Məhkumluq həyatı yaşamış insanları cəmiyyətə geri qazandırmaqla daha böyük fəlakətlərin önünə keçmək olar
Bəzən onların da cəmiyyətin üzvü olduğunu, hər kəs kimi bütün haqq və hüquqlara sahib olduqlarını unuduruq. Bu kimi hallarda onlarda özlərini cəmiyyətə sübut etmək, “mən də buradayam” demək istəkləri meydana gəlir.
Söhbət məhbusluq həyatı yaşamış vətəndaşlardan gedir. Sanki, insanlar onlara qarşı inamsız, laqeyd yanaşaraq onları cəmiyyətdən uzaqlaşdırmağa çalışır. Məhbusluq həyatı yaşayan şəxslər istər-istəməz cəmiyyətə adaptasiya problemi yaşayırlar. Onlar qohum-əqraba içərisində, iş həyatında, hətta bəzən ailədə özlərinə qarşı laqeydlik, inamsızlıq, bəzi hallarda qorxu hiss edərək problemlə üzləşirlər.
Bəzi hallarda cəmiyyət cinayət məsuliyyətinə cəlb olunan, sonradan azadlığa buraxılan şəxsdən qorxur, onun yenidən hər hansı cinayət hadisəsi törədə biləcəyindən ehtiyat edir. Məhkumluq həyatı ən böyük zərbəni vətəndaşın tərcümeyi-halına vurur. Belə ki, bu şəxslər müəyyən müddət azadlıqdan məhrum edildikdən sonra iş tapmaqda çətinlik çəkməklə yanaşı, bəzən ixtisas və vəzifələrindən də məhrum olurlar.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitunun fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov da açıqlamasında təəssüflə bildirib ki, əksər hallarda cinayət məsuliyyətinə cəlb edilmə səbəbindən asılı olmayaraq, məhbusluq həyatı yaşamış şəxslərə qarşı cəmiyyətdə münasibət mənfi olur: “Məhbusluq həyatı yaşamış şəxslərə qarşı əksər hallarda münasibət mənfi olur. Hansısa cinayəti törətmiş, mənfi hərəkətlərdə, davranışlarda olmuş və bu səbəbdən də məhbusluq həyatı yaşamış şəxslərə qarşı münasibətlər uzun illərdir ki dəyişməyib. Ümumi olaraq vəziyyət belədir, onlara qarşı müsbət münasibət çox da müşahidə edilmir. İctimai rəydə də insanların məhbuslara qarşı olan münasibəti qənaətbəxş deyil”.
“Düşünürəm ki, məhbusluq həyatı yaşamış şəxslərə qarşı baxışlar dəyişilməlidir. Biz məhbusluq həyatı yaşamış şəxslərin də açıq təsnifatını aparmalıyıq. Tutaq ki, biz bilməliyik ki, məhbusluq həyatı yaşamış şəxslər hansı səbəbdən bu həyatı yaşamağa məhkum olublar. Cinayət bütün hallarda cinayətdir. Cinayət işlərinə hüquqi baxımdan heç bir haqq qazandırmaq olmur. Cinayət varsa, cəzası da var. Amma məsələyə mənəvi tərəfdən baxdıqda özünümüdafiə məqsədi ilə, məcburən başqasını öldürmüş şəxs hansısa cəzaya məhkum edilibsə, müəyyən zaman müddətində məhbusluq həyatı yaşamağa məhkum olubsa, həmin şəxsə münasibət körpə, azyaşlı birini qətlə yetirmiş şəxsə olan münasibətlə eyni olmamalıdır. Əlbəttə, bu, ayrı-ayrı insanları çox dərindən maraqlandıran məsələ deyil. Cinayətkarlığın sosioloji təhlili sosioloqlar tərəfindən araşdırıldıqdan sonra ortaya dəqiq faktlar qoymaq olar”, - deyə sosioloq vurğulayıb.
Həmsöhbətimiz qeyd edib ki, ümumi nəzər yetirdikdə, hər bir şəxs ətrafında, yaşadığı ərazidə kimin, hansı səbəbə görə həbs edildiyini bilir və ona uyğun da davranışını, həmin şəxsə qarşı münasibətini formalaşdırır: “Ümumilikdə hər bir insan yaşadığı kənddə, məhəllədə məhbus həyatı yaşamağa məhkum olmuş şəxslərin əsasən hansı səbəbdən bu həyatı yaşamağa məhkum olduqlarını bilir. O səbəbə görə də məhkum həyatı yaşamış şəxsə qarşı münasibət formalaşır. Düşünürəm ki, obyektiv münasibət belə olmalıdır. Təəssüf ki, biz apardığımız sosioloji müşahidələrdə məhbus həyatı yaşayan insanların cəmiyyət tərəfindən, belə deyək ki, əsasən mənfi qarşılandığını müşahidə edirik”.
“Aydın məsələdir ki, məhbus həyatı yaşayan insanlar da bir müddət cəzalarını çəkdikdən sonra həyata qayıdırlar. Onların da digər insanlar kimi yaşamaq, işləmək hüquqları var. Mən hesab edirəm ki, onlar da çəkdikləri cəzadan sonra normal həyata qayıtdıqda cəmiyyətə müsbət davranışlar ilə nümunə olmalıdırlar. Bu zaman da cəmiyyətin onlara qarşı olan mənfi düşüncələrini dəyişmək olar. Məhbus həyatı yaşayıb daha sonra normal həyata dönən şəxslər də az deyil. Onların davranışlarından da çox şey asılıdır”, - Həsənov söyləyib.
O, məsələnin digər tərəfinə də toxunub: “Məhbusluq həyatı yaşamış şəxslərin yenidən cəmiyyətə adaptasiya olması üçün müəyyən sosial tədbirlər həyata keçirilə bilər. Onlar cəmiyyətdən təcrid olunaraq 5-10 il və ya müəyyən müddət məhbusluq həyatı yaşamağa məhkum olublar. Yenidən onların cəmiyyətə sosial inteqrasiyasını təmin etmək üçün həmin şəxslərin yeni həyata sosiallaşması prosesi başlamalıdır. Düşünürəm ki, onların normal həyata dönüşünü təmin edən sosial layihələr həyata keçirilə bilər. Bu, KİV vasitələri ilə də təmin oluna bilər”.
Sosioloq fikrini misllarla izah edib: “Keçmişdə çox qatı cinayət davranışları sərgiləyən, lakin daha sonra çox müsbət mənada cəmiyyətə nümunə olan şəxslərin davranışlarını nümunə gətirmək olar. Məsələn, Azərbaycanda keçmişdə yüksək rütbəli şəxslərdən biri hansısa korrupsiya, ya da bizim dəqiq bilmədiyimiz səbəblərə görə həbs edilmişdi. Bu, gizli də deyil, televiziyalarda da, mətbuatda da bu haqda məlumat var idi. Həmin şəxs hərbi rütbə daşıyan ən yüksək rütbəli şəxslərdən biri idi. İkinci Qarabağ müharibəsində həmin şəxs qəhrəmanlıq yazan yüksək hərbi rütbəli şəxslərdən biri oldu və Ali Baş Komandan tərəfindən də fəaliyyətinə görə bir çox mükafatlarla qiymətləndirildi. Adaptasiyanın bir üsulu, bir növü də həmin şəxslərin müsbət davranışları ilə cəmiyyətə nümunə olmasıdır. Bir zamanlar cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin müsbət davranışlar sərgiləyərək cəmiyyətə nümunə olması eyni zamanda cəmiyyətin də onlara qarşı münasibətinin müsbət mənada dəyişməsi ilə nəticələnir”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı açıqlamasında bildirib ki, məhbusluq həyatı yaşamış şəxslərin arasında körpə qatilləri, qadın qatilləri, oğrular da var: “Bəzən elə olur ki, şəxs uşaqlıqda yaşamış olduğu travmanın nəticəsində hər hansı cinayət hadisəsinə səbəb olur. Şəxs təsadüfən də qatil ola bilər, qatil kimi yetişdirilə də bilər, ya da uşaq yaşlarında gördüklərinin nəticəsi olaraq da qatil ola bilər. Bütün səbəblərə baxmayaraq, qatil elə qatildir. Amma qatilləri belə, cəmiyyətdən təcrid etmək olmaz. Qatillər bəzən elə bir manyaka çevrilə bilər ki, bu da cəmiyyət üçün təhlükəli ola bilər”.
“Əvvəllər məhbusluq həyatı yaşamış şəxsləri xüsusi nəzarətə götürürdülər. Onların işə götürülməyi belə, xüsusi nəzarət altında idi. Qatillər cəmiyyət üçün təhlükəli hesab edilirlər. Məhbusluq həyatı yaşamış şəxslərlə dövlət məşğul olmalıdır. Bu adamlar üçün xüsusi realibilitasiya mərkəzləri, iş yerləri açılmalıdır. Onların bir hissəsi həbsdə də toxuculuq, hörmə kimi işlərlə məşğul olur. Həmin o işlər bir ara Ədliyyə Nazirliyinin saytına satış üçün qoyulmuşdu, daha sonra yığışdırıldı. Bu insanlar üçün sexlər, iş yerləri açılmalıdır ki, məhbuslar da cəmiyyətə qatılsınlar. Məhbusluq həyatını oğurluq əməli üstündə yaşayanlar gəldikdə, onlar üçün cəmiyyətə daxil oldu-olmadı, önəmli deyil. Təsadüf nəticəsində də oğru olanlar var. Bu, daha çox yeniyetmələrdə hiss olunur, onlar təsirə daha tez düşürlər. Oğrulara həbsdə də daha həssas, ehtiyatlı yanaşırlar. Oğrular həbsdən peşman vəziyyətdə də çıxa bilərlər, inkişaf etmiş, professional vəziyyətdə də çıxa bilərlər”, - deyə müsahibimiz vurğulayıb.
Qəhrəmanlı qeyd edib ki, məhbusluq həyatını törətdiyi oğurluq əməlinə görə yaşayan şəxslərin cəmiyyətə adaptasiya prosesi də fərqlidir: “Oğrular daim nəzarətdə olmalıdır. Hətta, yaxın tarixdə mətbuat “qanuni oğrular” və oğrular haqqında o qədər yazırdı ki, mən narahat olurdum. Məhbusluq həyatı yaşayanları qəhrəman obrazında yazmaq olmaz. Qatillik əməli üzərində həbs olunmuş şəxsləri tədricən cəmiyyətə adaptasiya etmək olur, amma oğruların özlərinə məxsus oğru dünyaları var. Hətta, onların özlərinə məxsus sözləri var: “pa pravila”. Bunlarla əlaqədar müəyyən tədbirlər görülməlidir. Onların da cəmiyyətə adaptasiya edilməsi lazımdır. Oğurluğu tərgitmək çox çətin olur. Onlar işlə təmin olunmalıdırlar”.
“Bu yaxınlarda əmək qanunvericiliyi ilə əlaqədar yazmışdıq ki, məşğulluq idarələri mütləq bu məsələlərlə məşğul olmalıdır. Sovet vaxtı məhbusluq həyatı bitmiş şəxsləri işlə təmin edirdilər, müəyyən nəzarətə götürürdülər. Bu yaxınlarda qadın həbsxanasına getmişdik, orada dələduzlar, narkotik alveri ilə məşğul olanlar da var idi. Onların hamısını cəmiyyətə qaytarmaq lazımdır. Əks halda cəmiyyət onların təsiri altına düşəcək. Onlar ən çox yeniyetmələrə, gənclərə təsir edirlər. Cəmiyyət məhbusluq həyatı yaşamış şəxsləri müalicə etməlidir ki onlar gənc nəsili xəstələndirməsin”, - deyə hüquq müdafiəçisi fikrini davam etdirib.
O, özünün də dedektiv əsərlərə marağının olduğunu söyləyib: “Uşaq qatilləri ilə bağlı əsərlər çoxdur və hətta gözləyirlər ki həmin şəxs həbsdən çıxsın və onu öldürsünlər. Uşaq qatillərini də müəyyən qruplara bölmək olar: təsadüf nəticəsində qatil olanlar, oyun zamanı qatil olanlar, manyak kimi bilərəkdən öldürənlər və s. Bilirsiniz ki, bilərəkdən öldürülmə hallarında 15 ildən az olmayaraq, bəzən də ömürlük həbsə məhkum olurlar. Həbsxananın də öz qanunları, öz kəskin cəzaları var. Bəzən uşaq qatillərini oradan çıxmağa da qoymurıar. Bilərəkdən uşaq öldürənləri gözəgörünməyən xüsusi qurumlar nəzarətə götürməlidir”.
“Bəzən qatillər həbsxanadan dindar kimi çıxırlar. Dinlə məşğul olanlar müalicə olunaraq cəmiyyətə adaptasiya olunurlar. Çünki bu şəxslər günahlarını başa düşürlər. Lakin islah olunmayanlar da var. Onlar da zaman keçdikcə yenidən həbsə qayıdırlar. Qayıtmamaları üçün onlara nəzarət lazımdır. İfadəm ağır çıxmasın, amma ağır cinayətlər üzrə məhbusluq həyatı yaşayanları daş karxanalarına göndərmək lazımdır. Mağazalar, ticarət obyektləri, insanların sıx məkunlaşdığı yerlər həmin şəxslər üçün məsləhətli deyil. Çünki onları tanıyan şəxslərin özlərinə belə, təhlükə ola bilər. Onları cəmiyyətdən qorumaq lazımdır, cəmiyyəti də onlardan. Azərbaycanda qəsdən uşaq öldürülmə halları Rusiya kimi ölkələrlə müqayisədə daha azdır. Azlıq təşkil etdikləri üçün onları nəzarətə götürmək daha asandır. Cəmiyyət uşaq qatillərindən çəkinir. Həbsdən çıxmış şəxslərin reabilitasiyası prosesi çox mühümdir. Həbsdən çıxan şəxs seminarlarlara getmir. Onlarla psixoloqlar işləməlidir. Cəmiyyətlə həbsxana arasında olan məsafəni bərpa etmək üçün xüsusi reabilitasiyalar keçirilməlidir. Uşaq qatilləri heç vaxt bağışlanmır”, - deyə Qəhrəmanlı fikrini tamamlayıb.
ayna.az