Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Özünü padşah sayan, Özbəkistanı müstəqil dövlət etmək istəyən İkramov – Aqibəti başına vurulan güllə olub


O, gənc yaşlarından, siyasi fəaliyyətə başladığı ilk illərdən “qatı leninçi” kimi tanınıb. Partiyanın gizli və açıq fəaliyyətində Akmal İkramova ən məxfi məsələlərdə belə etibar edilib. Əks-inqilabçılara qarşı mübarizədə fəallığı ilə fərqlənən İkramov partiyaya sonsuz sədaqət nümayiş etdirdiyinə görə vəzifə pillələrini sürətlə qalxıb və yəqin həmin vaxtlar heç kimin ağlına gəlməyib ki, Akmal İkramov çox keşməmiş antisovet fəaliyyətdə ittiham olunaraq müttəhimlər kürsüsündə əyləşəcək.
Akmal İkramov 1898-ci ildə Daşkənddə anadan olunub. Natamam orta təhsil aldıqdan sonra sahibkarların təsərrüfatlarında, ticarət obyektlərində günəmuzd fəhlə işləyib. Oktyabr inqilabından sonra o, partiya sıralarına daxil olub. Qısa müddətdə özünü fəal kommunist kimi tanıtdırıb. 1918-ci ildə “basmaçı hərəkatı” tərəfindən Orta Asiyada kommunistlərə qarşı üsyanlar başlayanda Akmal İkramov basmaçılara qarşı apardığı mübarizə ilə partiyanın mərkəzi aparatında diqqət mərkəzində dayanıb.
1921-ci ildə Akmal İkramov Leninin təşəbbüsü ilə Özbəkistanda partiya orqanlarında işə qəbul olunub. Bununla yanaşı, o, Moskvada Sverdlov adına kommunist universitetində ali təhsil alıb.
Ikramov_AI.jpg (42 KB)
1929-cu ilə qədər Namanqanda, Fərqanədə, Daşkənddə inqilab komitəsinin sədri, katib vəzifələrində işləyən İkramov 1929-cu ildə Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyinat alıb. Onun bu vəzifəyə gətirilməsində Stalinin şəxsi mühafizəçisi Karl Paukerin rolu böyük olub. Məhz onun bir neçə dəfə xahişindən sonra Stalin Akmal İkramovun Özbəkistanın birinci katibi olmağına razılıq verib. Pauker özü isə 1937-ci ildə Stalinə sui-qəsd cəhdində ittiham olunaraq güllələnib.
Özbəkistana rəhbərlik etdiyi dövrdə Akmal İkramov Stalin repressiyasının ən “məhsuldar” icraçılarından biri olub. Hətta qonşu respublikalar repressiya “planları”nı yerinə yetirə bilməyəndə Akmal İkramovun “peşəkarlığından” yaralanıblar.
Araşdırmaçıların qənaətinə görə, Akmal İkramov birinci katib vəzifəsinə sahib olduqdan sonra özünü respublikada mütləq hakim sayıb. Həmin ərəfədə Özbəkstanda yoxsulluq ən yüksək həddə çatıb. Respublikanı xanlıqların dövründə olduğu kimi idarə edən İkramov elə düşünüb ki, Özbəkistanı Moskvanın tapşırıqları və nəzarəti olmadan da idarə etmək olar. Bununla da o, “sahibi” olduğu respublikada kommunist rejimini, kommunizm ideyalarını boş və mənasız sayıb, arxa planda saxlayıb. Mərkəzi Komitədə yaxınlıq etdiyi məmurlar ona bir neçə dəfə dostyana xəbərdarlıq etsələr də, Akmal İkramov öz idarətetmə üsulunu dəyişməyib.
300px-Икрамов.jpg (61 KB)
Akmal İkramov Özbəkistanda gizli fəaliyyət göstərən “antisovet təşkilatlar”la sıx əlaqələr yaradıb. Bununla yanaşı, onun Əfqanstanla da gizli əlaqələri olub. Bu əlaqələrə görə lazım olan halda Əfqanstan Akmal İkramova siyasi, həm də silahlı dəstək verməyi vəd edib.
Akmal İkramovun bu cür siyasi fəaliyyəti onun haqqında yeni rəyin formalaşmasına səbəb olub. Bəzi araşdırmalara görə, Akmal İkramov müstəqil Özbəkistan ideyasını gerçəkləşdirmək istəyib. Amma o, bu məsələdə ehtiyatsızlığa yol verərək Stalinin qəzəbinə tuş gəlib.
Sözsüz ki, Stalin rejimində bu cür ideyalar haqqında düşünməyin nə ilə nəticələnəcəyi hamıya gün kimi aydın olub. Özbəkistanda baş verənlər elə Akmal İkramovun ətrafında olanlar tərəfindən Stalinə məruzə edilib.
Radek's_action.jpg (92 KB)
Stalin düşünmədən, vaxt itirmədən Akmal İkramov haqqında hökmünü verib. “NKVD” xüsusi əməliyyat qrupu yaradaraq Daşkəndə göndərib. 20 sentyabr 1937-ci ildə Akmal İkramov Özbəkstan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasında həbs edilib.
Məhkəmə prosesində Akmal İkramov bütün əməllərini etiraf edib, bildirib ki, o, hələ 1928-ci ildən antisovet fəaliyyətinə qoşulub. Onu da etiraf edib ki, Özbəkistanda gizli fəaliyyət göstərən “Milli istiqlal” təşkilatı ilə də əməkdaşlıq edib.
Altı ay davam edən məhkəmə prosesi 15 mart 1938-ci ildə sona çatıb. Prosesin gedişi ilə bağlı Stalinə həftəlik olaraq məruzə edilib. Məhkəmə Akmal İkramovu ən ağır cəzaya, güllələnmə cəzasına məhkum edib. Məhkəmənin hökmü elə həmin gün güllələnmə poliqonu olan “Kommunarka”da icra edilib.
194-29073-185_image022.jpg (104 KB)
Həmin illərdə “xalq düşmənləri”nin ailə üzvləri sürgünə göndərilsə də, Akmal İkramovun ailəsinə toxunmayıblar. Onun Özbəkistanda torpaq nazirinin müavini vəzifəsində işləyən həyat yoldaşını vəzifəsindən uzaqlaşdırsalar da, Daşkənddə yaşamağına imkan veriblər.
3 iyun 1957-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən Akmal İkramov (ölümündən sonra) tam bəraət alıb.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10