Beləliklə, ABŞ-Rusiya qarşıdurmasının regiona mümkün təsirləri aktualdır. Siyasi şərhçi Rauf Mirqədirov bu mövzuda “Press Klub”un suallarını cavablandırdı.
Ekspert bildirdi ki, ilk dəfədir, ABŞ prezidenti rusiyalı həmkarı haqqında qatil ifadəsi işlədir. O, bu kəskin ifadəni təəccüblü saymır. Mirqədirovun fikrincə, hər dəfə Amerikada seçki olanda Rusiya-ABŞ münasibətləri 3 mərhələdən keçir:
“Birincisi, çox böyük gözləntilər mərhələsidir. Hər bir Amerika prezidenti bildirir ki, sələfləri Rusiya ilə münasibətləri düzgün qurmayıb və o özü daha düzgün istiqamətlər formalaşdıracaq, Rusiya ilə dil tapacaq və s… Vaxtilə Corc Buş prezident olarkən ilk görüşdən sonra Putin haqqında demişdi ki, “onun gözlərinə baxdım və qəlbini gördüm”. Yəni dil tapacağıq, yaxşı oğlandır. Amma Buş hakimiyyətinin sonuncu ilində – 2008-ci ilin avqustunda Gürcüstan ərazilərinin bir hissəsi Rusiya tərəfindən işğal olundu. Obama hakimiyyətə gələndən sonra o da bəyan etdi ki, Rusiya ilə münasibətlər düzgün qurulmayıb, onu dəyişmək lazımdır, ikitərəfli əlaqələrdə yeni bir dönəm başlayır və s… O, Rusiya ilə “yenidən yüklənmə” siyasətini həyata keçirdi, nəticə etibarilə biz Ukrayna hadisələri ilə üzləşdik. Tramp haqqında geniş danışmaq istəmirəm. O, avtoritar liderlərlə münasibətlər qurmağı daha asan sayırdı, nəinki ABŞ-ın Avropa İttifaqı və NATO üzrə müttəfiqləri ilə.
İkincisi, seçkilərdən sonra ABŞ-Rusiya münasibətlərində həmişə praqmatik mərhələ başlayırdı. Tərəflər maraqların fərqli olduğunu anlayır, amma yenə də ABŞ siyasətçiləri Putinlə dil tapmağın vacib olduğunu bəyan edirdilər. Və dialoq prosesinə start verilirdi.
Nəhayət, üçüncüsü, hər bir ABŞ prezidenti öz hakimiyyətinin sonuna yaxın bəyan edirdi ki, Rusiya ilə hər hansı ciddi razılaşma, regional problemlərin həllində birgə fəaliyyət mümkün deyil. Beləliklə, münasibətlər gərginləşirdi və ümidlərin puç olması mərhələsi başlayırdı. Sadaladığım bu məqamlar həmişə ABŞ-Rusiya münasibətlərinə xas olan xüsusiyyət olub”.
Mirqədirov vurğulayır ki, Obama hakimiyyətində vitse-prezident olmuş Co Bayden üçün bu mərhələlərin heç biri yoxdur:
“Bayden Rusiya və onun lideri Putinin mahiyyətini çox gözəl bilir. Ona görə də birbaşa üçüncü mərhələdən başladı. Münasbətlərdə qarşıdurma, gərginlik və basqı artacaq. Çünki Bayden Rusiya ilə münasibətlərdə birinci və ikinci mərhələləri Obama dövründə keçib. Amma elə sahələr var ki, orada maraqlar məhdud da olsa, üst-üstə düşür. Bu da kütləvi qırğın silahlarının məhdudlaşdırılması və iqlim məsələlərini əhatə edir. Bu sahədə əməkdaşlığa hazırdırlar, bu da ölkələrlə yanaşı, dünyanın maraqlarını özündə ehtiva edir”.
Politoloq qeyd etdi ki, ABŞ-Rusiya münasibətlərində fövqəladə hadisələrin baş verməsi, Moksvanın Vaşinqtondakı səfirini geri çağırması ümumiyyətlə, sivilizasiya üçün təhlükəlidir. Ekspert hesab edir ki, bu situasiyada bütün dünya üzrə gərginlik dərəcəsi artacaq:
“Putinin manevr imkanları da həddən artıq daralıb. Artıq deyə bilməyəcək ki, əvvəlki administrasiyaların siyasəti düzgün deyildi, gəlin, dialoqa başlayaq. Dialoq üçün ilk növbədə ABŞ-ın müəyyən şərtlərini həyata keçirməsi lazımdır. Elan etməlidir ki, Rusiya bunu etməyə hazırdır. Amma Putinin qarşısına qoyulan şərtləri yerinə yetirmək imkanları çox məhdudur. Çünki onun yürütdüyü siyasətin əsas hədəflərindən bir öz hakimiyyətinin təkrar istehsalını həyata keçirməkdir”.
Təhlilçi əlavə etdi ki, Baydenin xarici siyasətinin vektorlarından biri postsovet məkanında Rusiya ilə qarşıdurma nöqtələri ilə bağlıdır:
“O, özündən əvvəlki prezidentlərdən daha yaxşı anlayır ki, Rusiya ilə dil tapmaq çox çətindir. Ona görə də Vaşinqtonun problemlərin həllində Rusiya ilə ortaq məxrəcə gəlinəcəyi barədə gözləntiləri yoxdur. Bu səbəbdən biz Gürcüstan, Ukrayna, Moldova və Azərbaycan-Ermənistan münaqişələrində gərginliklərin artmasının şahidi olacağıq. Proseslərin gedişində bu ölkələrin bəziləri, ola bilsin, seçim qarşısında qalsınlar. Gürcüstan bəyan edir ki, o artıq seçmini edib və bu qarşıdurmada Qərbin dəstəyinə arxalanır. Gürcüstanın baş naziri Qaribaşvili bəyan edib ki, ABŞ-a, NATO-ya, Avropa Birliyinin dəstəyinə arxalanır və ölkəsinin strateji məqsədlərindən biri NATO-ya üzv olmaqdır. Beləliklə, qonşu ölkə NATO-ya inteqrasiyanı özünün əsas vəzifəsi hesab edir”.
Politoloq bildirdi ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsindən öz maraqları üçün istifadə edəcəyi kifayət qədər realdır:
“Moskvanın burada və Ukraynada, Moldovada ABŞ-la rəqabət aparmaq imkanları daha genişdir. Bu bölgələrdə Rusiya qoşunları yerləşdirilib. Rusiya onlardan öz strateji maraqlarının qorunması üçün istifadə etməyə cəhd göstərə bilər”.
Bu situasiyada Azərbaycan nə edə bilər? R. Mirqədirov deyir ki, bu, aktual, eyni zamanda ağır sualdır:
“Ağır sualdır, ona görə ki, 44 günlük müharibəyə qədər Azərbaycan ərazilərində Rusiya qoşunları yox idi. Bununla Moskvanın Bakıya birbaşa təzyiq göstərmək imkanları məhdud idi. Nəzəri baxımdan, belə bir hərəkət olsaydı, beynəlxalq aləmdə kəskin reaksiya ilə qarşılana bilərdi. İndi isə Rusiya bölgədə situasiyanı idarə edən qüvvələrdən birinə çevrilib. Kreml döyüş bölgəsindəki situasiyanı birbaşa manipulyasiya etmək imkanlarına malikdir. 44 günlük müharibədən sonra buna nail olub. Kreml istədiyi an vəziyyəti maksimum gərginlik həddinə çatdıra bilər. Gürcüstanda və Ukraynada görmüşük ki, Rusiya dinc əhalinin təhlükəsizliyini qorumaq arqumentindən fəal istifadə edir”.
Türkiyə faktoruna toxunan ekspertin sözlərinə görə, bir məsələni aydınlaşdırmaq lazımdır: Türkiyə Cənubi Qafqazda Rusiya ilə açıq münaqişəyə hazıdır, ya yox? “Mən bu suala Türkiyənin özündə birmənalı cavabın olduğunu düşünmürəm. Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıq şəkildə bildirir ki, Türkiyə NATO-nun üzvüdür, bu sistemə bağlı ölkədir. Sözsüz, Türkiyənin Azərbaycana dəstəyi vacibdir, amma bu dəstək yetərli deyil. Ankara o zaman Rusiya ilə açıq qarşıdurmaya gedə bilər ki, NATO ölkələrinin onun arxasında duracağına inansın. Bu ehtimal indiki Türkiyə-Qərb münasibətləri çərçivəsində bir qədər mübahisəli məsələdir”, – deyə ekspert söylədi.
R.Mirəqdirov hesab edir ki, Rusiyanın Azərbaycana təzyiqləri qaçılmazdır:
“Əgər biz duruş gətirmək istəyiriksə, Türkiyə ilə yanaşı, kollektiv Qərbin dəstəyini də təmin etməliyik. Hazırkı şəraitdə Türkiyə-Azərbaycan alyansı buna nə dərəcədə nail olacaq, mənə bir qədər şübhəlidir”.
pressklub