Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının igid oğlu Cavad


Cenub.az” saytı yazıçı -jurnalist Nurəddin ƏDİLOĞLUNUN “ŞƏHİDLİK MANİFESTİ” kitabından növbəti yazını təqdim edir:


Qısa tanıtım: Cavad Cabir oğlu İbadov 10 dekabr 1996-cı ildə Masallı şəhərində anadan olub. 2002-2013-cü illərdə Sakit Tağıyev adına Masallı şəhər 4 saylı tam orta məktəbdə təhsil alıb. 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq  Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində və Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində MAXE kimi qulluq edib.

İdmanın güləş və taekvando növləri ilə məşğul olub. Hərbi xidmətdə xüsusi təlimlərdə fəqrqləndiyinə görə Fəxri fərmana və təşəkkürnaməyə layiq görülüb.


Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Cavad İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin erməni qəsbkarlarından təmizlənməsi əməliyyatlarında iştirak  edib. Oktyabrın 16-da Hadrutun dağlıq ərazisində strateji əhəmiyyətli yüksəklik uğrunda döyüşlərdə şəhid olub. 44 gündən sonra  tapılan nəşi Masallıya gətirilib və şəhərin Digah qəbiristanlığında  torpağa tapşırılıb.


Azərbaycan Prezidenti İlham Əliyevin  müvafiq sərəncamları ilə  Cavad İbadov ölümündən sonra "Vətən uğrunda""Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.


                                                             
Arzusu peşəkar hərbiçi olmaq idi...

Cavad bu dünyaya göz açanda birinci Qarabağ müharibəsindən iki il yarım ötmüşdü. Məktəbə gedəndə baxdığı filimlərin, oxuduğu kitabların qəhrəmanına bənzəmək xəyalı yaşayırdı. Anası Rəsmiyyə xanım oğlunu “Mənim balaca qəhrəman balam” deyə çağırardı. Amma  gənc ananın o vaxt ağlına belə gəlməzdi ki, oğlu bir gün Azərbaycanın 30 illik yurd həsrətinə son qoyaraq şərəfli tarix yazan, Vətən yolunda şəhadətə yüksələn qəhrəmanlardan biri olacaq. “Cavad zahirən sakit görünsə də, içində bir döyüşkənlik vardı... Valideynləri onu mübariz ruhda böyütmüşdülər. Hərbi xidmətə yola düşəndə atasına demişdi ki, Vətənə,  yurda sevgi hərbidən keçir. Ona görə də xidmətini başa vurandan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət etməyə başlayıb. Atası Cabir İbadov oğlu ilə son görüşündəki dialoqu belə xatırlayır: “Axırıncı dəfə evə gələndə dedi ki, ermənilərin canavar kimi şah damarını üzəcəyəm. Ağzımla, dişimlə...”


Babası Xanoğlan İbadov isə nəvəsi Cavadın onun nəslinin layiqli davamçısı olduğunu deyir: “Mənim nəslim həmişə döyüşçü olub. Şükür edirəm, fəxr edirəm ki, nəvəm də bu yolu davam etdirdi, Vətən yolunda həlak oldu.”
Hərbçi yoldaşları onu “İbad” deyə çağırardılar. Mehribanlığı, səmimiyyəti, qayğıkeşliyi, ən çox da cəsurluğu və şücaəti ilə bütün əsgər və zabitlərin sevimlisinə çevrilmişdi. Vətən müharibəsi başlayandan sonra əvvəlcə Murovdağın, ardınca Füzulinin, Cəbrayılın, Hadrutun düşməndən azad olunması üçün döyüşən və bir neçə yüksəkliyin alınmasında şücaət göstərən Cavad Hadrutda növbəti yüksəkliyin azad olunması uğrunda gedən döyüşlərdə düşmənin atdığı top mərmisinin qəlpəsindən ağır yaralanıb. “Vətən sağ olsun” deyə gözünü qırpmadan canını torpaq uğrunda fəda edən və qəhrəmanlıq dastanı yazan igidimizin arzularının da, sevgisinin də adı Vətən idi... Vətənin mərd, qorxmaz, cəsur övladı arzusu, sevgisi yolunda ölümsüzlüyə yüksələrək hamımızın qəlbundə əbədi taxt qurdu...” Bu sözlərlə peşəkər hərbiçi olmaq arzusu yarımçıq qalan baş çavuş Cavad İbadovun qısa ömür yoluna işıq salan telejurnalist Pərvanə Nəhmətqızı 24 yaşlı qəhrəmanımızın ruhuna xitaban deyir: “Rahat uyu, 24 yaşlı, nur üzlü qəhrəman şəhidim. Sənin sevgin də, arzuların da bu xalqa əmanətdir... Cənnətdəki doğum günün mübarək, Vətən heç vaxt sizi unutmayacaq...”                                                                                                                                                                                                                                                                
                                                                      
Rəqəmlərin fəlsəfəsi  və ya
                                                                  şəhidi qocaltmaz illərin yaşı...


..Gözlərini əbədi yumduğu məqamdan 44 gün sonra  igid Cavadın nəşi uğrunda şəhid olduğu Vətən torpağının qoynuna köçdü. 2020 - ci ilin ZƏFƏR müjdəsi  də məhz   44 rəqəminin “bəxtinə” yazıldı.Vətən müharibəsinin  son  44-cü günü həm də dünya üçün həqiqətin təntənəsi idi. Psixomatrisdə qoşa 4 rəqəminin “sirri” öz fiziki gücündən istifadə etməklə qarşı tərəfi, yəni düşməni susdurmaq  və  uzun çəkən mübahisəyə son  qoymaqdır. 4000 il yaşı olan numerologiya elminə görə isə  44  rəqəmi sağlam və yüksək temperament deməkdir. Qəribə olsa da bu qoşa dörd rəqəmi Masallı rayonunun informasiya daşıyıcısı - yəni avtomobillərin qeydiyyat kodudur... Rəqəmlərin insan taleyinə təsirsiz ötüşmədiyi barədə çoxlu mülahizələr söyləmək olar... 24 yaşını doldurmağını sayılı günlər qalan Cavadın  üçrəngli, ay-ulduzlu bayrağımıza bükülmüş tabutunun son mənzilə yola salındığı 29 noyabr   günü qızıl payız da şəhid baş çavuşumuza yas saxlayırdı.  Təbiətin payızı qışa, qışı yaza qovuşduran fəsilləri var. Mən də şəhidin məzarını  ziyarət edəndə ANA təbiət taxtı-tacı gülü-çiçəkli Bahar fəslinə vermişdi. Mayın 13-də müqəddəs Ramazan bayram günündə Digah qəbiristanlığında  baş çavuş Cavad İbadovla Azərbaycan Silahlı Qüvvələrinin 19 yaşlı sıravi əsgəri Araz Seyfullayevin baş daşındakı rəqəmlərə baxanda bu misraları xatırladım:


Şəhidi qocaltmaz illərin yaşı,
Şəhid yatan torpaq oyaqdır, yatmaz!
Şəhidi ağlasın bahar yağışı,
Ona - anaların göz yaşı çatmaz.


 Cavadın anadangəlmə qəhrəman olduğunu bildirən yaxın qohumu Rafiq Mahmudov deyir ki, ata-anası və biz qohum-əqrəbası Cavad şəhid olandan sonra onun müharibədə iştirak etdiyi bilmişik. “Soruşanda həmişə Gəncədə olduğunu söyləyirdi. Gücsizə arxa-dayaq olan, böyüklərin hörmətini, kiçiklərin sevgisini qazanan Cavad anadangəlmə qəhrəman idi...”


     Məzarının ziyarətinə gələn silah yoldaşlarından biri deyib ki, əgər “İbad” olmasaydı, mən yəqin ki, sağ qalmazdım. “Ona görə də Hadrut fatehinin məzarın qarşısında  baş əyməyi özümə borc bilirəm...”


Şəhidin atası Cabir kövrəlir, gözləri dolur. Ürəyi dil açıb danışan şəhid atasının kədərində elə bil Nəsiminin məşhur kəlamına bənzəyən bu sözlərin əks-sədasını eşidirəm: “Ağlamayım, neyləyim, çün gövdədən can ayrılıb...”  Şəhidin qardaşı Cavidin dediklərinə görə Cavadın ona son sözü bu olub: “Torpaqlarımızın azad olunmasına və qisasımızın alınmasına  çox az qalıb...”


                                                       
Bir otaqda “görüşən” 3 şəhid ruhu...

 Əslən Ucar rayonundan olan Sənan adlı baş çavuş deyir ki, Cavadı tanıdığım 5 ilə yaxın müddət ərzində hərbiçi yoldaşlarına qarşı yalnız onun xoş rəftarının şahidi olmuşam. Tabor komandiri mayor Zaur Rəhimov da Cavadın sakit, öz yerini  bilən, nizam-intizamlı hərbi qulluqçu olduğunu bildirir. Hadrutun aşrımlarını bir-bir keçrək ən son zirvəsi sayılan yüksəkliyində əməliyyat zamanı tabor düşmən tərəfindən atəşə tutulur. Əsgərlərinin düşmənin top mərmisinə tuş gəlməzdən əvvəl Cavadla baxışlarının toqquşduğu anı unuda bilmədiyini tobor komandiri belə dilə gətirir: “Aramızda 10 metirlik məsafə olsa da güllə yağışı altında bir-birimizə yaxınlaşmaq çox təhlükəli idi.  Ermənilər müxtəlif ağır artilleriya silahları ilə fasiləsiz atəş açaraq yüksəkliyi əldən vermək istəmirdilər. Birdən Cavadla eyni anda bir-birimizə baxdıq. Elı bu zaman düşmənin minaatan silahından çıxan 120 millimetrlik mərmilərdən biri düz onun yaxınlığında partladı. Ayağının birini itirən Cavadı partlayışın zərbə dalğası dərəyə yuvarlatdı...”  3 gün davam edən qanlı döyüşdən sonra tabor döyüş tapşırığını yerinə yetirir. Kapitan Vüqar Qasımov (hazırda mayor) qrupu Cavadın nəşini dərədən gətirib fəth edikləri zirvəyə qaldırırlar. Tabor komandiri deyir ki, Cavadın son baxışları uzun müddət gözlərimin önündən çəkilib getmədi. “Düşünürdüm ki, müharibədən sonra gedib məzarını ziyarət etsəm, onun atası, babası ilə görüşsəm bəlkə mənən rahatlıq taparam... Allahdan hamımızın sevə-sevə “İbad” dediyimiz Cavada və bütün şəhidlərə rəhmət diləyirəm...”
  Vətən müharibəsində  39 yaşlı mayor Zaur Rəimovun başçılıq etdiyi taborun şəhid olan 11 xüsusi təyinatlıslndan birinci qrupda olan 3 nəfər dost – cəlilabadlı Mirsəfa Mirəşrəfbəyli,   füzulili  Elşən Quluzadə  və masallılı Cavad İbadov MAXE hərbi qulluqçusu kimi Gəncə şəhərində kirayə elədikləri bir otaqlı mənzildə yaşayırdılar.  Həmin otaqın divarlarına  onların şaqraq gülüşləri,  qaynar gənclik illərinin ən xoş anları hopmuşdu. İndi cisimini ana torpağa tapşıran 3 şəhidin ruhları həmin otaqda görüşürlər. Şair Arif Fərzəli demişkən:


Cismini tapşırıb ana torpağa.
Şəhidlər təzədən qalxar ayağa.
Yenə alov saçar od baxışları,
Təpəri yerində, gücü yerində.
Yenə səngər-səngər zəfərə sarı,
Vətəni aparar çiyinlərində...


                              Nurəddin ƏDİLOĞLU





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10