Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dövlət orqanlarında “partkom”lar


Bu günlərdə sosial mediada mühüm dövlət qurumlarından birində fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası (YAP) təşkilatına yeni sədrin seçilməsi barədə paylaşıma rast gəldik. Paylaşımda və şərh hissəsində həmin şəxsə təbriklər ünvanlanmışdı. Maraqlıdır ki, bu tip xəbərlər həmin qurumların özləri tərəfindən mediaya göndərilir. Məsələn, Dövlət Reklam Agentliyi üzrə YAP-ın aidiyyəti ərazi ilk partiya təşkilatının yaradılması kimi…
Belə məlum olur ki, sovet dövründən qalmış bu ənənə və qayda hələ də davam edir. Dövlət təşkilatlarında “partkom”lar fəaliyyət göstərir, sadəcə olaraq, Kommunist Partiyasını indi YAP əvəzləyib.
Bəs, Azərbaycan qanunvericiliyi nə deyir? Dövlət orqanlarında partiya təşkilatı yaradılmasının qanuni əsası varmı?
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Press Klub”a açıqlamasında bu tip xəbərlərə təbriklər yazan insanlar sırasında jurnalistlərin olmasından çox təəccübləndiyini bildirdi:
“Bu, qanuna ziddir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 21-ci maddəsinin 3-cü bəndində açıq-aşkar deyilir ki, idarə və müəssisələrdə siyasi partiyaların və dini qurumların fəaliyyəti qadağandır. Burada Əmək Məcəlləsi pozulduğuna görə, Məcəllənin 310, 311, 312-ci maddələrinə əsasən işəgötürənə müxtəlif cəzalar tətbiq edilir. Bura inzibati cəzalar da daxildir. İstər işçilər, istər işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Şəxsiyyətindən asılı olmayaraq, hamı ölkənin qanunvericiliyinə hörmət etməlidir. Qanun pozuntusunu alqışlayanlara isə ikiqat mənəvi cəza tətbiq olunmalıdır. Siz haqq-ədalət tərəfdarı olduğunuzu, haqq-ədalətlə çalışdığınızı qeyd edirsiniz, başqa tərəfdən də qanun pozuntusunu alqışlayırsınız. Burada qanun pozuntusunu partiyaya sədr və ya üzv seçilmiş şəxslər etmir. Qanunu pozan birbaşa həmin müəssisənin rəhbərliyidir. Çünki məsuliyyəti rəhbərlik daşıyır. Həmin idarədə YAP-ın özəyi yaradılıb və buna görə məsuliyyəti həmin qurumun rəhbəri daşımalıdır”.
M.Qəhrəmanlının sözlərinə görə, məsələnin ikinci bir tərəfi də var:
“Həmin idarədə diskriminasiya halı da yaranmış olur. YAP-ın özəyinin yaradılması, ora üzvlərin qəbul edilməsi ayrı-seçkiliyə yol açır. Belə çıxır ki, bu pozuntunu Müsavat, AXCP, digər partiyalar da edə bilər. Amma onlar etmiş olsaydılar, indi həmin adamların hamısını işdən azad etmişdilər. Parlamentdə oturanların əksəriyyəti YAP-ın üzvləridir. O zaman Milli Məclisdə Əmək Məcəlləsinin 21-ci maddəsinin 3-cü bəndinə əlavə etsinlər ki, idarə və müəssisələrdə YAP istisna olunmaqla, digər siyasi partiyaların fəaliyyəti qadağandır. Bununla da desinlər ki, YAP-a hər şey etmək olar…”
Bəs, dövlət orqanları belə bir addımın atılmasının qanuna zidd olduğunu bilmirlərmi? Sualı cavablandıran M. Qəhrəmanlı qeyd etdi ki, Əmək Məcəlləsini nə işəgötürən, nə də işçilər oxuyur və doğru-düzgün əməl edir:
“Əslində hər bir idarədə hüquqşünas oturur. Həmin Məcəllənin 309-cu maddəsində yazılıb ki, idarə və müəssisələrdə bu Məcəllənin yerinə yetirilməsinə ictimai nəzarəti həmkarlar təşkilatı edir. Əmək Məcəlləsinin 15-ci maddəsində isə yazılıb ki, bu Məcəllənin bütün bəndlərinin idarə və müəssisələrdə yerinə yetirilməsi üzrə dövlət nəzarətini Dövlət Əmək Müfəttişliyi həyata keçirir. Amma Məcəlləni nə qəbul edənlər yerinə yetirir, nə də ona səs verənlər nəzarət edir,  idarə və müəssisələr isə Əmək Məcəlləsini yavaş-yavaş yaddan çıxarırlar. Bu barədə mən hər gün yazıram”.
Onu da əlavə edək ki, dövlət orqanlarında siyasi partiya təşkilatı yaratmaq “Siyasi partiyalar haqqında” qanuna da ziddir. Həmin qanunun 4-cü maddəsində deyilir:
“Dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə yol verilmir”.
Görəsən, qanunların məlum maddələrindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumatlıdırmı? Sualımızı aidiyyəti quruma ünvanladıq. Oradan bildirildi ki, qeyri-iş günləri olduğu üçün sorğumuzu hazırda cavablandırmaları mümkün olmayacaq.

pressklub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10