Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dost-düşmən cütlüklər: Vilson-Lenin, Stalin-Ruzvelt, Kennedi-Xruşşov, Reyqan-Qorbaçov, Yeltsin-Klinton, bu da Putin-Bayden


ABŞ və Rusiya rəhbərlərinin qarşılıqlı münasibətlərinə baxarsaq, köhnə vaxtlardan başlamalıyıq – 154 il öncədən. Bu iki dövlətin rəhbərləri 19-cu əsrdən bəri zaman-zaman çəkişmə, ixtilaf içində olsalar da, anlaşdıqları, razılığa gəldikləri dönəmlər də olub. ABŞ və Rusiyanın bir-birilə mühüm razılığa gəlmiş liderləri arasında öncə aşağıda adı çəkilənləri qeyd etmək olar:

Conson və II Aleksandr

222 il öncə, yəni 1799-cu ildə amerikalılarla ruslar Rusiyaya məxsus Alyaska əyalətini şirkət quraraq birlikdə işlədiblər. Nəhayət, 1867-ci ildə Rusiya imperatoru II Aleksandr Alyaskanı lazımsız hesab edərək, cəmi 7,2 milyon dollar müqabilində ABŞ-a satıb.
conson-aleks.JPG (75 KB)
Həmin vaxt alqı-satqı sənədini ABŞ-ın xarici işlər naziri Uilyam Sivard imzalasa da, bu nailiyyət indinin özündə də o dönəmdə ABŞ prezidenti Endryu Consonun adına yazılır. Fəqət Alyaska boyda zəngin sərvətli, gözəl təbiətli, Avropanın az qala 20 dövlətinin yerləşə biləcəyi bir torpağı ucuzdan da ucuz qiymətə almış Conson növbəti seçkilərdə qalib gələ bilməyib.
II Aıeksandr isə 1881-ci ildə, həyatına edilən 5-ci sui-qəsd cəhdində öldürülüb.

Vilson və Lenin 

1917-ci ilin oktyabrında bolşevik çevrilişi nəticəsində Vladimir Leninin Rusiyada hakimiyyətə gəlməsi 1913-cü ildən ABŞ-da hakimiyyətə olan Vudro Vilsonun ikinci prezidentlik dönəminə düşüb. Aralarında dərin sinfi ziddiyyət olmasına baxmayaraq, onlar qatı düşmənlərə çevrilməyiblər. Lenin o zaman müəyyən mənada Amerikapərəst dünyagörüşə malik imiş. Vilson da Lenini özünün həmfikiri və müttəfiqi sayırmış.
lenin-vilson.JPG (53 KB)
Ona görə də Lenin I dünya müharibəsinin sonlandırılması barədə təkliflə çıxış edəndə bu, Vilson tərəfindən məmnunluqla qarşılanıb. Üstəlik, bolşeviklərin azsaylı xalqlara könüllü şəkildə muxtariyyat verməyə hazır olmaları barədə bəyanatları Vilsonda böyük rəğbət hissi doğurub.
İkinci bir məsələ: I dünya müharibəsinin əsas nəticələrindən biri Konstantinopolun (İstanbul) Rusiyaya verilməsi olmalıymış. Çar II Nikolay da, onun yerinə gələn müvəqqəti Kerenski hökuməti də bu ideyadan vaz keçmirmiş, amma Lenin bu avantüradan geri çəkilib və Rusiya imperiyasına daxil olan bir çox ölkələrə suverenlik vəd edib. Bu isə Vilsonun xoşuna gəlib. SSRİ-nin ilk olaraq ABŞ tərəfindən tanınması da bu müstəvidə baş verib.

 Ruzvelt və Stalin

Rusiya və ABŞ rəhbərləri arasında ən isti münasibətdə olanlar, şübhəsiz ki, İosif Stalin və Franklin Ruzveltdir. Onları Hitler faşizmi təbii və zorən müttəfiq etmişdi.
stal-ruzv.jpg (79 KB)
                                                         Çörçill, Ruzvelt və Stalin
Yoxsa kübar cəmiyyətə mənsub, əla təhsil görmüş, olduqca mədəni insan olan Ruzveltlə Gürcüstanın ucqar kəndində kasıb ailədə doğulmuş, düz-əməlli təhsil almamış, qabalığı ilə tanınan, üstəlik, kriminal keçmişi olan Stalinin dost-müttəfiq olmaları heç cür mümkün deyildi. Hələ “çürüməkdə olan kapitalizm”lə “çiçəklənməkdə olan sosializm quruluşu” arasındakı kəskin ziddiyyətləri kənara qoyaq.
II dünya müharibəsindən qalib çıxmaq ehtirası bu iki şəxsi yaxınlaşdırıb, müttəfiq edib. Onlar Tehranda və Yaltada üzbəüz görüşüblər, söhbət ediblər. Bu müttəfiqliyin xeyrini isə hər ikisi görüb – bəşər tarixinin ən böyük müharibəsində qalib gəliblər. SSRİ ilə ABŞ-ın, eləcə də onların rəhbərlərinin kəskin düşmənçiliyi Ruzveltdən sonra olub.

 Xruşşov və Kennedi

Əvəzində iki atom dövlətinin – ABŞ və SSRİ-nin bir-birinə qarşı nüvə silahı işlətmək üzrə olduğu günlər prezident Con Kennedi və SSRİ rəhbəri Nikita Xruşşovun dövrünə təsadüf edib.
4.jpg (60 KB)
Onlar da bir-birindən çox fərqli adamlar olub. Gənc, xarizmatik, mehriban, kompromisə meylli Kennedi ilə qoca, cığal, çılğın, kobud Xruşşovun dueli 1962-ci ildə az qala bütün dünyaya baha başa gələcəkdi.
Böhran Karib dənizində, Kuba ətrafında baş verib. ABŞ-ın Türkiyəyə nüvə silahı yerlşdirməsinə cavab olaraq SSRİ də Kubaya nüvə başlığı daşıyan raketlər yerləşdirmək istəyib. Nəticədə III dünya müharibəsinin başlanmasına səbəb yaranıb. Tərəflər öz mövqelərində israrlı olublar. Ancaq sonda Kennedinin yarım addım geri çəkilərək güzəştə getməsi ilə Xruşşov da yumşalıb, böhran sona çatıb.
Bu hadisədən 1 il sonra Kennedini Texas ştatında güllələyib öldürüblər, iki il sonra isə Xruşşov Kremldə baş verən “saray çevrilişi” nəticəsində devrilib və təqaüdə göndərilib.

 Karter və Brejnev 

Xruşşovdan sonra Kremli ələ keçirən Leonid Brejnevin hakimiyyət dövrünə 5 ABŞ prezidenti düşüb – Lindon Conson, Riçard Nikson, Cerald Ford, Ceyms Karter və Ronald Reyqan.
brej-karter.JPG (39 KB)
O dönəm kapitalist və sosialist düşərgələri arasında siyasi və hərbi gərginliyin pik nöqtəsi olub və Brejnevlə ABŞ prezidentlərinin münasibəti də fərqli olmayıb. Ancaq gərginliyin ən kəskin dövrü Ceyms Karterin prezidentliyinə təsadüf edir.
O zamanlar ABŞ da, SSRİ də dünyanın öz aralarında bölərək, 3-cü dövlətlərdə ard-arda çevrilişlər təşkil edirdilər. Bu sırada Nikaraqua, Kamboca, Əfqanıstan kimi ölkələr vardı.
SSRİ regionda ABŞ-ın əsas müttəfiqi olan İranda baş verən islam inqilabına dəstək verirdi, ABŞ Polşada başlanmış fəhlə hərəkatını müdafiə edirdi. Əfqanıstanda “Taliban” döyüşçüləri ruslara qarşı ABŞ-ın silahı və puluyla döyüşürdülər.
Karter və Brejnev bir-birinin haqqında artıq-əskik bir şey deməsə də, hər iki ölkənin mətbuatında düşmən ölkənin liderlərinə dair felyetonlar və karikaturalar dərc olunurdu.

 Qorbaçov və Reyqan 

Karterdən sonra hakimiyyətə gələn Reyqanın püşkünə isə 4 sovet lideri (Brejnev, Andropov, Çernenko, Qorbaçov) ilə “işləmək” düşdü.
6.jpg (29 KB)
Reyqan bu xəstə liderlərin içində yalnız gənc Mixail Qorbaçovla münasibət qura bildi. O birilər dövlətdən çox öz canlarının hayında idilər.
Sürətlə silahlanma yarışının ən şiddətli vaxtı Reyqan Qorbaçovla anlaşa bildi. Onlar bir neçə dəfə görüşdülər. Reyqan Moskvaya gəldi, nüvə silahlarının ixtisarına dair sazişlərə imza atdı.
Bir sıra sovet dissidentləri (akademik Saxarov, Mustafa Cəmilov və başqaları) məhz Reyqanın xahişindən, Qorbaçovun göstərişindən sonra həbsdən azad olundular.
Maraqlıdır ki, bu iki liderin bəşəriyyət qarşısında xidmətləri (nüvə müharibəsinin qarşısını almaq sahəsində) eyni olsa da, öz ölkəsində Reyqanı ən yaxşı prezidentlərdən biri sayırlar, Qorbaçovu isə öz ölkəsində “xain” kimi lənətləyirlər. Çünki Reyqan-Qorbaçov “dostluğu” nəticəsində ABŞ güclənmiş, SSRİ dağılmışdı.

Yeltsin və Klinton

SSRİ dağılandan sonra hakimiyyətə gələn Boris Yeltsin ABŞ üçün ən sevimli rus liderdir. O, hələ hakimiyyətə gəlməzdən öncə ABŞ-da səfərdə olmuşdu və onu okeanın o tayından bəri əliboş yola salmamışdılar, 1 milyon ədəd birdəfəlik şprislə göndərmişdilər. (Sonradan o, Qorbaçovun iynəsini elə həmin şprislərlə vurdu).
yelt-klint.jpg (8 KB)
ABŞ prezidenti Bill Klinton Boris Yeltsinə rəğbətlə yanaşırdı. Yeltsin də Klintondan, ümumiyyətlə, ABŞ-dan məmnun idi. O, dağılmış, iqtisadiyyatı çökmüş ölkənin lideri olaraq ABŞ-ın investisiya və kreditlərinə böyük ümid bəsləyirdi, buna möhtac idi. ABŞ-a isə dişsiz, aqressiv olmayan, əlində nüvə silahı oynatmayan, “soyuq müharibə” aparmayan Rusiya lazım idi.
Tərəflər yaxşı anlaşırdılar, tez-tez görüşürdülər, telefonla danışırdılar. Yalnız Boris Yeltsin 1999-cu ilin dekabr ayının 30-da istefa verərkən Klintondan gələn zəngə cavab verməyib, ondan “niyə getdin” sualı eşidəcəyini yaxşı bilib.

Putin və Klinton-Buş-Obama-Tramp

12.jpg (6 KB)
                                                                        Putin və Klinton
Dövrün gərdişi ilə dünya hegemonu statusundan məhrum olan Rusiyanı yenidən gücləndirə bilməyən Yeltsindən sonra hakimiyyətə gələn Vladimir Putin Klintonla cəmi 1 il “işlədi”. Sonra Corc Buş, daha sonra Barak Obama ABŞ-ın sükanı arxasına keçdilər. Onlar Rusiya və onun prezidenti ilə məsafəli davranırdılar. Bu münasibətlər ara-sıra gərginləşsə də (hansısa siyasi qətllərə, tutqulara, təqiblərə görə), açıq düşmənçilik səviyyəsinə çıxmırdı. Liderlər sammitlərdə bir araya gəlir, təkbətək görüşlər keçirirdilər.
21.jpg (66 KB)
                                                      Putin və Corc Buş (oğul)
Əvəzində Putinin ABŞ-a qarşı münasibəti sərt idi. O, Qorbaçov və Yeltsindən fərqli olaraq ABŞ-ı xor görürdü, bu dövlətə qarşı tənqidi mövqedə olduğunu göstərirdi. Ona görə də Putinin dövründə sovetdənqalma anti-ABŞ ritorikası xeyli dərəcədə bərpa olundu. Neft-qaz milyardlarının Rusiyaya axını bu dövlətin neoimperialist damarını yenidən yoğunlatdı. Rusiya Ukraynaya, Gürcüstana və başqa ölkələrə hərbi müdaxilə edəndə bu, ABŞ-ın xoşuna gəlmədi. ABŞ-ın siyasi dairələrində də anti-Rusiya meylləri gücləndi.
put-oba.jpg (163 KB)
                                                                   Putin və Obama
Buna baxmayaraq, Trampın dövründə ABŞ-Rusiya münasibətlərindən baş açmaq mümkün deyildi. ABŞ dövləti Rusiyaya qarşı ard-arda sanksiyalar tətbiq etsə də, Tramp administrasiyası Rusiya ilə əməkdaşlıqdan, qarşılıqlı anlaşmadan danışırdı.
33.jpg (103 KB)
                                                                        Tramp və Putin
Trampı Rusiyaya işləməkdə ittiham edəndə isə prezident administrasiyası anti-Rusiya bəyanatları verirdi. Bəlkə də bu, yüksək səviyyədə razıalşdırılırdı. Hər halda indinin özündə də ABŞ geniş yayılmış fikirlər var ki, Trampın prezident seçilməsində Rusiyanın ciddi rolu olub.

 Bayden və Putin 

ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin Rusiyaya, Putinə qarşı olduğu hələ prezidentliyə namizəd olduğu vaxtdan bəlliydi. Rusiyaya hələ 40 il öncədən gəlib-getmiş Bayden Rusiyanın cilovlanması fikrində tez-tez israr edir, Trampı Rusiyaya qarşı mülayim olmaqda suçlayırdı.
Putin-Bayden.jpg (202 KB)
Ona görə də Ağ Evin yeni sahibinin Kremlin, eləcə də bütün Rusiyanın 21 illik sahibinə qarşı ağır ifadələr işlətməsi bir baxımdan gözlənilməz olmadı.Gözlənilməz olan sadəcə yanlış sözlərin seçilməsiydi. Son 230 ildə heç bir ABŞ lideri öz rəqibi haqqında bu qədər ağır ifadə işlətməyib.
Putinin Baydenə cavabı isə, gözlənildiyi kimi, daha təmkinli oldu. Haqlıykan, yanlış ifadələri ilə özünü haqsız duruma salanlara qarşı adətən belə davranırlar və ətrafdakıların gözündə xal qazanırlar.
Ən qəribəsi odur ki, Bayden Obamanın yanında vitse-prezident olanda Rusiyaya və Putinə qarşı bu qədər sərt deyildi. Hətta onun Putinlə bir audensiyada olmasından məmnunluğunu göstərən şəkillər daha çoxdur.
İndilikdə bu kampaniyanın sonunun necə olacağı bilinmir. Amma bu gedişlə ola bilər ki, biz 1-2 ilə yeni yarımbaşlıq yazaq:

Putin və Kamala Harris....

 56.JPG (33 KB)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10