Köçəryanın ermənilərə üç vədi var, lakin üçü də boğazdan yuxarı
Ermənistanın keçmiş Prezidenti, Qarabağ separatçısı, Xocalı soyqırımının təşkilatçısı və icraçısı Robert Köçəryan yenidən ölkə rəhbəri olmaq istəyir. Köçəryan bu dəfə Baş nazir postunu tutmağa iddialıdır. Sabiq Prezident iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün Dirçəliş Ermənistan Partiyasının lideri Vahe Hakobyan və Daşnaksütyun Partiyasının nümayəndəsi İşxan Saqatelyanla birgə seçki bloku da yaradıb.
Köçəryan seçki təbliğatına ilk olaraq bazar günü İrəvanın Azadlıq meydanında keçirdiyi mitinqlə start verdi. Erməni mediasının məlumatına görə, 3-5 min insanın iştirakı ilə keçirilən mitinqdə Baş nazir olmağa iddialı terrorçu Ermənistanın üzləşdiyi üç əsas problemin adını çəkib. Deyib ki, ölkəsi üçün ilk məsələ təhlükəsizlikdir: “Bu gün Ermənistanın Sünik (Zəngəzur) sərhədi təhdid altındadır və təhlükəlidir. Hazırda biz sərhədləri və əhalinin təhlükəsizliyini təkbaşına qoruya bilməyən bir ölkəyik. Bu gün ordunu davamlı olaraq məhv edən və onu bərpa etmək üçün heç bir şey etməyən bir hakimiyyət var. Hədəfimiz layiqli bir dünya qurmaqdır”.
Xocalı qatili ikinci problem kimi Qarabağın dumanlı gələcəyini göstərib: “Qarabağın gələcəyi olduqca qeyri-müəyyəndir. 9 (10) noyabr 2020-ci ildə imzalanan üçtərəfli Birgə Bəyanat 4,5 ildən sonra Azərbaycanın Rusiya sülhməramlı qüvvələrindən imtina edə biləcəyini nəzərdə tutur. Düşünürəm ki, peşəkarlıqla danışıqlar aparacaq və Qarabağ üçün əlverişli qərarlar qəbul edə biləcək hökumət gəlməlidir”.
“Üçüncü problem isə iqtisadi böhrandır. Bu gün Ermənistan iqtisadiyyatı böhran içindədir. Keçən il iqtisadiyyatda 7,5 faiz azalma olub. Ölkə xarici borcların içərisində üzür. İndiki hökumət verdiyi heç bir vədi yerinə yetirmədi. İqtisadiyyatda böyüməni azalma əvəz etdi. Biz hakimiyyətə gəlib bu problemləri yoluna qoymaq istəyirik”, - deyə Köçəryan bildirib.
İstər erməni, istərsə də azərbaycanlı analitiklər bu adamın yenidən hakimiyyət başına keçəcəyinə inanmırlar. Politoloqlar hesab edirlər ki, İkinci Qarabağ müharibəsində rüsvaycasına məğlub olan, bununla da daxildə siyasi böhranın başladığı Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı cəmiyyətdə qəzəb var. Amma bu, Köçəryan kimi canini hakimiyyətə gətirməyə yetmir. Çünki Köçəryanın hakimiyyətdə olarkən dövləti necə taladığı, korrupsiyanın miqyası ermənilərin yadından çıxmayıb. Proqnozlara görə, növbədənkənar seçkilərdə Köçəryanın yaratdığı seçki bloku parlamentdə müəyyən yerlər qazana bilər – təxminən fraksiya yarada biləcək qədər. Amma ümumilikdə hakimiyyəti götürəcəyi gözlənilmir.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu mövzu ilə bağlı danışarkən deyib ki, Köçəryanın seçki prosesinə qoşulacağı əvvəlcədən bəlli idi: “Belə aydın olur ki, Rusiya, konkret olaraq Vladimir Putin Köçəryanın dəstəklənməsində maraqlıdır. Putin və onun komandası bu şəxsin yenidən Ermənistan hakimiyyətinə gətirilməsində maraqlıdır. Köçəryan da, Kremldən “dobro” alaraq seçkilərə qoşulur, seçki bloku yaradır. Məncə, burada təəccüblü heç nə yoxdur. Blokda təmsil olunan Daşnaksütyun Partiyası hələ Köçəryan hakimiyyətdə olduğu zaman onunla işbirliyində olub. Eyni zamanda bu partiya hər zaman Rusiyaya bağlı fəaliyyət göstərib. Onların koalisiyasının Köçəryanı hakimiyyətə gətirməyə gücü çatacaqmı - bu, sual olaraq qalır”.
“Hesab edirəm ki, Köçəryanın hakimiyyətə gəlmək şansı o qədər də yüksək deyil. Baxmayaraq ki, erməni cəmiyyəti iki hissəyə parçalanıb: Paşinyan tərəfdarlarına və anti-Paşinyan mövqelilərə. Amma ermənilər Köçəryan kimi şəxslərdən doyub. “Qarabağ klanı” deyilən cəllad sürüsü Ermənistan hakimiyyətini uzun illər idarə edib ki, cəmiyyət onları tanıyır. Bu baxımdan Köçəryanın yetərində dəstək qazanacağına inanmıram”, - deyə Oruclu bildirib.
Politoloq Ceyhun Əhmədli də açıqlamasında qeyd edib ki, müharibə canisi, cinayətkar Köçəryanın hakimiyyətə qayıtmaq şansı yoxdur. Amma politoloq düşünür ki, onun Ermənistan Parlamentində bundan sonra bir güc mərkəzi olaraq qalacağı istisna deyil.
“Keçirilən sosioloji sorğuların nəticələri də aydın şəkildə göstərir ki, erməni cəmiyyətində Paşinyana qəzəb o qədər yüksəkdir ki, əhalinin narazı və səfalət içində yaşayan təbəqəsi yavaş-yavaş Köçəryana sarı meyillənir. Xatırladım ki, sonuncu sorğuya əsasən, onun hazırkı reytinqi 8 faizdən bir qədər çox olub. Paşinyanın reytinqi isə 31 faizdən 27 faizə enmişdi. Qeyd edim ki, Ermənistanda proporsional seçki sistemi tətbiq olunduğuna görə namizədlər ya partiya, ya da blok tərkibində seçkiyə qatıla bilər. Partiyaların parlamentdə təmsil olunması üçün 5 faiz, blokların isə 7 faizlik baryeri aşması lazımdır”, - deyə analitik vurğulayıb.
Əhmədli xatırladıb ki, Koçaryan indi formal olaraq bir blok da təşkil edib: “O, seçkilərə Daşnaksütyun və Yüksələn Ermənistan partiyaları ilə birlikdə qatılır. Hər iki partiyanın elektoral bazası zəifdir. Daşnaksütyun indiyə qədərki sorğularda 2-3 faizdən artıq reytinq göstərməyib. Digər partiya isə bu ilin martında - cəmi iki aydır yaradılıb. Deməli, Köçəryanın bu partiyalarla birlikdə seçkiyə getməsinin məqsədi heç də yüksək səs faizi əldə etmək deyil. Bu, Ermənistan Seçki Məcəlləsindən irəli gələn prosedur gərəyidir”.
Həmsöhbətimizin fikrincə görə, Köçəryan bilir ki, seçkilərdə 7 faizlik baryeri onsuz da aşacaq: “Bu, həm də onu göstərdi ki, Köçəryanın və onu xaricdən dəstəkləyən qüvvələrin məqsədi hakimiyyətə gəlmək yox, parlament müxalifətinə çevrilməkdir. Aydın məsələdir ki, Paşinyan “Qarabağ klanı” ilə koalisiya yaratmayacaq. Böyük ehtimalla, Paşinyan Çiçəklənən Ermənistan Partiyası ilə hakimiyyəti bölüşəcək. Köçəryan isə parlamentdə hakimiyyətə əsas müxalif qüvvəyə rəhbərlik edəcək”.
ayna.az