“Cənub.az”dan xatırlatma: Millət vəkili Məşhur Məmmədovun təşəbbüsü və Masallı Təhsil Fondunun təşkilati dəstəyi ilə həmyerlimiz yazıçı - jurnalist Nurəddin Ədiloğlu Vətən müharibəsində şəhid olmuş masallılıların döyüş yolundan bəhs edən “Şəhidlik manifesti” adlı xatirə kitabını nəşrə hazırlayır. Kitaba 51-i Masallıda və 11-i ölkəmizin başqa regionlarında dəfn olunmuş əslən Masallıdan olan şəhidlər haqqında məqalələr toplusu daxil ediləcək. “Cənub.az” saytı müəllifin müəllifin bu silsilədən olan sayca 12-ci yazısını təqdim edir.
Mərdanəlik şəhid ruhunun zinətidir...
...Yeniyetmə yaşlarından əyninə hərbi mundir geyinmək, zabit olmaq və torpaqlarımızı işğaldan azad etmək arzusunda olan Əlimərdan babasının adının işığında böyüyüb boya-başa çatmışdı. Mübarək baba adı ona həm də Vətənə, torpağa sədaqət, haqq yolunda cəsarət, dəyanət, mərdlik və mərdanəlik rəmzi kimi miras qalmışdı. Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi Əlimərdan Quluzadə ilk dəfə 2016-cı ildə Aprel döyüşlərində ölümlə üz-üzə gəlmişdi. Amma mənfur düşmənin qabağından bircə addım da olsun geri çəkilməmişdi. Vuruşaraq sevə - sevə daşıdığı baba adını, Vətən qarşısında sədaqət andını, zabit şərəfini uca tutmuşdu. Düşmənə məxsus neçə-neçə hərbi texnikanın, artilleriya qurğusunun, o cümlədən canlı quvvələrin məhv edilməsi ilə nəticələnən həmin döyüşlərdə 23 yaşlı leytenant Əlimərdan Quluzadə mətinlik göstərib, düşməni strateji yüksəkliklərdən geri çəkilməyə məcbur etmişdi. Əslində Azərbaycan torpaqlarında illərlə sülənən erməni faşistləri üzərində Zəfərin təməli həmin qısamüddətli Aprel döyüşləri zamanı qoyulmuşdu.
Fəqət yırtıcı və dağıdıcı mənəviyyata sahib olan düşmən yenə xam xəyallardan əl çəkmirdi. Təmas xəttində yeni-yeni təxribatlar törətməklə təcavüzkar siyasətini davam etdirirdi. 2020-ci ilin 27 sentyabrında artıq erməni hərbi-siyasi qudurğanlığına son qoymağın vədəsi çatdı. Təbii ki, dünya var olandan yağılarla çəkişmələr də olub, müharibələr də... Azərbaycan tarixində də belə taleyüklü məqamlarla zəfər dolu, qəhrəmanlıq səhifələri az olmayıb. Babalarımızın bizə əmanət etdiyi cənnət Vətənimizi qorumaq xalqımızın mərd oğulları üçün həmişə inanc, iman, amal və övladlıq borcu olub. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, 27 yaşlı Əlimərdan Quluzadə də belə oğullardan biri idi.
Əlimərdan “Mərdlərin Əlisi” deməkdir
Qısa tanıtım: Baş leytenant Əlimərdan Fəttah oğlu Quluzadə 14 fevral 1993-cü ildə Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub. Kənddə ibtidai sinfi bitirəndən sonra orta təhsilini Sumqayıt şəhərində 5 saylı tam orta məktəbdə davam etdirib. Yeniyetmə vaxtlarından hərb sənətinə marağı olan Əlimərdan 2008-2011-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq leytenant rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında xidmətə başlayıb. Bakı şəhərinin Müşfiq qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə Vətənə xidmət borcunu şərəflə yerinə yetirib. 2016-cı ildə Aprel döyüşlərinin fəal iştirakçısı olub. Döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə Fəxri Fərmanla təltif olunub. 2018-ci ildə baş leytenant hərbi rütbəsinə layiq görülüb.
2020-ci ilin 27 sentyabrında Sumqayıtın Corat qəsəbəsində yaşayan həyat yoldaşı ilə iki qız övladını ana-atasına əmanət edib və Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsinə peşəkar tank komandiri kimi qatılıb. Öz ekipajı ilə cəbhənin ön hissəsində döyüşərək keçilməz yollardan keçib gedib və gələcək nəsillər üçün örnək ömrünün şərəfli səhifələrini Vətən tarixinə yazaraq şəhid olub. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin sərəncamları ilə baş leytenant Əlimərdan Quluzadə ölümündən sonra "Vətən uğrunda" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
“Yetim” adlı tankın komandiri
Əlimərdan Quluzadə düşmənə göz dağı verən nəhəng döyüş maşınının uzun lüləsinə ağ rənglə “Yetim” sözü yazmışdı. Sumqayıtda yaşadığı 15 il ərzində tanış-bilişləri bir-birinə zarafatla “yetim” deyə xitab edərdi. Əlimərdan da qanlı-qadalı döyüşlərdə dost kimi güvəndiyi tankına “Yetim” adı qoymuşdu. Müharibə başlanandan iki gün sonra kiçik qardaşı Həmid də onun ardınca könüllü olaraq cəbhəyə yollanmışdı. Bir- birindən uzaq cəbhələrdə döyüşsələr də Əlimərdan qardaşına zəng edəndə onu işğalçı düşmənlə mübarizəyə ruhlandırıb deyirdi: “Bütün torpaqlarımızı azad edəcəyik, mən sənin, sən də mənim arxamda olacaqsan!..”
Komandiri olduğu tankın ekipajı ilə ermənilərə divan tutan Əlimərdan bir neçə dəfə yaralı yoldaşlarını döyüş meydanından çıxararaq tibbi yardım məntəqəsinə də çatdırmışdı. Silahdaşlarının xatirəsinə istinad edərək atası Fəttah deyir ki, döyüşlərdə Əlimərdan həmişə irəli can atıb, yoldaşlarına ürək-dirək verib: “Qorxmayın, baxın görün, düşmən bizim qabağımızda necə qaçır? Biz qələbə çalacağıq... Ermənilərdən bütün şəhidlərimizin qisasını alacağıq...” Evə zəng edəndə tez-tez qızları Dənizi, Dəryanı soruşur, onların telefonda səsini eşitmək istəyirdi. Dünyaya göz açacaq üçüncü qız övladının adını Fatimə qoymağı tövsiyyə edəndə ömür-gün yoldaşı ona: “İnşallah gələrsən, uşağın adını özün qoyarsan!” deyə cavab verib.
Əlimərdanın ən böyük arzusu Qələbə sonluqlu döyüşlərdə iştirak etmək, “Yetim”lə Azadlıq meydanında Zəfər paradından keçmək idi... Qara rəngli tank komandiri mundirinin altında qəlbi böyük Qələbə eşqi ilə döyünən Əlimərdan son dəfə Fuad adlı dostuna zəng edib, Füzulidə azad etdikləri torpaqlara Zəfər bayrağı sancdıqlarının müjdəsini verib. Müharibədə ölüm qaşla-göz arasında adamı yaxalayır. Vətən torpağını isidən şəhid qanı ilə arzuları yarımçıq qoyan ölüm qoxusu bir-birinə qarışır... Oktyabrın 6-da səhər hava çiskinli olsa da şiddətli döyüşlər davam edirdi. O gün baş leytenant Əlimərdan Quluzadə qələbə ətirli döyüş meydanında qəhrəmancasına şəhid oldu. Oktyabrın 8-də onun Azərbaycan bayrağına bükülmüş tabutu böyük izdihamla Masallı rayonunun Birinci Yeddioymaq kənd qəbiristanlığında torpağa tapşırıldı.
Şəkillər “dil açıb” danışan zaman...
Əlimərdan Quluzadənin ailə albomunda saxlanılan şəkillərinin çoxu kursantlıq və zabit həyatı ilə bağlıdır. Onun bütün şəkillərindən məğrurluq və qətiyyət boylanır, qalibanə təbəssümlərində adına xas olan əyilməzlik, mərdlik və mərdanəlik duyulur. Bu şəkillərə baxarkən Əlimərdanın qəlbində Vətənə məhəbbətinin nə qədər güclü olduğunun şahidinə çevrilirsən. Sanki 27 yaşlı bir gəncin deyil, dünya görmüş müdrik və comərd müsəlman kişisinin obrazı ilə tanış olursan. Qədim Oğuz elinin deyimidir: “Cənnətin qapısın comərdlər açar.” Allah dərgahında şəhidlik mərtəbəsinin peyğəmbərlikdən sonra ən yüksək zirvə olması ilə bərabər, həm də qız övladı barədə hədisi – şəriflərdə deyilən bütün əxlaqi keyfiyyətlər Əlmərdanın nurlu simasında təcəssüm tapmışdı. Həzrəti Peyğəmbərin “Qız uşaqlarını xor görməyən atalarla behiştdə yan-yana olacağıq” buyuruğu da Əlimərdana şamil olunur. Qız uşaqlarını çox sevən şəhid zabitimizin Zəfər günündən 5 ay sonra 2021-ci ilin martın 8- də Fatimə adlı üçüncü qız övladı da dünyaya göz açdı. Zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanan Fatimə anasının qucağında Novruz bayramı günlərində bacıları 3 yaşlı Dəniz və 2 yaşlı Dərya ilə Masallıya şəhid atasının məzarının ziyarətinə gəldi. Fidanlarının şəhid atalarının məzarı önündəki görüntülərinə baxanda necə kövrəlməyəsən, necə qəhərlənməyəsən? Ürək belə məqamda ney kimi nalə çəkməsin neyləsin?..
Şəhid zabitimizin Birinci Yeddoymaq kəndində yaşayan əmisi Almaz Quluyev deyir ki, Vətən müharibəsindən bir az əvvəl Əlimərdan məzuniyyətə gələndə bütün qohum -əqrabası ilə bir-bir görüşüb. “Hətta bir gündə iki-üç qohumunun evinə baş çəkirdi. Elə bil şəhid olacağı ona agah olmuşdu və doğmaları ilə vidalaşmağa gəlmişdi...”
Şəhid ailəsinə qayğı həm də şəhidin ruhuna ehtiramdır
Əlimərdan Vətənini necə sevirdisə, ailəsini, uşaqlarını da elə sevirdi. Ötən payız Zəfərinin qəlbimizdə yaratdığı Bahar ovqatı ilə bu günlərdə Vətən müharibəsinin cəsur komandiri, şəhid baş leytenant Əlimərdan Quluzadənin ailəsinin yaşadığı Sumqayıt şəhərinə yollandım. Ailənin Corat qəsəbəsində çarəsizlikdən sığındığı “ünvanı” tapmaqda Səid Xəlilov adlı həmkəndlisi yardımçım oldu. Şəhidin atası Fəttahla, qardaşı Həmidlə həmsöhbət olduq, qızları Dəniz və Dərya kəpənək kimi ətrafımızda gəzib-dolandılar. Körpə Fatimə isə beşiyində dərin yuxuya getmişdi. Şəhid zabitimizin 3 qız uşağının atasız qaldığını böyük hüznlə dilə gətirən babaya, qəhərdən səsi titrəyən gənc Həmidə hansı sehrli söz deyəsən ki, yaralı qəlblərinə təsəlli olsun?!
Sözsüz ki, Əlimərdan canından artıq sevdiyi Vətən uğrunda əbədiyyətə qovuşaraq xalqımızın yaddaşında əbədi iz qoyub. Xalqın yaddaşında yaşamaq isə hər kəsə qismət olmur. Amma onu da unutmaq olmaz ki, Əlimərdan Quluzadədə təkcə ata-anasına deyil, həm də bizlərə üç övlad əmanət qoyub. Onlara diqqət və qayğı şəhid zabitimizin də ruhuna dinclik verər. Şəhidin ailəsinin yaşadığı Corat qəsəbəsi Bakıdan 35, doğulduğu Birinci Yeddoymaq kəndi isə 220 kilometr aralıdır. Doğulduğu və 12 yaşına kimi yaşadığı kənddə abad küçələrdən biri Əlimərdan Quluzadənin şəkilləri ilə bəzənib və onun adını daşıyır. Yerli heykəltəraşlar şəhid zabitimizin büsütünü hazırlayıblar. Şəhidlərə belə sayğılı münasibət xalqımızın mənəvi dəyəridir. Axı adı dağdan ağır xalqımızın Əlimərdan kimi şəhid oğullarının qanları bahasına Azərbaycanımızın əzəli torpaqları düşmən işğalından azad edilib və onların hər biri igidliyi ilə ürəklərdə əbədi heykəllərini ucaldıblar.
Əminik ki, Corat qəsəbəsində də şəhid zabitimizin xatirəsi tezliklə əbədiləşdiriləcək və mənzilə ehtiyacı olan ailəsi də müvafiq dövlət qurumlarının diqqətindən kənarda qalmayacaq. Vətən naminə canlarından keçən və bizə Qələbə sevinci yaşadan şəhidlərimizə hamımız borcluyuq. Gəlin, onlara borcumuzu qaytarmağı unutmayaq!
Nurəddin ƏDİLOĞLU