Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yoldaş katib, onlara olar, bizə yox?! - Cəbrayıl Dövlətzadə haqqında roman


Kulis.az Qəhrəman şəhidimiz Cəbrayıl Dövlətzadə haqqında yazıçı Azad Qaradərəlinin yazdığı “Cəbrayil əfsanəsi” romanını hər cümə günü yayımlayır. Romanın növbəti hissəsini təqdim edirik.
əvvəli burda
İkinci səs
TUMSATAN
Uzun zaman radioda veriliş aparmışam. Rayon qəzetinə kiçik məqalələr, xəbərlər yazmışam. Sən deyən adlı-sanlı jurnalist olmasam da, hər gün axşam saat 4-də rayon camaatı beş manatlıq radio ilə mənim çıxışımı dinləyərdi. Rayonun keçmişi, bu günü, gələcəyi - yox, gələcəyi bizə qadağan etmişdilər, gələcəyə mücərrəd bir kommunizm sözünü şappıldadıb, o sərhədi keçməyə qoymurdular – haqqında süjetlər hazırlayar, öz səsimlə oxuyardım... Hə, partiyanın qərarlarınnan, əməkçilərin həyatınnan, bəzi ziyalılardan və sairədən danışardım radioda. Rayonun tarixiynən bağlı o qədər şeylər bilirdim ki, bircəciyini danışmağa qoymurdular... Bir gün Qafan şəhər rəhbərliyi ilə bizim rayon rəhbərliyi dostluq görüşləri keçirirdi. Əvvəl biz Qafana getdik. Hərə öz sahəsinin adamları ilə tanış oldu, fikir və təcrübə mübadiləsi apardı. Mən biçarə də Qafan şəhər radio mərkəzində oldum. Əvvəla, mən tək, özü də yarımştat işləyirdimsə, burda beş nəfərlik redaksiya heyəti, makinaçı və sürücü ştatları vardı. Çıxışlarına da baxanda xəcalət çəkdim. “Hayastan tarixinnən səslər” rubrikasında Armen Xancanyan adlı müxbir Nijde, Dro, Andranik, Kaçaznuni kimi daşnaklar haqqında məlumatlar oxuyur, onları erməni xalqının qəhrəmanı kimi radio dinləyicilərinə təqdim edirdi.
Oradan qayıdannan sonra mən də erməni küyünə gedərək rayonumuzun məşhur qaçağı Qaçaq Fərzalı haqqında bir məqalə hazırlayıb efirdə oxudum. Elə o verilişdən sonra KKB gəlib məni həbs elədi, kabinetimi möhürlədi...
Sonra isə məni gecəynən birinci katibin yanına apardılar. Sən demə, mən radioda çıxış edəndə nəsə olub, çıxışım rayonda yayımlanmayıb heç. Bundan ancaq rayon qəzetində işləyən bir müxbir xəbər tutub və “KQB”-yə də o məlumat verib. Bəxtimnən axşam evə gedəndə oxuduğum verilişin yeganə nüsxəsini cibimə qoyub evə aparmışam. Kabinetimi, yerli qəzetin redaksiyasını nə qədər ələk-vələk eləsələr də, əllərinə bir şey keçmir...
Gecə saat ikidə katiblə üzbəüz oturmuşduq. Zəhmli baxışlarla məni süzüb dedi:
- Genə nə eləmisən, ə?!
Başımı qoydum çiynimin üstünə, dedim heç nə. Kişi uğunub getdi. Sonra qarnın ata-ata yenə uğundu və bu dəfə alçaqdan dedi:
- Kişi kimi sənə söz verirəm - bilirəm ki, böyük ailən var, buralardan da sənə “nol beş stavka” nəsə yazdıracam ki, babat maaş alasan - amma de görüm, həqiqətdə nə olmuşdu? Bu qaçaq-maçaq nə məsələdir?
Ağlamsınıb ona həqiqəti söylədim:
- Qafana getmişdik ha, orada mən onların redaksiyasında...
Ağlamaq məni tutdu, bildiklərinizi ona danışdım və sonra da gəlib qaçaqdan veriliş hazırlamağımı, efirə vermək istədiyimi və bəxtimnən “srıv” olmasını... Bunun çuğullanmasını...
Kişi yenə qarnını tutub o ki var güldü, sonra yanındakı tumbuçkadan bir şüşə Yerevan konyakı çıxartdı, hərəmizə bir qədəh süzdü, qoz ləpəsi və bahalı şokoladla dolu qəndqabını mənə sarı itələyib, vur dedi. Qorxa-qorxa içib ağzımı dəsmalımla deyil (kirli idi, utandım çıxartmağa), qolumla silib dedim:
- Yoldaş katib, niyə onlara olar, bizə yox?!
Katib yenə bir qədəh özünə süzdü, mənə də göz vurdu ki, daha sənə olmaz. Sonra əsnədi, dalınca da gəyirib gülümsündü:
- Çox bilsən, tez qocalarsan. Şəpir-şüpürünü də yığ, get burdan. Səhər səni kitabsevərlər cəmiyyətinə də yarımştat işə qoyacağıq... Amma bir də belə qələtlər eləmə...
İndi, bude, iki oğlan gəlib, mənimlə tanış olublar, birinin də ana tərəfi bizim rayonnandır. Deyir, mənə Zəngilanın keçmişinnən danış... O vaxt radioda heç kimin eşitmədiklərini indi bu uşaqlara danışıram... Yoxsa İskəndəri-Zülqərineynin dəlləyi kimi söz buynuzları qarnımı yırtacaq...
CƏBRAYIL
Adam danışır və danışdıqca yağlı səsinnən canıma enerji axır. Hiss olunur ki, qocalsa da, səs hələ təravətini itirməyib. Əsl efir səsi vardı... Təəccüblənməyin, yaşım az olsa da, başımın çəkmədiyi şey olmayıb. Demək, yeddidə oxuyuram. Bir gün müəllimimiz bizi radiostudiyaya apardı. Orada bir radio jurnalisti bizim səsimizi yazdı. Sinfimizdən, dərslərimizdən danışdıq, şeir söylədik. Mən çox sevdiyim, fəqət müəllifini bilmədiyim bir bənd şeir söylədim:
Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,
Nə də günəşlər kimi parlayıb sönməməkdir.
Bunun üçün ölümə bir atılış gərəkdir,
Atıldıqdan sonra da bir daha dönməməkdir...
Elə şeiri təzəcə bitirmişdim ki, aparıcı qız müəlliməmizə dedi ki, bu oğlanın gözəl efir səsi var, valideynləri ilə danış, gəlib bizdə uşaq verilişi aparsın... Əlbəttə, mən getmədim, bax, bu efir səsi məsələsini oradan bilirəm...
(Amma sonra müəllimimiz dedi ki, səsini oranın redaktoru olan yazıçı çox bəyənib, bir radiostuduyaya getsən yaxşı olar. Gedib tanış oldum. 50-55 yaşlarında bir kişi idi. İşə bax ki, bu da anamgilin rayonundan imiş. Həmin YAZIÇI mənə bir mətn oxutdurdu. Sonra dedi ki, mənim bir radio verilişim var, “Ağatlı oğlan” adlanır. İstərdim onu sən aparasan. Deyəsən, oxuduğum mətn elə həmin veriliş idi. Mən dedim ki, həm idmana gedirəm, cüdo ilə məşqul oluram, üstəlik, dərslərim də var. İşləyib evə kömək də etdiyimi deyəndə adamın gözləri doldu. Çox təsirləndi. Elə orada özünün16-17 yaşlı roman qəhrəmanlarınnan söz açdı. Dediyi sözlər indiki kimi yadımdadır: “Verilişin adını təsadüfən “Ağatlı oğlan” qoymamışıq. Ümid edirik ki, işğaldakı torpaqlarımızı nəfsi korlanmamış, əqidəsi zədələnməmiş, haram bilməyən sizin kimi gənc cəngavərlər qurtaracaqlar...”
Sonra özünün romanını mənə hədiyyə etdi... Və bir də studiyada söylədiyim şeirin müəllifinin adını da o yazıçıdan öyrəndim: Nihal Atsız imiş...)
Hə, kişi danışdı, nə danışdı!..
Onun danışdıqları da mənə bir dərd oldu. Başa düşdüm ki, tale mənimçün hansısa oyunlar oynayır. O, mənə nəsə yeni rol hazırlayır...
Qocaman radio işçisinin söhbəti Zəngilanın, o zamanın dili ilə desək, Zəngəzurun məşhur qaçağı
QAÇAQ FƏRZALI
haqqında idi. O kişinin söhbətini səsi diktafona yazan kimi beynimə köçürdüm. Sonralar maqnitofon lenti kimi irəli, geri çevirib dinlədim, əzbər kimi qaldı yadımda. Danışım, siz də eşidin.
GÜLLƏ SƏSİ
Kiçik çillə təzəcə çıxmışdı. Sanamalar başlamış, doğruçu çərşənbələrin bir-birini əvəz edən çağları gəlmişdi. Təbiətin qırışığı açılmış, havalar birər-birər isinməkdəydi.
Alatoranda hələ göz-gözü görmürdü. Qəfil açılan güllədən sanki təbiətin də yuxusu qaçdı. Araz qırağındakı sərhəd zastavasının kazaklarınnan biri sinəsinə dəyən güllədən “mama” deyərək çığırdı və aşıb lal axan Araza düşdü. Söyüd ağacının budağında yuxuya getmiş sağsağan haray-həşir qopara-qopara yerindən havalanıb ora-bura çovudu, havanın hələ təzəcə işıqlaşdığını görüb səsini kəsdi. Axşamnan Araz üstə sərilib yatmış bir çəngə ağ duman, sanki güllə səsinnən diksinib ayıldı, yatdığı yerdən yavaş-yavaş qalxıb Şıxılcan bulağına tərəf yol aldı. Dalbadal bir neçə güllə səsi eşidildi. Sonra Baharlı zastavasından çıxan kazak dəstələri ora-bura qaçışa-qaçışa bağırışır, rus dilində söyür, hara gəldi atəş açırdılar.
Bu vaxt dumanın Arazdan aralandığını görən bir atlı atını dumanın içinə sürdü və elə bu dumanın içindəcə görünməz oldu.
…On gün əvvəl İmamqulu kişi öküzləri arabaya qoşub Muğadəm Baharlısındakı su dingində döymək üçün çəltik aparmışdı. Axı qarşıdan qara bayram (buralarda ona qəbirüstü də deyərdilər) , ilaxır çərşənbə, əsas da Novruz bayramı gəlirdi. Bu bayramlaracan düyü tədarükü görülməliydi.
Baba bağı deyilən yerdə iki rus əsgəri kişinin qabağını kəsib öküzklərini əlindən almış, özünü döymüş, berdanka tüfəngini daşa çırpıb sındırmışdılar. Çəltik taylarını çiynində dingə daşımalı olan İmamqulu kişi oğlu Hüseynalıya sifariş eləmişdi ki,oduna apardığı qatırı çullayıb Baharlıya gəlsin…
Pis xəbər pis qoxu kimidir, tez yayılar. Bu xəbər də Bəsid çayı boyunca Baharlı ellərinə yayıldı. Arazın o tayında - Üçdibində İmamqulunun böyük oğlu Fərzalı bu xəbəri eşidib bərk sarsıldı. Qaçaq mal al-veri edənləri kazakların gözünnən yayındırıb o tay-bu taya keçirən Fərzalıya bu bəd xəbəri qardaşı Hüseynalı bir tacirin vasitəsiylə çatdırmışdı. Özü əkinçi-biçinçi olduğundan əvvəlcə çaşıb qalmış, hətta aradabir dədəsinin ona bağışladığı paslı berdankasını götürüb gedib kazaklarla vuruşmaq, bu ləkəni üstlərinnən silmək istəımişdi. Amma bir az hirsi soyuyannan sonar bu işi igid qardaşına buraxmış, ona ismarıc yollamaqla kifayətlənmişdi.
Səhərdən bəri dumanın içi ilə atını dəhmərləyən gənc Fərzalı öldürdüyü rus kazakının tüfəngini o biri çiynindən aşırdı, alaqaranlıqda orasına-burasına baxdı, ”qənimətdi” deyib atını muşqurdu, çaparaq sürüb gözdən itdi.
QAÇAQ NƏBİNİN
xəyanət nəticəsində öldürülməsindən düz beş il keçmişdi*. Bu beş ildə dağlar Nəbi adını sinəsinə yazmış, qartallar o yazını gözləri ilə göylərə qaldırmış, ərşin hər tərəfinnən aləmə bəyan etmişdilər. Aşıqlar sazlarında Nəbiyə dastan qoşmuş, şairlər şeir yazmış, dədələr bayatı çağırmış, nənələr ağı ötmüşdülər... “Nəbinin bığları eşmə-eşmədi...” Namusu olan torpağı, qeyrəti olan Həcəri, arxası olan xalqı onu qorusa da, düşmən son anda xəyanətlə qəhrəmanı ürəyinnən vurdu... “Papağı güllədən deşmə-deşmədi”... Atı yiyəsiz qalıb biyabana çapmış, çərləmiş, bir qayadan uçmuşdu... “Nəbinin atını heç at keçmədi...”
Bu beş ildə lal Arazın sükutu ilk dəfə idi ki, pozulurdu. Baharlı zastavasınnan Tiri zastavasına, oradan da Karyagin sərhəd alayına kazak çaparı xəbər aparmışdı: ”Araz qırağında yenidən güllə səsləri eşidilməyə başlayıb. Bir kazak öldürülüb. Taydolaq Baharlıda - Qaradərədə yaşayan Fərzalı adlı bir gəncdən şübhələnirik.”
Cavab qısa olmuşdu: “Tutulsun”.
AT
Türkün ən çox sevdiyi, tapındığı heyvan uzun illər at olub. Südünü içib, ətini yeyib. Döyüşə də onun üstündə yollanıb, yukünü də onunla daşıyıb. Fərzalının atı da Baharlı ellərinin ilxılarındakı atların gözü idi. Qarabağ atlarının cinsinnən olan bu ağavış ayğır qıvraq, hündür boylu, boynu gödək, yalı və tükləri ipək kimi, burun və alın sümüyü möhkəm, yeməyə az tələbatlı, sürətlə çapan, ağır yük götürən dağ minik atıydı. Fərzalı deyərmiş ki, bu atı minəndə bütün dünya ayağımın altında olur. Hesab eliyirəm ki, mənə güllə batmaz, düşmən tozuma çatmaz, qızlar atımın səsinnən dəli-divanə olarlar. Elə belə demiyiblər ki, at minəndə sill (vərəm) olmaz. Mən atımın dirisiyəm. Allah eləməsin, ayağım üzəngisinnən üzülsə, ruhum bədənimnən ayrılar. Məni şux saxlayan, cavan saxlayan bir arvadımdırsa, yüz də atımdır. Yaxşı deyiblər, at igidin qardaşıdır...
Ağca çağırdığı bu ağavış, səkil at, deyilənə görə, Qaçaq Nəbinin
BOZ ATININ
cinsinnən imiş. Atası İmamqulu kişi danışmışdı bu əhvalatı. Deyir, bir gün Nəbi eşidir ki, Bartaz kəndində misilsiz bir at var. Salıq saldırır (gizlicə xəbərləşmək), altdan-altdan atın sahibinin kimliyini öyrənir.
Ayrı adnan atın qiymətini, satıb-satmadığını bilməyə çalışır. Araçı gəlib deyir ki, atın sahibi halal adama oxşayır, amma satmaq adı gələndə daş atıb başını tutur. Bircə onu öyrənə bilir ki, at sahibinin əsli-kökü Qaradağ mahalınnandır. Cəddabaşı Qacarlara ilxıçılıq eləyib. Gen sinəli, incə ayaqlı, sağrısı zərif, kişnərtisinnən madyannar qulun salan ağavış-bozalaq ayğırı görəndə Bartaz cavanlarının, Baharlı igidlərinin dodağı dörd yerdən bölünərmiş. Atın dilə-dişə düşdüyünü görən sahibi örüşə buraxmır, bağlamada saxlayır.
Nəbi libasını dəyişir, özünün babat atlarınnan birini minib yollanır Bartaza. Axşam şər qarışanda özünü verir at sahibinin evinə sarı və atını onun həyətində saxlayıb deyir: “Başına dönüm, Mığrıdan gəlirəm. Şüşü Qələsinə gedəjəm... Atıma da, özümə də bir qırıx yer eliyərsənmi? Əvəzində gülməxmər parçam var, beş ərşin verərrəm, qız-gəlinə paltarlıq tikdirərsən... İşığ-işığa durub gedəjəm...”
Kişi Nəbinin atını aparıb öz atının yanında bağlamaq istəyir. Di gəl ki, at it olub kişinin əl-ayağını qapır, yaxına buraxmır. (Əslində, Nəbi qəsdən belə bədöy at minib gəlmişdi.) Nəbi özü atın cilovunu çəkib tövləyə aparır, ev sahibinin adı dillər əzbəri olan atının yanında bağlayır. Sonra qayıdıb gəlir kişinin açdırdığı süfrədə oturur. Kişi etiraz eləsə də heybəsindəki şor-çörəyi çıxarıb qoyur qabağına. Arazbar kəndlərinin çörəyi həmişə bol olsa da, o ili qıtlıq imiş. Ev sahibinin arvadı süfrəyə tək bir kömbə çörək, amma çoxlu yumurta qoyur. Kişi utana-utana deyir: ”Qonaq qardaş, gərək üzürlü sayasan, deyir yumurtanı səhər özün ye, günorta dostuna ver, axşam düşməninə. İndi bizimki belə düşdü...”
Nəbi yumurtanı soyur, duza batırmadan qoyur öz çörəyinin arasına dürməkləyib yeyir. Kişi bu əlaməti sezsə də, üstünü vurmur. Əslində bu birinci yox, ikinci əlamət idi. Birinci əlaməti isə qonaq atının yəhərini alanda gözü çalmışdı. Yəhər ingilis yəhəri idi ki, yalan olmasın, qiyməti bəlkə də atın özünnən baha olardı. Hələ qonağın yeməyinə fikir verdikcə yavaş-yavaş ayrı əlamətlər də üzə çıxırdı. Qonaq çox səliqəylə yeyirdi. Şeşə bığları, enli alnı, ağıllı gözləri bu qonağın yoldan ötən adi bir qalalı olmadığınnan xəbər verirdi. Amma yenə ev yiyəsi “pənah allaha” deyib üstünü vurmadı. O yannan, bu yannan bir qədər söhbətləşdikdən sonra yıxılıb yatdılar.
...Alatorannan duran ev yiyəsi qonağı oyatmamaq üçün ayağının ucunda çölə çıxdı. Tövləyə girib atlara yem tökmək istəyirdi ki, bir də gördü, qonağın atı ayağını yerə döyüb ağzını kişıyə tərəf uzadır. Atın qapağan olduğunu dünənnən bildiyinə görə cəld geri çəkildi və baxıb gördü ki, qonağın atı təkdir - Boz at yoxdur. Elə bil kişinin sifətinə şallaq çəkdilər. Hövlang tövlədən çıxıb yatdıqları dama təpild və gözlərinə inanmadı - sifəti görsənməsə də, qonaq başını bürüyüb yatmışdı.
“Lənət sənə kor şeytan” deyib istədi bir də tövləyə qayıda, bu an gözü qonağın çarıqlarını soyunub qoyduğu doqqaza sataşdı: çarıqlar yerində yox idi! Və bir də qonağın yatdığı səmtə boylananda indi nəsə qandı deyəsən: qonaq lap uzun boylu olmasa da gödək də deyildi. Amma bu yorğanın altındakının boyu heç bir arşın da olmazdı!
Əl atıb yorğanı götürdü və ikinci şallaq bu dəfə düz gözünə “çırpıldı”: yorğanın altındakı qonağın uzunasına qoyulmuş xurcunu idi. Xurcunu hirslə başıaşağı çevirdi və içərisindən bir dəsmal qızıl pul “cağğ” eləyib damın içinə səpildi. Xurcunun o biri gözündəki isə bir top gülməxmər parça idi...
Kişi bir kəndin başına qaçdı, bir ayağına yüyürdü, qonağı gördüm deyən olmadı. Elə qaça-qaça da haqq-hesab aparırdı ürəyində: “O bir top gülməxmər azından bir atın pulu eliyər, o ingilis yəhəri də bir at, bu elədi iki at, o dəsmaldakı qızıl da ki, azınnan beş atın qıymatıdı, bir at da bağlıyıb atımın yerinə... Bir iş var ki, mən onu tavladan çıxara bilmiyəcəm... Əl-ayağımı gəmirər axı... Allah eləsin qayıtmasın... Yumurtanı duzsuz yeyəndə işimi bilmişdim... Qayıtmaz inşallah! Amma ki, kişinin adını da soruşmadım...”
...Fərzalıya qəfil bir yuxu gəldi ki, buna Baharlı igidləri “əcəl” yuxusu deyərdilər. Belə vaxtlarda igidlərin bir quş yuxusu almağı vardı. (Özünnən yaşlılar “çimir eləmək” deyərdilər.) Bir tənbəki bükülüsü çəkiminnən də tez çəkərdi bu çimir eləmək. İndi bu səhərin işıqhaişığında bu ölüm yuxusunnan qurtarmaq gərəkirdi. Atı çəkdi Qəlbi kövşənin ortasındakı tək saqqızın dibinə, boynunu qucaqlayıb “Ağcam, Ağcam” deyə-deyə elə atın üstündəcə yuxuya getdı. Vəfalı atı başını dik saxlayaraq sahibinin “çimir“ almasını gözləyirdi.
Damarlarında kimlərin qanının axdığını doğru-dürüst bilməsə də, bir şeyi yaxşı anlayırdı: onun bu torpağın üstündə müti, rəzil, başıaşağı bir rəncbər kimi gəzməyə haqqı yoxdur! Nədən ki, özü də bilmədən bədəninin harasındasa hər an partlamağa hazır olan, onu sakit dayanmağa qoymayan bir barıd çəlləyi vardı sanki. Əslində nəsillər arasında əlaqə kəsilsə də, o partlamağa hazır nəsnə, damarında çağlayan qan o əlaqəni, o körpünü qoruya bilirdi.
O körpüdən kimlər keçmişdi? Neçə yüz ilin olmuşları o bir “çimir” yuxuya bəs necə sığır?..
Davamı var

kulis





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10