Gözümüzün önündə ekologiyamız məhv olur
Təmizlənməmiş kanalizasiya suyunun axıdılması dənizi, gölləri və torpağı çirkləndirir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) də etiraf edir, lakin problem hələ həll olunmayıb.
ETSN yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin (DEEA) sədri Mirsalam Qəmbərov “Ekspert saatı”nın onlayn yayımı zamanı paytaxtın yarısında mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmadığını deyib. Bildirib ki, paytaxtın kənarında kanalizasiya rezervuarlara yığılır, daha sonra Xəzərə axıdılır.
Onun sözlərinə görə, problemin həlli üçün sərmayələrə ehtiyac var: “Hər bir şəhərə mərhələli şəkildə çirkab sularının təmizlənməsi sistemi quraşdırılmalıdır. Bunun üçün mütəxəssislər çirkab sularının ümumi idarəedilməsi planını hazırlayıblar. 30 rayonda, əhalinin sıx olduğu ərazilərdə kanalizasiya sistemləri quraşdırılıb və suyun təmizlənməsi sistemləri işləyir. Ancaq bu, kifayət deyil”.
Çirklənmiş göllərə gəldikdə, ETSN bu ərazilərdə müvafiq infrastruktur yaratmaq üçün sahibkarlarla yanaşı ictimaiyyəti də təmizləməyə cəlb etməyi planlaşdırır. Vətəndaşlar, bu məlumatları internetdə şərh edərək, Mərdəkan, Bilgəh və digər bağ sahələrindəki vəziyyətin arzuolunan olmadığını qeyd edir və müxtəlif, daha az əhəmiyyətli tədbirlər üçün kifayət qədər pulun olmasına, lakin lazımi təmizləmə qurğularına maliyyə tapılmamsına səmimi olaraq təəccüblənirlər.
“Rüzgar” İctimai Birliyinin sədri İslam Mustafayev şərhində kanalizasiya sularının idarəedilməsi və təmizlənməsi sahəsində vəziyyətin acınacaqlı olduğunu deyib: “Abşeronda, bir çox yaşayış məntəqəsində, kəndlərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur və heç kim bunun nəhayət nə zaman quraşdırılacağının dəqiq tarixlərdən danışmır. Sovet İttifaqı dağılmadan əvvəl də bu sahədə problemlər var idi. Bundan sonra ölkənin həyatında bir keçid dövrü və digər prioritetlərin olduğu çətin bir iqtisadi vəziyyət başladı. Ancaq indi, nəhayət, bu məsələni ələ alıb həll etməliyik”.
Ekoloq xatırladıb ki, ölkə Prezidenti su ehtiyatlarından səmərəli istifadənin zəruriliyini dəfələrlə vurğulayıb və çirkab suları təmizlənərsə, texniki məqsədlər üçün istifadə edilə bilər: “Əmircan, Bülbülə və Abşeron ətrafındakı sair göllərə çox miqdarda təmizlənməmiş çirkab su axıdılır. Bir çox açıq su hövzəsi fenol kimi zəhərli maddələrlə çox çirkləndirilib. Bu, əlverişsiz sanitariya və ekoloji problem yaradır”.
“Birincisi, lazımi yerlərdə müasir təmizləyici qurğuların quraşdırılması, ikincisi, rekreasiya üçün göllərin bərpası lazımdır. İndi balıqların yetişdirildiyi ölkəmizdə getdikcə daha çox süni göllər yaranmağa başlayıb. Amma təbii göllərimiz var ki, kanalizasiya sularının axıdılmasına görə, onların həcmi 2-3 dəfə artıb. Balıq yalnız təmiz suda yaxşı yaşayır və çoxalır, bunun üçün su mənbələrindəki suyu içməli su səviyyəsinə qədər təmizləmək lazımdır”, - deyə Mustafayev vurğulayıb.
Xatırladaq ki, təmizlənməmiş kanalizasiya suları ən yaxın yaşayış məntəqələrindən ölkənin əsas duz istehsal mənbəyi olan Masazır gölünə axıdılıb. Keçən il bununla bağlı araşdırma başlayıb.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov açıqlamasında bildirib ki, kanalizasiya suyu probleminin həll edilməməsi təbiətə güclü zərər vurur: “Suda yaşayan canlı orqanizmlər əziyyət çəkir, torpaq çirklənir və bu da öz növbəsində, əhalinin sağlamlığına mənfi təsir edir. Bütün növ tullantıların idarə olunması ilə, xüsusən məişət tullantılarının atılması ilə bağlı işlər kafidən çox uzaqdır”.
“Təmizlənməmiş çirkab sularının toplanmasına qayıdaraq, deməliyəm ki, problemlərdən biri yoxlamaların olmaması və qanun pozucularının cəzalandırılmamasıdır. Yalnız bir neçə kafe, restoran və təmizlənməmiş kanalizasiya suyunu boşaldan obyektlər cərimələnir və hətta bu zaman onları cərimələrlə də qorxutmaq olmur”, - deyə ekspert söyləyib.
Zeynalov əlavə edib ki, ölkəmizdə tez-tez obyektlər tikirlər və bu zaman kanalizasiya sistemi barədə düşünmürlər: “Burada belə bir tikinti üçün icazə verənləri cəzalandırmaq lazımdır. Göllərin təmizlənməsinə gəlincə, dövlət bu işi suyu çirkləndirən müəssisələrə tapşırmalıdır. Zavod və ya sex tikmək istəyən hər bir təşkilatın bütün məsələlərin ətraflı təsvir olunduğu bir ekoloji pasportu olmalıdır. Ancaq indi ekoloji pasport alınması bir rəsmiyyət halına gəlib”.
ayna.az