Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Generalın gizli planı, qəfil istefa, ruslara arxadan zərbə... – II YAZI



news content
User
Kateqoriyalar

Araşdırma


Yüz ilin davası: ruslar Avropanı niyə tuta bilmədilər?

18 Yanvar 2025

Bolşeviklərin Rusiyada hakimiyyəti ələ keçirmələrindən az sonra baş verən önəmli hadisələrdən biri Rusiya-Polşa müharibəsidir. Rusiyanın bolşevik rəhbərliyi üçün bu sadəcə polyaklarla müharibə deyildi. Onlar Avropaya inqilab ixracı barədə düşünürdülər və Polşa üzərində qələbə bunun birinci mərhələsi olacaqdı. Amma hər şey başqa cür alındı. “Radio Svoboda”nın bu haqda məqaləsini təqdim edirik.

Əvvəli: Burada

...Qırmızılar qərbə gedirlər

Birinci Süvari ordusunun hücumu (elə sonra geri çəkilməsi də)Ukraynanın yəhudi əhalisinin vaxtaşırı poqromları ilə müşayiət olunur. İsaak Babelin hekayələrində o haqda bütün təfsilatı ilə danışılır: “Düz mənim pəncərəmin altında bir neçə kazak gümüşü saqqallı qoca yəhudini casusluğa görə güllələyirdilər. Qoca zingildəyir və qurtulmağa çalışırdı. Pulemyot komandasından Kudrya onun başından tutdu və qoltuğunun altında gizlətdi. Kudrya sağ əli ilə xəncəri çıxardı və qan sıçratmadan ehtiyatla başını kəsdi”. Bəzən də gündəliyində lakonik yazırdı: “Gecə şəhərdə talan olacaq - hamı bilir”.

Lev Trotski Kliment Voroşilova yazırdı: “Müxtəlif yerlərdən qulağımıza intizamsızlıq barədə xəbərlər gəlir. Süvarilər kəndlilərlə qəddar davranır, talayır və sairə. Arxalarınca ucsuz-bucaqsız yük arabaları uzanır. Qərargahlarda sərxoşluq, pozğunluq və ilaxır. Bu şərtlər ən yaxşı süvariləri məhv edər və artıq dəfələrlə edib”.

1920-ci il iyunun 1-dən 10-a qədər Rovno altında Budyonnının qüvvələri ilə döyüş getdi. Polşa generalı Leon Berbetskinin qüvvələri ağır döyüşlərdən sonra şəhərdən çıxmalı oldular. Qırmızı atlılar Lvova doğru yürüdülər.

Qərb cəbhəsində Mixail Tuxaçevskinin komandanlığı altında sovet qoşunlarının mayın 14-də Belarusda başladıqları ilk hücum mayın 27-də “söndü”. Polşa ordusu uğurlu əks-zərbə endirdi və iyunun 8-də qırmızıları əvvəlki mövqelərinə qaytardı. Tuxaçevski qüvvələrini yenidən qruplaşdırdı, kömək aldı və iyulun 4-də yeni hücum əmri verdi. Bolşeviklər iyunun 10-da Bobruyska, 11-də Minskə, 14-də Vilnoya daxil oldular. Birinci dünya müharibəsinin alman səngərlərində möhkəmlənə bilməyən iki Polşa ordusu Lida istiqamətində çəkilməli oldu. Qırmızı ordu iyulun 26-da Belostok rayonunda artıq etnik polyak ərazisinə daxil oldu. Pilsudskinin Brest qalasını müdafiə etmək haqda əmrinə baxmayaraq, qırmızılar avqustun 1-də Bresti, demək olar, döyüşsüz aldılar. Belarusun şimalında cəbhə az qala 600 km qərbə sürüşdü. Cənubda isə Polşa qüvvələri daha ləng geriləyir, sovetlərə ciddi müqavimət göstərirdilər. 

Hələ iyunun 9-da Polşanın baş naziri Leopold Skulski istefa verdi. İyunun 23-də qurulan Vladislav Qrabski hökuməti iyulun əvvəllərində yardım üçün Antantanın Ali şurasına müraciət etdi. Qərb müttəfiqləri yardım göstərməyin ilkin şərti olaraq bildirdilər ki, polyaklar Antantanın hələ 1919-cu ilin dekabrında Polşanın şərq sərhədi kimi müəyyən etdiyi xəttə çəkilməlidirlər. Varşava iyulun 10-da həmin sərhədi tanımağa razı olduğunu bildirdi. 

Böyük Britaniya XİN rəhbəri lord Corc Kerzon 1920-ci il iyulun 11-də sovet hökumətinə nota göndərərək, təxmin edilən sərhədə 50 km qalmış qoşunlarını durdurmağı təklif etdi. “Hücum dayandırılmazsa, Britaniya hökuməti və onun müttəfiqləri Polşa xalqına öz mövcudluğunu qorumaq üçün ixtiyarlarında olan bütün vasitələrlə kömək etməyi öz borcları sayacaqlar”, - Kerzon yazırdı. 

 

Dünya inqilabı haqqında arzular

Birmənalı etnik Polşa olan ərazinin sərhədində Lenin və Trotski taleyüklü seçim etməli idilər: real hərbi məqsədlərə nail olmaq, ya da hücum müharibəsi yolu ilə inqilab ixracı. “Avropanı proletar süngüsü ilə qıdıqlamaq” ideyası bolşevik liderlər üçün daha aktual oldu. 

Vladimir Lenin Polşa proletariatının xaricdən stimullaşdırılan inqilaba hazır olduğuna cani-könüldən inanırdı. O səbəbdən də nota rədd edildi, hücum sürdürüldü. Trotski yazırdı ki, “Lenində qəti plan yaranmışdı: işi axıra çatdırmaq, yəni Pilsudski hakimiyyətini devirməkdə və hakimiyyəti ələ almaqda polyak fəhlələrə kömək etməkdən ötrü Varşavaya daxil olmaq”. 1920-ci il iyulun 12-də “Pravda” xəbər verirdi: “Biz ağqvardiyaçı Polşanın darmadağınına başlamışıq. Bunu axıra çatdırmalıyıq... Yaşasın bu gün olmayan, amma sabah doğulacaq Polşa Sovet Respublikası...” 

Yulian Marxlevsinin rəhbərliyi və Feliks Dzerjinskinin iştirakı ilə Polşa Müvəqqəti inqilab komitəsinin yaradılması sovet hökuməti tərəfindən avqustun 1-də bildirildi. Komitə Varşavanın alınmasından sonra özünü yeni Polşa hökuməti elan etmək niyyətində idi. Onun “Şəhər və kəndlərin zəhmətkeş polyak xalqına müraciət”ində Polşa Sovet Respublikasının yaradılması, torpağın milliləşdirilməsi, kilsənin dövlətdən ayrılması xəbər verilirdi. Fəhlələrə fabrik və zavodları ələ keçirmək, yeni hakimiyyət orqanı kimi inqilab komitələri yaratmaq təklif olunurdu. Komitə Polşa ordusunun əsgərlərini Pilsudskiyə qarşı üsyan etməyə və Polşa Sovet Respublikasının tərəfinə keçməyə çağırırdı. Təbliğatın effekti daha çox neqativ oldu. Qırmızı Polşa ordusu yaratmaq alınmadı. Polşanın azsaylı Kommunist partiyası Kominternin əlində zəif alət oldu. 

Aleksandr Yeqorovun komandanlıq etdiyi Cənub-Qərb cəbhəsi də hücumu tədricən inkişaf etdirirdi. İosif Stalin cəbhənin hərbi şurasının üzvü idi. Cəbhə qüvvələrinin əsas hədəfi Lvov idi. Şəhəri üç Polşa diviziyası və Ukrayna Xalq Respublikasının ordusu müdafiə edirdi. Qırmızı ordu iyulun 9-da Proskurovu, 12-də Kamenetsk-Podolsku tutdu. İyulun 25-də birbaşa Lvov üzərinə hücuma keçdi, amma uğur qazanmadı. 

Qırmızı ordunun Baş qərargahında Sergey Kamenev başda olmaqla peşəkar hərbçilər arxa cəbhəsiz, etibarlı təchizatsız, düşmən əhvallı əhalinin əhatəsində hücum etməyin nə qədər riskli olduğunu anlayırdılar. Lakin qərarı onlar yox, Avropaya süngülər üzərində inqilab daşımaq istəyən radikal Kreml siyasətçiləri qəbul edirdilər. Baş komandan Kamenev müharibədən iki il sonra yazırdı: “Beləliklə, Qırmızı ordu açıq riskə getdi, çox böyük riskə. Axı əməliyyat polyakların törətdikləri dağıntılardan sonra təcili bərpası mümkün olmayan arxa cəbhəsiz aparılmalı idi... Varşavanı şimaldan tutmaq əməliyyatının özü bizim əsas qüvvələrimizi polyakların xeyli qüvvəsinin çəkildiyi İvanqorod istiqamətindən çox ayırırdı, səflərimizi də çox uzadırdı. Dəmiryolunun polyaklar tərəfindən tamamilə dağıdılması üzündən yardım ala bilməyən qüvvələrimiz günü-gündən azalırdı. Beləliklə, biz hər gün sayca, sursatca azalaraq və səfimizi uzadaraq, həlledici məqama doğru gedirdik”

Hərbi mütəxəssislərin xəbərdarlıqlarına baxmayaraq, görünür, bolşevik rəhbərliyində Polşa üzərində asan qələbəyə inam yaranmışdı. Lenin parlaq perspektiv təsvir edirdi: “Polşa ordusunu dağıtmaqla, biz o Versal sistemini dağıdırıq ki, indiki beynəlxalq münasibətlər sisteminin özülüdür. Polşa sovetləşsə, Versal sülhü dağılar və Almaniya üzərində qələbə sayəsində qazanılan bütün beynəlxalq sistem çökər”. Qırmızı ordunun müvəqqəti uğurları kommunistləri Avropada tezliklə sovet hakimiyyətinin qurulacağına inandırırdı. 

Polşa iflas ərəfəsində

Yuzef Pilsudski ölkədə ümumi səfərbərlik elan etdi. Milli müdafiə hökuməti təşkil olundu. Aqrarçı Vinsentı Vitos iyulun 24-də baş nazir oldu. Polşanın müstəqilliyinin təhlükə altında olduğunu anlayan könüllülər orduya axışdılar. Varşava ətrafında təcili istehkamlar xətti tikildi. 

Seym iyulun 1-də Dövlət Müdafiə Şurasının (DMŞ) yaranmasını təsdiqlədi. Sədri Pilsudski olan Şuraya Seymin marşalı, doqquz deputat, baş nazir və Baş komandanın seçimi ilə ordunun üç nümayəndəsi daxil idi. Seym savaş dövründə ölkədəki bütün hakimiyyəti DMŞ-na verdi. 

Silah təchizatını Almaniya və Çexoslovakiyanın bloklamasına baxmayaraq, Dansiq (Qdansk) limanı vasitəsilə ABŞ və Fransadan silah-sursat alındı. Kominternin limanda təşkil etdiyi doker tətili təchizata mane ola bilmədi. Polşaya general Veyqanın rəhbərlik etdiyi fransız hərbi müşavirlər qrupu da gəldi. Avqustun 2-də Pilsudski gözəl jest etdi. O, Varşavadan Pulavıya gəldi: Baş qərargah burada yerləşirdi. Gedişindən əvvəl baş nazir Vitosa dövlətin rəisi və baş komandan vəzifələrindən istefası barədə ərizəsini təqdim etdi. O, hesab edirdi ki, bu addımı Polşaya yardım vəd edən, amma Pilsudskinin getməsini istəyən Antanta ölkələri ilə münasibətləri yaxşılaşdırar. Baş nazir istefanı qəbul etmədi. 

Mixail Tuxaçevskinin Qərb cəbhəsi avqustun 12-də artıq birbaşa Varşava üzərinə hücuma başladı. Polşa paytaxtını sayca 200 minə yaxın sovet hərbi birləşməsi təhdid edirdi. Müdafiə olunan polyakların sayı da təxminən o qədər idi. Tuxaçevski Varşavanın şimalından Visla çayını keçməyi, şəhəri dolanaraq mühasirə təhlükəsi yaratmaq istəyirdi. O, rus feldmarşal İvan Paskeviçin 1831-ci ildə Varşava uğrunda döyüşdəki manevrini təkrar etməyi düşünürdü. 

Bununla belə, Minskdə oturan Qərb cəbhəsi komandanı öz ordusunun gücünü o qədər də adekvat qiymətləndirmir, onların hərəkətini idarə etməyə yetişmirdi. Aydın deyil, ehtiyatı olmayan Tuxaçevski dolanmaqla bağlı planı uğurlu olacağı halda, hansı qüvvələrlə Varşavanı mühasirəyə almağı düşünürdü? Ola bilər, Polşa inqilab komitəsi nümayəndələrinin Pilsudski rejimi əleyhinə üsyan qaldıracaqları barədə vədlərinə aldanmışdı. Ya da strateji məğlubiyyət zamanı polyak qüvvələrinin anidən dağılacağı perspektivinə inanırdı, Sibirdə ağlarla baş verdiyi kimi. Hər halda, Tuxaçevski dayanmağı, ehtiyat qüvvələr gətirməyi, qoşunları yenidən qruplaşdırmağı məsləhət görən hərbçiləri dinləmir və deyirdi ki, bu, temp itkisinə səbəb olacaq və polyaklara müdafiəni möhkəmləndirməyə kömək edəcək.

Poruçik Yan Kovalevskinin xüsusi hissəsi Qırmızı ordunun istifadə etdiyi şifrləri hələ 1919-cu ildə aça bilmişdi. Kəşfiyyat 1920-ci ilin avqustunda Trotskinin, Tuxaçevskinin, Yakirin və Qayın imzaladıqları 410 radioməlumatı deşifrə etdi. Əldə olunan məlumat sayəsində Polşa ordusunun komandanlığı Varşava döyüşünün gedişində doğru strateji qərarlar qəbul edə bildi. Daha bir amil Polşanın xeyrinə işləyirdi: 1920-ci il avqustun 12-dən etibarən general Vrangelin Rusiya ordusu Şimali Tavriyada uğurlu hücuma keçmişdi. Bu da Qırmızı ordunun baş komandanı Sergey Kamenevi ehtiyat qüvvələri Cənub cəbhəsinə göndərməyə vadar edirdi. 

(Davamı olacaq)

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10