“Şəhidlik manifesti” kitabındən 15-ci yazı)
Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edən İbrahim Rükabzadənin ordu sıralarından tərxis olunmağına yeddi gün qalmışdı. 2020-ci ilin 21 sentyabrında qardaşı Nihada zəng edəndə oktyabrın 5-də evlərində olacağını bildirmişdi: “Amma ata-anamın xəbəri olmasın, məni sən özün qarşılayarsan, sonra birlikdə evə gedib gəldiyimi onlara sürpriz edərik...”
Hərbi xidmətini başa vurandan sonra ali təhsil almaq arzusu ilə yaşayan İbrahim tarixi mövzuda yazılmış bədii kitabları mütaliə etməyi çox sevirdi. Əsgər yoldaşlarında bəzən soyadı sual doğururdu.“Niyə valideynlərinin soyadı ilə Talıbov deyil, məhz Rükabzadə?”
Rükab İbrahimin babasının adı idi. Öz adını sağlığında oğul nəvələri İbrahimlə Nihada soyad vermişdi. Rükab Azərbaycan Səfəvilər dövlətinin ordusunda şaha sədaqətlə qulluq edən xüsusi təyinatlı dəstələrindən olan qorçulara deyilirdi. Gözoxşayan geyimləri ilə fərqlənən rükab qorçularının əsas vəzifəsi qoşun sərkərdəsinin, yəni şahın ata minməsinə və ya atdan düşməsinə kömək etmək idi.
Həmyaşıdlarının “İbo” deyə çağırdıqları İbrahim də Rükab babası kimi erkən yaşlarından namaz qılırdı, 12 yaşında Məşhəd ziyarətində olmuşdu. O vaxt heç kim ağlına da gətirməzdi ki, ürəyi Allah eşqi, Vətən sevgisi ilə dolu olan bu çəlimsiz uşaq hərbi xidmətdə numunəvi əsgər olacaq. İbrahim Rükabzadə idman yarışlarında və hərbi təlimlərdə fərqləndiyinə görə Xüsusi Təyinatlı Qüvvələrdə qulluq etməyə layiq görmüşdü.
İstər keçmiş olsun, istər indiki dövr - orduda xüsusi təyinatlı əsgər yetişdirmək böyük zəhmət və diqqət tələb edir. Xüsusi seçimlərdən keçdikdən sonra təlim kurslarında hər bir əsgərin fiziki hazırlığına, bilik və bacarığına, istedadına üstünlük verilirdi. Məhz bu tələbkarlığın və yüksək peşəkarlığın sayəsində 44 günlük Vətən müharibəsində Azərbaycan xüsusi təyinatlıları nəyə qadir olduqlarını nəinki düşmənə, bütün dünyaya göstərdilər.
İbrahim Rükabzadə də ordumuzun güc mənbəyi olan XTQ-nin nümunəvi əsgərlərindən biri idi.
Qısa tanıtım: İbrahim Rasif oğlu Rükabzadə 14 oktyabr 2000-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. 2006-2017-ci illərdə Nizami Gəncəvi adına Boradigah 1 saylı tam orta məktəbində təhsil alıb. Orta təhsillə bərabər, Quran oxumaq və üzgüçülük təlimləri də keçib. 2019-cu il aprel ayının 8-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon Masallı şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 2019-cu il iyun ayından xidmətini Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin Göytəpədəki “N” saylı hərbi hissəsində davam etdirib.
27 sentyabr 2020-ci ildə Azərbaycan torpaqlarının işğaldan azad eldilməsi uğrunda başlanan müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd uğrunda döyüşlərdə iştirak edib. Oktyabr 21-də Xocavənd-Xankəndi istiqamətində gedən döyüşlərdə igidliklə vuruşaraq qəhrəmancasına şəhid olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə İbrahim Rükabzadə ölümündən sonra “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Qələbə bizə asan başa gəlmədi
Müharibədə qələbə qurbansız əldə olunmur. Yer üzündə baş vermiş savaşların tarixi göstərir ki, əsgəri girdiyi torpaqlardan əsgər çıxarır. Azərbaycan Xüsusi Təyinatlılar “Dəmir Yumruq" əməliyyatında həmişə öndə gedir, dərinliklərə sızır, piyada qoşun növünün irəliləməsi üçün yol açırdılar. Böyük Qələbəyə aparan bu YOL səngərdən-səngərə atılan, ölümün gözünə dük baxan oğulların igidliyindən, canından-qanından şəhidliyindən keçib gedirdi.
İkinci Qarabağ müharibəsinin odundan - alovundan keçmiş masallılı qazi Cavid Nuri deyir ki, Vətənin qeyrətli, mərd oğlu İbrahim Rukabzadənin Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarının alınmasında payı olub. Oktyabrın 14-də ad gününü döyşlərdə “qeyd” edib. Xocavənd-Xankəndi istiqamətində irəliləyəndə qatı dumana düşüblər. Yorğun əsgər yoldaşları dincəlmək istəyəndə İbrahim onlara yatmamağı məsləhət bilib... Atasına son zəngində İbrahim "Mənim zəngimi daha gözləməyin. Amma əvəzində sizə elə bir sənəd verəcəm ki, o sənədin qiyməti olmayacaq” -deyə bildirib...
Qazi Cavid Nuri şücaət göstərərək haqq dərgahına qovuşan İbarahim Rükabzadəni, eləcə də bütün şəhidləri qəhrəman adlandırır: “Biz Qarabağ qaziləri özümüzü qəhrəman hesab etmirik, çünki əsl qəhrəman şəhidlərdir. Onların ruhu qarşısında bu adı özümüzə laiq görmürük. Şəhidlərimizin sayəsində biz qələbə əldə etmişik...”
...23 oktyabr 2020-ci ildə İbrahim Rükabzdənin nəşi doğulub boya-başa çatdığı Boradigah qəsəbəsində böyük izdihamla torpağa tapşırıldı. Azərbaycanın üçrəngli bayrağını və şəhidin şəkillərini əllərinə götürmüş gənclər “İgidlər ölməz, Vətən bölünməz!”, “Masallı oyaqdır, Qarabağa dayaqdır!”, “Vur keç səngəri, Azərbaycan əsgəri!” şüarları ilə şəhid əsgərimizə ehtiramlarını və Milli Ordumuzun döyüşçülərinə dəstək olduqların ifadə etdilər. Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağarəşid Talıbov şəhidin ruhuna dualar oxudu. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov şəhidin tabutuna bükülmüş dövlət bayrağını əbədi xatirə kimi 17 yaşlı qardaşı Nihad Rükabzadəyə təqdim etdi.
Qısa ömrün böyük dastanı
İbrahim Rükabzadə ailəsini, doğmalarını və dostlarını qəhərləndirən, ürəklərini göynədən qısa bir ömür yaşadı. Gələcəklə bağlı şəxsi arzuları yarımçıq qalsa da adını Vətən uğrunda axıtdığı qızıl qanı ilə xalqımızın qəhrəmanlıq dastanına əbədi yazdı.
Bəzən qələm adamı üçün 20 yaşlı bir gəncin torpağa, Vətənə bağlılığını sözlə ifadə etmək, yazıya köçürmək çox çətin olur. Amma ən başlıcası odur ki, İbrahim kimi cəsur gənclərimiz öz vətənpərvərliyini sözdə yox, əməldə, canlarını Vətənə sipər edərək yerinə yetirdilər. Vətəni qibləgah edən şəhidlərimizi bu günı öz sırlarında bilən əsgərlər də var, məzarlarının ziyarətinə uzaqlardan gələn soydaşlarımız da...
...Çox istədim ki, şəhid haqqında yazılarımda nisgilli ruh hakim olmasın. Ancaq övlad itkisinin yükünü çəkən şəhid atası Rasif Talıbovla Mahmudavar kəndində çalışdığı aptekdə görüşəndə gözlərinin içindəki dəhşətli ağrı-acının on-on beş dəqiqəlik söhbətimiz zamanı şahidi oldum. Belə ataların üzünə baxmağa insanda cəsarət lazımdır. Mən onu əvvəllər də görmüşdüm. O qədər sıxılıb, o qədər sınıxıb ki... Təsəlli verməyə söz tapmıram. Aptekə dərman üçün üz tutub gələn insanlara xidmət edə-edə İbrahimin uşaqlıq illərindən kiçik fraqmetlər danışır...
...Boradigah qəbiristanlığına yol əzəmətli Boradigah məscidinin yaxınlığından keçir. Uca minarələrdən gündə üç dəfə ucalan azan sədası şəhidlərin məzarlarının ziyarətinə gələnlərin ürəyinin sızıltısını bir an ovudur...
İbrahim Rükabzadə şəklindən məğrur baxışlarla gülümsünərək ziyarətçilərinə baxır. Vətənə övlad börcunu şərəflə yerinə yetirən qəhrəmanın xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Boradigah qəsəbə ərazi nümayəndəliyindən bizə bildirdilər ki, şəhidin xatirəsini əbədiləşdirmək məqsədi ilə yaşadığı küçəyə adının verilməsi təşəbbüsü irəli sürülüb. Təbii ki, bunlar son hədd deyil, çünki şəhid ailələrinə təkcə dövlətimizin qayğısı deyil, xalqımızın sevgisi də daim olacaq...
Nurəddin Ədiloğlu. Cenub.az