Politoloq: “Bizim müvafiq qurumlar niyə susur, nədən qalxıb haqqımızı tələb etmir?!”
Aprelin 26-da Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Dövlət başçıları telefon danışığının gedişatında Qarabağı, Ukraynanı və Çexiya ilə yaşanan diplomatik qalmaqalı müzakirə ediblər. Tərəflər arasında Qarabağdakı vəziyyətin sabit qalması, Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının həyata keçirilməsi ilə bağlı işin davam etməsindən məmnunluq qeyd olunub. Məlumatda o da bildirilir ki, prezidentlər ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə münaqişənin həll olunmasında yeni təşəbbüs və təkliflər hazırlanmasını da müzakirə ediblər.
İki həmsədr ölkənin başçısının “münaqişənin həlli” dedikdə nəyi nəzərdə tutduqları aydın deyil. Çünki Azərbaycan tərəfi ali rəhbərlik səviyyəsində bəyan edib ki, Qarabağ münaqişəsi arxada qalıb. Yəni ki, bundan sonra Minsk Qrupu yekun sülh prosesində hansısa formada iştirak edə bilər. Bəlkə, Fransa və Rusiya liderləri məhz yekun sülhü nəzərdə tuturlar?! Analitiklər isə bildirirlər ki, “xeyr, onlar məhz münaqişənin davam etdiyini hesab edirlər”. Yeni təşəbbüslər dedikdə isə güman ki, Dağlıq Qarabağın statusu məsələsini gündəmə gətirməyə çalışırlar.
Minsk Qrupunun bundan sonrakı fəaliyyəti, Qarabağ ətrafında son günlər cərəyan edən proseslərlə bağlı AYNA-nın suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb.
- Elxan bəy, Rusiya və Fransa prezidentlərinin telefon danışığı zamanı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı həmsədrlərin yeni təşəbbüslər hazırlaması barədə ifadələri hansı mənanı verir?
- Açıqlama ilə tanışam. Maraqlıdır, Rusiya və Fransa Azərbaycanın arxasında hansı təşəbbüslər hazırlayırlar? Bundan rəsmi Bakının xəbəri varmı? Yəqin ki, Xarici İşlər Nazirliyi buna aydınlıq gətirməlidir. İkincisi, Azərbaycan Prezidenti İlham Əliyev “münaqişə artıq həll olunub” deyərkən, Fransa və Rusiya prezidentləri “Dağlıq Qarabağ problemi” ifadəsi işlədərkən nəyə eyham vururlar? Söhbət Qarabağın “statusu” müzakirələrindənmi gedir? Yaxud da, erməni separatçılarının terrorçubaşı “yeni təşəbbüslərlə” tanış olmaq üçünmü Moskvaya çağrılmışdı? Bu suallar cavabsızdır. Ona görə nəsə söyləmək çətindir.
Amma hesab edirəm ki, sözügedən “yeni təşəbbüslər” nədirsə, Azərbaycanın əleyhinə yönəlib. Rusiya və Fransanın Qarabağ məsələsində bunaqədərki fəaliyyətindən nə fayda əldə etdik ki, bundan sonra Parislə Moskvanın “təşəbbüsləri” bölgəyə nə gətirsin?! İnanmıram ki, bu, bölgəyə sülh gətirilməsi üçün hesablanıb. Baxın, müharibə bitib, amma Moskva Bakının arxasında separatçılarının lideri ilə məsləhətləşir. Parisdən İrəvana gələnlər isə “Fransa Dağlıq Qarabağın “müstəqilliyini” tanımalıdır” tipli açıqlamaları verirlər. Bunlar ciddi məsələlərdir. Amma rəsmi Bakı baş verənləri izləməklə məşğuldur. Düşünürəm ki, buna reaksiya verilməlidir, aydınlıq gətirilməsi istənilməlidir.
- Yeri gəlmişkən, Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ-ın dövlət katibi Azərbaycan Prezidenti ilə telefonda danışdı və söhbət zamanı Qarabağla bağlı da fikir mübadiləsi aparıldı. Görünür, ABŞ da həmsədr institutunun yenidən fəaliyyətində maraqlıdır...
- ABŞ Cənubi Qafqazda hər zaman maraqlıdır, bölgədəki proseslərdə yaxından iştirak etmək istəyir. Amma Amerikanın proseslərdə iştirakına zəmin yaradan yeganə amil Minsk Qrupudur. Başqa format yoxdur ki, ABŞ o formatla proseslərə qoşulsun. Mümkündür ki, yaxın müddətdə həmsədrlərin bölgəyə səfəri olsun. Hesab edirəm ki, həmsədrlər səfər də etsələr, onlar fəaliyyətini yenidən canlandırmaq istəsələr də, bu, nəticəsiz qalacaq. Azərbaycan istəmirsə, həmsədrlərin fəaliyyətindən narazıdırsa, hansısa nəticə olacağını gözləmək çətindir. Bəli, İkinci Qarabağ müharibəsindən əvvəl həm Azərbaycan, həm də Ermənistan aktiv şəkildə Minsk Qrupu ilə dialoqda idi, danışıqlar aparılırdı. İndi rəsmi Bakı həmsədrlərlə dialoqda maraqlı deyil. Ermənistan yenə də maraqlıdır, bu da təbiidir. Rəsmi İrəvan düşünür ki, Rusiya dəstək verir, Fransa onsuz da tam dəstək verir, ABŞ-ın indiki hakimiyyətinin də ermənilərə isti münasibəti var, deməli həmsədrlər bundan sonrakı proseslərdə onların dadına çatacaq. Ona görə də Ermənistan mütəmadi olaraq Minsk Qrupunun fəaliyyətinin bərpası məsələsini gündəmə gətirir. Lakin bu, Azərbaycanın maraqlarına cavab vermir.
Onu da nəzərə almaq lazımdır ki, hazırkı mərhələdə Azərbaycana təzyiqlər də artır. Bundan sonra güman ki, təzyiqlər daha da çoxalacaq. Fikir verin, müharibədən sonra Qarabağda qalmış erməni terrorçularının saxlanılmasına görə Bakıya necə təzyiqlər göstərirlər. Məsələ burasındadır ki, onların “əsir” dedikləri həmin Ermənistan vətəndaşları 10 noyabr 2020-ci il Birgə Bəyanatından sonra Azərbaycana göndərilib və hərbçilərimizə atəş açıblar. Ona görə biz onları terrorçu hesab edirik. 10 noyabra qədər bütün əsirlər təhvil verilib. Ancaq Ermənistan hakimiyyəti xaricdəki havadarları vasitəsilə aylardır Azərbaycana qarşı “əsir” kampaniyası təşkil edib və açıq etiraf etmək lazımdır ki, Qərbin müxtəlif mərkəzlərində dəstək görürlər. Ermənilər “əsir” mövzusundan Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə edirlər. Fransa və ABŞ-dakı ermənipərəst dairələrin “əsir” mövzusunun qanunverici orqanlara çıxarılması da istisna deyil. Artıq bu barədə təşəbbüs qrupları formalaşıb. Azərbaycan haqlıdır, amma Ermənistan, erməni lobbisi və Qərbdəki ermənipərəst mərkəzlər bizi haqsız duruma sürükləmək istəyirlər.
- Önləyici tədbir kimi nə etməliyik?
- Hesab edirəm ki, nəzarətimizdə olan erməni terrorçuları barədə konsepsiyamız olmalıdır. Elə olmasın ki, təzyiq artdıqca biz onları sərbəst buraxmaq barədə qərar vermək məcburiyyətində qalaq. Erməni separatçıları illərlə iki Azərbaycan vətəndaşını həbsxanada saxladı. Hansı ki, “günahları” işğal altındakı ərazidə qohumlarının məzarlarını ziyarət etmək idi. Biz vətəndaşlarımızı azad etmək üçün Qərbin heç bir siyasi mərkəzindən və ya beynəlxalq təşkilatdan dəstək ala bilmədik. Ancaq indi həmin mərkəzlər və beynəlxalq təşkilatlar erməni terrorçuları məsələsində bizə təzyiqi artırıb. Ona görə həmin terrorçular üzərində məhkəmə işini sürətləndirməliyik. Ya da onların bir qisminin sərbəst buraxılmasını şərtlərimizin yerinə yetirilməsiylə əlaqələndirməliyik. Bütün hallarda bu terrorçularla bağlı nə edəcəyimizi dəqiq müəyyənləşdirməliyik. Diplomatiya gücləndirilməli, bu məsələdə Türkiyə ilə birgə hərəkət trayektoriyası müəyyənləşdirməliyik.
- Türkiyə demişkən, Minsk Qrupunun fəaliyyəti bərpa olunursa, biz həmsədrlər arasında Ankaranın olmasını niyə tələb etməyək? Faktiki olaraq İkinci Qarabağ müharibəsində siyasi məsələlərdə Rusiya ilə birgə Türkiyə aktiv iştirak etdi. Ankara danışıqlarda bir növ Vaşinqton və Parisi əvəz etdi.
- Bu, aktual məsələlərdən biridir. Əgər Minsk Qrupu fəaliyyətini bərpa etmək istəyirsə, Azərbaycan qəti və birmənalı məsələ qaldırmalıdır – Türkiyə həmsədrlərdən biri olsun. Biz həmsədrlərin yenidən fəaliyyətə başlamasına razı ola bilərik ki, mütləq dördüncü həmsədr olaraq Türkiyə prosesə qatılsın. Ermənistan bunu istəyir və ya istəmir – bu, onların problemidir. Amma Türkiyə bölgənin əsas oyunçusudur. Münaqişənin indiki vəziyyətə gəlməsində, yəni ki, həllində əsas rolu da Rusiya ilə yanaşı, Türkiyə oynadı. Belə olan halda Türkiyə kənarda qalmamalıdır. Azərbaycan bu məsələdə israr etməlidir. Əgər Rusiya, Fransa, ABŞ istəyirsə ki, fəaliyyətlərini bərpa etsinlər, mütləq şərtimiz Türkiyənin də orada olması tələbidir. Qəbul etməyəcəklərsə, o zaman Bakının cavabı “yox” olmalıdır.
- Həmsədrlərin bundan sonra siyasi yox, humanitar baxımdan fəaliyyəti mümkündürmü? Xalqlar arasında etimad mühitinin yaradılması baxımından hansısa təşəbbüsləri effektiv ola bilərmi?
- Müharibədən altı aya yaxın zaman keçib. Humanitar sahədə hansı təşəbbüs göstəriblər ki?! Minaların xəritələrinin Ermənistandan tələb edilməsi ilə bağlı həmsədrlər də, digər beynəlxalq qurumlar da səslərini çıxarmır. Məsələn, Minsk Qrupu humanitar təşəbbüs göstərsəydi, minalı ərazilərin xəritəsi ilə bağlı Ermənistana çağırış edərdi. Amma belə bəyanatı, çağırışı biz görmədik. Altı ayda Minsk Qrupu bu barədə fikir bildirməyibsə, bundan sonra da hansısa çağırış edəcəyi inandırıcı deyil. Minalar məsələsi sırf humanitar məsələdir, bildirsinlər də fikir. Əksinə, yenə də nələrisə ermənilərin xeyrinə etməyə çalışırlar. Humanitar addımları özümüz həll edirik. Minalı sahələri təmizləyirik, beynəlxalq minatəmizləmə qurumları ilə danışıqlar aparırıq və s. Həmsədrlər nə edəcəklər? Humanitar missiya ilə çıxış edəcəklər? Biz bilirik, yaxın tarix də göstərir ki, onlar hansı təşəbbüs göstərirlərsə, bu, bizim maraqlarımıza yox, ermənilərin maraqlarına xidmət edir.
- Son günlər Zəngəzur istiqamətində xırda da olsa, insidentlər barədə xəbərlər var. Ötən həftə erməni hərbçiləri atəş açmışdılar, amma Rusiya sülhməramlılarının xahişindən sonra sərhədçilərimiz cavab vermədi. Bəzi fikirlər var ki, Rusiya əslində gərginliyin olmasında və münaqişənin davamında maraqlıdır...
- Hesab etmirəm ki, Rusiya silahlı toqquşmanı istəyir. Bu, Moskvanın maraqlarına ziddir. Kreml aktiv hərbi vəziyyətin bərpasını istəmir. Amma onunla razıyam ki, bəli, Rusiya Qarabağ münaqişəsinin bütövlükdə həllini istəmir. Baxın, siz dediyiniz insidentlə bağlı Azərbaycan tərəfi açıqlama verdi ki, ermənilər atəş açıblar, Rusiya hərbçiləri xahiş ediblər, guya ki, ermənilər içkili olublar, cavab atəşi olmasın və s. Amma bu açıqlama Rusiyanın hansısa media orqanında verilmədi. Ümumiyyətlə, bu hadisə ilə bağlı Rusiya tərəfinin heç bir açıqlaması olmadı. Əvəzində separatçıların, guya Azərbaycan hərbçilərinin Xankəndidə mülki əhalini atəşə tutması barədə uydurmalar yaydılar. Sülhməramlılar Qarabağa yerləşdikdən bu yana Rusiya nə edirsə, Azərbaycanın maraqlarına zidd edir. Təbii ki, Moskvanın addımları Azərbaycan-Rusiya münasibətlərində sualların sayını artırmaqdadır. Təsəvvür edin, bir aydır Azərbaycan Prezidenti Şuşaya atılan qadağan olunmuş “İsgəndər-M” raketindən danışır, Rusiyaya suallar verir. Bu suallara Kremldən heç bir cavab gəlmir. Bu, dövlət başçısının dediyi kimi, strateji tərəfdaşlığın ruhuna ziddir. Rusiya hərəkətləri ilə münasibətlərin üstündən xətt çəkir. Təəssüf ki, Moskvanın bundan sonrakı addımları da bizim maraqlarımıza zidd olacaq. Azərbaycan düşünməlidir, necə edək ki, Rusiya hərbçilərini Qarabağdan çıxaraq. Düzdür, bu, çətindir. Reallıq var, razılaşma var, ən azı 5 il burada olacaqlar. Lakin çalışmaq lazımdır ki, onların fəaliyyətinin Azərbaycana verəcəyi zərərləri minumuma endirək.
- İstər, sülhməramlıların həddini aşan fəaliyyəti olsun, istərsə də terrorçu Araik Arutunyanın Moskvaya səfəri olsun - rəsmi Bakının bunlarla bağlı bəyanatını görmürük. Ola bilərmi ki, Azərbaycan narahatlığını və narazılığını diplomatik kanallar vasitəsilə Rusiyaya çatdırsın? Məsələn, Azərbaycanı narahat edən məsələlərdən biri Qarabağdan erməni hərbçilərinin tamamilə çıxarılmaması idi. Bugünlərdə erməni hərbçilərin texnikaları ilə birgə Xankəndini tərk etdiyinin videosu yayılıb. Ola bilərmi ki, bu, Azərbaycanın diplomatik kanallar vasitəsi ilə Rusiyaya narazılığını bildirməsinin nəticəsidir?
- Bilirsiniz, türkiyəli qardaşlarımız demiş, xəbər kirliliyi var. Rəsmi xəbər verilmir, açıqlanmır ki, oradan çıxan həqiqətən erməni hərbçilərdirmi, hara gedirlər və s. Söhbət bu videodan getmir, ümumiyyətlə sosial şəbəkələrdə yayılan qeyri-dəqiq informasiyalardan, erməni mənbələrinin məlumatlarından gedir. Siz dediyiniz videonu mən də gördüm. Amma hansısa qurum, rəsmi şəxs çıxıb bunu ya təsdiq etməlidir, ya inkar. Bəlkə bizi rahatlatmaq üçün bu video yayılıb, məqsədli şəkildədir. Rəsmi deyilməlidir, nə qədər hərbçi çıxıb, hamısımı çıxıb və s. Amma bunu kimsə çıxıb demir. Bu baxımdan, Qarabağla bağlı çox böyük xəbər çirkliliyi var. Bu da proseslərə mənfi təsir edən amillərdəndir.
Rusiyaya etiraza gəldikdə isə mənə elə gəlir ki, bəzən etirazın forması düzgün və dəqiq seçilmir. Məsələn, iki dəfə ictimaiyyət nümayəndələri Rusiyanın Bakıdakı səfirliyinə etiraz məktubu ünvanladılar. Buna nə ehtiyac var idi? Mən başa düşürəm, ictimaiyyətin narahat olduğunu bu vasitə ilə Rusiyanın diqqətinə çatdırmaq idi. Amma birbaşa səfirin XİN-ə çağırılıb narazılığın rəsmi şəkildə bildirilməsi mexanizmi var. Yaxud da nota təqdim edilə bilərdi. İctimaiyyət nümayəndələrinin müraciəti nəzərə alındı? Xeyr. Heç səfirlikdən cavab belə, verilmədi. Ola bilsin ki, diplomatik kanallar vasitəsilə etirazlar Moskvaya çatdırılır. Amma biz görürük ki, Prezident bəzi məsələləri açıq şəkildə deməyə ehtiyac hiss edir, sözünü deyir. Ölkə başçısının bu etirazı fonunda hesab edirəm ki, XİN-in fəaliyyəti çox passivdir. Eləcə də Ombudsmanın fəaliyyəti olsun. Ermənistanın Ombudsmanı az qala hər gün Azərbaycan əleyhinə təxribatçı açıqlamalar verir. Bizim Ombudsman isə aktiv deyil. Qoy, bizim müvəkkilin də dediyi Ermənistanda gündəm olsun da.
Bizim passivliyimiz də zərərimizədir. Əvvəlki illərdəki passivliyi haradasa başa düşmək olardı. Deyərdik ki, sülh danışıqları gedir. Amma indi elə dövrə qədəm qoymuşuq ki, bir saatlıq passivlik belə, ölkəmizin ziyanına işləyir. Elə götürək ermənilərin Azərbaycandakı terrorçuları barədə məsələləri. “Əsir” deyib, dünyaya həşir salıblar, kifayət qədər də dəstək alırlar. Biz haqlı tərəf olsaq da, dünyaya izah etməkdə çətinlik çəkirik. Özümüz-özümüzə deməməliyik, kənara izah etməliyik ki, bunlar “əsir” deyillər, terrorçudurlar, filan vaxt tutulublar. Məsələn, minaların xəritəsini verməməsi ilə bağlı hansısa ölkə Ermənistana çağırış edibmi? Yox. Demək ki, bu, bizim qüsurumuzdur, haqqımızda israr etmirik. Halbuki bütün dünyaya car çəkməli idik ki, müharibə bitib, Ermənistan xəritələri vermir, mülki insanlarımız ölür. Düşünürəm ki, bu məsələlərdə aktiv olmamağımız ziyanımıza işləyir.
Müəllif: Anar Bayramoğlu