Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Qanlı kaha”nın izi ilə…




İyirmi səkkiz il sonra Kəlbəcərə səfərin təəssüratları...

 – Müəllim, hazırlaşın, sabah Başlıbelə yola düşürsünüz. Səhər saat 10:00-da hərbçilər sizi Toğanalı kəndində gözləyəcək…
Sanki eşitdiklərimə inanmaq istəmirdim, hansısa sözü, cümləni duya bilməyəcəyimdən ehtiyatlanaraq telefonu qulağıma bərk-bərk sıxmışdım. Çox həyəcanlı idim. İyirmi səkkiz ildir həsrətini çəkdiyim yurda dönmək başqa bir hissdir. Bu hissləri ifadə etməyə sözün qüdrəti kifayət eləmir…
Əslində Başlıbelə səfərin təşkili ilə bağlı hazırlıqlar bir neçə ay əvvəldən başlamışdı. Müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra “Qanlı kaha”nın izi ilə işğaldan azad olunmuş Kəlbəcər rayonuna səfər etmək, Başlıbel faciəsinin qurbanlarını ilk dəfə olaraq qətliamın törədildiyi yerdə yad etmək ən böyük arzum idi. Bununla həm də Kəlbəcərin işğalı zamanı ermənilərin Başlıbeldə törətdiyi kütləvi qətl barədə ictimaiyyətə daha dolğun məlumatlar çatdırmaq istəyirdim. Səfərin təşkili barədə təfərrüatlara varmayacağam. Əsas odur ki, 18 nəfərin qətlə yetirilməsi, 14 nəfərin girov götürülməsi, 8 nəfərin yaralanması, 1 nəfərin itkin düşməsi ilə nəticələnən Başlıbel faciəsi – ermənilərin dinc əhaliyə qarşı törətdiyi kütləvi qətl barədə real faktlar və maddi sübutlar danışacaqdı.
İşğal zamanı 113 gün ərzində Başlıbeldə mühasirədə qalmış şahidlərdən 2 nəfər – Mahir Cəfərov və İsmət Əzizoveləcə də kəndimizin mollası Natiq Salahovla birlikdə aprelin 16-da saat 10:00-da Göygöl rayonunun Toğanalı kəndində idik. Başlıbel faciəsi qurbanlarından biri – Salahova (Ələsgərova) Pəri Əbdürrəhim qızının nəvəsi, jurnalist həmkarım Zülfüqar Hüseynzadə də heyətdə idi. Müdafiə Nazirliyinə məxsus, avtobus tipli “Kamaz” markalı avtomobil Toğanalıdakı komendantura postunu keçib Murovun ətəklərinə doğru irəlilədikcə 1994-cü ilin yanvarında “Murovdağ əməliyyatı” zamanı donvurmadan həlak olmuş şəhidlərimizi xatırlayıram. Maşın “Daş körpü”yə çatanda “Şövqi Cəfərov bax, orada şəhid olmuşdu” – deyə səfər yoldaşlarımı qar örtüyü yenicə əriyən ərazi ilə tanış edirəm. Hamımız kövrəlmişdik, avtobusun pəncərələrindən sərt yamaclı dağlara boylanaraq Elşadı, Habili, Şövqini xatırlayır, hələ də itkin sayılan Bəhməni yad edir, için-için ağlayırdıq.
Şəhid qardaşlarımızın uğrunda can verdiyi Kəlbəcər torpağına ayaq basırdıq. “Kamaz” nərildəyərək narahat yollarda yırğalana-yırğalana Murovun dolaylarını dolandıqca içimdən bir ağrı qopur: ah, amansız Murov, nə oğullar apardın!…
Saat 11:00-da məşhur “Turş su”nun yuxarısında yerləşən “Yol evi”ndəki posta çatdıq. Buradan Murovun qarlı aşırımları daha aydın görünürdü. Hamının gözü yuxarı – Murovun bir-birinə boy verən aşırımlarına zillənmişdi, Ömər aşırımından üzübəri yola düşdüyü deyilən avtomobil karvanının gəlib çatmasını gözləyirdik…
Dörd saatdan sonra qalın qar təbəqəsinin arasında 2 ədəd “Ural” göründü. Ardınca 2 ədəd “Pikap”, bir qədər sonra isə 2 ədəd “Kamaz” “Yol evi”nə doğru yaxınlaşdı. Karvan posta çatar-çatmaz Etibar adlı sürücümüzün işarəsi ilə bizi Kəlbəcərə çatdırmalı olan avtobusa qalxıb yerimizi tutduq. Kəlbəcərdən gələn maşınlardan birinin sürücüsü başını pəncərədən çıxararaq bizim sürücümüzə səsləndi: “Yuxarıda yollar buz bağlayıb, traktor işləyir, amma ehtiyatlı ol, çalış ki, hava soyumamış Öməri aşa biləsən”.
“Yol evi”ndəki postda xidmətdə olan əsgərlərlə sağollaşıb yolumuza davam etdik. Bir neçə dolama qalxdıqdan sonra buz və palçıq qarışıq sərt döngələr bir-birini əvəz edirdi. Sıldırım dağların arasından keçən yolun hər iki tərəfindəki qalın qar təbəqəsi “Kamaz”a boy vermirdi. Qalın qar təbəqəsinin daraltdığı yolda buz və palçıqlı döngələri təhlükəsiz keçmək böyük ustalıq tələb edirdi. Amma sürücümüz “Kamaz”ı məharətlə idarə edirdi, görünür, qarlı-şaxtalı Murovun sərt dolaylarında xeyli təcrübə toplamışdı…
Budur, Ömər aşırımı! Kəlbəcərin işğalından sonra dəfələrlə əldən-ələ keçmiş, qanlı döyüşlərin şahidi olan, Zəfər müharibəsinin ilk günlərindəcə qəhrəman oğulların şücaəti sayəsində azad edilən Ömər aşırımı. Zirvədə düşmənin məhv edilmiş müşahidə məntəqəsinin qalıqları ermənilərin möhkəmcə əzişdirildiyinin sübutu kimi yerindədir. Cəmi iki metrlik məsafədə qurulmuş yeni postda qəhrəman əsgərlərimiz keşik çəkir.
Günəşin qürub çağında beş-on dəqiqə burada dayanıb, qarşı tərəfdə Kəlbəcərə və Laçına, sol yanda isə Ağdərə istiqamətinə boylanmaq özü bir ziyarətdir. Bayaqkı yorğunluqdan əsər-əlamət qalmayıb. Sanki Kəlbəcərin havası bütün çətinlikləri unutdurub…
Yolun kənarında hündürlüyü 2 metrdən çox olan bərkimiş qar yığınının üstündə dayanıb ətrafa boylanır, gözüm Kəlbəcəri, doğma Başlıbelin başı üzərindəki məğrur duruşlu Dəlidağı axtarır. Heç nə görə bilmirəm, məsafə çox uzaqdı, üstəlik, axşamın bürküsü də dağların qarşısına bozumtul sədd çəkib. Yaxınlıqda isə hər şey dəqiq görünür: Murovun Kəlbəcər üzündə qar örtüyü qarşı tərəflə müqayisədə çox azdır. Yollar da nisbətən geniş və rahatdır. Bu dağların hər üzünə bələdəm, güneydə qar tez əriyir, axı!
Xəyalım uzaqlara gedir, 1994-cü ilin yanvar-fevral aylarındakı məşhur  döyüşlərdə Murovun quzeylərində, Göygöl və Daşkəsən istiqamətindəki aşırımlarında daha çox itki vermişdik. Yenə həmin ağrılı-acılı ayları xatırlayıram, qəhər boğur…
Nə yaxşı ki, şəhidlərimizin qanı yerdə qalmadı, “dəmir yumruq”la düşmən cəzasını aldı, yurdumuz işğaldan azad edildi.
Ömər aşırımdan Zallar kəndinə cəmi 45 dəqiqəyə endik. Gözümü avtobusun yan şüşələrindən çölə zilləyərək qaranlıq olsa da, yolqırağı əraziləri seyr etməyə çalışıram. Düşmənin dağıdılmış postlarının qalıqlarını gördükcə qürur hissi gecənin qaranlığında uçuq divarları gözə girən evlərin yanğısı ilə əvəzlənir.
Yanşaq, Qamışlı, Çaykənd… Kəlbəcər şəhəri istiqamətində yaşayış məntəqələri bir-bir geridə qaldıqca ürəyim atlanır. Bütün kəndlər tamamilə yandırılaraq tanınmaz hala salınıb, heç bir yerdə həyat əlaməti müşahidə olunmur. “Qamışlı körpüsü”ndən Kəlbəcər şəhərinin girişinə qədər olan 25 dəqiqəlik yol boyunca tanıya bildiyim yeganə tikili Çaykənd kəndindəki beton divarların qalıqları idi. Ermənilər təkcə insan əməyi ilə qurulan evlərə və tikililərə yox, həm də Tanrının yaratdığı təbiətə də qənim kəsilibmiş. Yolqırağı ərazilərdə ağaclar vəhşiçəsinə kəsilərək yerə uzadılıb, Tərtər çayının ətrafındakı cəmənliklərdə ağır texnikanın köməyi ilə dərin xəndəklər qazılıb…
Saat 20:54-də Kəlbəcər şəhərinin girişindəki komendantura postunda dayandıq. Yoxlanışdan sonra qayanın üzərinə dolaylanan yolla şəhərə daxil olmaq… Keçmiş xatirələr oyanır, yenə kövrək hisslər, ixtiyarsız halda əllərimlə dizlərimi ovxalayıram…
Şəhər nisbətən işıqlıdır, amma dağıdılmamış bir tikili də gözə dəymir. Heç bir şey tanış gəlmir, təkcə yollar həmin yollardır…
Maşın şəhərin mərkəzi hissəsində, keçmiş “jildom”ların qarşısındakı yoxuşu qalxan kimi sola burulur. Gözüm yoxuşun başındakı univermağın binasını, onunla üzbəüz məscidi axtarsa da, görə bilmirəm. Burada da tanış heç nə görmədim, sanki yad bir yerə gəlmişdim.
Avtobus sola dönüb, təxminən 150 metr irəlilədikdən sonra dayandı.       Aşağı düşdük, şəhərdəki yeganə salamat binanın qara rəngli iri darvazasından içəri daxil olub, bizim üçün ayrılan otağa keçdik. 28 ildən sonra Kəlbəcərə qayıtdığımız ilk gün burada gecələdik…
Səhər saat 07:00-da yataqdan qalxdıq. Ermənilərin xarabalığa çevirdiyi şəhəri gəzmək, dağıntıları və vandalizm izlərini görmək üçün vaxtımız çox az idi. Əvvəlcə Kəlbəcər Diyarşünaslıq Muzeyinə doğru irəlilədim. Mərhum Şamil Dəlidağlının min bir əzab-əziyyətlə qurub-yaratdığı muzeyin uçuq divarlarının bir hissəsi qalmışdı. Buradan bir qədər də aşağı enib qayanın üzərindən Tərtər çayı vadisinə, İstisu sanatoriyasına gedən yola boylanıram. Tanrının Kəlbəcərə bəxş etdiyi təbii gözəlliklər heç dəyişməyib: Kəlbəcər-İstisu yolunun sağ yamacındakı sıldırım qayalar, Tərtər vadisinin əsrarəngiz gözəlliyi, həzin nəğmə kimi gələn çayın qıjıltısı…
Yenidən şəhərin mərkəzi məhəllələrinə qayıdıram. Erməni vəhşiliyinin dağıdıcı təsirləri hər addımda gözə dəyir. Həmkarım Zülfüqarla birlikdə şəhərin xarabalıqları arasında yaxın qohumumuz, 1970-1980-ci illərdə Kəlbəcərin sosial-iqtisadi və mədəni inkişafında müstəsna xidmətləri olmuş, hamının hörmət və ehtiramla xatırladığı mərhum Qənimət Rzayevin evini, 1 nömrəli məktəbi, “jildom”un binasını axtarırıq. Yandırılmış evlərdən birinin qarşısında dayanırıq, darvazası yerindən çıxarılmış divarın ortasındakı yaşıl rəngli dəmir qapı tanış gəlir, Zülfüqar tərəddüdlə “Məncə Qənimət dayımın evi buradır” – deyir. Yalnız divarları qalmış evin yandırılmış dam örtüyü altındakı üçkünc daş bağlama yad element kimi diqqətimdən yayınmır, “Yox, Qənimət əmigilin evi bura deyil” – deyə etiraz edirəm. Hər ikimiz içəri daxil oluruq, uçmuş divarların arasında yan otaqdakı qapı yerinin başındakı oval formalı hörgü şübhələri aradan qaldırır. Buranın Qənimət əminin evi olduğunu həmin oval hörgüdən tanıya bildik. Lənətə gəlmiş ermənilər evin damını sökərək yan divarları üçkünc formada artırmaqla ermənisayağı elementlər əlavə edib, Azərbaycan memarlığına uyğun milli ornament motivlərini silməyə çalışıblar. Burada yaşayan erməni ailə Kəlbəcərdən çıxarkən bu evi də yandırıb…
Şəhərin xarabalıqlarını gəzərkən məlum olur ki, erməni ailələri 28 ildə yaşadıqları evlərin hamısında dam örtüyünə bu cür elementlər əlavə etməklə, Kəlbəcəri guya özlərinə məxsus ərazi kimi tanıtmağa çalışıb…
Kəlbəcər şəhər 1 nömrəli məktəbin yerində isə işğalçı ordu üçün hərbi hissə tikilibmiş. Köhnə məktəb binasından “jildom”un həyətinə qədər böyük bir ərazi buldozerlə kürünüb, buradakı tikililər, sosial-mədəni obyektlər, tarixi binalar yer üzündən silinib…
Şəhərin xarabalıqlarını izləmək üçün bizə ayrılan vaxt başa çatır. Gecələdiyimiz binaya tərəf geri dönərkən yolüstü Eldar əmigilin evini axtardıq. Uzun illər qırmızı rəngli PAZ avtobusu ilə Kəlbəcər-Başlıbel marşrutu üzrə sərnişindaşıma xidməti göstərən mərhum Eldar Musayevin həyəti uzun illər başlıbellilər üçün dayanacaq rolunu oynamışdı. Həmin evi axtarmaqla həm də Eldar əminin ruhunu yad etmək istəyirdik. Nişanəsi qalmayan evini yerini çətinliklə tapa bildik…
Saat səkkiz tamamda bizi Toğanalıdan Kəlbəcərə gətirən “Kamaz”la Başlıbel istiqamətinə yola düşürük. Qarşıda bizi Kəlbəcərə səfərimizin əsas məqsədi gözləyir. İyirmi səkkiz ildir həsrətində olduğumuz kəndimizə qovuşacağıq, dağılmış evlərimizi, doğmalarımızın məzarlarını, işğal vaxtı Başlıbeldə mühasirədə qalmış 62 nəfərin 113 gün ərzində sığındığı kahaları, ermənilərin həmin kahalarda törətdiyi vandalizm aktlarının izlərini, kütləvi şəkildə qətl edilmiş insanların sonradan mühasirədə qalanlar tərəfindən gizli şəkildə dəfn olunduğu yerləri görəcəyik…
Elxan Salahov


Ermənilər mərmi atəşi ilə Kəlbəcərdən “Tutquçay dərəsi”nə gedən yeganə yolu – tuneli dağıtmaq istəyirmiş...
Ermənilər ağaclara da qənim kəsilib. Kəlbəcərin mərkəzi küçələrində yalnız gövdəsi qalan ağaclar çoxdur...
Erməni vandalizminin izləri hər addımda görünür
Qaya üzərində yerləşən Kəlbəcər şəhəri 28 ildən sonra...
Kəlbəcər şəhərindən Tərtər vadisinin görünşü






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10