Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu işdə doğrudan da yaxşı pul varmış…


Azərbaycan son bir neçə ildir ki, fəal şəkildə  Türkiyədən yeni növ zeytun tingləri alır. Yeni salınan zeytun bağlarında Bursadan gətirilən Gemlik sort zeytun tinglərindən əkilib.
Türkiyə mətbuatının məlumatına görə, 60 şirkəti birləşdirən, Bursanın Orhanqazi rayonunda yerləşən mərkəzdə ildə 20 milyon zeytun tinginin yetişdirilməsi planlaşdırılır. Mərkəz mayın əvvəlindən satış mövsümünə başlayıb və sifarişçilər arasında bir neçə ölkə, o cümlədən Azərbaycan da var. 

Gemlik zeytunları xırda tumlu, lətli və keyfiyyətinə, o cümlədən məhsuldarlığına görə digər növlərdən fərqlənir. Tinglər 3-3,5 TL-yə, 2 yaşlı tinglər isə 5 TL-yə satılır. 
Virtualaz.org  xəbər verir ki, Azərbaycanda son illər zeytunçuluğun inkişafı məqsədilə yeni bağlar salınır, bu sahə ilə məşğul olanlara subsidiyalar verilir. Zeytun biznesinə həm iri oliqarxlar, həm orta sahibkarlar girişiblər. Çünki zeytunçuluğun kifayət qədər gəlirli sahə olduğu çoxdan sübut olunub. Hərçənd Abşeron və Bakının zeytunluqları bir çox hallarda zəbt olunub, məhv edilib və yerində imarətlər ucaldılıb, yaxud başqa məqsədlərlə istifadə edilib. Məsələn, məşhur MTN cəlladı Akif Çovdarovun Bakıdakı zeytunluqlardan birində ağacları məhv edərək özünə imarət ucaltması və jurnalistlərin bu faktı araşdırmaq cəhdlərinin nə ilə nəticələndiyi haqda əhvalatlar illər əvvəl mətbuatda geniş işıqlandırılmışdı.
Nəhayət son illərdə, qeyri-neft iqtisadiyyatına keçid strategiyası işlənib hazırlananda zeytunçuluğun yenidən dirçəldilməsi məsələləri də gündəmə gəldi. Yeni və daha məhsuldar zeytun bağlarının salınması isə xaricdən yeni tinglərin alınması ilə müşaiyət olunur.

İndi Zeytunçuluqla məşğul olan şirkətlərdən birinin nümayəndəsi bildirib ki, iki-üç il əvvəl Abşeronda yeni zeytun bağı salıblar, 1 hektara təxminən 4500 manata qədər vəsait sərf edilib. 
“Zeytunçuluq kənd təsərrüfatının gəlirli sahələrindən biridir.  Zeytundan yağ alınır, heyvandarlıqda yem kimi istifadə olunur, yarpağı, kökü, gövdəsi, tumu da istifadə edilir. Yeni bağlar 2-3 illik tinglərlə salınır və illər çox da səmərəli olmur. Amma 3-4 ildən sonra bar verməyə başlayır, bağa çəkilən xərclər çıxır, üstəlik 50-60 faiz qazanc  gətirir. 5-6 ildən sonra məsuldarlıq, onunla yanaşı da gəlir artır. Zeytunun tumundan tutmuş lətinə qədər  hamısından istifadə edilir”, -müsahibimiz deyib.
Azərbaycanda zeytunçuluğun təxminən 65 faizi Abşeron iqtisadi rayonunun payına düşür. Şirkət nümayəndəsi əlavə edib ki, bir çox rayonlarda, eləcə də Füzuli, Cəbrayılda zeytun bağları salına bilər: “Türkiyədən gətirilən ağaclar 3 ildən sonra bar verir. Üstəlik, 4 kilo zeytundan 1 litr yağ almaq mümkündür. Məhsuldarlıq da sovetlər dönəmində salınan bağlara nisbətən çoxdur. Bundan əlavə, İspaniyadan gətirilən sortlardan da əkilir. Köhnə bağlardan fərqli olaraq yeni bağlarda 1 hektarda ağacların sayı çox olur, yəni cərgə araları 4 metr, bitki arası metr yarım olur. Yeni bağlar damcı üsulu ilə suvarılır, gübrələr damcı üsulu ilə verilir. Buna görə də məhsuldarlıq yüksək olur”. 

Kənd Təsərrüfatı Nazirliyindən isə bildiriblər ki,  bu il salınacaq zeytun bağlarına birdəfəlik subsidiyadan əlavə intensiv bağ sahibinə ilk 4 il ərzində hər hektara 700 manat əkin subsidiyası da ödənilir. Belə ki, dövlət deqradasiyaya uğramış və yaxud bonitet balı aşağı olan torpaqların əkin dövriyyəsinə qazandırılması məqsədilə 2021-ci ildə belə torpaqlarda salınan zeytun bağlarının hər hektarına 4900 manat ödəniləcək. 4 ildən sonra isə və ya ənənəvi bağlarda hər hektara görə fermer 240 manat subsidiya alacaq.

İqtisadçı Akif Nəsirli isə  deyib ki, Azərbaycanda son illər zeytunçuluq sahəsinə maraq artıb, bununla yanaşı,  zeytun məhsullarına təlabat da artıb. Çünki son vaxtlar zeytunun faydaları, zeytun meyvələrinin bir çox xəstəliklərdə istifadəsi ilə bağlı təbliğat aparılır, xəbərlər dərc olunur. Dünya bazarında da zeytuna təlabat var. Zeytunçuluq Azərbaycanda ənənəvi sahədir, yeni zeytun bağlarının salınması, məhsul istehsalının artırılması üçün potensial var. Dövlətin bu sahədə dəstəyi, bu istiqamətdə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi  də önəmlidir. Bununla belə, fermerlər də dünya bazarındakı prossesləri izləməli, hansı məhsullara təlabatın olduğunu, hansı məhsulun qazanc  gətirə biləcəyini bilməlidirlər, bu sahədə məlumatlı olmalıdırlar. Məsələn, hazırda badam bir çox məhsullardan daha çox qazanclıdır, təlabat, alıcısı var. Ümumilikdə isə, bağçılıq sahəsini stimullaşdırmaq lazımdır ki, fermerlər bu sahəyə maraqlı olsunlar. 
Ü. Xudiyeva
virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10