona görə yaşadığı el-obada hamı onun hörmətini uca tuturdu.
Sən demə, yiyələndiyi sənət ona Vətən müharibəsində düşməndən qənimət götürdükləri xarab “Niva” və “UAZ” markalı maşınları təmir edib, yaralıları döyüş meydanından çıxarmaq üçün daha çox gərəkli olacaqmış...
“Sizdən nə gizlədim, düzü, oğlumun müharibəyə könüllü yola düşmək fikrini biləndə ərklə ona “getmə” dedim. O, mənə cavab verdi ki, ermənilər deyir ki, Bakıya gəlirik” - deyə atası İlham söhbətə başlayır. Deyir ki, oğlum olduğu üçün demirəm, Məhəmməd təkcə ailədə deyil, kəndimizdə də hamıya can yandırırdı. Öz halal zəhməti, alın təri sayəsində insanların sevgisini qazanmışdı...
Oğlunun əsgər yoldaşlarının onunla daim əlaqə saxladığını bildirən şəhid atası deyir ki, həqiqi hərbi xidmətdə olanda Məhəmməd minaatan kimi təlimlərdə iştirak etmişdi. Vətən müharibəsində təkcə minaatanla deyil, müxtəlif çaplı silahlarla döyüşən Məhəmməd bacarıqlı əsgər kimi həmişə ona verilən tapşıriqlarının öhtəsindən ləyaqətlə gəlirdi...
“Mənim silahım ağır idi. Bir dəfə xəstələnmişdim, Məhəmməd həm öz silahını daşıyırdı, həm də mənim...” Hamlet adlı döyüş yoldaşı bildirib ki, Məhəmməd 20-dən çox yaralı əsgərlərimizi odun-alovun içindən çıxarıb.
Məhəmmədlə bir döyüşdə iştirak edən həmkəndlisi qazi Talıb Qəzənfərlinin sözlərinə görə, ağır yaralanarkən onu da döyüş meydanından Məhəmməd çıxarıb.
Atası deyir ki, həyatda sağ qaldıqları üçün özlərini Məhəmmədə borclu bilən bir çox döyüş yoldaşları onun ruhuna ehtiram əlaməti olaraq məzarının ziyarətinə gəlirlər. Alışanlı kəndindən Xalid adlı bir döyüşçü isə oğlunun məzarını tez-tez ziyarət edir.
“Oğlum hər zəng edəndə bir qurban boyun alırdım...”
Qalibiyyət uğrunda Şuşa istiqamətində döyüşlərə atılan Məhəmməd bir dəfə əsir aldığı bir erməni əsgərini tərki-silah edəndə onun gəzdirdiyi şəxsi əşyalarının arasında bir təsbeh görür. Təsbehin səkkizguşəli naxışlarından hiss edir ki, bu, əl işi Azərbaycan sənətkarına aiddir. İndi həmin təsbeh şəhid Məhəmmədin ata ocağında yaradılmış xatirə guşəsində saxlanılır.
Şəhid atası oğluna aid əşyaları bizə göstərəndə çox kövrəlir: “Məhəmməd hər zəng edəndə Allaha şükür edib, bir qurbanlıq boyun alırdım”,-deyir. Nə qədər təsəlli versək də onun yeganə oğul itkisindən doğan kədəri qarşısında sonsuz üzüntü duyuruq.
Sonra İlham özünü ələ alır. Onunla şəhid olandan 2 ay sonra 22 yaşı tamam olan Məhəmmədin məzarını ziyarət etməyə yollanırıq. Yolboyu bildirdi ki, Böyük Xocavar kəndinin küçələrindən biri şəhid oğlunun adını daşıyır. “Amma mən həyətimizin yola yaxın hissəsində öz xərcimlə, daha doğrusu, oğluma görə ailəmizə verilən sığorta pulu ilə xatirə parkı yaratmaq istəyirəm. Birincisi, mən o pulu başqa heç nəyə xərcləyə bilmərəm, ikincisi, qoy yolla ötüb keçən indiki gənc nəsillər xatirə parkına baxanda unutmasınlar ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində bizim Məhəmməd kimi nə qədər igid oğullarımız şəhid olublar. Ona görə də hər zaman düşmənə qarşı ayıq-sayıq olsunlar...”
Elə Qarabağ ətirli arzusu cin olan Məhəmmədin ruhu da çanını fəda etdiyi Vətənə bunu pıçıldayır:
Bu can qurbanındır, canımın canı,
Təzədən doğulmaq istəyir ürək.
Şah İsmayıl duran sərhədlərində,
Ömür kirpik-kirpik asılsın gərək!*
Bəli, Vətən, yurd naminə şirin canından keçən bütün şəhidlərimiz bizim üçün müqəddəsdir. Onları tanımaq və gələcək nəsillərə tanıtmaq həm də qələm adamı olaraq bizim hər birimizin borcudur.
Nurəddin ƏDİLOĞLU, “Cenub. az”
________________
*Şeir şair Balayar Sadiqindir.