Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Stalinin ayırdığı 5 dəqiqəni yarım saata qədər uzadan fotoqraf – amerikalı Ceyms Ebbenin cəsarəti


O, orta təhsil illərində heç vaxt fotoqraf olacağı haqqında düşünməyib , nə vaxtsa dünyanın ən məşhur simalarına “necə dayanmaq lazım olduğunu” öyrətməyi ağlına belə gətirməyib. Amma adi bir təsadüf, iş axtarışına çıxmağı Ceyms Ebbeni bu sənətə bağlayıb. “Washington Post” qəzeti onu işə qəbul edib. Ceyms Ebbe əvvəlcə redaksiyanın nəzdində fəaliyyət göstərən fotoqraf kurslarında oxuyub, sonra bu qəzetin fotoqraflarından biri kimi çalışmağa başlayıb.
Ceyms Ebbe 1883-cü ildə ABŞ-ın Men ştatında, Alferd şəhərində anadan olub. Yeniyetməlik yaşlarından ünsiyyətcil olmağı, hazırcavablığı ilə fərqlənib. Orta təhsilini başa vurduqdan sonra həyatını Vaşinqtonla bağlayıb və özünün də gözləmədiyi bir sahəyə düşüb.
Uğurlu karyera qurmaq, məşhurlaşmaq və həm də daha çox qonorar almaq üçün Ebbe fotoqraf kimi fəaliyyətə başladığı ilk vaxtlardan bütün gücünü, imkanlarını səfərbər edib. Qısa müddət ərzində çəkdiyi Hollivud məşhurlarının, incəsənət və kino ulduzlarının fotoları Amerikanın ən nüfuzlu qəzetlərində tirajlanıb. Foto kaprizi olan Çarli Çaplinin fotosesiyası isə ona böyük populyarlıq qazandırıb.
img_7681.jpg (69 KB)
Ciddi olduğu qədər də güclü yumor hissinə malik olan Ceyms Ebbe çəkdiyi məşhurların fotoları ilə qürrələnib, peşəkarlığını tez-tez dilə gətirib. Nəhayət, günlərin birində redaktorlardan biri Ebbenin bu xasiyyətinə münasibət bildirib:
- Ceyms, sən o vaxt dünyanın tanınmış fotoqrafı olacaqsan ki, Hitleri sinaqoqda, Stalini Kremldə çəkə biləcəksən.
Ceyms bu sözə təmkinlə cavab verib:
- Onlar mütləq şəkildə mənim obyektivimin hədəfinə düşəcəklər, sizi əmin edirəm.
236910052.jpg (56 KB)
Ceyms Ebbe dediyinə əməl edib. Düzdür, Hitleri sinaqoqda çəkə bilməyib, amma onu digər məkanlarda lentə almağa nail olub. Stalinə gəlincə, Ebbe sovet liderini birbaşa Kremldə çəkib, hətta zaraftları ilə amansız diktatoru güldürməyi də bacarıb.
Ceyms Ebbe 1932-ci ildə SSRİ-yə ezam olunub. Moskvaya gəlişi ilə əvvəlcə Kremli kənardan müşahidə etməyə başlayıb. Yaşadığı mehmanxananın eyvanı Kremlə açıldığından o, saatlarla gələcək hədəfini seyr edib. Bütün ilkin müşahidələr Ebbenin ürəyincə olmayıb və o, anlayıb ki, nəinki Stalinin kabinetinə düşmək, hətta Kremlin həyətinə girmək də mümkün deyil. Amma sonda fotoqraf çıxış yolu tapıb.
Ebbenin Moskvada olduğu ərəfədə Almaniyada nəşr olunan “Berliner taqblat” qəzetində Stalinin sağlamlığında ciddi problemlər olması haqqında məqalə dərc olunub. Məqalənin sonunda bu sətirlər öz əksini tapıb: “Stalin uzun müddətdir ki, ağır xəstədir. Hazıda alman həkimləri Kremlə tələsir...” Bu feyk xəbər bir sıra qərb mətbuatında da tirajlanıb.
236912316.jpg (67 KB)
Ceyms Ebbe bu yazıdan maksimum bəhrələnməyi bacarıb. O, SSRİ-nin Xarici İşlər Komissarlığına (nazirliyinə) gedib, qurumun mətbuat şöbəsinin müdiri Podolski ilə görüşüb. Həmkarlar arasında söhbət maraqlı və uğurlu alınıb. Ebbe Podolskiyə bildirib ki, sovet liderinin səhhətinin qənaətbəxş olmaması dünyanın siyasi müstəvisində heç də birmənalı qarşılanmır və Stalinin xəstə olması SSRİ-nin imicinə bir zərbədir. Fotoqraf təklif edib ki, Stalinin sağlam bir formada fotoları dünyanın aparıcı mətbu orqanlarında tirajlanmalıdır. Onu da vurğulayıb ki, həmin fotoları sovet fotoqrafları çəksə bu inandırıcı görünməyəcək, amerikalı fotoqrafın sovet liderinin fotolarını təqdim etməsi isə daha inandırıcı olacaq və yayılan şayiələrə son qoyulacaq. Podolski Ebbenin məntiqli şəkildə məsələyə münasibətini və təklifini yüksək qiymətləndirib və ən qısa müddətdə onu öz rəhbərliyi vasitəsilə Stalinlə görüşdürəcəyini bildirib.
images.jpg (62 KB)
Yaxın ətrafının, köməkçilərinin, mühafizəçilərinin xatirələrində bildirildiyi kimi, Stalin foto həvəskarı olmayıb. Hətta xarici jurnalistlər belə sovet liderini kamera qarşısında bir neçə saniyə saxlamağa müvəffəq olmayıblar. Stalinin kamera qarşısında bir neçə pozada dayanması isə, ümumiyyətlə, mümkün olmayan bir məsələ sayılıb.
Zaman yetişib, 13 aprel 1932-ci ildə, saat 17-00-da Kremlin mühafizə xidmətinin əməkdaşları Ceyms Ebbeni Stalinin kabinetinə aparıblar. Stalin bir neçə dəqiqədən sonra kabinetə gəlib və köməkçisindən soruşub:
- Nəyə görə mənim şəklimi çəkmək istəyirlər?
O, sualına cavab gözləmədən davam edib:
- Tələsin, tələsin, cəmisi 5 dəqiqə.
Bu məqamda Ceyms Ebbe müdaxilə edib:
236911031.jpg (101 KB)
- Ölkənin beşillik planını vaxtında və artıqlaması ilə yerinə yetirən liderin fotosessiyası üçün 5 dəqiqə kifayət deyil.
Ebbenin bu cəsarəti Stalinin xoşuna gəlib. Amerikalı fotoqrafa 10 dəqiqə vaxt verilib. Ebbe bu zamanı öz ünsiyyəti ilə 29 dəqiqəyə qədər uzadıb.
Bir neçə gündən sonra Stalinin çöhrəsində təbəssüm və sağlam görünən fotosu milyonlarla oxucu auditoriyası olan xarici qəzetlərin manşetlərində əks olunub. Bununla da Stalinin səhhəti ilə bağlı yayılan şayiələrə son qoyulub.
236912930.jpg (87 KB)
Fotolar hədsiz dərəcədə Stalinin xoşuna gəlib. Xüsusilə də üzündə təbbəssüm olan foto sovet liderinin zövqünü oxşayıb. Amerikalı fotoqraf üçün isə Stalinlə fotosessiya unudulmaz tarixə çevrilib.
Qeyd edək Ceyms Ebbe 1973-cü ildə, 90 yaşında San-Fransiskoda vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10