Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İstiqlal Gününə soyuq münasibət


Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 103 il ötür. 1918-ci ilin bu günü Tiflis şəhərində, Qafqaz canişinliyinin binasında keçirilən Azərbaycan Milli Şurasını iclasında İstiqlal Bəyənnaməsi qəbul olunub. Şura sədri Məhəmməd Əmin Rəsulzadə Batumda Azərbaycanın müstəqilliyi ilə bağlı Osmanlı İmperiyası ilə danışıqlar apardığı üçün iclasa Həsən bəy Ağayev sədrlik edib. 
Bu il həm də Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən 30 il keçir. 1991-ci ildən davam edən müstəqillik tarixində ölkəmiz Rusiya dəstəkli erməni işğalı ilə, çoxsaylı daxili və xarici problemlərlə üzləşib. Ötən il baş verən 44 günlük müharibədə Azərbaycan nəhayət, Ermənistanı məğlub edərək işğalda olan ərazilərinin böyük bir qismini azad edib. Hazırda Qarabağın bir hissəsi Rusiya sülhməramlılarının nəzarəti altındadır və orada Azərbaycanın suverenliyi hələlik təmin olunmayıb. 
Ötən 30 ildə ölkənin ən ciddi problemlərindən biri demokratik, siyasi inkişafla bağlıdır. Ölkədə seçkilər davamlı olaraq saxtalaşdırılıb, Konstitusiya dəfələrlə dəyişdirilərək avtoritar idarəçiliyin gücləndirilməsi üçün hüquqi əsaslar formalaşdırılıb. Konstitusiyada əksini tapan hakimiyyətin bölünməsi prinsipi reallıqda yoxdur, hər şeyi bir nəfər həll edir. Cümhuriyyət dövründə əsası qoyulan parlamentarizmdən əsər-əlamət qalmayıb, Milli Məclis formal orqana çevrilib. Məhkəmə hakimiyyəti də eyni qaydada müstəqilliyini tamamilə itirərək sifarişlə, yaxud rüşvətlə qərarlar çıxaran orqan kimi tanınır. Media, müxalif siyasi təşkilatlar, vətəndaş cəmiyyəti davamlı təzyiqlərdən sonra demək olar, sıradan çıxarılıb. Nəticədə “hakimiyyətin mənbəyi xalqdır” prinsipi pozulub, ölkənin siyasi inkişafı dayanıb, korrupsiya çiçəklənib, beynəlxalq arenada daim tənqid edilən ölkələrdən biri olmuşuq.  
Lakin bütün bu problemlərə baxmayaraq, Azərbaycanın müstəqilliyi ötən dövr ərzində möhkəmlənə bilib, dövlət quruculuğu, o cümlədən ordu quruculuğu istiqamətində mühüm işlər görülüb, həyata keçirilən enerji layihələri ölkənin ciddi gəlir əldə etməsinə şərait yaradıb, onu Qərb dünyasının mühüm tərəfdaşlarından birinə çevirib. Əldə olunan təxminən 150 milyard dollarlıq neft gəliri ilə çoxlu infrastruktur layihələri gerçəkləşdirilib.  
Ən ciddi nailiyyət isə şübhəsiz ki, işğal altındakı ərazilərin böyük hissəsinin geri alınmasıdır. 
Bu gün böyük dövlətlər başda olmaqla, dünya Azərbaycan prezidentini və xalqını bu ələmatdar gün münasibətilə təbrik edir. Təbriklərin məzmunu adətən Azərbaycanla bu ölkələr arasında münasibətlərin xarakterini ehtiva edir. Məsələn, ABŞ prezidenti Co Baydenin demokratiya vurğulu təbrikində deyilir: 
“…Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən 30 il ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqlarımız arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıblar. Münaqişə və koronavirus pandemiyası ilə yadda qalan bir ildən sonra Azərbaycanın bu çətinliklərdən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməklə və qonşuları ilə sülh içində yaşamaqla daha da firavan bir dövlət kimi çıxmasına ümid edirəm”.
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın təbrik məktubu isə müttəfqiliyi xarakterizə edən poetik məzmunu ilə fərqlənir: 
“Qardaş Azərbaycan bu il Respublika Gününü vətən müharibəsində qazandığı haqlı zəfərin qüruru ilə taclandırıb. Türkiyə də “kədərini öz kədəri” hesab etdiyi Azərbaycanın bu xoşbəxtliyini böyük sevinc hissi ilə bölüşür. Mükəmməl səviyyədə olan strateji əlaqələrimizi “Bir millət, iki dövlət” ruhu ilə daha da möhkəmləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnuniyyət duyuram. Qardaşlıq və əməkdaşlığımızın bölgəmizdə sülh, sabitlik və rifahın ən böyük təminatı olduğuna inamım qətidir”.
Böyük Britaniya və Şimali İrlandiya kraliçası II Elizabetin təbrik məktubu bir qədər standart cümlələrdən ibarətdir: 
“Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan xalqına və zati-alinizə təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Keçirdiyimiz bu çətin ildən sonra qlobal səhiyyənin üzləşdiyi maneələri dəf edəcəyimizə və gələcəkdə daha gözəl günlər yaşayacağımıza olan ümidimi ifadə etmək istəyirəm”.
Rusiya prezidenti Vladimir Putin isə fürsətdən yararlanaraq regional məsələlərdə vahid siyasət yürütmək təklifini ifadə edib: 
“Əminəm ki, birgə səylərimizlə gələcəkdə də xalqlarımızın rifahı, regional təhlükəsizlik və sabitliyin təminatı naminə bütün sahələrdə strateji tərəfdaşlığı, məhsuldar əməkdaşlığı gücləndirəcəyik”.
Bəs, dünyanın dörd bir yanından təbrik alan Azərbaycanda Cümhuriyyət Günü necə qeyd edilir? Təəssüf ki, bu önəmli bayramın dövlət tərəfindən yüksək səviyyədə qeyd olunduğunu söyləmək çətindir. Rəsmi mətbuatda dövlət rəsmilərinin heç biri xalqı yazılı təbrik etməyiblər. Bəzi rəsmi şəxslər sadəcə, sosial şəbəkədə bayram plakatları paylaşmaqla kifayətləniblər. Prezident İlham Əliyev yəqin ki, işğaldan azad edilmiş Ağdam şəhərinin təməlqoyma mərasimində iştirakı səbəbi ilə Cümhuriyyət abidəsini bu dəfə ziyarət etməyib, amma təəssüf ki, Bakıda olan Milli Məclis sədri Sahibə Qafarova, baş nazir Əli Əsədov və digər yüksək vəzifəli rəsmi şəxslərin də abidəni ziyarətə getdiyini görmədik.  
Müxalifət partiyaları isə ənənəvi olaraq ayrı-ayrılırda Cümhuriyyət abidəsini və Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib, qısa çıxışla ziyarətlərini bitiriblər.
Sosial şəbəkədələrdə yayılan forolardan görünür ki, Ankarada Rəsulzadənin məzarı Azərbaycanın Türkiyədəki səfriliyi tərəfindən ziyarət edilib, gül çələngi qoyulub.
Beləliklə, Azərbaycanın qurucu liderlərinə, istiqlal tarixinə biganə, qısqanc münasibətlə dolu daha bir ildönümünü yola verdik. Ümid edək ki, yaxın gələcəkdə Cümhuriyyət günü və çox mürəkkəb, ümidsiz bir dönəmdə mübarizə aparıb, bu möhtəşəm tarixi Azərbaycan xalqına bəxş edən liderlər layiq olduğu kimi anılacaq. 

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10