Kim bilir neçədir dünyanın yaşı,
Tarixin nə qədər yazısı vardır.
Hər saxsı parçası, hər məzar daşı.
Nəsildən-nəsilə bir yadigardır.
( Səməd Vurğun )
Əziz dostlar!
Uzun müddətdir ki, zəhmətkeş ziyalılardan biri haqqında düşüncələrimi sizinlə də paylaşmaq istəyirdim. Bu gün təqvimdə aprelin 18-i diqqətimi çəkdi. Bildiyimizə görə həmin gün "Beynəlxalq Abidələr və Tarixi Yerlər günü" olduğundan ( mənə görə həmin gün həmçinin tarixçi-tədqiqatçıların bayramıdır ) bu yazı tam yerinə düşər. Əminəm ki, onun haqqında yazdığım hər sözdə, hər cümlədə bu vətənpərvər şəxsiyyəti bir daha yaxından tanımalı olacaqsınız.
Bir neçə il bundan əvvəl sosial şəbəkələrdə "Talış xanlığı" başlığı altında bir məqaləyə rastlaşdım. Sona qədər diqqətlə oxudum və müəllifinin kim olduğunu araşdırdım... Araşdırdıqca onu niyə tanımadığıma həqiqətən təəssüfləndim. Mükəmməl yazıları və özünəməxsus dəsti-xətti, xüsusilə də mənimlə eyni peşəni paylaşması diqqətimi daha çox cəlb etdi. Facebook üzərindən profilini taparaq dostluq göndərdim. Bir neçə saat ərzində həm dostluğumu qəbul etmiş, həm də arada həvəskar tədqiqatçı kimi yazdığım tarixi araşdırmalarıma da münasibətini göstərmişdir. Etiraf edim ki, çox sevindim. Sevdiyim məşğuliyyətimlə bağlı yazılarımın onun tərəfindən diqqətlə oxunması məni qürurlandırdı. Bizim ilk tanışlığımız qiyabi olaraq sosial şəbəkə üzərindən olsa da, sonralar bu nəinki şəxsi tanışlığımıza, hətta ailəvi dostluğumuza da çevrildi.
Haqqında danışacağım şəxs yorulmaz tədqiqatçı, canlı ensiklopediya, müasir dövrün Herodotu İldırım Şükürzadədir!
Əvvəlcə qısa bir xronikanı diqqətinizə çatdırım...
İldırım Şükür oğlu Şükürzadə 03 fevral 1970-ci ildə Lənkəran rayonunun Havzava kəndində anadan olmuşdur.1987-ci ildə Lənkəran rayonunun İstisu qəsəbə tam orta məktəbini bitirmiş, 1988-1990-cı illərdə Sovet Ordusu sıralarında Qazaxıstanda həqiqi hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olmuş, 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1995-1996-cı illərdə Lənkəran rayonunun Tatova kənd tam orta məktəbində müəllim işləmişdir.1996-cı ildən doğma Havzava kənd tam orta məktəbində müəllim işləyir.
Hələ tələbəlik illərindən tarixi araşdırmalara böyük maraq göstərən İldırım Şükürzadə yaşadığı bölgənin tarixi, toponimləri və etnoqrafiyasının tədqiqi ilə məşğul olur. 8 kitab və 400-ə yaxın məqalələrin müəllifidir. Konkret olaraq:
2."Havzava məktəbi" ( Bakı-2009 )
3."Lənkəran toponimləri" ( Bakı-2012 )
4."Lənkəran ziyarətgahları" ( Bakı-2015 )
5."Bizim tələbəlik illəri" ( Bakı 2018 )
6."Lənkəran bölgəsinin tarixi - memarlıq abidələri" ( Bakı-2018 )
7."Lənkəran məscidləri" ( Bakı-2019 )
8."Bu qala, bizim qala" ( həmmüəllif Zahir Əmənov, Bakı-2020 ) kitablarının müəllifidir.
Məqalələri 25-ə qədər qəzet və jurnallarda dərc olunmuş, müxtəlif saytlarda yerləşdirilmişdir. Onun kitabları sanki bir dissertasiya işidir. Tələbələr və müəllimlər bu kitablardan geniş formada istifadə edirlər. Hazırda "Masallının tarix və mədəniyyət abidələri", "Masallı ziyarətgahları", "Lənkəranın tarix və mədəniyyət abidələri" adlı kitablar üzərində, eyni zamanda doğma qəsəbəm Ərçivandan bəhs edən kitab üzərində də birgə işləyirik.
İldırım müəllim dəfələrlə elmi-praktik, elmi konfranslarda, "Şeyx Zahid Gilani - 800" beynəlxalq simpoziumunda , müxtəlif televiziya kanallarında çıxış etmişdir. Hazırda Havzava kənd bələdiyyəsinin ( II-III-IV-V çağırış ), Azərbaycan Jurnalistlər Birliyinin ( 2008 ) üzvü və "Qızıl qələm" media mükafatı laureatıdır. Təhsilin inkişafında xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsində yüksək nailiyyətlər əldə etdiyinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə də təltif edilmişdir. 3 övlad atası olan tədqiqatçı həm də qayğıkeş ailə başçısıdır.
İldırım müəllim əsl tarixçi - tədqiqatçıdır. Onun bölgəmizin qədim tarixini müasir dövrlə təcrübəli araşdırmaçı kimi əlaqələndirməsi, təkcə yaşadığımız bölgəyə yox, ümumən bütün Azərbaycanda tədqiqat işinə bir töhfəsi kimi qiymətləndirmək olar. O, əsl ziyalı vətəndaş ömrünü yaşayır, tariximizə dəqiq və obyektiv yanaşır. İstər çoxsaylı məqalələrində, istərsə də kitablarında hər zaman vətəndaşlıq mövqeyini sərgiləyir.
Mən də həvəskar tədqiqatçı-tarixçi kimi İldırım müəllimə bu şərəfli, çətin və ləyaqətli işində yalnız uğurlar arzulayıram. Uca Allah onu qorusun. Çünki onun həyatı təkcə özünə yox, həm də xalqına və millətinə məxsusdur!
Nuranə Həmidova
Astara rayonu Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin tarix müəllimi, ictimai fəal
İldırım Şükürzadə barədə daha əvvəl saytımıza əlavə olunan yazıya burdan bax:
https://cenub.az/1692-cnubun-herodotu-btn-ruhu-il-tariximiz-bal-olan-bu-insana-sevgilr-v-biganliklr-1-ci-hiss.html
https://cenub.az/1709-cnubun-herodotu-btn-ruhu-il-tariximiz-bal-olan-bu-insana-sevgilr-v-biganliklr-2-ci-hiss.html