Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusiya ilə gərginlik açıq müstəvidə


Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət televiziyasına müsahibə verdi və əsas diqqəti Rusiya ilə münasibətlərdə yaranmış problemlərə yönəltdi. Dövlət başçısı “İskəndər” qalmaqalı başda olmaqla, bir neçə vacib məsələyə toxundu və açıq mesajlar verdi. Bu mesajları belə təsnifləşdirmək olar:
Ermənistanın Rusiya dəstəyi ilə mümkün revanşizmi barədə:
“Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir – həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir”.
Şuşaya atılan “İskəndər – M” raketi barədə:
“…Rusiya Müdafiə Nazirliyi bizə cavabda bildirib ki, onlar ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir. Bu, əslində, bizim məktubumuza olan tam cavab deyil. Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı, bu, mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri isə daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni, Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur”.
Erməni lobbisi ilə Rusiya hərbi-sənaye kompleksinin işbirliyi barədə:
“Biz dəqiq bilirik ki, bir erməni silah alverçisi – David Qalustyan Rusiyada oturub, Rusiya hərbi zavodlarından qanunsuz yollarla silahları alıb, sərnişin təyyarələri ilə göndərib. O silahların pulunu Rusiyada fəaliyyət göstərən erməni oliqarxları ödəyib – Abramyan, Karapetyan. Bu, cinayətdir. Onlar buna görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu silahlar müxtəlif qaçaqmalçılıq yolları ilə Ermənistana göndərilmişdir. Biz onu da Rusiya tərəfinə bildirmişdik ki, David Qalustyan Ermənistanın keçmiş müdafiə naziri Tonoyanın biznes şərikidir. Bizdə faktlar var. Lazım olarsa, biz bu faktları açıqlamağa hazırıq…”
Sülhməramlılara olan şübhə barədə:
“Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza – Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir…”
Zəngəzurla bağlı sərt mövqe:
“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq…”
Prezidentin bu bəyanatlarından aydın görünür ki, müharibə bitdikdən 5 ay sonra Rusiya ilə münasibətlərdə problemlər artır. Əslində gözlənilən idi, çünki Moskvanın postsovet məkanında digər münaqişələrdəki rolu və təcrübəsi Qarabağda fərqli davranacağına ümid yaratmırdı. Azərbaycan iqtidarı noyabrdan üzü bəri çalışırdı ki, Rusiyanın fəaliyyətindən duyduğu narahatlığı açıq büruzə verməsin. Amma Moskvanın Dağlıq Qarabağda destruktiv fəaliyyəti və “İskəndər” məsələsində rəsmi Bakının sorğularına etinasız cavabı Azərbaycana başqa seçim imkanı vermədi. Rusiya sülhməramlıların məsuliyyət zonasını faktiki, özünün protektoratı elan edib, oradakı hər hansı fəaliyyətini Bakı ilə razılaşdırmır. Üstəlik, Azərbaycanın cinayətkar, tam qanunsuz hesab etdiyi separatçı qurumun fəaliyyətinə əl altından şərait yaradır.
Maraqlıdır, Moskva niyə Azərbaycanın narazılığına adekvat reaksiya vermir və Bakının tələblərinə, maraqlarına etinasız münasibət sərgiləyir? Gözləntisi nədir? 
Başlıca məqsədlərdən biri Azərbaycanı Rusiyanın nəzarətində olan inteqrasiya layihələrinə qoşmaq, onun xarici siyasətini nəzarətə götürməkdir. Təsadüfi deyil ki, artıq Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsi gündəmə gətirilir və aktuallaşdırılır. Azərbaycanın ordu quruculuğu sahəsində Türkiyə (NATO) modelini seçməsi də Moskvanı narahat edir. Bu, o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələrində Rusiyanın təsiri getdikcə zəifləyəcək və tədricən tam aradan qalxacaq, onun adamları ordudan uzaqlaşdırılacaq. Hiss olunur ki, Bakıya olan təzyiqlərdə məqsədlərdən biri onu Ankara ilə bu sahədə əlaqələri məhdudlaşdırmağa məcbur etməkdir.
Prezidentin dedikləri isə ondan xəbər verir ki, Azərbaycan bu təzyiqlərə müqavimət göstərməkdə qərarlıdır. Onun Rusiyanın inteqrasiya layihələrinə isti yanaşacağı da inandırıcı görünmür, çünki bu, həm ölkənin, həm də hakimiyyətin özünün müstəqilliyinin məhdudlaşması demək olardı.

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10