Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda uşaq ölümlərinin əsas səbəbləri


Pediatrlar valideynləri diqqətli olmağa çağırdılar; ölkədə uşaqlar arasında onkoloji problemlər də artıb...


Bir neçə gün öncə Salyanda 5-ci sinif şagirdi Həvva Əlizadə qaraciyər sirrozu xəstəliyindən dünyasını dəyişib. Bu hadisə bir çoxlarını üzməklə yanaşı, həm də təəccübləndirib. Çünki bildiyimiz qədər kiçik yaşlı uşaqlarda qaraciyər sirrozu nadir hallarda rast gəlinir.
Bəs uşaqlarda bu xəstəlik nə zaman aşkarlanır? Valideynlər hansı məsələlərdə daha diqqətli olmalıdır? Ümumiyyətlə, Azərbaycanda uşaq ölümlərinin əsas səbəbi nədir?

Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəssisi, professor Nəsib Quliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı. Baş pediatr ilk öncə qaraciyər sirrozunun əsas səbəbi kimi Hepatit B virusunu göstərdi: “Həmçinin Hepatit virusunun digər növlərində də qaraciyər sirrozu yarana bilir. Digər səbəb isə qan damarının qaraciyər qapısından keçən damarların inkişaf qüsuru ilə bağlı baş verə bilər. Sirroz, yəni qaraciyər toxumasının sıradan çıxması, qaraciyərdə olan funksional hüceyrələrin əvəzinə birləşdirici toxumanın əmələ gəlməsidir. Nəticə etibarı ilə bu da qaraciyər çatışmazlığına gətirib çıxarır ki, onun da müalicəsi ancaq mümkün olan hallarda qaraciyər köçürməsi yolu ilə baş tutur. Başqa cür müalicəsi yoxdur.

Valideynlərə məsləhətimiz odur ki, uşaqlara hər zaman diqqət göstərsinlər. Uşaq 10-11 yaşına çatanda artıq onda qaraciyər sirrozu aşkarlanmalı deyil. Vaxtında uşaq əgər sarılıq keçirirsə, narahatçılığı varsa, valideyn təcili həkimə müraciət etməlidir və təcili müalicələrə başlanılmalıdır. Sirroz xəstəliyin son mərhələsi, finalıdır. Bu vaxta qədər görün nə qədər yol gedilir. Başlanğıcda aşkar edilib, aydınlaşdırılıb, tədbir görülməlidir".
Nəsib Quliyev vəzifəsindən azad edildi - Open.az
Nəsib Quliyev

Baş pediatr ölkədə uşaq ölümlərinin əsas səbəblərindən də söz açdı: “Ölkəmizdə uşaq ölümlərinin əsas səbəbləri əsasən tənəffüs sistemi xəstəlikləri və yeni doğulma dövründə baş verən xəstəliklərdir. Dünyanın inkişaf etmiş ölkələrində də bu iki problem öndədir. Daha sonra digər səbəblər gəlir”.

Pediatr Vaqif Qarayev qeyd etdi ki, 5-ci sinif şagirdində qaraciyər sirrozunun aşkar edilməsi onun üçün də təəccüblü olub: “Kiçik yaşlı uşaqda bu cür xəstəlik niyə olsun? Geniş yayılmış Hepatit virusları var ki, bu da vaxtında aşkar edilməlidir. Uşaqlarda Hepatit B virus çox nadir hallarda aşkarlanır. Əgər vaxtında bu xəstəlik aşkarlanmazsa, onun son nəticəsi qaraciyər sirrozu olur ki, bu da ölümə gətirib çıxarır”.
VAQİF QARAYEV,
Vaqif Qarayev

Pediatr uşaqlarda ölümlə nəticələnən digər xəstəliklər haqqında da danışdı: “Bu məsələ ilə bağlı müəyyən yaş qrupları var. Məsələn, yeni doğulan uşaqların özlərinin müəyyən yaş qrupları olur. Belə ki, südəmər dövrü, 3 yaşa qədər qrupda olanlar, daha sonra isə 3 yaşdan məktəb yaş dövrünə qədər. Hər dövrün də öz xəstəlikləri var. 2 yaşlı uşaqlarda ölüm səbəbləri əsasən tənəffüs yolları, mədə-bağırsaq yolları xəstəlikləri, mərkəzi sinir sisteminin xəstəlikləri və genetik xəstəliklər. Bu təkcə bizdə deyil, bütün dünyada belədir. Kiçik yaşlı uşaqların xəstəliklərə kifayət qədər müqaviməti olmadığından, tənəffüs sistemi xaricdəki viruslara qarşı həddindən artıq həssas olduğuna görə xəstəliyə çox tez-tez tutulurlar. Vaxtında müdaxilə olmayanda isə əksər hallarda ölüm ilə nəticələnir. Eynilə mədə-bağırsaq xəstəlikləri - uşaq yay aylarında düzgün qidalanmadıqda, köhnə, yaşına uyğun olmayan qidalar qəbul etdikdə mədə-bağırsaq sistemində pozulmalar olur. Vaxtında həkim müdaxiləsi olmasa, susuzlaşmadan, yəni qusma və ishaldan uşaq həyatını itirir. Həmçinin mərkəzi sinir sistemi xəstəlikləri - meningit və sairə də var ki, onlar da uşaqlar üçün qorxulu xəstəliklərdir, uşaq həyatını itirə bilir.

Genetik xəstəliklər - ana olmağa hazırlaşan qadınlar hamiləlik dövründə mütləq müayinələrdən keçməlidir. Bəzi xəstəlikləri hələ ana bətnində müəyyən etmək mümkündür. Məsələn, Daun, talassemiya xəstəliyini hamiləlik dövründə müəyyən etmək olur. Lakin xüsusən regionlarda hamilə qadınlar bir çox hallarda həkimə getməkdən yayınır, müayinə olmur, nəticədə əlil uşaqlar dünyaya gəlir. Daha bir məsələ - Azərbaycanda qohum nikahlar xoşagəlməz vəziyyətdədir. Bu barədə nə qədər danışılsa da, hələ də qohum nikahlar mövcuddur. Ümumiyyətlə, qohum nikahlardan olan uşaqlar risk qrupuna aiddir. Bəzən qohum nikahdan sağlam doğulan uşaqları nümunə gətirib, özlərinə bəraət qazandırmaq istəyənlər olur. Lakin nə vaxtsa bu məsələ özünü göstərir. Yəni əgər genetik kodda dəyişiklik olursa, növbəti mərhələlərdə özünü göstərəcək.
Erkən nikahlar da böyük bəlamızdır. Əksərən azyaşlı qızlar hamilə olarkən onların hamiləlikləri yarıda kəsilir. Bu zaman doğulan uşaqların inkişafında, o cümlədən mərkəzi sinir sistemində, fizioloji quruluşunda ciddi qüsurlar özünü göstərir. Bu da uşaq ölümlərinin səbəblərindən biridir. Məktəbli yaşlı uşaqlarda isə daha çox xroniki infeksiyalar özünü göstərir. Vaxtında aşkar və müdaxilə olunmadıqda bu xəstəliklər ürək qüsuru ilə nəticələnir. Sonda uşaq ya əlil qalır, ya da ki, həyatını itirir. Həmçinin müəyyən yaş qruplarında uşaqlarda irsi şəkərli diabet xəstəlikləri özünü göstərir. Bunun üçün uşaqlar vaxtında müayinə olunmalıdır".

Həkim son vaxtlar uşaqlar arasında onkoloji problemlərin də artdığını vurğuladı: “Doğrudur, hamı uşaqlarda onkoloji xəstəlik deyəndə leykozu düşünür. Lakin onkoloji problem təkcə qan sistemində olmur. Əgər uşaqlarda sarılıq, baş ağrısı varsa, mütləq müayinə olunmalıdır. Bəzən olur ki, xoş təsadüf nəticəsində baş-beyin müayinə olunanda orada şiş aşkar olunmur. Yəni uşağın rəngi solğundursa, zəifdirsə, tez yorulursa, yemirsə, yatmırsa, məktəb dərslərini yaxşı qavramırsa, oxuya bilmirsə, mütləq müayinə olunmalıdır. Beləliklə, bu məsələdə ən mühüm olan - uşaqlar vaxtında müayinə olunmalıdır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10