80 yaşlı alimimizin göz qamaşdıran uğurları
İmamverdi Həmidov 1 yanvar 1941-ci ildə Azərbaycan SSR Masallı rayonunun Bala Kolatan kəndinin “Həmidoba” məhəlləsində dünyaya göz açıb. Təhsil aldığı bütün təhsil ocaqlarını ya əla, ya fərqlənmə diplomu ilə bitirən, 10-a yaxın dil bilən, digər istedadları ilə ətrafdakı insanları heyrətləndirən alim haqqında Xodaşirin Cəbiyevin cenub.az-a ünvanladığı yazını sizə təqdim edirik.
İstedadı ana bətnində kodlaşan körpə
Hələ uşaqlıq illərindən bir sıra fərdi keyfiyyətləri ilə ətrafdakıları heyran qoyan balaca İmamverdi erkən yaşların-dan müharibə və ondan sonraki dövrdə həyatın ağır yükünü öz çiyinlərində daşımağa məcbur olub. Bu barədə onun böyük qardaşı Allahverdi muəllimin mənsub olduqları nəslin tarixi ilə bağlı qələmə aldığı “Yazdım ki, unudulmayaq” adlı kitabın ön sözündə İmamverdi Həmidov uşaqlıq və gənclik illə rini belə xatırlayır:
“Ləli” qardaşım (böyük qardaşı Allahverdini nəzər də tutur - X. C.) həmişə mənim hamim və güvənim olmuşdür. Bütün ölkənin və kəndimizin müharibə illərində və sonrakı dövrlərdə məşəqqət və aclığın amansız məngənəsində boğul-duğu bir vaxtda çəkdiyimiz müsibətlərimi yada salım?! Daha sonra, qış mövsümünə tədarük görmək üçün neçə kilometrlərlə uzaqdan - meşədən qızmar Günəş altında, boğazımız qurumuş halda, tər-su içində belimizdə gətirdiyimiz odun şələlərinimi yada salım?! Evə kömək məqsədilə uzaq meşələrdən (7-8 km) arğın-yorğun, zülmlə kəsib gətirdiyimiz agır ağac materiallarını çiynimizdə daşıyaraq, ərə ilə (iri dişli mişar növü) çəkib rəndələdikdən sonra, pay-piyada Masallı və Boradigah bazarına aparıb (ora və geri istiqamətə 8-10 km məsafəni qət etməklə - X. C.) sataraq, bazarlıq etməyimizimi yada salım?!
...Bütün bunlarla yanaşı, “ləli” qardaşım mənim irəliyə addımlamağım üçün lazım olan şəraitin yaradılmasında iştirak etmişdir. Məndən bir sinif yuxarıda təhsil alan Allahverdinin kitabları ilə möhkəm maraqlanardım. Nəticədə ilkin hazırlığım nəzərə alınaraq erkən çagda - 6 yaşında məktəbə getməli olmuşam. O dövrdə - ötən əsrin 40-cı illərinin axırlarında uşaqlar məktəbə 7 yaşında qəbul
olunurdular...”.
Vaxtından bir il tez məktəbə, 9-cu sinifdə əlaçı şagird kimi Moskvaya ekskursiyaya göndərildi, 6-cı sinifdə oxuyarkən rus dilində şeirlər söylədi, fransız dilində aktyorluq etdi, yeni bir danışıq dili kəşf etdi.
Bala Kolatan və Böyük Kolatan kəndlərində ibtidai və yeddi illik təhsilini əla qiymətlərlə başa vuran İmamverdi, orta məktəbi də qonşu Bədəlan kəndindəki məktəbləri əla qiymətlərlə başa vurmuşdur. O, 9-ci sinifdə təhsil alarkən, 1955-ci ildə 4 əlaçı şagirddən biri kimi SSRİ-nin paytaxtı Moskva şəhərinə Masallı rayonu üzrə iki həftəlik ekskursiyaya göndərilmişdir.
6-cı sinifdən başlayaraq rus dili fənnini öyrənməyə başlayan İmamverdi qısa müddətdə həmin dili mənimsəyərək nümunəvi şagird kimi özünü göstərmişdir. O, həmin dildə Rusiyada olan insanlarla məktublaşmalar aparmış, məktəbin mədəni-kütləvi tədbirlərində bədii qiraətçi kimi şeirlər söyləmişdir.
Yeni "dil"in kəşfi
8-ci sinifdən başlayaraq orta məktəbdə fransız dilini öyrənməyə başlayan istedadlı şagird kimi məktəbdə həmin dildə tamaşaya qoyulan kiçik pyesdə baş rolun ifaçısı olmuşdur. Dil öyrənmək sahəsində fitri istedadı olduğuna görə, hələ uşaqlıq illərindən başlayaraq həmyaşıdı, əmisi oğlu Rəsul Bəşirovla birlikdə yeni bir "dil" kəşf etmişdir. Ətrafdakılar uzun müddət bu iki məktəblinin bir-biri ilə hansı dildə danışdıqlarını anlamamış, sonradan onların azərbaycan dilin də olan sözləri tərsinə çevirərək (məsələn, kitab-“batik”, qələm - “mələq”, elektrik-“kirtkele” və s.) bir-biriləri ilə danışdıqlarının, “məxvi” ünsiyyət dili yaratdıqlarının şahidi olmuşlar.
Hesabdarlıqdan şərqşünaslığa
Məktəbə bir il erkən ayaq basan gənc İmamverdi orta məktəbi bitirdikdən sonra pasport almaq yaşına düşmədiyindən sənədləri instituta qəbul edilməmiş və həkim olmaq arzusuna qovuşa bilməmişdir. Nəticədə sənədlərini Bakı Statistika Texnikumuna təqdim edərək iqtisadçı-mühasib şöbəsinə daxil olmuşdur. Həmin texnikumu fərqlənmə diplomu ilə bitirdikdən sonra Masallı rayonun Qodman kəndindəki Dimitrov adına kolxozda bir il yarım iqtisadçı vəzifəsində çalışmışdır. Orada əmək fəaliyyətini davam etdirməklə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsinin qiyabi bölməsinə daxil olmuşdur. Lakin çalışdığı peşənin istiqaməti və mahiyyəti onu qane etmədiyinə görə 1961-ci ildə sənədlərini Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filoloğiyası şöbəsinə təqdim etmişdir. Beş fənn üzrə (Azərbaycan dili və ədəbiyyatı - yazılı və şifahi, tarix, fransız dili, rus dili) imtahanlar zamanı onun verdiyi cavablar müəllimləri heyrətə gətirmiş (onu Bakıda rus və azərbaycan dili məktəblərində təhsil alan abituriyent hesab ediblər), bütün fənlər üzrə “əla” qiymətlər alaraq universitetə daxil olmuşdur.
El-obaya mayak kimi işıq saçan tələbə
Qısa haşiyə: (müəllif)
1961-ci ildə 6 yaşımda Böyük Kolatan kənd yedillik mək təbinin 1-ci sinfinə qədəm qoydum. Sinif rəhbərimiz tanınmış filoloq, son dərəcə savadlı və tələbkar pedaqoq, yazıçı Əhməd Səmədov idi. 1963-cü ildən başlayaraq kəndimizin poçtalyonu Səfiəli kişi ayda bir-iki dəfə sinifimizin qapısını döyər, dərsin gedişi zamanı Əhməd müəllimə rəngarəng poçt markaları ilə bəzədilmiş, bir neçə möhürlə təsdiqlənmiş iri zərf təqdim edərdi. Biz şagirdlər, verilən tapşırıqları yazdıqca, Əhməd müəllim zərfi xüsusi səliqə ilə açar, içərisindəki məktubu coşğun həvəslə, şövqlə oxuyar, sonra üzünü bizə tutaraq deyərdi: “Bax, görürsünüz, həmkəndlimiz - İmamverdi Yəməndən mənə məktub göndərib. Adi bir zəhmətkeş balası beş fənndən “beş” qiymət alaraq universitetə daxil olub.
Siz heç bilirsiniz ki, Yəmən haradadır, şərqşünaslıq fakültəsinə daxil olmaq nə deməkdir?! Ora Azərbay-can üzrə ildə cəmi 7 nəfər qəbul olunur. Kim adam olmaq istəyirsə, İmamverdi kimi gərək oxusun...”.
Bəli o illərdə İmamverdinin adı yaşadığımız ərazidə yerləşən kəndlərdə dillər əzbəri idi. O, həmin orta məktəblərdə təhsil alan şagirdlər üçün bir etalona - ölçü vahidinə, fenomenə, inam simvoluna çevrilmişdi. Əsil həqiqətdə belə də oldu. İmamverdini özünə nümunə seçən şagirdlər böyük ugurlar qazandılar. Statistik göstəricilərə əsasən demək olar ki, 1963-cü ildən başlayaqraq təkcə Kolatan sovetliyi üzrə ali məktəblərə daxil olanların sayı ötən illərə nisbətən 2-3 dəfə artdı. Nəticədə qısa zamanda Əzizabad kəndindən Muxtar Əsədov və Sığdaş kəndindən Sərhəd Nəsirzadə (fars dili filologiyası üzrə), Kolatan kəndindən Abdulla Ağayev (türk dili filologiyası üzrə) kimi şərqşünaslar, sonralar isə Qail Məmmədov (Əməkdar hüquqşü-nas), Zəbərxan Əliyev (tarixçi, sosioloq, sosiologiya elmləri namizədi), Anar İsgəndərov (tarix elmləri doktoru, professor), İsrafil Babayev (fizika-riyaziyyat elmləri namizədi), Rüfət Əhədov (həkim-uroloq, tibb elmləri üzrə fəlsəfə dok-toru) kimi mütəxəssislər yetişdilər. Təkcə 1971-ci ildə Kolatan kənd orta məktəbinin tədris buraxılışında 22 nəfər abituriyent ali və orta ixtisas məktəblərinə daxil oldular. O cümlədən, bu sətirlərin müəllifi həmin ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olundu.
3-cü kurs tələbəsi Yəməndə tərcüməçiliyi, Moskvada elmi axtarışları ilə çoxlarını heyrətə saldı.
1963-cü ildə universitetin 3-cü kursunda təhsil alarkən ilk dəfə olaraq tələbə yoldaşı Valeh Tağıyevlə birlikdə xarici ölkəyə - Yəmən Ərəb Raspublikasına ərəb-rus dilləri üzrə tərcüməçi kimi işləməyə göndərilmiş, bir il sonra vətənə qayıdaraq təhsilini davam etdirmişdir.
O, 1966-cı ildə BDU-nun şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini fərqlənmə ilə bitirdikdən sonra Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur.
1970-ci ildə görkəmli şərqşünas alim, professor Rüstəm Əliyevin rəhbərliyi altında Moskva şəhərində klassik ərəbdilli ədəbiyyatın və Azərbaycan-ərəb ədəbi əlaqələrinin problemlə rindən bəhs edən “İbn Kuteybə Dinəvəri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərkən elmi işinin çox dəyərli tədqiqat əsəri olduğunu sovet alimləri professorlar Y. Zava dovski, İ. Braqinski, M. Filştinski, N. Osmanov xüsusilə də yərləndirmiş, “Veçernaya Moskva” və hətta İordaniya qəzetləri bu barədə məlumatlar vermişlər. Akademik Həmid Araslı tədqiqatçının apardığı elmi işlə rə yüksək qiymət verərək yazırdı: “İmamverdi Həmidovun İbn Küteybə haqqında tədqiqatları, ümumiyyətlə ərəbdilli ədə biyyatın, o cümldən, Azərbaycan ərəbdilli ədəbiyyatının öyrə nilməsini xeyli asanlaşdırır, bir sıra qaranlıq məsələləri aydın laşdırmağa imkan verir”.
Yəməndəki dövlət çevrilişlərindən sağ-salamat çıxdı, 6 elmi-tədqiqat əsərini ortaya qoydu.
İ. Həmidov 10 il xarici ölkələrdə - Yəmən, Cənubi Yəmən, İraq və Misirdə calışmış, ərəb dili sahəsində layiqli mütəxəs sis olduğunu sübut etmişdir. O, 1963/64cü illərdə Yəmən Ərəb Respublikasında, 1977/81-ci illərdə Yəmən Xalq De mokratik Respublikasında, 1986/89-cu illərdə İraq Respubli kasında ərəb dili tərcüməçisi vəzifələrində işləmişdir. Həmin ölkələrdə qazandığı nüfuza, əldə etdiyi uğurlara görə bəzən səfirlik işçilərinin həll edə bilmədikləri məsələləri böyük usta lıqla yoluna qoymuşdur.Yüksək səviyyəli peşəkar tərcüməçi kimi, o, eyni zamanda Yəmən Xalq Demokratik Respublikasının baş nazirinin yanında çalışmışdır. Həmin ölkələrdəki fəaliyyəti dövründə çox dəhşətli və təhlükəli məqamlarla üzləşmiş, baş verən dövlər çevrilişləri zamanı çətinliklərlə qarşılaşmışdır.
İ. Həmidov 1969/72-ci illərdə elmi işçi, 1973/ 75-ci illərdə institutun elmi katibi, 1975/85-ci illərdə baş elmi işçi, 1990/96-cı illərdə böyük elmi işçi, 1997-ci ildən indiyə kimi həmin institutda Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışır.
İndiyə qədər aşağıda adları çəkilən 6 elmi ktabın müəllifidir: 1.“İbn Kuteybə Dinəvəri” (Bakı, “Elm” 1977. 144 səh., rus dilində), 2. “Əli İbn Əbu-Talibin divanı” (ərəb dilindən tərcümə. İ. Həmidov və M. Muxtari ilə, Bakı, “Nafta Press, 2001.), 3. Əbu Bəkr əl-Valibi və onun ”Əxbar əl-Məcnun... əsəri” (Bakı, “Elm” nəşr. 1999, 140 səh.), 4. “Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında”, Bakı, “Elm” nəşr. 2008.), 5. “Azər baycan-ərəb ədəbi əlaqələrindən səhifələr” (Bakı, “Elm” nəşr. 2020, 210 səh.), 6. “Xaqani Şirvani - ərəbcə şeirləri” (Tədqi qat və filoloji tərcümə, Bakı, “Nürlanə NPM” nəş. 2017.156 səh.).
Alimin məşğul olduğu tədqiqat sahələrindən biri, ərəbdilli Azərbaycan ədəbiyyatıdır. İ. Həmidov “Azərbaycan ədəbiyyatı tarixi”nin müəlliflərindən biri və ikinci cildin məsul redaktorudur.
Biliyi və zəhməti ilə alimləri mat qoydu
Elmi-pedaqoji fəaliyyəti sahəsində əvəzsiz xidmətləri olan İ. Həmidov 1993-cü ildən başlayaraq BDU-da, 1994/96-cı illərdə Ali Diplomatiya Kollecində, 1997/2006-cı illərdə Bakı Asiya Universitetində, 2000/11-ci illərdə Bakıdakı Misir Mədəniyyət Mərkəzində ərəb dili müəllimi vəzifələrində çalış mışdır.
O, ciddi elmi tədqiqatçı olmaqla yanaşı, fəal elmi təşkilatçıdır. İşlədiyi illər ərzində 8 doktorant, aspirant və dissertantın elmi rəhbəri, 12 elmi kitabın redaktoru olmuşdur.
2009-cu ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnsti tutunda “Ərəb ədəbiyyatşünaslığında Azərbaycan ədəbiyyatı klassiklərinin öyrənilməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası 2012-ci ildə filologiya elmləri doktoru İmamverdi Həmidova professor elmi adını vermişdir.
7 dil bilən alim həm də talış icmasının rəhbəridir
İmamverdi Həmidov 1970-ci ildən başlayaraq qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, onun əlaqələrinin müxtəlif məsələlərinə həsr edilmiş 30-dan artıq beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. İxtisası və elmi işləri ilə əlaqədar olaraq Qahirədə, Moskvada, Sankt-Peterburqda, Tehranda, Təbrizdə, Urmiyədə, Maragada, habelə, Əlcəzair, Tür kiyə, Rusiya, İraq, Misir, Suriyanın ali təhsil müəssisələrində elmi mühazirələr oxumuşdur. Ümumdünya Elm Forumunun İordadaniya (2017) və Macarıstanda (2019) keçirilən beynəlxalq tədbirlərində dəvətli iştirakçı olmuşdur.
Onun bir sıra elmi məqalələri, monoqrafiyaları, tədqiqat araşdırmaları Rusiyada, Ukraynada, Türkmənistanda, İraqda, İranda, Misirdə, Türkiyədə, Yəməndə, Əlcəzairdə, Birləşmiş Ərəb Əmirliklərində elmi və ədəbi jurnallarda rus, ərəb, fars, və ingilis dillərində nəşr edilmişdir.
O, poliqlotdur - rus, ərəb, talış dillərində sərbəst danışır, türk, fars dillərini yaxşı bilir, ingilis dilində lügətdən istifadə etməklə tərcümə edə bilir. Elmi-ədəbi yaradıcılığını Azərbaycan, ərəb, rus dillərində ərsəyə gətirir.
1994/96-cı illərdə Bakıda nəşr edilən “Nizami Gəncəvi” jurnalının ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışmış, hazırda AMEA-nın “Ədəbiyyatşünaslıq” və “Metafizika” jur nallarının redaksiya heyətinin üzvüdür.
İmamverdi Həmidov harada olmasından asılı olmayaraq vətəninə, xalqına, çalışdığı elm ocağına daim başucalığı gətir mişdir. İş fəaliyyəti dövründə o, bir sıra təltiflərlə, o cümlə dən; SSRİ-nin Yəmən Xalq Demokratik Respublikası, İraq Respublikasındakı səfirliklərinin “Fəxri Fərman”ları, Qahirə (MƏR) Universitetinin “Fəzl” rəmzi medalı (2002), Azərbay can Milli Elmlər Akademiyası Rəyasət Heyətinin “Fəxri Fərman”ı (2014), Azərbaycan Həmkarlar İttifaqları Konfedera siyasının “Fəxri Fərman”ı, Ayn şans Universitetinin (MƏR) “Sərəf nişanı” (2018) medalı ilə təltif edilmişdir.
Ahəngdar elmi fəaliyyəti ilə yanaşı, prof. İ. Həmidov res publikamısın ictimai həyatında da öz elmi-mənəvi potensia lını səfərbər edərək layiqli töhvəsini əsirgəmir. Hal hazırda Bakı Beynəlxalq Multikultural Mərkəzinin üzvü və Talış İcmasının rəhbəri vəzifəsində çalışır.
Alim dostlarının ürək sözləri
Prof. İ. Həmidovun insani keyfiyyətləri və tədqiqatçılıq qabiliyyəti barədə uzun illər birgə çalışdığı həmkarları da ürək sözlərini ifadə ediblər.
Dünya şöhrətli şərqşünas alim, akademik Ziya Bünyadov
(Allah rəhmət eləsin!) tədqiqatçı alimin çoşğun elmi fəaliy
yəti barədə yazırdı:
- “İmamverdi Həmidov ərəb mənbələrinə yaxşı bələd olan, nadir qaynaqlarla bağlı tədqiqat aparmağı bacaran alim
dir”.
Akademik İsa Həbibbəyli İ. Həmidovun “Azərbaycan ədəbiyyatı klassikəri ərəb ədəbiyyatşünaslığında” adlı elmi tədqiqat işlərini yüksək qiymətləndirərək yazır:
- “Azərbaycan ədəbiyyatı klassikəri ərəb ədəbiyyatşünaslı ğında” tədqiqatı İmamverdi Həmidovun simasında geniş dünyagörüşə, yüksək elmi-nəzəri və aydın elmi mövqeyə ma lik olan mükəmməl bir ərəbşünas, yaxud kamil şərqşünas alimin yetişib formalaşdığını təsdiq edir”.
Hacı Vasim Məmmədəliyev (Allah rəhmət eləsin!) :
“İmamverdi bizim ərəbşünaslar arasında bir baş uca olan alimlərdəndir. Neçə-neçə alimin yetişməsində, disserta siyalarının müdafiəsində onun əməyi olub. O həm ilahiyyat çı, həm də ərəb filologiyası sahəsində tanınmış alim kimi İslam mədəniyyətinin öyrənilməsi ilə bağlı xidmətləri olan bir şəxsiyyətdir”.
AMEA-nın müxbir üzvü, professor, Əməkdar Elm Xa dimi Yaşar Qarayev (Allah rəhmət eləsin!) hələ 1999-cu ildə yazırdı:
- “İmamverdi müəllimin apardığı elmi tədqiqatları Azərbay can-ərəb elmi əlaqələrinin çoxsahəli yönlərini əhatə edir, yeni maraqlı nəticələri ilə son iki ilin araşdırmaları sırasın da nəzəri-tarixi və mətnşünaslıq dəyərləri ilə seçilir”.
Akademik Teymur Kərimli İmamverdi muəllimi “klas sik ədəbiyyatımızın tanınmış tədqiqatçısı, zəhmətzevərliyi ilə çoxlarına nümunə ola bilən şəxsiyyət, gözəl insan” adlandır mışdır.
Ömrünün müdrik çağında “Məşədi”, “Kərbəlayı”, “Hacı” dini titullarını daşıyan professor İmamverdi Həmidov həm də İslam dininin fəzilətlərini təbliğ edən imanlı bir alimdir. O, hələ keçən əsrin 90-cı illərində ilk dəfə Bakıda nəşr edilən Həzrəti Əli İbn Əbu-Talibin “Nəhcül-bəlağə” əsərinin redak-toru olmuşdur. Daha sonra Əmirəl-mömininin “Divanı”ndan hikmətli kəlamları və “Kumeyl duası”nı ərəb dilindən Azər-
baycan dilinə tərcümə edərək nəşr etdirmişdir.
Son əvəzi
İ. Həmidov ləyaqətli, intizamlı və müdrik ailə başçısıdır, 2 qız övladı, 5 nəvəsi vardır. Ailə həyatı ilə bağlı taleyin amansız küləkləri ondan yan keçməmişdir. Belə ki, 2018-ci ildə həyat yoldaşı Natella xanım vaxtsız dünyasını dəyişmişdir.
Imasmverdi Həmidov təkcə Masallının yox, ölkəmizin, şərq dünyasının hələ həqiqi dəyərini almamış, 80 yaşlı nəhəngidir.
Xodaşirin Cəbiyev (Cabbarlı)
Yazışı-publisist, jurnalist-tədqiqatçı, AJB-nin üzvü