( “Şəhidlik manifesti” kitabındən 15-ci yazı)
Qısa tanıtım: Cəbrayıl Baloğlan oğlu Qasımov 1996-cı il iyulun 19-da Masallı rayonunun Ərəb kəndində anadan olub. 2002-ci ildə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbinin birinci sinfinə daxil olub. 2013-cü ildə həmin məktəbi bitirib. Orta təhsilini başa vurduqdan sonra 2014-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda, “N” saylı hərbi hissəsində rabitəçi kimi xidmət edib. 2016-cı ilin yanvar ayında ordu sıralarından tərxis olunub. 2020-ci il sentyabrın 29-dan Ermənistan işğalı altında olan ərazilərin azadlığı uğrunda başlanan Vətən müharibəsinə könüllü olaraq qatılıb. İştirak etdiyi hərbi əməliyyatlarda böyük şücaət göstərərək düşmən mövqelərinə sarsıdıcı zərbələr endirib. Oktyabrın 8-də Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə son nəfəsinədək vuruşaraq qəhrəmancasına şəhid olub. 9 oktyabr 2020-ci il tarixdə doğulduğu Ərəb kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Cəbrayıl Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
“Mən Azərbaycan anasıyam, oğlum da Azərbaycan oğludur”
...Hər birimizin qəlbində müqəddəs bir hiss – doğma Vətənə olan məhəbbət hissi yaşayır. Könüllü əsgər anası Fatimə Əli qızı daxilində olan bu ülvi hisslə nişanlı oğlunu Vətənin, xalqın müdafiəsinə təmtəraqla yolladığı gün dillərdə əzbər oldu. Sanki oğlunu müharibəyə yox, toy-düyünə yola salırdı. Həmin gün Fatimə xanım təkcə oğlu Cəbrayıla deyil, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşına qalxan 415 nəfər könüllü əsgərə xeyir-dua verdi, yüksək kürsüdən cəsarətli çıxışı ilə onları Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq birləşməyə, mənfur düşmənin başına “daş” yağdırmağa səsləmişdi: “Azərbaycan sizə dədə-babalarınızın əmanətidir. Əmanət olan bu Vətəni qorumaq hər birinizin borcudur. Vətən sevgisi sizə ananızın südü ilə verilib... Mən Azərbaycan anasıyam, oğlum da Azərbaycan oğludur, Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandanımız lham Əliyev!..”
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov könüllü əsgərləri fədakarlığa, qəhrəmanlığa çağıran çıxışına görə Fatimə xanıma təşəkkürünü bildirərək demişdi: “Biz sizn kimi Azərbaycan anaları ilə fəxr edirik və qarşınızda baş əyirik.”
...Aradan çox keçmədi ki, ordumuzun əks hücumu nəticəsində bütün cəbhəboyu düşmənə layiqli cavab verildi, uzun illər işğal altında olan yaşayış məntəqələrimizi bir-bir erməni faşistlərinin tapdağından təmizləməyə başladı.
“Oğlum mənim yarımçıq işimi tamamlayaraq şəhid oldu”
Cəbrayılın atası Baloğlanı zəhmət adamı kimi çoxdan tanıyıram. Birinci Qarabağ müharibəsində tank qoşunları tağımında döyüşərək 4 ilə yaxın qanlı-qadalı savaşın hər üzünü görmüşdü. Yeganə oğlu Cəbrayıl da uşaq çağlarından atasının müharibədə həlak olan silahdaşları barədə söhbətlərinə qulaq asa-asa qəlbində düşmənə qarşı nifrət hissi kök atmışdı.
...6 yaşında kiçik toy məclisində Cəbrayıl qəlbindəki Vətən sevgisini, Azərbaycanın üç rəngli bayrağına olan ehtiramını uşaq inadkarlığı ilə biruzə vermişdi. O gün balaca bəyə məclisin açılış lentini kəsmək təklif olunanda o, etiraz edib: “Əgər Bayrağ gətirməsəniz, mən toyxanaya girməyəcəyəm” deyib. O zaman 6 yaşlı uşağın Bayraq sevgisi təkcə ata-anasına deyil, bütün məclis əhlinə sevinc hissi yaşatmışdı.
Həqiqi hərbi xidmətən sonra Cəbrayıl anasının boya –başa çatdığı Xırmandalı kəndindən sevib-seçdiyi qızla nişanlanmışdı. Rayon mərkəzindəki şadlıq sarayında təyin olunmuş toy gününə sayılı günlər qalırdı. Lakin Novruz Bayramı ərəfəsində pandemiya səbəbindən mart ayınının 16-dan bütün toylar təxirə salındığından atası toyun tarixini noyabrın 15-dən sonraya dəyişməli olur.
...Azğın düşmənə qələbə çalmaq əzmi ilə Vətən müharibəsinə könüllü yola düşəndə nənəsi Sevil Yusubova ərklə nəvəsinə: “Ay Cəbi, nənə qurban, axı sən nişanlısan, getmə” deyəndə o, “Torpaq da namusdur, qeyrətdir. İllərdir ki, yağı düşmənin tapdağı altında qalıb, getməliyəm, artıq bu xəcalətə son qoymağın vaxtı çatıb. Bir də ki, atamı müharibədə qoruyan Allah, məni də qoruyar...”
...İndi şəhid oğlu barədə danışan ata deyir: ”Oğlum mənim yarımçıq qoyduğum işi tamamlayaraq şəhid oldu. Bütün şəhid valideynlərinə başınızı dik tutun, Vətən sağ olsun deyirəm...” Şəhid atası ilə söhbətimizə Birinci Qarabağ müharibəsində doğmaları şəhid olan Ərəb kənd məscidi dini icmasının sədri axund Əhliman Hüseynov və qonşu Hacıtəpə kəndindən olan şair-publisist Əlizaman Baxış da qoşulurlar. Yeri gəlmişkən, hər iki ziyalı uzun müddət pedaqoji fəliyyətlə məşğul olublar: “ Vətənə sevginin əsası həm ailədə, həm də məktəbdə qoyulur... Elə bu sevginin gücünə Cəbrayıl kimi vətənpərvər cavanlarımız canlarından keçib xalqımızın 30 illik torpaq həsrətinə son qoydular...”
Bir cüt yadigar göyərçin və çaylaq daşı
Şəhid əsgərimizin bibisi Nazlı xanım deyir ki, qardaşım oğlu Vətəni ata - anasından, nişanlısından da uca tutdu. Qara libas geyinmiş bacıları Ulduzə, Firuzə və Ruziyə Cəbrayılın tez - tez təkrar etdiyini bir ifadəni dilə gətirirlər: “Oğul varsa Vətən var, Vətən varsa oğul var...” Onu da yaxşı bilirlər ki, şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Şair demişkən, “oğul” sözündən şəhid, “şəhid” sözündən Vətən ətri gəlir. Vətən müharibəsinə yola düşdüyü gün bacıları ağlayanda Cəbrayıl gülə -gülə onlara belə deyib: “Siz fəxr etməlisiniz ki, mən Vətəni, sizi müdafiə etməyə gedirəm.”
...İndi Cəbrayılın cismən yoxluğu bacılarına ağır gəlsə də, onunla qürur duyurlar. Atası Baloğlan Cəbrayıldan yadigar qalan bir cüt göyərçini göz bəbəyi kimi qoruyur. Deyir ki, hər dəfə göyərçinlər qanad açıb səmaya qalxanda mənə elə gəlir ki, göy qübbəsində onlar oğlumun ruhu ilə görüşürlər...
Cəbrayıl döyüş bölgəsindən anasına hamarlanıb yuvarlanmış çaylaq daşı göndərmişdi... Həmin daşı Fatimə xanım yadigar saxlasa da kövrələrək heyrətlə deyir: “Mən hələ də Cəbrayılın göndərdiyi bu daşın mənasını bilmirəm..”
Kim bilir bəlkə düşmənin başına mərmiləri, güllələri yağış kimi yağdıran Cəbrayıl anasına könüllü əsgərlərin qarşısında çıxış edib, güvən verdiyi günü, “mənfur düşmənin başına daş yağdırın” sözünü xatırlatmaq istəmişdi. Bəlkə də ovuc icinə sığışan o daş köksündə şəhid qanı çiçək açan azad Vətən torpaqlarının rəmzi idi?!. “Yüz oğul yoxluğu bilinməz anam, bir ovuc torpağın yoxluğu qədər...”
Qonşu Xırmandalı kəndindən döyüş yoldaşı Əli Fərzəliyevin dediyinə görə, sinəsini Vətənə sipər elən Cəbrayıl düşmən qarşısından bir addım da geri çəkilmədən son damla qanına qədər vuruşmuş, qəhrəmancasına həlak olaraq, qanı ilə Vətən torpağında iz qoymuşdur.
“Şəklinlə bəzənib bəylik otağın...”
Valideynləri Cəbrayılın müxtəlif illərdə çəkilmiş şəkilləri ilə bəzənmiş bəy otağını sanki kiçik xatirə muzeyinə çeviriblər. Taleyi, qisməti beləymiş yəqin... Şəhidin xatirə guşəsində bəylik kostyumu ilə əsgər paltarı ilə yan-yana asılıb. Şəhid ata - anası üçün indi yeganə təsəlli torpaq uğrunda canını fəda edən Cəbrayılın adının unudulmamasıdır.
Şəhid valideynləri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirlər. Rayonun rəhbəri Şahin Məmmədov özünün ad günündə 1-ci müavini Məmmədhüseyn Hüseynovla birlikdə şəhid Cəbrayıl Qasımovun valideynlərini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Şəhidin ata-baba yurdu Ərəb kənd qəbiristanlığındakı məzarının ziyarətinə gələn gənclər ruhu qarşısında baş əyib deyir: "Səninlə fəxr edirik, Azərbaycan oğlu, məzarın and yerimiz, inam yerimizdir...”
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, biz bu Qələbəni döyüş meydanında şəhidlər verərək qazandıq. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə də bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir. Azərbaycan xalqı sübut etdi ki, yenilməz, məğrur xalqdır.
Nurəddin ƏDİLOĞLU