Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lukaşenko Putinin yanına bir çamadan sənədlə getdi


Belarus prezidenti Aleksandr Lukaşenko “Ryanair” şirkətinin sərnişin təyyarəsinin qırıcıları qaldırmaqla Minskə məcburi endirilməsindən sonra ölkəsi ətrafında yaranmış şiddətli beynəlxalq qalmaqal fonunda Rusiyaya, prezidenti Vladimir Putinlə növbəti görüşə yollanıb.
Bu, Lukaşenkonun ilin əvvəlindən bəri Rusiyaya sayca üçüncü səfəridir.

Lukaşenko ilə Putinin danışıqları ötən axşam Rusiya prezidentinin Soçidəki iqamətgahında baş tutub və beş saatdan çox davam edib. Jurnalistlərə bildirilib ki, danışıqların yekunu haqda ancaq sabah (bu gün mayın 29-da) məlumat veriləcək. Ona görə də jurnalistlər görüşün mətbuata açıq hissəsində deyilənlərlə kifayətlənməli olublar.
Görüşün mətbuata açıq hissəsindən bəlli olub ki, Lukaşenko Putinin yanına əliboş yox, bir çamadan sənədlə gəlib. Həmin sənədlər “Ryanair” şirkətinin təyyarəsinin məcburi endirilməsi ətrafında baş verənlərə aiddir.
Görüşün başlamasından əvvəl Putin Lukaşenkoya Soçiyə səfəri zamanı dənizdə çimməyi təklif edib. “Soçidə hava yaxşıdır, gördüyünüz kimi. Çimə bilərik. Dənizin suyu getdikcə isinir”,-Putin qeyd edib. Əlavə edib ki, dənizdə çimmək həm də görüşün nəticəliliyinə təsir edə bilər. Lukaşenko çimmək təklifini əlbətdə, rədd etməyi və deyib: “Məmuniyyətlə”.

Və daha sonra keçib əsas məsələyə və ölkəsi ətrafında yaranmış vəziyyətdən, Qərb ölkələrinin Belarusla hava sərhədlərini bağlamasından, nəticədə “Belavia” şirkətinin kollektivinin işsiz qalmasından gileylənib. Lukaşenkonun fikrincə, Belarusda vəziyyəti 2020-ci ilin avqustundan əvvəlki səviyyədə “qarışdırmaq cəhdləri” edilir. “Sadəcə olaraq aydındır ki,  bu qərbli dostlarımız bizdən nə istəyilər. Nəyi müzakirə edəsən ki. Amma bolşeviklərin almadığı yüksəklik yoxdur. Biz də alarıq”,-o deyib.
Putin qeyd edib ki, indiki görüş haqda onlar hələ indiki gərginlikdən əvvəl anlaşmışdılar. “Emosiyaların partlayışı”,-Lukaşenko isə ölkəsi ətrafında yaranmış vəziyyəti belə xarakterizə edib. Bildirib ki, görüşə “Ryanair” təyyarəsinin məcburi endirilməsi ətrafında situasiyanı izah edən sənədlər də gətirib. “Bizə problem yaratmaq istəyənlər həmişə var. Mən sizinlə bu cür qarşılıqlı etimaddan istifadə edib bəzi sənədləri özümlə götürmüşəm, sizə göstərəcəm. Başa düşmək üçün ki, nə baş verir...Başa düşmək üçün ki, onlar necə adamlardır”,-Lukaşenko Putinə deyib.

Belarus prezidenti daha sonra gileylənib ki, yaranmış situasiyadan “Belavia” şirkətinin kollektivi ziyan çəkir. Hansı ki, onların bu işə aidiyyatı yox idi. “Nəyə görə “Belavia”nın əmək kollektivini cəzalandırıblar? ...Bax onların sifəti budur”,-Lukaşenko deyib. Əlavə edib ki, gətirdiyi sənədlərə nəzər salandan sonra əslində nə baş verdiyi aydın olacaq.
Öz növbəsində Putin Boloviya prezidenti Evo Moralesin təyyarəsinin 2013-cü ildə Vyanada məcburi endirilməsini yada salıb: “Prezidenti təyyarədən düşürdülər və heç nə baş vermədi: sakitlik”.
2013-cü ildə Morales qaz ixrac edən ölkələrin Moskva forumundan ölkəsinə qayıdarkən İtaliya, İspaniya və Fransa təcili olaraq onun təyyarəsinin hava məkanlarına daxil olmasını qadağan etmişdilər. Buna səbəb Moralesin Rusiyaya qaçan Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Eduard Snoudenə ölkəsində sığınacaq verə biləcəyi haqda bəyanatı olmuşdu. Nəticədə Moralesin təyyarəsi Vyanaya enməli olmuşdu, lakin indiki situasiyadan fərqli olaraq Avstriya hakimiyyəti onun təyyarəsini yerə endirmək üçün qırıcılar qaldırmamışdı. Vyana aerportunda Moralesin təyyarəsinə baxış keçiriləndən və Snoudenin orada olmadığı təsdiqlənəndən sonra Boliviya prezidentinin təyyarəsi uçuşa davam etmişdi.

Putinin Moralesin təyyarəsi ilə bağlı əhvalatı xatırlatmasının ardınca Lukaşenko başqa misal gətirib: “Rusiyadan uçan təyyarənin Türkiyədə endirilməsini xatırlayırsınız? Təyyarə Suriyaya uçur, guya göyərtəsində silah var. Endirdilər, baxdılar. Heç kim qışqırmadı. Yaxşı, baxdınız, özünüz bilərsiniz. Sizin suveren hüququnuzdur”.
Lukaşenko Rusiyanın son bir neçə gündə Belarusdan yan uçan təyyarələri qəbul etməməsini Belarusun Rusiya tərəfindən dəstəklənməsi kimi başa düşüb və Putinə təşəkkürünü bildirib. Putin Lukaşenkanın bu qənaətinə etiraz etməsə də əlavə heç nə deməyib. Əslində isə, həmin reyslər müntəzəm reyslər olmayıb, çarter reysləri idi və qaydalara görə çarter reysləri əvvəlcədən razılaşdırılmalıdır. Bu baxımdan mayın 27-də Avropa aviaşirkətlərinin Belarus hava sahəsindən yan keçən bir neçə təyyarəsinin Rusiyaya buraxılmaması heç də Putinin Lukaşenkoya “hava dəstəyi” mənasını vermirdi. Həmin təyyarələrin bir neçəsi daha sonra marşrut razılaşdırıldıqdan sonra Rusiyanın hava sahəsindən uçub.

Əlbətdə, Belarusu sərt sanksiyaların gözlədiyi bir vaxtda Lukaşenko Soçiyə, Putinlə görüşə təkcə “Ryanair” təyyarəsi ilə bağlı situasiyadan danışmaq üçün getməyib. Onların son zamanlar intensivləşən təmaslarının başlıca mövzusu, təxmin edildiyi kimi, Rusiya-Belarus ittifaq dövlətinin yaradılması, yaxud vaxtilə Lukaşenkonun dediyi kimi, Belarusun “zəbt edilməsi” planlarıdır. Kremlin mətbuat xidməti Lukaşenkonun səfəri ərəfəsində bildirmişdi ki, danışıqların gündəmində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, habelə İttifaq dövləti çərçivəsində inteqrasiyanın sürətləndirilməsi məsələləri dayanacaq.
Virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10