Dövlət strukturları vətəndaşın vaxtına və şəxsinə həssas yanaşmanı təmin etmək üçün hansı addımları atmalıdır?
Azərbaycanda saxta yollarla əlillik sənədinin əldə olunması uzun illərdir tətbiq olunan korrupsiya mexanizmidir. Heç kimə sirr deyil ki, bu mexanizmin işə düşməsinin əsas səbəbi ötənlərdə əhalinin sosial-iqtisadi vəziyyətinin aşağı, maddi imkanlarının məhdud olması, ən vacibi isə iş yerlərinin olmaması ilə bağlı idi. Ötən əsrin 90-cı illərindən başlayaraq insanlar, xüsusilə də regionlarda heç bir qazanc yeri olmayan vətəndaşlar sağlamlıqlarındakı kiçik problemi sənəd üzərində böyüdərək məbləği az da olsa, müntəzəm aylıq gəlir əldə etməyə çalışıblar. Nəticədə ölkədə əlillərin sayı sürətlə artıb.Uzun illər boyu əlillərin sayının artması dövləti, onun müvafiq strukturlarını elə də narahat etməyib - aşağı bir məbləği əhatə edən əlillik müavinəti, yaxud əlilliyə görə pensiya büdcəyə ciddi bir yük yaratmırdı. Əvəzində isə işsizliyin tüğyan etdiyi regionlarda sosial gərginliyin qarşısını alırdı. Ta o vaxta qədər ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə pensiya və müavinətlərin həcmi artırıldı. Eyni zamanda minimum əmək haqqının məbləği iki dəfəyə yaxın qaldırıldı ki, bu da bir çox kateqoriyalar üzrə pensiya məbləğlərinin artmasına gətirib çıxardı. Beləliklə, əlaqədar təşkilatlar baxdılar ki, əlilliyə görə pensiya, müavinət alanların sayı çoxdur və büdcədən kifayət qədər yüklü bir məbləğ onların təminatına sərf olunur. Buna görə də saxta əlillik sənədləri alanların müəyyənləşdirilməsi istiqamətində işlər başlandı. İlkin mərhələdə - 2020-ci ilin əvvəlinədək bu proses kifayət qədər həssaslıqla həyata keçirildi. Bu müddətdə 7 minə yaxın saxta əlillik aşkarlandı, ləğv olundu. Və cəmiyyətdə heç bir narazılıq, problem doğurmadı. Çünki hərtərəfli araşdırılma aparılmaqla həqiqətən saxta əlillik sənədləri olanlar üzə çıxarılırdı, qarşı tərəf də haqsız olduğunu bildiyinə görə susurdu.
2020-ci ilin əvvəlindən etibarən proses kütləviləşdirildi. Bunun da əsas səbəbi 2016-cı ildə Nazirlər Kabineti tərəfindən əlillik müddəti 5 illiyinə artırılmış 190 min nəfərin yenidən əlilliyin qiymətləndirilməsi prosesindən keçməsidir. Bu şəxslərin hamısı üzrə qanunvericilikdə əvvəlcədən nəzərdə tutulan prosedur həyata keçirilir: əlillik dərəcəsi, sağlamlıq vəziyyəti yenidən qiymətləndirilir. Prosesin kütləviləşməsi ilə haqsızlıqların, yanlış yanaşma və qərarların alınması da başlandı, getdikcə də artdı. Problemi dərinləşdirən əsas səbəb əlilliyin yenidən qiymətləndirilməsi prosesinin hədsiz ləng aparılması, insanların aldığı müavinətlərin, pensiyaların dayandırılmasıdır. On minlərlə şəxsin eyni vaxtda demək olar ki, yeganə gəlir mənbəyindən məhrum olması, təbiidir ki, sosial gərginlik yaranmasına gətirib çıxarmalıdır. Və bu proses başlayıb: əlillik təyinatında iştirak edək müəssisə və təşkilatların qarşısında yüzlərlə insanın iştirakı ilə uzun növbələrin yaranması, müvafiq dövlət qurumlarının adi bir sənədə baxmasının heç bir əsas olmadan aylarla yubadılmasının cəmiyyətdə, insanlarda narazılıq yaratmayacağını düşünmək sadəlövhlük olardı.
Baş verənlər göstərir ki, əlillik təyinatı, yenidən qiymətləndirmə prosesində iştirak edən dövlət qurumları nəinki yüz minlərlə, heç minlərlə insanı eyni vaxtda qəbul edib, sənədlərini dəyərləndirmək imkanında deyil. Bu qurumların faktiki olaraq nə insan, nə də texniki imkanları prosesi vaxtında, ədalətli və obyektiv həyata keçirməyə yetərli deyil. Məhz buna görə də hazırda əlilliyin yenidən qiymətləndirilməsi üçün bütün ölkədən vətəndaşların Bakıya axını var. Bakıda bu işə təhkim olunan müəssisələr isə gələnləri vaxtında qəbul edib, müvafiq qiymətləndirməni aparmaq gücündə deyil. Olmadıqlarına görədir ki, apreldə müayinə üçün Bakıya gələn şəxsə dekabr ayına növbə təyin edilir və bu müddətdə həmin şəxs pensiya-müavinət ala bilməyəcək. Yaxşı, bu adam əksər hallarda yeganə gəlir mənbəyindən məhrum edilirsə, onun buna etiraz edəcəyini, narazı qalacağını qabaqcadan görmək elə də çətin olmamalıydı axı...
Bir qədər gec də olsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu problemin aradan qaldırılması məqsədilə zəruri addımı atıb. Belə ki, nazirlik “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsi hazırlayıb. Layihə artıq Milli Məclisə təqdim edilib, ilkin müzakirədən keçib. Layihədə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş müddətin nəzərə alınması təklifi yer alıb. Bu o deməkdir ki, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək. Həmin müddət üçün də vətəndaşın sosial ödənişləri aparılacaq.
Beləliklə, insanların ən böyük narazılıq mənbələrindən biri aradan qaldırılmış olur. Qalır digər məsələlər. Bunlar da kifayət qədər ciddi və operativ həll tələb edən problemlərdir. Birinci məsələ, insanların müvafiq müayinələrdən öz yaşadığı ərazidə keçməsinin təmin olunmasıdır. Nazirlər Kabinetinin 2020-ci ildə təsdiqlədiyi “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları ( Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (göndəriş) əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
Əlilliyin qiymətlləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə xidmətə ötürülür və yekun qərar bu Qaydada göstərilən müddətdən gec olmayaraq xidmət tərəfindən qəbul edilir.
Göründüyü kimi, heç də bütün səhiyyə müəssisələrinin əlilliyin qiymətləndirilməsi üçün tələb olunan “forma 88"-i vermək hüququ yoxdur. Bu isə insanların yaşayış yerindən uzaq, əksər hallarda isə Bakıda yerləşən müəssisələrə axışmasına, növbələrin yaranmasına gətirib çıxarır. Bunu nəzərə alaraq, müvafiq strukturlar ya lazım olan sənədi tərtib etmək hüququ olan müəssisələrin sayını artırmalı, ya da mövcud müəssisələrdəki insan və texniki imkanları genişləndirməlidilər. Bunun başqa yolu yoxdur.
Digər tərəfdən, səhiyyə müəssisələrinin verdiyi sənədlərin TSEK sistemində yoxlanma və qərar verilmə müddəti azaldılmalıdır. Qanunvericilikdə maksimum müddət 25 iş günü olsa da, son vaxtlar bu tələbin pozulması, bir sənəd üzrə yekun qərarın iki ayadək müddətdə verilməsi halları çoxalıb. Bu isə əhali arasında narazılığı gücləndirən amillərdən biridir.
Hesab edirik ki, son iki problemin aradan qaldırılması hazırda vətəndaşlar arasında yaranan ciddi gərginliyin aradan qaldırılmasına böyük ölçüdə imkan verəcək. Nəzərə almaq lazımdır ki, artıq isti yay günləri başlayır, insanların saatlarla, günlərlə növbədə dayanması faktiki olaraq mümkünsüz olacaq. Buna görə də həm TƏBİB, həm ƏƏSMN, həm də digər qurumlar bu məsələlərlə bağlı ən qısa zamanda müvafiq addımlar atmalıdılar.
Əlilliyin yenidən qiymətləndirilməsi zamanı saxta əlilliklərin ləğvi ilə yanaşı, həqiqətən sağlamlığını itirmiş insanların da hüquqlarının pozulması halları da vətəndaşların narazılığına səbəb olur. Bu halın aradan qaldırılması üçün də dövlət qurumlarının təcili addımlar atması zəruridir. Xüsusilə də Qarabağ döyüşlərinin iştirakçısı olan şəxslərə qarşı son dərəcə həssas yanaşmanın olması gərəkir. Elə bu məsələ ortaya əlaqədar dövlət qurumlarında, xüsusilə də səhiyyə müəssisələrində çalışan şəxslərin müraciət edənlərlə davranışlarına diqqət yetirilməsi amilini çıxarır. Heç kimə sirr deyil ki, bir çox hallarda insanlara münasibət yumşaq desək, ürəkaçan deyil. Bəzənsə ən adi nəzakət qaydalarına belə əməl olunmaması halları qeydə alınır. Son günlərdə baş verənlər göstərir ki, belə münasibət, ciddi problemlərə yol açır. Buna görə də dövət qurumlarında çalışan şəxslər vətəndaşlara münasibətlərinə yenidən baxmalıdılar.
Nəhayət, daha bir mühüm məsələ saxta əlilliyi alanla yanaşı, onu verənlərin də cəzalandırılmasıdır. Aydındır ki, saxta sənədi verən dövlət məmuru, həkim onu alandan daha çox məsuliyyət daşıyır. Son illərdə belə saxtakarlığa yol verən xeyli vəzifəli şəxs cəzalandırılıb. Lakin əgər saxtakarlıq hallarının sayı on minlərlə ölçülməyə başlayıbsa, demək, məsuliyyətə cəlb olunmalı şəxslərin heç də hamısı cəzalandırılmayıb. Buna görə də ən çox saxta sənədlərin verildiyi rayonların əlaqədar şəxslərinin məsuliyyətə cəlb edilməsi cəmiyyətdəki narazılığı azaldacaq addımlardan biri ola bilər.