Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Deputat: “Polisə stimul verirlər ki, daha çox cərimələsin - ədalətsizlikdir”



“Əsassız yerə vətəndaşları cərimələyəcəklər, bu da insanları bezdirmək, usandırmaqdır” – Tahir Kərimli
 
Bir neçə gün əvvəl sosial şəbəkələrdə katalizatoru olmayan avtomobillərin saxlanılaraq cərimə edilməsi ilə bağlı məlumatlar yayıldı. Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirdi ki, nəqliyyat vasitələrində katalizatorların olmaması ətraf mühitə atılan zəhərli qazların miqdarını və mühərrikin səs gücünü artırır ki, bu da inzibati xəta tərkibi yaradır.
 
Əsədov bu tipli avtomobillərin istismarının yolverilməz olduğunu dedi: “Bir daha vətəndaşlardan xahiş edirik ki, idarə etdikləri nəqliyyat vasitəsinin sazlığına diqqət etsinlər, mövcud çatışmazlığın aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər. Texniki baxış zamanı və yaxud avtomobili servisə apararkən nasazlıq qeydə alındıqda, həmin nasazlıqlar aradan qaldırılmalıdır. Bəzi sürücülər deyir ki, həmin avtomobilləri Gürcüstandan elə bu vəziyyətdə Azərbaycana gətiriblər. Amma qanun deyir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamalıdır. Yəni texniki nasazlıq varsa, bunu sürücü aradan qaldırmalıdır. Azərbaycanda yol hərəkəti təhlükəsizliyi və ətraf mühitin qorunması Dövlət Proqramı səviyyəsində təmin edilirsə hər birimiz bu sahədə öz məsuliyyətimizi dərk etməliyik”.
 
Sürücülər isə bu durumdan narazılıq edirlər. Çünki ölkədə katalizatorsuz avtomobillərin sayı kifayət qədərdir. Həmin vasitənin qiyməti baha olduğundan çox adam problemi maddi baxımdan aradan qaldırmaqda çətinlik çəkir. Eyni zamanda, narazılıq yaradan məsələlərdən biri də polisin cərimələməsi ilə bağlıdır. İctimaiyyət nümayəndələri də bildirirlər ki, hər problemi həll etmək üçün cərimə tətbiqi düzgün deyil. Ümumiyyətlə, “cərimə siyasəti” ilə hər problemi yoluna qoymaq da mümkün deyil.
525-ci Qəzet - Tahir Kərimli: “Bir çox deputat sosial şəbəkələrin qurbanı  olub”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli də cərimələmənin əleyhinədir. O, açıqlamasında deyib ki, belə cərimə siyasətinin fəlsəfəsini qəbul etmir: “Azərbaycanda DYP və bir sıra dövlət qurumlarında cərimə tətbiqi ilə orada işləyən əməkdaşların maaşlarına faizlər əlavə olunur. Həmin qurumların əməkdaşları üçün bu, bir stimul yaradır, insanları daha çox cərimələməyə meyl edirlər. Bununla bağlı Milli Məclisdə dəfələrlə məsələ qaldırmışam, demişəm ki, birmənalı olaraq bunu aradan qaldırmaq lazımdır. Cərimələrdən gələn faiz yerinə, həmin sahədə işləyənlərin əməkhaqqı qaldırılsın”.
 
“Cərimədən gələn vəsaitin müəyyən faizi polis işçisinin maaşına əlavə edilirsə, bu zaman həmin polis yaxud da başqa bir qurumun əməkdaşı, daha çox cərimələmədə maraqlı olacaq. Bəzən də əsassız yerə insanları cərimələyəcəklər. Bu da insanları bezdirmək, usandırmaqdır”, - deyə deputat bildirib.
 
Kərimli hesab edir ki, cərimələrdən maaşlara əlavələrin edilməsi həm də ədalətsizlikdir: “Müxtəlif sferalarda cəriməyə görə əməkdaşlar əlavələr alırlar, başqa sahədə çalışanlar isə almırlar. Məsələn, müəllim, həkim kimi cərimələsin?! Bu, əlbəttə ki, ədalətsiz yanaşmadır”.
 
“Avtomobillərdə katalizatorun olmamasına görə cəriməyə gəldikdə, qanunvericilikdə yol hərəkəti qaydalarına, İnzibati Xətalar Məcəlləsinə müxtəlif dəyişikliklər edilir, zaman-zaman yeniləmələr olur. Məsələn, sürücünün kəmərini taxması ilə bağlı cərimə hər kəsə şamil edilir – burada məsələ aydındır. Qanunda göstərilib ki, kəməri taxmayan cərimələnməlidir, yaxud da dayanma-durmaya görə ayrıca cərimə var və s. Eləcə də, ekologiyanın çirklənməsinə görə, müddəalar var, məsuliyyət yaradan hallar mövcuddur. Katalizatorla bağlı məsələ də yəqin ki, bu müddəalarla tənzimlənir. Amma problemin səbəblərinə də baxmaq lazımdır. Katalizatorsuz maşınlar ölkədə necə peyda oldu? Digər yandan, hər şeyi cəriməyə bağlamaq da olmaz axı”, - deyə müsahibimiz vurğulayıb.
 
Millət vəkilinin sözlərinə görə, zamanında bir sıra avtomobillər ölkəyə katalizatorsuz gətirilib: “Köhnədən də katalizatoru olmayan avtomobillər olub. Bəlkə də bu gün ölkəmizdə olan avtomobillərin yarıdan çoxu katalizatorsuzdur. Duraq, bu qədər sürücünü birdən cərimələyək, narazı salaq? Ən azı həmin avtomobillərin sahiblərinə müəyyən müddət verilməlidir ki, avtomobillərini saz vəziyyətə gətirsinlər”.
 
“İnsanların vəziyyəti o qədər çətindir ki, məncə, bu problem dövlət hesabına yoluna qoyulmalıdır. Mən bildiyim qədər katalizator elə də ucuz deyil. İnsanların maddi cəhətdən durumunun ağır vaxtında belə tələb, tələbə əməl edilməməsinə görə cərimələmə düzgün deyil. Mən başa düşürəm, ekologiya çirklənir, insanların səhhətinə mənfi təsir edir. Amma bunun qarşısının alınmasını cərimə yolu ilə etmək də doğru deyil. Hesab edirəm ki, dövlət vətəndaşlarına kömək etməli, sürücülərin avtomobillərinin katalizatoru məsələsini yoluna qoymasında güzəştlər olmalıdır. Nəzərə almaq lazımdır ki, sürücülərin bunu dərhal alması, avtomobilinə quraşdırması imkanı yoxdur. Vaxt verilsin, deyilsin ki, yanvarın 1-dək avtomobillərinizin katalizator problemini həll edin. Yoxsa ki, birdən-birə cərimə tətbiq etmək, sürücüləri pis vəziyyətdə qoymaq doğru deyil. Bu, fürsətdən istifadə etməkdir”, - deyə T.Kərimli fikrini tamamlayıb.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10