Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kreml rəhbərlərinin baş tərcüməçisi – Suxodrevin işini Xruşov da bəyənib, Brejnev də, Qorbaçov da


“Susmaq həmişə qızıl demək deyil. Görüşdə danışmaq, görüşdən sonra susmaq qızıl standartdır. Görüş zamanı sussan, hər şeyi itirə bilərsən, karyeranı, tutduğun vəzifəni. Görüşdən sonra gördüklərini danışsan həyatını itirmək təhlükəsi ilə də üzləşə bilərsən...”
Məşhur tərcüməçi Viktor Suxodrev 40 ilə yaxın bir müddətdə birincilərin bir addımlığında dayandığı vaxtlarda söylədiyi bu prinsiplə işləyib. SSRİ-nin siyasi liderlərinin, Nikita Xruşovun, Leonid Brejnevin, Aleksey Kosıginin, Andrey Qromıkonun, Mixail Qorbaçovun tərcüməçisi olan Suxodrev ən gərgin siyasi danışıqlarda belə yüksək peşəkarlıq nümayiş etdirib, bəzən əsəbləri tarıma çəkilən siyasətçilərin kobud ifadələrini tərcümə zamanı yumşaq ifadə etməyi məqsədəuyğun sayıb, hətta özü söylədiyi kimi, bəzi hallarda “aktyorluq” etməyə də məcbur olub:
suxod_vs.jpg (84 KB)
“Siyasi liderlərin görüşləri efirdə və fotolarda göründüyü kimi heç də mehriban şəraitdə keçmir. Xüsusilə təkbətək görüşlər daha gərgin keçir. Amma bundan heç kimin xəbəri olmur. Hətta heç bir razılaşma əldə olunmayanda belə, ictimaiyyətə “dövlət başçıları təkbətək görüşdə ölkələr arasında gələcək münasibətlərin inkişafı ilə bağlı ətraflı müzakirələr aparıblar” kimi təqdim edilir. Təkbətək görüşlərdə tərcüməçilərin üzərinə böyük yük düşür. Tərəflərin fikirlərini çətin, yaxud da asan ifadə etməklərindən asılı olmayaraq, tərcüməçi onu qarşı tərəfə anlaşılacaq dərəcədə çatdırmalıdır. Ən çətin məsələ isə liderlərin zarafatlarını tərcümə etməkdir. Əgər bir dövlət başçısı həmkarına lətifə söyləyirsə, digər dövlət başçısı gülmürsə, ən azı üzündə təbəssüm yaranmırsa tərcüməçi günahkar sayılır. Buna görə də belə hallarda gərək aktyorluq etməyi bacarasan, lətifəni tərcümə edərkən jestlərdən istifadə edəsən, bəzi ifadələri söyləyərkən səsini dəyişəsən, hətta bəzən gülüş yaratmaq üçün danışılan lətifələrə özündən əlavələr edəsən...”
2005-ci ildə “New York Times” nəşri tərəfindən “Tərcüməçilər kralı” adını alan Viktor Suxodrev 1932-ci ildə Litvada, Kaunas şəhərində anadan olub. Atası Baş Kəşfiyyat İdarəsində (QRU) xidmət edib. O, xidmətinin 10 ilini ABŞ-da kəşfiyyat işinə sərf edib. Anası SSRİ Xarici Ticarət Kommissarlığında (nazirliyində) çalışıb. Suxodrev 8 yaşında olanda anası Londona SSRİ-nin ticarət nümayəndiliyində işə göndərilib və gələcəyin məşhur tərcüməçisi uçaqlığnın 5 ilini Londonda keçirib. Onlar Moskvaya müharibə bitdikdən sonra, 1945-ci ildə qayıdıblar.
suhodrev_201405160731102.jpg (85 KB)
Viktor Suxodrev Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsində təhsil alıb. Təhsil illərində o, ingilis dilini də mükəmməl öyrənib.
İnstitutu bitirdikdən sonra Suxodrevi xarici dil bilgilərinə görə xüsusi xidmət orqanlarında işə dəvət ediblər. Bununla bağlı onun atası ilə də söhbət aparılıb. Amma atası oğlunun kəşfiyyat orqanlarında işləməsinə qəti etiraz edib.
Viktor Suxodrev ilk əmək fəaliyyətinə 1956-cı ildə Xarici İşlər Nazirliyinin tərcüməçilər bürosunda başlayıb. Elə ilk iş günündə Suxodrev ilk tapşırığını alıb. Digər bir həmkarı ilə o, tərcüməçi kimi Nikita Xruşovun Hindistanın nümayəndə heyəti ilə qeyri-rəsmi görüşünə göndərilib. Görüş zamanı Suxodrevin həmkarı “çətinliyə” düşəndə o, tərcümə missiyasını öz üzərinə götürüb. 40 dəqiqəlik görüşdən sonra həm Xruşov, həm də nümayəndə heyətinin üzvləri ona minnətdarlıqlarını bildiriblər. Xruşovun kiməsə təşəkkür etməsi nadir hal sayıldığından bu hadisə Suxodrevin karyerasında mühüm rol oynayıb. Məhz bu görüşdən sonra Xruşov tapşırıq verib ki, Suxodrevi başqa işlərə cəlb etməsinlər. Bununla da o, ilk iş günündən baş katibin şəxsi tərcüməçisi olub.
i_037.jpg (69 KB)
Qarşıda isə Suxodrevi dünyanın diqqət mərkəzində dayanan görüşlər gözləyib. 1959-cu ildə o, ilk dəfə xarici ezamiyyətə yollanıb, Xruşovun ABŞ səfərində Suxodrev sovet liderini müşayiət edib.
Viktor Suxodrev həmin illərlə bağlı xatirələrini belə bölüşüb:
“İşlədiyim bütün siyasi liderlər bir-birlərindən fərqləniblər. Xruşov isə tam fərqli idi. İndi onun haqqında çox şeylər danışırlar. Amma kim nə deyir, desin, o, şəxsiyyət idi. Düzdür, Xruşov çox da savadlı deyildi, mədəniyyəti də lazımi səviyyəyə çatmırdı, amma o, gördüyünü deməyi bacarırdı. Ürəkli idi, fikrini ifadə etmək üçün söz axtarmırdı, düşündüyünü deyirdi, ABŞ rəsmilərini tənqid edirdi. Bir sözlə, Xruşov publikanı özünə cəlb etməyi bacarırdı. Sözsüz ki, Xruşovla işləmək çətin idi. Dəfələrlə məcbur olurdun ki, onun köntöy, kobud ifadələrini “yumşaldım” ki, qalmaqal və mübahisələr yaranmasın. O özü də bunu bilirdi və görüşlərdən sonra deyirdi ki, tərcüməçidən çox şey asılıdır. Mənim işim onu qane edirdi...”
858x540.jpg (90 KB)
1964-cü ildə Xruşovun devrilməsindən sonra Suxodrev ölkənin bir nömrəli tərcüməçisi postunu saxlaya bilib. Brejnev Suxodrevi vəsifəsindən uzaqlaşdırmayıb. Ümumiyyətlə, Suxodrev özünü şanslı adam sayıb. Müəllifi olduğu “Mənim dilim, mənim dostum” kitabında o, öz həyat uğurları haqqında yazıb:
“Hakimiyyət dəyişirdi, amma mən öz yerimdə qalırdım. Yəqin ki, bunun əsas səbəblərindən biri mənim susmaq bacarığım idi. Mən xarici səfərlərdə, təkbətək görüşlərdə gördüklərimi, eşitdiklərimi heç yerdə danışmırdım. Məndən söz almaq istəyən yüksək çinli məmurlara belə qapalı idim. İkinci bir səbəb isə tərcüməçi peşəkarlığım idi. Bunlarla yanaşı, harada, kimlə, necə davranmağım birinciləri qane edirdi. Mən qatı tütün alidəçisiyəm. Buna baxmayaraq, Xruşovun yanında heç vaxt siqaret çəkmirdim. Çünki o, siqaret çəkən deyildi. Buna görə də mən də dözürdüm. Brejnevlə isə münasibət fərqli idi. Mən hətta Kremldə onun kabinetində də siqaret çəkirdim. Brejnev hədsiz dərəcədə çox siqaret çəkirdi. Onun üçün DTK xüsusi siqaret qabı düzəltdirmişdilər. Həmin qab yalnız bir saatdan bir açılırdı. Baş katib bu vaxta tab gətirməyəndə məndən siqaret istəyirdi. Həkimlər siqareti ona tam qadağan edəndə o, başqa bir üsul tapmışdı. Bir dəfə Moskvadan Fransaya səfərə yollananda Brejnev aeroporta qədər məni də öz maşınına dəvət etdi. Sürücünün yanında mühafizəçi əyləşməşdi, arxada isə biz ikimiz. Şosseyə çıxanda Brejnev maşını saxlamağı göstəriş verdi. Sürücüyə bütün şüşələri qaldırmağı əmr etdi və sonra dedi ki, hamınız siqaretlərinizi yandırın. Təsəvvür edin ki, mən, mühafizəçi və sürücü eyni vaxtda siqaretlərimizi yandırdıq və tüstünü salona buraxdır. Brejnevin bu tüstüdən necə zövq aldığını sözlə ifadə etmək çətindir. Brejnev rahat adam idi, onunla işləmək də asan idi. İşlədiyim siyasi liderlərdən yalnız bir dəfə Brejnev mənə hədiyyə etmişdi. “Omeqa” firmasına məxsus qzıl saatı mənə hədiyyə edəndə “Viktor, bu saat məndən sənə hədiyyə, sağlıqla işlət, götür və heç kimə demə” demişdi...”
RIAN_00588363.HR-pic4_zoom-1000x1000-23368.jpg (144 KB)
Viktor Suxodrev öz işinə olduqca məsuliyyətlə yanaşıb. O, hansı görüşlərin keçiriləcəyini, görüşlərdə təxminən hansı məsələlərin müzakirə olunacağını əvvəlcədən öyrənib. Məsələn, əgər görüşdə nüvə silahları ilə bağlı mövzunun müzakirəsi nəzərdə tutulubsa, o həmin sahə ilə bağlı ədəbiyyatlara müraciət edib, terminləri öyrənib.
Suxodrev xatirələrində Aleksey Kosıgini ən çox simpatiyası olduğu siyasətçi kimi qeyd edib:
“Kosıgin alicənab insan idi. Rəftarı, təmkini, hətta zarafatları ilə fərqlənirdi. Andrey Qromıko ilə aralarında soyuq münasibət hökm sürürdü. Bu da ondan irəli gəlirdi ki, Brejnevin Kosıginə münasibəti səmimi deyildi. Kosıginin ən çox sevdiyi içki Moldaviya konyakı idi. Bu Mikoyanı qıcıqlandırdı, o, nə qədər erməni konyakının daha yaxşı olduğunu Kosıginə sübut etmək istədsə də, Kosıgin seçimini dəyişmirdi. Uzun illər birbaşa tabeliyində işlədiyim Qromıko isə kifayət qədər mürəkkəb şəxsiyyət idi. Qromıko ingilis dilini yaxşı bilirdi. Biz tərcüməçilər öz aramızda onu “tərcüməçilərin işini kəsən” adlandırırdıq...”
blog_entry_26130.jpg (80 KB)
1989-cu ildə Viktor Suxodrev BMT-nin baş katibinin xüsusi köməkçisi təyin edilib, 1994-cü ildə 1-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir ranqında təqaüdə çıxıb. Özü söylədiyi kimi, bu, hərbi xidmətlə müqayisədə general-polkovnik rütbəsinə bərabər olub.
1999-cu ildə Viktor Suxodrevin “Mənim dilim, mənim dostum” kitabı işıq üzü görüb. Kitab böyük populyarlıq, milyonlarla oxucu audiroyası qazanıb. Suxodrev bu kitabı ilə uzun illərdən sonra “susmaq qızıldır” prinsipini bir kənara qoyub, dünyanın ən tanınmış siyasi liderləri ilə bağlı heç kimin eşitmədiyi, heç kimin bilmdiyi maraqlı məqamları oxuculara təqdim edib.
Viktor Suxodrev 2014-cü ildə, 81 yaşında vəfat edib, o, Moskvada, Aksininsk qəbirstanlığında dəfn edilib.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10