Son günlər vətəndaşları narahat edən, sosial şəbəkələrdə müzakirələrə səbəb olan problemin izi ilə...
“2020-2021-ci il tarixlərində kartınız vasitəsilə xaricdə xidmətlərin alınmasından yaranan ƏDV borcu hesabınızdan silinəcək”. Bu tip xəbərdarlıqlar son vaxtlar sosial şəbəkə istifadəçilərinin geniş müzakirə mövzusuna çevrilib.
Vətəndaşların dediklərinə görə, ötən il etdikləri kartla ödənişə görə bu il onların ödəmə kartından 18 faiz əlavə dəyər vergisi (ƏDV) tutulub. Problemin ən maraqlı tərəfi isə odur ki, həmin il ərzində ödəmələrdən yığılan ƏDV-lərin hamısı kartlardan birdəfəlik çıxarılıb. Nəticədə kartda kifayət qədər vəsaiti olmayanlara borc xəbərdarlığı gəlib.
AYNA baş verənlərə aydınlıq gətirməyə çalışıb.
ƏDV tutulmasını həyata keçirən bankların birindən kartdan vəsaitin onlar tərəfindən tutulmasını təsdiqlədilər. ƏDV-nin tutulmasının gecikməsini isə bu cür izah ediblər: “Texniki səbəblərdən bank cari vergini 2020-ci ilin yanvar ayından 2021-ci ilin fevral ayına qədər tutmayıb. Bu səbəbdən aprel ayından qeyd olunan dövr üçün ƏDV-nin tutulması həyata keçirilib”.
Bəs, hansı hallarda kartla ödəmələrə ƏDV-nin tutulması tətbiq edilə bilər? Sualımıza UNEC-in professoru, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə aydınlıq gətirib.
Onun sözlərinə görə, Vergi Məcllləsinin 169-cu maddəsi bu tipli ƏDV ödənişlərini nəzərdə tutur və bankların bu məbləğləri müştərilərinin hesablarından tutaraq büdcəyə ödəməsi halını da göstərir: “Bu, o halda baş verir ki, xidməti göstərən qeyri-rezident Azərbaycanda ƏDV-nin məqsədləri üçün qeydiyyatda deyil, onun xidmətindən istifadə edən alıcının da Azərbaycanda vergi ödəyicisi kimi qeydiyyatı yoxdur. Yəni bu halda bank həmin alıcının hesabından bu ƏDV məbləğini tutaraq, büdcəyə ödəyir. Bu praktika artıq 2017-ci ildən bu tərəfə tətbiq olunur, yeni bir məsələ deyil. Yerli xidmət istehsalçıları ilə xarici xidmət istehsalçıları arasında haqsız rəqabətə yol verməmək üçün bu addım atılıb”.
Mütəxəssisin fikrincə, bu, səhv bir addım da sayıla bilməz: “Burada bəzi xidmətlər, məsələn, otel rezervasiyası, aviabilet alınması istisnadır. Onlara ƏDV tətbiq edilmir. Sadəcə bu problemin ortaya çıxmasında həm vətəndaşların bilgisizliyi, həm də bankların məsuliyyətsizliyi rol oynayır. Yəni banklar, Vergi Məcəlləsində müyyən olunmuş müddətlərdə bu ƏDV tutmalarını etsəydi, vətəndaşlar da vaxtında məlumat əldə edərdilər və bəlkə də sonra belə satınalmalara getməzdilər. Bu olmayıb. Eyni zamanda da bir çox vətəndaşlar belə bir vergi tutmasının olmasından xəbərsizdirlər”.
Bağırzadə ekspert hesab edir ki, xüsusilə elektron beynəlxalq ticarətə qoşulan vətəndaşlar bu haqda ətraflı bilgi əldə etməliydilər: “Onlar da bunu etməyiblər. Ancaq qanunu bilməmək də vətəndaşı məsuliyyətdən azad etmir. Fikrimcə, banklar da belə halın olmasını istəməzdi, çünki ən azından bu tutulan məbləğlər bankaların komisyon haqqı deyil, büdəcəyə gedir. Ona görə bu problem vətəndaşla bank arasında bağlanan müvafiq müqavilələr çərçivəsində öz həllini tapmalıdır”.
“Bundan sonra banklar belə hallarda, ticarət əməliyyatı aparılan zaman müştərilərinə qeyri-rezidentə ödədikləri məbləğlə yanaşı, büdcəyə ödəməli olduqları məbləğlə bağlı da müvafiq məlumatlandırıcı mesaj göndərməlidir. Bəlkə də bu, texniki olaraq çətindir, amma edilə bilər. Əgər sonradan bunu müəyyən edə bilirlərsə, demək alış-veriş zamanı da müəyyən edə bilərlər. Qaldı ki, vətəndaşlar əllərindəki kartları ilə xarici elektron ticarət saytlarından mal satın ala bilərlər və bunlar üçün hər hansı bir ƏDV dərəcəsi nəzərdə tutulmayıb. Sadəcə həmin mallar gömrükdən ölkəyə daxil olduqda, əgər müəyyən rüsum ödənilməlidirsə, o ödənilir. Hazırda 1 nəfər gömrük rüsumu ödəmədən 1 ay ərzində 300 dollar məbləğinədək belə satınalma həyata keçirə bilər”, - deyə professor bildirib.
Məsələ ilə bağlı Dövlət Vergi Xidməti rəsmi açıqlamasında bəyan edib ki, vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman yalnız banklar tərəfindən tutulur. Yəni bu ödəmə banklar tərəfindən əllə tutula bilməyən məhsullarda tətbiq olunur.
Bəs, bu ödəmə anında tutulmasa, sonradan istehlakçının kartından çıxarılması hüquqi cəhətdən necə qiymətləndirilir?
Hüquqşünas, bank və maliyyə eksperti Əkrəm Həsənovun sözlərinə görə Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, əgər qeyri-rezident elektron ticarət qaydasında, Azərbayacnın hüdudlarından kənarda mehmanxana və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bizim rezident üçün iş görürsə və yaxud da xidmət göstərirsə, bu halda ƏDV-yə cəlb olunur: “Yəni Azərbaycan bankı həmin ödəniş edən şəxsin hesabından ƏDV tutub dövlət büdcəsinə ödəməlidir. Burada xüsusilə vurğulamaq lazımdır ki, söhbət iş və xidmətdən gedir. Yəni xaricdə kimsə bizim üçün iş görürsə və yaxud da xidmət göstərirsə və bu proses elektorn ticarət qaydasındadırsa, bizim ona etdiyimiz ödənişdən yerli bank ƏDV-ni bizim hesabımızdan silməlidir. Bu proses artıq beş ildir həyata keçirilir”.
Ekspert hesab edir ki, bu məsələdə mexanizm bir qədər narahatlıq doğurur: “Müştəri bank vasitəsilə ödəniş edərkən bank ödəniş kartdan edilirsə, o zaman bank şəxsin xaricdən nə aldığını dərhal eyniləşdirə bilmir. Ola bilsin ki, şəxs iş xidməti almır, hansısa bir mal alır. Əgər şəxs mal alırsa, bu halda ƏDV olmur. Və ya ola bilər ki, şəxs iş xidməti olaraq mehmanxana və ya aviabilet alır. Bankın bunu müəyyənləşdirməyə vaxtı belə, olmur. Yəni bank bunu yalnız ödənişdən sonra müəyyən etməlidir ki, bu, hansı ödəniş idi və bizim hesabımızdan silməlidir. Bunu 3-5 gün ərzində edə bilər, amma aylar və illər sonra yox”.
“Görünür ki, burda banklar öz vəzifələrinə etinadsız yanaşıb, bu vergini müştərilərdən vaxtında tutmayıb. Ola bilsin ki, vergi yoxlamaları gəlib, bu cür faktlar müəyyən edib, həmin banklar indi müştərilərin hesabından tutmağa başlayıb. Yəni bu halda da heç bir qanun pozuntusu yoxdur. Hər bir şəxsdən 3 il ərzində vergi tələb oluna bilər. Hətta şəxsin hesabında kifayət qədər məbləğ olmasa belə, ondan sonra da həmin məbləğ tələb oluna bilər. Vətəndaş sual edə bilməz ki, niyə vergini ondan indi tələb edirlər. Onun hesabında pul yoxdursa, onun dövlət büdcəsinə əlavə borcu yaranır. Yox, əgər buraxılan müddətə görə, vətəndaşdan əlavə cərimə tələb etsəydilər, o zaman vətəndaş etiraz edə bilər ki, həmin məbləği vaxtında tutardılar”, - deyə Həsənov vurğulayıb.
Hüquqşünas əmindir ki, heç bir bank bu məsələyə görə vətəndaşdan əlavə cərimə, faiz istəməyib: “Onlar yalnız vergini tələb ediblər. Bəli, əvvəldə də qeyd etdiyim kimi, burda vergi mexanizmi bir qədər narahatdır. Ola bilsin ki, vətəndaşdan pul getdi və daha bank hesabında pul yoxdur. Amma nə zamansa o vergini tələb etməli olacaqlar. Burada vətəndaşların heç bir halda etiraz etmək hüquqları yoxdur”.
Müsahibimiz indiki halda vergi orqanlarının banklardan müəyyən narazılıqlarının ola biləcəyini də qeyd edib: “Hətta vergi orqani buna görə banklara qarşı faiz və ya cərimə sanksiyaları tətbiq edə bilər ki, niyə bunu vaxtında etməyiblər”.
Müəllif: Ülviyyə Şahin