Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı, Qızılağac. "Sultan Pir Ocağı"


Masallı rayonunun dini-tarixi abidələrindən biri Sultan Pir ocağıdır. Sultan Pir ocağı rayonun Qızılağac kəndində, qəbiristanlıqda yerləşir. Ziyarətgah adından da göründüyü kimi Sultan adlı şəxsin adı ilə bağlıdır. 

    Qeyd edək ki, “pir” fars sözü olub,adamların müqəddəs sayaraq ziyarət etdiyi qəbir, ağac və sair yerlərə verilən addır. Sultan Pirin kimliyi barədə dəqiq məlumat yoxdur. Ocağın tarixi qədimdir. Onun yaranması haqqında rəvayət də vardır. Həmin rəvayətdə Sultan Pir yaşlı və kəramətli şəxs kimi təqdim olunur. Rəvayətin qısa məzmunu belədir: 

   “Qədim zamanlarda bu şəhərə rəhbərlik edən şəxs şəhərin abadlıq-quruculuq işlərindən ötrü əhalini səfərbərliyə alır. İməcliyə cəlb olunanlar arasında Sultan adlı qoca bir kişi də vardır. Sultan Pirə tikinti işi aparan ustalar üçün su su daşımaq tapşırılmışdır. Sultan Pir səhəng doludu suyla bir neçə dəfə ustalara xidmət göstərir. İstidə işləyən ustaların ciyəri yandığı yandığı üçün yenə su tələb edirlər. Sultan Pir yorulduğundan Allaha yalvarmalı olur. O, yenə vedrəni quyudan doldurub səhəngə töküb, onu səsləyən ustaların yanına gedir. Usta isti yay günündə səhəngin suyunun buz bağladığını görür. Bundan sonra Sultan Pir və yanında olan nəvəsi oradan uzaqlaşırlar. Bu xəbər şəhər başçısına çatır. Başçı Sultan Piri tutub saxlamaq barədə göstəriş verir. O, indiki qəbiristanlıqda olan ocağın yerində onu təqib edənlərin gözünün qabağında qeyb olur. Başçı o yerə çatanda qocanın hara girdiyini soruşur. Deyirlər ki, burada gözümüzün qabağında qeyb oldu. Həmin yerdə şəhər başçısı iki qəbir tərtib elətdirir. Böyük qəbir Sultan Pirin, kiçik qəbir isə nəvəsinindir. O gündən həmin yer ziyarətgaha çevrilir. Sonradan qəbirlərin üstündə bina inşa edilib və ora Soltan Pir ocağı kimi məhşurlaşır” (Nuridə Zabit qızı. Funksional-semantik baxımdan ocaqlar və pirlər. B., 2016, səh. 100-102.  Rəvayətin söyləyicisi: - Hacı Nüsrət Nəsrullayev, 1947-ci il təvəllüdlü).

     Ziyarətgah üstündəki məqbərənin iç sahəsi 5 x 8 metr olmuşdur. Düzbucaqlı formaya malik olmuş məqbərənin divarları taxta ilə işlənmiş, divarları içəri və çöl tərəfdən suvanmış, tavanı taxtadan, döşəməsi isə torpaqdan olmuşdur (Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası. B., 2001, səh. 207).

     1939-cu ildə əlibala adlı qızılağaclı xeyriyyəçi öz vəsaiti hesabına türbəni təmir edib, dam örtüyünü suvalla (kirəmit) əvəz etmişdir. 2005-ci il dekabrın 18-də ocaq üzərindəki tikili sökülərək yerində Məşədi Əlövsət Musa oğlunun şəxsi vəsaiti hesabına qırmızı kərpicdən 6 x 10 metr ölçüdə məqbərə tikilmişdir. Məqbərənin fasadında bir qapı və iki pəncərə vardır. Yan tərəflərdə də bir pəncərə yerləşdirilmişdir. Qapı düzbucaqlı şəkildədir, pəncərələr isə tağlıdır. Dam örtüyü kirəmitdəndir.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Sultan Pir ziyarətgahı “Qızılağac ocağı” adı altında 1615 invertar sayı ilə XV əsrə aid ölkə əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınmışdır.

İldırım ŞÜKÜRZADƏ, Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10