Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dişlərini heç vaxt yumayan, gənc qızlara “həvəs” göstərən qırmızı diktator – Mao Tsedunun kabinetdən kənar həyatı


 
Otuz ildən artıq bir müddətdə dünyanın ikinci kommunist ölkəsi olan Çinə rəhbərlik edən (1943-1976) Mao Tsedun 20-ci əsrin ən nəhəng siyasətçilərindən biri sayılır.

Mao Tsedunun siyasi fəaliyyəti maraqlı hadisələrlə zəngin olduğu kimi, şəxsi həyatında da kifayət qədər maraqlı məqamlar olub. Bu yazıda biz Çin liderinin kabinetdən kənar həyatından bəhs edəcəyik.
Qırmızı diktator maraqlı şəxsiyyət kimi yadda qalıb. Siyasi fəaliyyəti ilə yanaşı o, şeirlər yazıb, qədim Çin folkloruna böyük maraq göstərib, boş vaxtlarında xəttatlıqla məşğul olub.
Mao Tsedun hədsiz dərəcədə kitab həvəskarı olub və mütaliəni sevib. Qonaq və yataq otağında, kabinetdə, istirahət məkanlarında onun ətrafına həmişə qalaq-qalaq kitablar düzülüb. O, yeyəndə, yatağa uzananda, bərbər qarşısında oturanda da kitabı əlindən buraxmayıb. Hətta onun tualetində də kitabları qoymaq üçün xüsusi masa hazırlanıb.

Hədsiz dərəcədə tütün aludəçisi olan Mao Tsedunun bütün günü tüstü içərisində keçib. Siqaretlə yanaşı onun tünd çayı da masasından əskik olmayıb.
Mao Tsedun heç vaxt dişlərini fırçalamayıb. Ağız boşluğunda təmizlik yaratmaq üçün o, yaşıl çayla qarqara etməklə kifayətlənib. Həkimlər dişlərin təmizlənməsini sağlamlıq üçün vacib olduğunu bildirəndə o, belə cavab verib: “Pələnglər dişlərini təmizləmirlər”.
Çin lideri heç vaxt qida rejiminə xüsusi riayət etməyib. Şəxsi həkimləri də buna nail ola bilməyiblər. O, yalnız aclıq hissi yarananda qidalanıb. Mao Tsedun adətən tək yemək yeyib. Onun üçün xüsusi yemək otağı olmayıb, xüsusi qablar ayrılmayıb. Belə məsələlər Mao Tsedun üçün önəmli sayılmayıb. O, əsasən iş masasının arxasında qidalanıb. Alkoqollu içkilərdən üzüm şərabına, yeməklərdən isə sousla hazırlanmış donuz ətinə və tərəvəzlərə üstünlük verib.

Mao Tsedunun ciddi yuxu problemi olub. Sutka ərzində cəmisi 4-5 saat yatıb ki, bu yuxusu da çox narahat keçib. Bir çox hallarda o, bu problemdən qurtulmaq üçün yuxu dərmanlarından istifadə edib.
Çin liderini ən çox təhlükəsizlik məsələləri narahat edib. Olduğu məkanda onu 100 nəfər mühafizəçi qoruyub. Mühafizəçilərin seçimi fərqli aparılıb: eyni əyalətdən və qohumluqları olan hətta iki nəfər belə mühafizə xidmətinə götürülməyib. Adətən mühafizəçilər ucqar əyalətlərdən seçilib, savadlı və siyasətə meylli olanlar da xidmətə qəbul edilməyib. Mühafizəçilərin xarici görünüşü də Mao Tsedun üçün vacib sayılıb. Qırmızı diktatorun mühafizəçilərə münasibəti həmişə yaxşı olub və onlara qayğısını əsirgəməyib. Mühafizəçilərinin gələcək həyat yoldaşlarını da bir çox hallarda Mao Tsedun özü seçib.
Mühafizəçilərlə yanaşı xüsusi həkim qrupu da gecə-gündüz Mao Tsedunun iqamətgahında növbə çəkiblər.

Mao Tsedun özünə məxsus olan köhnə əşyalarına, xüsusilə köhnə geyimlərinə çox həssaslıqla yanaşıb. Ölkənin lideri olduğu illərdə onun iki ev pijaması olub ki, hər birinin üstünə saysız-hesabsız yamaqlar vurulub. Elə həmin pijamalarının biri ilə o, öz marşalının dəfn mərasimində iştirak edib.
Digər bir fakt. 1954-cü ildə Mao Tsedun Böyük Britaniyanın baş nazirinin müavini Ettli Klement ilə görüşəndə arxa hissəsində böyük yamaq olan şalvarda olub. Köməkçisi bu haqda soruşanda o, belə cavab verib: “Mənim arxama kim baxacaq ki?”
Mao Tsedun heç vaxt təzə ayaqqabı geyinməyib. Onun üçün alınan ayaqqabıları əvvəlcə bir neçə həftə mühafizəçiləri geyiniblər, ayaqqabılar tam açılışandan sonra Moo Tsedun onlardan istifadə edib.
Qırmızı diktator həmişə özünə uzun ömür arzulayıb. Çinlilərin “Maoya 10 min il” şüarı da bu arzudan yaranıb. Mao Tsedun uzunömürlülüyün əsas sirrini qadınlarla, daha doğrusu gənc qızlarla münasibətdə görüb. Ömrünü uzatmaq üçün qırmızı diktatorun məşuqələri tez-tez dəyişib. Məşuqələri seçmək üçün xüsusi briqada işləyib. Onlar gənc qızları seçiblər, əvvəlcə həmin qızlar hərbçilərin asudə vaxtının təşkili üçün istifadə olunub, mahnı oxumaq, rəqs etmək üçün. Sonra həmin qızların arasından Mao Tsedun üçün seçim aparılıb.

Məşuqələr həmişə Mao Tsedundan razılıq ediblər, onun olduqca ehtiraslı və güclü kişi olduğunu söyləyiblər. Hətta kommunist lideri ilə cinsi əlaqə zamanı xəstəliyə yoluxanda bunu özlərinə şərəf sayıblar. Bəli, belə hallar az olmayıb. Bu haqda Çin liderinin şəxsi həkimi Li Çjuşiya öz xatirələrində yazıb:
“Mao Tsedun qadınlara qarşı laqeyd deyildi və onun həyatında yataq partnyorları çox tez-tez dəyişirdi. Bu əlaqələr zamanı o, bir neçə dəfə zöhrəvi xəstəliklərə də yoluxmuşdu. Tibbi nöqteyi-nəzərdən bu onun sağlamlığı üçün təhlükəli idi. Mən müalicə olunmağı ona təklif edəndə və bunun vacib olduğunu bildirəndə o, mənə məhəl qoymurdu və deyirdi ki, əgər heç bir yerim ağrımırsa, demək problem yoxdur. Amma belə müalicəsiz qalmaq onun ömrünün son iyirmi ilində özünü kəskin büruzə verdi. O, mənə yataqda heç nə alınmadığı ilə bağlı tez-tez şikayətlər edirdi...”

Mao Tsedun 1976-cı ildə 82 yaşında vəfat edib. Vəfatından sonra Pekində onun adını daşıyacaq mavzoleyin inşasına başlanılıb və bir ildən sonra ölümünün ildönümündə təntənəli açılış mərasimi keçirilib. Mavzoleyin ziyarətçilər zalında büllur şüşənin altına Mos Tsedunun balzamlaşdırılmış nəşi qoyulub.
Mao Tsedunun siyasi fəaliyyətində ən maraqlı anlar 1949-cu ildə SSRİ-yə  ilk səfəri zamanı baş verib. Bu haqda növbəti saylarımızda yazı təqdim edəcəyik.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10